Ii Ugurlu Xan Ziyadoglu Qacar - Wikipedia
II Uğurlu xan Ziyadoğlu-Qacar (Gəncə – 1738, Gəncə) — qızılbaş sərkərdəsi, Qarabağ bəylərbəyi.
II Uğurlu xan Ziyadoğlu-Qacar | |
---|---|
II Uğurlu xan Kəlbəli xan oğlu Ziyadoğlu-Qacar | |
1702 – 1738 | |
Əvvəlki | Kəlbəli xan Müsahib-Gəncəvi |
Sonrakı | Hacı xan Camışgəzəki |
Şəxsi məlumatlar | |
Doğum yeri | Gəncə, Qarabağ bəylərbəyliyi, Səfəvilər dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Gəncə, Qarabağ bəylərbəyliyi, Səfəvilər dövləti |
Vəfat səbəbi | döyüş |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Kəlbəli xan Müsahib-Gəncəvi |
Uşağı |
Həyatı
redaktəII Uğurlu xan Kəlbəli xan oğlu Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atasından sonra Gəncə-Qarabağın bəylərbəyi təyin edilmişdi.
II Uğurlu xan Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynamışdı. Şamaxı şəhəri üsyançılar tərəfindən zəbt edildikdən sonra Şirvanı, digər əraziləri də ələ keçirildi. Şamaxının tutulması xəbəri tezliklə bütün ölkəyə yayıldı.
Bundan təşvişə düşmüş Gəncə və İrəvan hakimləri şaha müraciət edərək ondan kömək istədilər. Lakin bu dövrdə şahın özünə kömək lazım idi. Üsyan etmiş əfqan tayfaları öz hücumları ilə ölkənin paytaxtını qorxu altında saxlayırdılar.
Belə bir vəziyyətdə gəncəli Uğurlu xan və İrəvan xanı 1721-ci ilin payızında 40 000 nəfərlik qoşunla Şirvana doğru hərəkət edərək Bərdə şəhərinin yaxınlığında, Kür çayı sahilində mövqe tutdular. Onların məqsədi üsyançıları cəzalandırmaq idi. Lakin üsyançılar onlardan cəld tərpənərək qəflətən Gəncə və İrəvan qoşun birləşmələrinə hücum etdilər. Fasiləsiz hücuma məruz qalmış Gəncə və İrəvan birləşmiş hissələri nəhayət, qaçmağa başladılar. Bir çoxları İrəvana, digərləri Gəncəyə qaçdı. Üsyançılar düşərgəni və çoxlu sursatı ələ keçirdilər. Qaçan ordu hissələrini təqib edən üsyançılar Gəncə şəhərinə yaxınlaşaraq onu mühasirəyə aldılar. Onlar 12 gün Gəncə şəhərini mühasirədə saxladılar, lakin onu ələ keçirə bilmədilər. Şəhər əhalisi onlara güclü müqavimət göstərdi. Bundan başqa Kartli çarı VI Vaxtanq 40 000-lik qoşunla Gəncə şəhərinə yaxınlaşırdı. Yaranmış vəziyyətlə əlaqədar olaraq üsyançılar mühasirəni dayandırıb Kürün əks tərəfinə keçməli oldular.
1722-ci ildə qiyamçı əfqan qoşunu hücum edib Səfəvi dövlətinin paytaxtını tutdu.
Uğurlu xan və Gəncənin işğalı
redaktəOsmanlı sultanı III Əhməd də Qızılbaş məmləkətindən ərazi qoparmaq məqsədilə yürüşə hazırlaşır. Tutarlı bəhanə tapan kimi orduya hücuma keçməyi əmr etdi.
İlk hücuma Gəncə şəhəri məruz qaldı. Lakin Osmanlı qoşunu burada güclü müqavimətlə üzləşdi. J.Hanvey yazırdı: "Bu zaman Tiflisin tutulmasından ruhlanmış sərəskər (İbrahim paşa) Gəncəyə hücum haqqında düşündü və bu şəhəri mühasirəyə almaq arzusu ilə payızda qoşunla (oraya) hərəkət etdi. Lakin qarnizon və şəhər əhalisi özlərinə gələrək gözlənilmədən (osmanlıların) düşərəgəsinə hücum etdilər. Hər tərəfdən sıxışdırılmış osmanlı qoşunu topları və ərzağı qoyaraq qaçdı. Bu döyüşdə onlar (osmanlı türkləri) 3000 əskər itirdilər. Sərəskər isə uğursuzluqdan sarsılaraq qoşunun qalan hissəsi ilə öz əyaləti olan Ərzuruma geri çəkildi. Osmanlı hərbi hissələrinin itkiləri haqqındakı rəqəm digər mənbələrdə başqa cür göstərilir. Bəzi mənbələrdə itkilərin sayının 9000-ə qədər olduğu, bəzilərində isə 4000 əskərin öldüyü, 1000 nəfərin yaralandığı göstərilirdi.
1725-ci ilin ortalarında Osmanlı qoşunu yenidən hərbi əməliyyata başladı. Onlar bütün qüvvələrini Təbriz və Gəncə şəhərlərinə yönəltmişdilər.
Bu zaman digər Osmanlı qoşunu Gəncə şəhərinə hücum etdi. Gəncənin işğal edilməsi üçün Sarı Mustafa paşanın başçılığı ilə 40000 nəfərlik qoşun toplanmışdı.
Çox keçmədi ki, Sarı Mustafa paşa Krım xanından kömək aldı. Lakin bu yardıma baxmayaraq, Osmanlı qoşunu tezliklə şəhəri ələ keçirə bilmədi. Şəhər 2 aydan çox mühasirədə qaldı. Uzun sürən mühasirə gəncəliləri əldən salmışdı. Heç yerdən köməyin olmaması və ərzaq çatışmazlığı gəncəliləri təslim olmağa məcbur etdi.
Osmanlı şairi İzzət Rumi bu münasibətlə "Tarixi-fəthi-Gəncə" adlı bir mənzum tarixçə yazıb. Tarixçədə deyilirdi:
Mən bu fəthü nüsrətin İzzət, dedim tarixini:
"Aldı əcəmdən Gəncəni Xan Əhmədi-valihiməm"
Qarabağ bir sürə Osmanlıların əlində qaldı. Qarabağın valisi İbrahim paşa idi. İbrahim paşadan sonra Gəncə-Qarabağın valisi Əli paşa olmuşdu.
Uğurlu xan və Gəncənin azad olması
redaktəII Uğurlu xan II Şah Təhmasibin yanına qaçmışdı. 1730-cu ildə şah onu 700 nəfərlik dəstə ilə Qarabağa qoşun toplamağa göndərmişdi. Uğurlu xan Bərgüşad və Bərdə qəzalarından 12 min nəfərlik qoşun yığmışdı. İbrahim paşanın yanında olan Qarabağ qoşunu Qara bəyin başçılığı altında qaçıb Uğurlu xana qoşuldu.
Xorasanda işğalçı əfqanlara qarşı mübarizəyə başlayan Nadirqulu xan Qırxlı-Avşar qələbə qazanıb, tez bir zamanda İranı, Azərbaycanı istilaçılardan təmizlədi.
1734-cü ildə Qarabağa hücuma keçdi. Aşağı hissəsini bir hücumda alıb, paytaxt Gəncəyə irəlilədi. Şəhəri səkkiz ay yarımlıq bir mühasirədən sonra aldı.
Dağıstanı qarət etmiş Nadir xan yenidən Azərbaycana geri qayıdarkən Qəbələdən keçərək 1734-cü ilin 13 oktyabrında Gəncə yaxınlığındakı Göykilsə kəndində qışlamaq üçün dayandı. Eyni zamanda Gəncə şəhəri mühasirəyə alındı. Gəncə osmanlılar tərəfindən möhkəmləndirilmiş bir şəhər idi. Burada 5000 nizami qoşun var idi. Şnezenin yazdığına görə, Nadir xan Gəncə qalasına yaxınlaşarkən 30000 nəfərlik qoşuna malik idi. O, Gəncədə toplarla təchiz edilmiş 4000 əsgərlə mühasirə xətti yaratdı. Məlumatdan görünür ki, Nadir xanın qoşununun sayı xeyli artmışdı. Bu da Nadir xanın keçirdiyi səfərbərliklə əlaqədar idi. Fransız missionerlərinin yazdığına görə, "Dağıstan yürüşündən sonra İran (Səfəvi) qoşunu təqribən 10000 döyüşçü ilə daha da gücləndi, bunlardan 4 mini bu vilayətdən (Şirvandan) yığıldı, 6-7 minlik digər hissəsi isə İranın müxtəif yerlərindən səfərbər edilərək (qoşuna) birləşdirildi. Təhmasibqulu xan bu qoşunla təslim olmaq istəməyən Gəncəyə doğru hərəkət etdi. Gəncənin mühasirəyə alınmasından bir müddət keçdi və mühasirə may ayına qədər uzandı. Şəhərdə güclü qarnizon, iki və üç illik bütün ehtiyat növü vardı".
Gəncə şəhərinin alınmasına səkkiz ay vaxt sərf olundu. Eyni zamanda Nadir xanın qoşununa rus mütəxəsisləri kömək edirdilər. Bakıdan ağır toplar, bir neçə mühəndis və zabit gəlmişdi.
Gəncənin mühasirəsinin uzun sürməsi Nadirin qoşununu ağır vəziyyətə saldı. Qoşunun ərzaq ehtiyatı tükəndi və aclıq başlandı. Nadirin əmrinə əsasən ətraf kəndlərdən ərzaq ehtiyatı yığılmağa başlandı, xərac əhalidən amansızlıqla və ədalətsizliklə yığılırdı.
Nadir xanın qoşununun güclü hücumlarına baxmayaraq, Gəncədə yerləşən Osmanlı qoşunu Qarsdan kömək almaq ümidilə möhkəm durmuşdu. Həqiqətən bu zaman Qarsda Abdulla paşanın başçılığı ilə Osmanlı qoşunu toplanmışdı və Gəncə mühasirəsində olan osmanlıların köməyinə tələsirdi. Nadir xan bu xəbəri eşidən kimi Gəncədə az saylı qoşun saxlayaraq Osmanlı paşasını "qarşılamağa" tələsdi. 1735-ci ilin iyulunda Eçmiadzinin şimal-şərqində Osmanlı qoşunu ilə Nadirin qoşunları arasında döyüş baş verdi. Bu döyüşdə Nadirin qoşunu 55000, Abdulla paşanın qoşunu isə 80000 nəfərdən ibarət idi. Tərəflər arasında baş vermiş 5 saatlıq qanlı döyüş nəticəsində Osmanlı qoşunu güclü müqavimətə məruz qalaraq geri çəkilməyə məcbur oldu. Döyüşdə olan itkilər haqqında səyyahlar müxtəlif rəqəmlər göstərirlər. Fransız missionerləri döyüşdə osmanlıların bir neçə yüksək vəzifəli zabitlə birlikdə 30000 əsgər, Nadirin qoşununun isə bir neçə yüz əsgər itirdiyini qeyd edirlər. J.Hanveyə görə, döyüşdə osmanlı qoşunu 20000 əsgər itirmişdi. Bunların çoxu döyüş zamanı öldürülmüş, digərləri isə əsir düşmüşdü. Nadirin döyüşçüləri 32 top, ərzaqla dolu olan arabalar ələ keçirmiş, Abdulla paşa isə 8000 nəfərlə Qarsa qayıtmışdı. Dövrün erməni mənbəyinin yazdığına görə, döyüşdə Osmanlı qoşunu 40000, Nadir xan isə 15-20 min əsgər itirmişdi.
Nadir xanın qoşunu osmanlılar üzərində qələbə çaldıqdan sonra yenidən Gəncəyə qayıdaraq mühasirəni davam etdirdi. Eyni zamanda Nadir Xəzərsahili Azərbaycan torplaqlarının qalan hissəsini geri qaytarmaq üçün Rusiya ilə danışıqlara başladı. O, Rusiyanın Kür çayından şimalda qalan əraziləri qaytarmamasından narazı idi. J.Hanvey yazır ki, "Deyirlər ki, Təhmasibqulu xan lovğalıqla əgər ruslar getməsələr o, süpürgə götürüb, onları oradan süpürəcəkdir demişdi". Bu məsələni müzakirə etmək üçün Nadir xan Hüseyn xanı rus rezidenti ilə birlikdə Sankt-Peterburqa göndərdi. Uzun danışıqlardan sonra bu məsələni sülh yolu ilə həll etmək üçün Rusiya sarayı knyaz S.D.Qolitsıni səlahiyyətli nümayəndə kimi Səfəvilər dövlətinə göndərmişdi. Gizli təlimata əsasən knyaz S.D.Qolitsının Səfəvilər dövlətinə gəlməsinin əsas məqsədi bu dövlətlə Osmanlı arasında müharibəni daha da qızışdırmaq idi. Fransız missionerləri onun məqsəd və məramını belə açıqlayırdılar: "...Rusiya səfirinin xalq üçün zahirdə məqsədi İran (Səfəvi) sərkərdəsinə devrilmiş şahın hakimiyyətini yenidən bərpa etmək, Rusiya ilə İran (Səfəvilər) arasında ticarət müqaviləsi bağlamağı təklif etmək idi, batində isə bu saray ilə (Səfəvi dövləti ilə) Porta (Osmanlı) arasında müharibəni qızışdırmaq idi".
Nadir xan tərəfindən qəbul edilmiş S.D.Qolitsının başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana yürüş zamanı onu müşayiət etmişdi.
Nəhayət, uzun çəkən danışıqlardan sonra, 1735-ci ilin martın 10 (21)- da Gəncədə sülh müqaviləsi bağlandı və müqavilənin şərtlərinə görə qalan Xəzər sahili Azərbaycan torpaqları geri qaytarıldı.
Bu zaman Gəncə şəhəri də təslim edildi. İrəvanı və hətta Gürcüstanı osmanlılardan geri qaytarmış Nadir xan hərbi əməliyyatları saxlayaraq Muğan düzünə geri çəkildi.
Uğurlu xan və Muğan qurultayı
redaktəNadirqulu xan bu parlaq zəfərlərdən sonra Muğana gəlib, otraq elədi. Seçkin əmirlər qurultay çağırıb, Nadirqulu xanı şah seçdilər. Nadir şah adı ilə taxta əyləşən Avşar oğluna xəbər çatdırdılar ki, Qarabağ bəylərbəyi Uğurlu xan Ziyadoğlu-Qacar sənin şah olmağını istəmirmiş. Bu xəbərdən qəzəblənən şah öncə Uğurlu xanı öldürmək istədisə, ulu uruq olduğunu düşünüb, fikrindən daşındı. Lakin yamanlıq etməyi ağlından çıxarmadı.
Nadir şah dövlətində yeni inzibati-ərazi sisteminin əsasını qoydu. Səfəvilərdən qalma bəylərbəyiliyi ləğv edib, 3 əyalət yaratdı. Bu əyalətlərdən biri Dərbənddən başlayıb, Qaplankuhda bitən Azərbaycan idi. Azərbaycana qardaşı İbrahimzaman xanı başçı qoydu. Bununla ürəyi soyumayan Nadir şah Xəmsə məliklərini saraya tabe etdi. Qapanat, Çulundur mahallarını Qarabağdan ayırdı. Cavanşir, Otuziki və Kəbirli ellərini Xorasana sürdü. Uğurlu xanın idarə meydanı daraldı.
II Uğurlu xan 1738-ci ildə dağıstanlılara qarşı vuruşda həlak oldu. Gəncədə dəfn edildi.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh.