Harbord Missiyasi - Wikipedia
Harbord missiyası – Qafqazda və Kiçik Asiyada hərbi-siyasi vəziyyəti, coğrafi, iqtisadi, idarəçilik və digər məsələləri ətraflı öyrənmək üçün göndərilmiş xüsusi ABŞ missiyası.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tarixi
redaktə1919-cu ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Qafqaza marağının artdığı, Amerika siyasi dairələrində Qafqaz mandatı məsələsi müzakirə edildiyi şəraitdə ABŞ prezidenti Vilson regiona xüsusi missiya göndərmək qərarına gəldi. 1919-cu il avqustun ortalarında Birləşmiş Ştatların Versalda olan nümayəndəliyinin başçısı F. Polk Qafqaz respublikalarının Parisdəki nümayəndələrinə xüsusi məktubla müraciət edərək, Harbord missiyası barədə məlumat verdi. Avqustun 13-də Azərbaycan nümayəndəliyinə göndərilən məktubda qeyd edilirdi ki, briqada generalı Ceyms Q. Harbord 12 zabitin müşayiətilə yaxın vaxtlarda Cənubi Qafqaza yola düşəcəkdir. Azərbaycan nümayəndələrindən bu barədə öz hökumətinə məlumat verilməsi və general Harborda yerlərdə öz vəzifəsini yerinə yetirməkdə hökumətin yardım göstərilməsi xahiş edilirdi. Məktubun sonunda xatırladılırdı ki, missiyanın göndərilməsi Azərbaycanın və Cənubi Qafqazın başqa respublikalarının tanınması kimi qəbul edilməməlidir.
Bundan sonra, Versaldakı Azərbaycan nümayəndələri Harbord missiyasının Azərbaycan üzrə müvəkkili polkovnik Rey ilə görüşüb, onu lazımi materiallarla təchiz etmişdilər. General Ceyms Q. Harbord ABŞ siyasi dairələrində tanınmış şəxslərdən biri idi. O, Birinci dünya müharibəsinin (1914–1918) sonlarında Avropada Almaniyaya qarşı vuruşmuş, müharibə qurtardıqdan sonra Amerika ordusunun vətənə qayıtması işinə rəhbərlik etmişdi.
Missiyanın fəaliyyəti
redaktəHarbord missiyası 1919-cu il avqustun sonlarında Fransanın Brest şəhərindən yola düşmüş və sentyabrın 12-də İstanbula gəlmişdi. Qısa müddətdə Harbord İngiltərə, Fransa, İtaliya komissarları, habelə Yaxın Şərqdə Amerika mənafeyini müdafiə edən İsveç səfiri ilə görüşmüşdü. Sentyabrın ortalarında general Harbord Sivasda Qazi Mustafa Kamal paşa Atatürklə görüşdü. Dörd saata qədər davam edən danışıqlar zamanı Harbordu əsasən, kamalçıların Qafqaz siyasəti maraqlandırmışdı. Görüş zamanı Atatürk bildirmişdi: "Mərkəzi İrəvan olan Erməni Cümhuriyyətinə qarşı bizim heç bir düşmənçiliyimiz yoxdur". Mustafa Kamal paşa, eyni zamanda, Ermənistan hökumətinin öz ərazisində müsəlmanlara qarşı vəhşiliklər törətdiyini, digər yerlərdəki erməniləri də bu işə təhrik etdiyini və hətta Türkiyənin hüdudlarına müdaxilə etdiyini Harborda bildirmişdi. O, bu fikirdə idi ki, Ermənistandakı müsəlman əhalisinin xilas edilməsi xeyli dərəcədə Qafqazda Azərbaycan hökumətinin qüvvətlənməsindən asılıdır. General Harborda təqdim edilən raportda göstərilirdi ki, 1918-ci il martın 11–12-də ermənilər təkcə Ərzurumda üç min dinc türk əhalisini qətlə yetirmişlər. Ərzurum valisi Zakir əfəndi ermənilərin soyqırımı törətdiyi yerləri Harborda göstərmişdi. Sonra köhnə Rusiya-Türkiyə sərhədləri boyunca Qarsa gələn Harbord İstanbula göndərdiyi məlumatda yol boyu türklərin onlara böyük xeyirxahlıq göstərdiyini və bu yerlərdə az miqdarda erməni əhalisi olduğunu yazırdı. O qeyd edirdi ki, sərhəd boyunca tez-tez ermənilər tərəfindən yurd-yuvalarından didərgin salınmış müsəlman köç karvanları ilə rastlaşır. Türkiyənin erməni talanlarına və soyqırımlarına məruz qalmış şərq vilayətlərində gördüyü dəhşətli vəziyyət haqqında Harbord sentyabrın 28-də Qarsdan müttəfiqlərin İstanbulda olan nümayəndələrinə məlumat vermişdi.
Harbordun Bakıya gəlişi
redaktəHarbordun başçılıq etdiyi Amerika missiyası İrəvan və Tiflisdən sonra oktyabrın əvvəllərində Bakıya gəldi. Ermənistan və Gürcüstanda olduğu kimi, Azərbaycanda da Amerika missiyası onları maraqlandıran siyasi, dövlət quruluşu, maliyyə, ticarət, sənaye, səhiyyə, əhali, təbii sərvətlər, coğrafiya, poçt-teleqraf, hərbi və başqa məsələləri, həmçinin Amerika mandatlığına münasibəti öyrənməli idi. Hacı Zeynalabdin Tağıyevin evində qalan general Harbord Baş nazir Nəsib bəy Yusifbəyli, xarici işlər naziri Məmməd Yusif Cəfərov, yollar naziri Xudadat bəy Məlik-Aslanov və digər rəsmi şəxslərlə danışıqlar aparmışdı. Harbord Bakıda keçirdiyi görüşlər zamanı Azərbaycan Parlamenti və Hökuməti, xalq maarifinin vəziyyəti, məhkəmə orqanlarınının quruluşu və fəaliyyəti, əyalət idarəçilik formaları, seçki sistemi ilə bağlı onu maraqlandıran məsələlər haqqında ətraflı məlumat almışdı. Harbord missiyasına daxil olan polkovnik Hill və digərləri Bibiheybətdə, Qaraşəhərdə və digər sənaye rayonlarında da olmuşdular. "Azərbaycan" qəzeti Amerika missiyası ilə danışıqlar barədə məlumatında qeyd edirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və iqtisadi vəziyyətindən razı qalan Harbord Azərbaycanın istiqlaliyyətinin Paris sülh konfransı tərəfindən tezliklə tanınacağını söyləmişdi.
Harbordun Bakıya qısa müddətli səfərindən şəhərin erməni əhalisi və onların milli təşkilatları da istifadə etdilər. Ermənistan hökuməti general Harbordun Tiflisə və Bakıya səfər edəcəyini nəzərə alaraq, hər iki şəhərdə olan erməni milli təşkilatlarına və erməni kilsələrinə ümumerməni tələbləri ilə bağlı ona sənədlər təqdim etmək barədə qabaqcadan tapşırıq vermişdi. Bu təşkilatlar şəhərin erməni əhalisi adından general Harborda müraciət təqdim etdilər. Müraciət elə tərtib edilmişdi ki, guya Azərbaycanda hər şey ermənilərə məxsus olmuşdur və ən maraqlısı odur ki, müraciətdə "Azərbaycan" adı bir dəfə də olsun çəkilmirdi. Bakı erməniləri 1918–1919-cu illərdə cərəyan edən hadisələri, o cümlədən Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri soyqırımlarını da Amerika missiyasına saxtalaşdırılmış şəkildə təqdim etmişdilər.
Oktyabrın 8-də Harbordun missiyası Batumdan Fransaya yola düşməli olduğu üçün Bakıdan birbaşa Batuma getdi. Azərbaycan xarici işlər naziri Harbordu Batuma qədər müşayiət edərək, Cümhuriyyətin xarici və daxili siyasətinin bir sıra mühüm məsələlərini ona aydınlaşdırdı. Amerikanlar Batumda olan "m. Vaşinqton" gəmisində Azərbaycan xarici işlər nazirinin şərəfinə ziyafət verdilər. Oktyabrın 8-də isə Azərbaycan konsulluğunda gürcülərlə birlikdə Ceyms Harbordun şərəfinə ziyafət məclisi təşkil edildi. Azərbaycan və Gürcüstan nümayəndələri ilə Batum danışıqlarında amerikanlar bacarıqlı və işgüzar adamlardan təşkil olunmuş Azərbaycan hökumətinin, bir sıra maneələrə baxmayaraq, çox iş görə bildiyini xüsusi qeyd etdilər. General Harbord Azərbaycanın sülhsevər xarici siyasətinin onda xoş təəssürat yaratdığını xüsusi qeyd etdi. Batumdan yola düşməzdən əvvəl general Harbord Azərbaycan Xalq Cümhuriyyətinə səfər zamanı aldığı xoş təəssürata görə Azərbaycan hökumətinin başçısı N. Yusifbəyliyə təşəkkür məktubu göndərdi. Harbord yazırdı:
Mən və mənim missiyamda olan zabitlər xalqınız və ölkəniz haqqında ən yaxşı fikirləri özümüzlə aparırıq ki, qonşularınızın böyük dövlətlər arasında yaratdığı narazılıq sizin tərəqqinizə mane olmasın. |
Generalın məruzəsi
redaktəHarbordun başçılıq etdiyi Amerika missiyası oktyabrın 16-da Parisə gəldi və Birləşmiş Ştatların Versalda olan dövlət katibinin müavini F. Polka, az sonra isə ABŞ dövlət departamentinə məruzə təqdim etdi. Harbordun məruzəsinin qısa mahiyyəti ondan ibarət idi ki, hər üç respublika Qərb nöqteyi-nəzərindən o qədər də yaxşı vəziyyətdə deyildir. Onun fikrincə, Qafqazda iqtisadiyyat və maliyyə sistemi fəlakətli dərəcədə dağılmışdır, Gürcüstanda "qırmızı təhlükə" – bolşevizm təhlükəsi güclüdür, Azərbaycanda idarəçilik üçün yerli kadrlar çatışmır, Ermənistan isə xarabalığı xatırladır. Hər üç respublikanın siyasi istiqaməti Harbord tərəfindən belə müəyyən edilirdi: Gürcüstan müstəqillik üzərində israr edir, Ermənistan, yəqin ki, Rusiya mandatına tərəfdardır, Azərbaycan isə Türkiyəyə meyillidir və xristianlara etibar etmir, lakin onların təhsil görmüş nümayəndələri xarici əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini başa düşürlər. Ümumiyyətlə, mandat məsələsində Harbordun fikri belə idi ki, Cənubi Qafqaz vahid bir mandatlıqda birləşməlidir, lakin bu mandatın Amerikaya verilməsi məsələsində onun fikri müsbət deyildi. General Harbord öz məruzəsində ermənilərin toruna düşmüş ABŞ siyasi xadimlərinə bildirirdi ki, ermənilər üçün nəzərdə tutulan ərazilərdə türklər hələ ermənilər oradan çıxarılmazdan əvvəl çoxluq təşkil edirdilər və bütün erməni qaçqınlarının ora qayıdacağı halda da, türklər yenə çoxluq təşkil edəcəklər. Harbord erməni məsələsi ilə tanış olduqdan sonra qəti surətdə bu fikrə gəlmişdi ki, ABŞ Ermənistana hər hansı vəkalət verməkdən imtina etməlidir.
Nəticə
redaktəGeneral Harbordun missiyanın yekunları barədə hazırladığı məruzə belə bir nəticə çıxarmağa əsas verir ki, o, Cənubi Qafqazın və İstanbulun bir mandatlıqda birləşdirilməsinə tərəfdar olmuşdur. Harbord bu mandatın ABŞ tərəfindən götürülməsinə etiraz edirdi. Harbord missiyası Amerika Birləşmiş Ştatlarının Qafqaz mandatlığına olan marağına son qoydu və Amerika siyasi dairələrində geniş yayılmış ermənipərəst əhvali-ruhiyyəyə də ağır zərbə vurdu[1].
Ədəbiyyat
redaktə- Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918–1920-ci illər), B., 1993.
İstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı 2004. s. 447–448