I Kultepe Yasayis Yeri Babek - Wikipedia
Kültəpə — Naxçıvan şəhərindən 8 km aralıda yerləşən qədim yaşayış məskəni.
Ümumi məlumat
redaktəNaxçıvan şəhərindən 8 km aralıda yerləşən I Kültəpə yaşayış yeri 1,5 hektara yaxın bir ərazini əhatə etməklə 22,2 metr qalınlığında mədəni təbəqəsi olan yüksək bir təpədən ibarətdir. Təpə bütövlükdə aşağıdan yuxarıyadək kül, xırda daş, təsərrüfat və məişət qalıqları ilə örtülmüşdür. Buradan üzə çıxarılan dörd mədəni təbəqənin aşağıdan birinci "1a" təbəqəsi Neolit dövrünə, "1b" təbəqəsi isə Eneolit dövrünə aiddir. Qalınlığı 3,2 m olan "1a" təbəqəsi abidənin üzərindən 19–22,2 m, "1b" təbəqəsi isə 19–12,8 m dərinlikdə yerləşir. Bu təbəqələrdən tikinti qalıqları, təsərrüfat quyuları, ocaq və kürələr, müxtəlif heyvan sümükləri, daş, sümük və gildən hazırlanmış əşyalar, buğda qalıqları və qəbirlər tapılmışdır. Həmin arxeoloji materiallar Kültəpə sakinlərinin oturaq həyat sürdüklərini sübut edir. E.ə. VII–I minilliklərə aiddir.
Kültəpədəki arxeoloji tapıntılar
redaktə1951-ci ildə Azərbaycan ЕА Tarix İnstitutunun arxеoloji ekspedisiyası Osman Həbibullayevin rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlanmışdır. 1951–1964-cü illərdə aparılan tədqiqatlar zamanı müxtəlif dövrlərə aid dörd mədəni təbəqə aşkar edilmişdir. Nеоlit təbəqəsində aparılan tədqiqatlar zamanı 5 tikinti qatı aşkar olunmuşdur. Üçüncü tikinti qatınta aaşkar olunan evlər dördkünc formalıdır. Eneolit dövründə tikintilər əsasən dairəvi formada, çay daşları və möhrə ilə inşa edilmişdir. Evlərin qızdırılması üçün otağın mərkəzində yerləşdirilmiş ocaqdan, yаxud gil manqallardan istifadə edilmişdir. Diametri orta hesabla 7 metrə çatan, 35–55 sm qalınlığında divarları olan belə evlər çox hallarda arakəsmələrlə ayrı-ayrı hissələrə bölünmüşdür. I Kültəpənin Eneolit dövrü materialları içərisində daş alətlər çoxluq təşkil edir. Alətlərin çoxu dəvəgözü daşından (obsidian) hazırlanmışdır. Onların nukleusları da tapılmışdır. Alətlər bu nukleuslardan qəlpələmə üsulu ilə hazırlanmışdır. Kültəpədən çaxmaq daşından hazırlanmış alətlər, ox ucluqları,300-dən çox oraq dişi əldə edilmişdir. Bazalt daşlardan isə əsasən baltalar, pazlar, gürzlər, çəkiclər, toppuzlar və s. hazırlanmışdır. Kültəpənin sümük məmulatı içərisində qaramal sümüyündən hazırlanmış qaşovlar, pardaxlayıcı alətlər çoxluq təşkil edir.
Misdən hazırlanmış alətlər isə sancaqlardan, muncuqlardan, tiyələrdən, nizə ucluqlarından və s. ibarətdir. Bu əşyalar təmiz misdən hazırlanmışdır. Bu əşyaların bəzisinin tərkibində cüzi miqdarada mərgümüş qatışığı da var. Kültəpənin Eneolit dövrünün gil qablarıının əksəriyyəti enli ağızlı və yastı oturacaqlıdır. I Kültəpədən həmçinin yüksək texnoloji üsulla hazırlanmış, dövrünün gözəl sənət nümunəsi sayılan boyalı qablar da əldə edilmişdir. I Kültəpənin Neolit və Eneolit dövrü təbəqəsində 85 qəbir açılmışdır. Buradan çıxan skletlər ölülərin bükülü vəziyyətdə və ya böyrü, yaxud da arxası üstə, özü də müxtəlif istiqamətdə dəfn edildiyini göstərir. Bəzi skeletlərin üstünə qırmızı oxra səpilmişdir. İki qəbirdən it skleti, bir qisim qəbirlərdən isə gil qablar, cürbəcür muncuqlar və dəvəgözü daşından hazırlanmış əşyalar tapılmışdır. Belə qəbir Babadərviş və digər abidələrdə də aşkar edilmişdir.
I Kültəpə qəbirlərinin bəzisində mərhumun başının altına daş qoyulması adətinə rastlanmışdır. Dəfn zamanı mərhumun başının altına daş qoyulması adətinə Ön Asiyanın bir sıra abidələrində rastlanmışdır. Arxeoloji araşdırmalar bu adətin Azərbaycanda uzun müddət davam etdiyini göstərir. Belə hesab edirik ki, mərhumun başının altına daş qoyulması adəti türk xalqları içərisində geniş yayılan daşa sitayişlə bağlı olmuşdur. İnanca görə, insan dünyasını dəyişərkən, onun ruhu daşa keçir. Azərbaycan türklərinin folklorunda ruhun daşa keçməsi, insanların daşa dönməsi, daşın balalaması ilə bağlı xeyli inanclar vardır. Daşla niyyət etmə adəti Azərbaycan xalqı arasında indi də qalmaqda davam edir. I Kültəpə tapıntısı göstərir ki, Azərbaycan türkləri arasında yayılan daşa və dağa sitayişin tarixi kökləri olduqca qədimdir.
I Kültəpənin II təbəqəsi İlk Tunc dövrünə aiddir. Bu təbəqənin qalınlığı 9,5m olub, abidənin üzərindən 3,5–4, 5–12, 3–13m dərinlikdə yerləşir. Bu təbəqədən Kür-Аrаz mədəniyyətinə aid müxtəlif maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Qazıntı zamanı ikinci təbəqədə 14 tikinti qatı öyrənilmişdir. Binalar əsasən dairəvi formada, bəzən isə düzbucaqlı tikilmişdir. Onlar daş özül üzərində möhrədən və ya çiy kərpicdən inşa edilmişdir. Osman Həbibullayevin tədqiqatları zamanı müəyyən olmuşdur ki, dairəvi binalar konusvari, dördkünc binalar isə yastı örtüklə tamamlanmışdır. İkinci təbəqədə aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının bir qismi obsidian (dəvəgözü) və çaxmaq daşından hazırlanmış oraq dişləri, qaşov və s. alətlərdən ibarətdir. Kür-Аrаz mədəniyyəti üçün хarakterik olan tapıntıların əksəriyyəti gil məmulatından ibarətdir.
I Kültəpənin III təbəqəsi isə Orta Tunc dövrünə aiddir. Burada çiy kərpicdən hörülmüş dördkünc formalı evlərə məxsus divar qalıqları, monoxrom və ploixrom gil qablar, daş alətlər və yalnız bir ədəd tunc əşya tapılmışdır. Evlərin döşəməsi əvvəlki dövrlərdən fərqli olaraq daşdan olub, bir-birinə ağ rəngli gəcə oxşar maddə ilə bərkidilmişdir. Bu təbəqənin daş alətləri dəvəgözü, tuf, bazalt tipli daşlardan yüksək zövqlə hazırlanmışdır. Bunlar əsasən iti ağızlı, bıçaq şəkilli lövhələrdən, dən daşlarından, sürtkəclərdən və s. ibarətdir.
I Kültəpədən Orta Tunc və Son Tunc dövrünə aid iki qrup gil qablar əldə edilmişdir. Bunlar boyalı və sadə gil qablardır. Qablar çeşidlərinə görə də iki qismə-mətbəx və süfrə qablarına bölünür. Dördüncü təbəqə abidənin üzərindən 1,5–2,5m dərinliyədək davam edir. Bu təbəqə Erkən Dəmir dövrünə aid edilmişdir. Bu təbəqədən aşkar edilmiş tapıntılar əsasən gil məmulatından ibarət olub, çəhrayı və boz rəngdə bişirilmişdir. Bu dövrə həmçinin Osman Həbibullayevin dördüncü tipə aid etdiyi boyalı qablar da aiddir.
Şəkillər
redaktə-
I Kültəpədən tapılmış sümük alətlər (Azərbaycan Tarix Muzeyi)
-
I Kültəpədən tapılmış saxsı qablar (Azərbaycan Tarix Muzeyi)
-
I Kültəpə buğda qalıqları (Azərbaycan Tarix Muzeyi)
-
I Kültəpədən tapılmış dən daşı (Azərbaycan Tarix Muzeyi)
-
I Kültəpədən tapılmış dən daşı (Azərbaycan Tarix Muzeyi)
-
I Kültəpədən tapılmış dən daşı (Azərbaycan Tarix Muzeyi)
-
I Kültəpədən tapılmış dəvəgözü əmək alətləri (Azərbaycan Tarix Muzeyi)
-
I Kültəpədən tapılmış saxsı qab (Azərbaycan Tarix Muzeyi)
-
I Kültəpədən tapılmış saxsı küp (Azərbaycan Tarix Muzeyi)
-
I Kültəpədən tapılmış tunc ox ucluqları (Azərbaycan Tarix Muzeyi)
-
I Kültəpədən tapılmış həvəngdəstə (Azərbaycan Tarix Muzeyi)
-
I Kültəpədən tapılmış bəzək əşyaları (Azərbaycan Tarix Muzeyi)
Mənbə
redaktə- Rəşid Göyüşov, Azərbaycan arxeologiyası, Bakı,1986
- Vəli Baxşəliyev, Naxçıvanın arxeoloji abidələri, Bakı, 2008