Hadi Mirzezade - Wikipedia
Hadı İsmayıl oğlu Mirzəzadə (1908 – 1965) — Azərbaycan dilçi alimi, türkoloq, filologiya elmləri doktoru (1960), professor (1961).
Hadı Mirzəzadə | |
---|---|
Hadı İsmayıl oğlu Mirzəzadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | Filologiya |
Elmi dərəcəsi | filologiya üzrə elmlər doktoru |
Elmi adı | professor |
Həyatı
redaktəHadi İsmayıl oğlu Mirzəzadə 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Bakı şəhərində alan Hadi Mirzəzadə 1925-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Darülfünunun (indiki BDU) Şərq fakültəsinə daxil olmuş, 1929-cu ildə həmin fakültənin dilçilik şöbəsini bitirmişdir. 1931-ci ildən respublikanın müxtəlif orta və ali məktəblərində dərs deməyə başlamış, Şamaxı və Naxçıvan pedaqoji məktəblərində, Azərbaycan Pedaqoji İnstitutunda, Qazax Pedaqoji İnstitutunda baş müəllim, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır.[1]
1950-ci ildən başlayaraq Hadi Mirzəzadə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) ümumi dilçilik kafedrasının dosenti vəzifəsində çalışaraq öz dolğun, məzmunlu mühazirələri ilə müəllim və tələbələr arasında böyük hörmət qazanmışdır.[1]
1953-1955-ci illərdə Bolqarıstan hökumətinin dəvəti ilə Sofiya universitetində müasir türk dilindən mühazirələr oxumuşdur. Azərbaycan dilinin tarixinin yaradıcılarından olan H.Mirzəzadə sonralar Azərbaycan Dövlət Universitetinin filologiya və şərqşünaslıq fakültələrində "Azərbaycan dilinin tarixi" kursundan mühazirələr oxumaqla yanaşı ciddi tədqiqatlarla məşğul olmuşdur.[1] Elmi-pedaqoji kadrların hazırlanmasında böyük xidməti olmuşdur.
Kiçik fasilələr nəzərə alınmazsa, onun bütün 30 illik elmi-pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Universiteti ilə bağlıdır. 1961-ci ildən həmin ali məktəbin "Ümumi dilçilik kafedrası"nın professoru seçilən H.Mirzəzadə ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır.[1]
Övladları:
Elmi fəaliyyəti
redaktə1947-ci ildə filologiya elmləri namizədi almaq üçün "XIX əsr Azərbaycan nəsr dili" mövzusunda dissertasiya müdafiə etmişdir. Hadi Mirzəzadə Azərbaycanda dili tarixi bəhsinin, "Azərbaycan dili tarixi" tədris kursunun yaradıcılarındandır.[1] Tədqiqatlarında Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və ümumən "Molla Nəsrəddin"in Azərbaycan dili tarixindəki mövqeyi dəyərləndirilir. Elmi əsərləri arasında "Cəlil Məmmədquluzadənin dili" (1945), "Sabirin şeir dili haqqında bəzi qeydlər" (1946), "H.Mehdinin hekayə dili" (1947), "Nizami söz haqqında" (1947),"C.Cabbarlının dili" (1950), "Osman Sarıvəllinin bədii dili və üslubu haqqında bəzi qeydlər" (1956), "Əbdüləli Narəngin “Müasir Azərbaycan dilinin qrammatikası” kitabı haqqında (resenziya)" (1964), "M.Füzulinin dili" (1965) və s. adlarını çəkmək olar.
1960-cı ildə "Azərbaycan dilinin tarixi morfologiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bu əsər Azərbaycan dilçiliyində tarixi qrammatika kimi yeni bir sahənin başlanğıcı oldu.
H.Mirzəzadə bu sahədə öz tədqiqatlarını davam etdirərək tarixi fonetika, tarixi morfologiya və tarixi sintaksis sahəsində bir sıra əsərlər müəllifi olmuşdur. Elmi axtarışlarının labüd nəticəsi kimi Hadi Mirzəzadənin nəşr olunan "Azərbaycan dilinin tarixi morfologiyası", "Azərbaycan dilinin tarixi sintaksisi", "Azərbaycan dilinin tarixi qrammatikası" kimi qiymətli və əvəzsiz kitabları bu gün də dilçilərimizin, eləcə də elmə qədəm basan ali məkəb tələbələrinin bəhrələndiyi qiymətli tədqiqat əsərləridir.[1]
Alim qədim və orta əsr türk dili abidələrinin Mahmud Kaşğari, İbn Mühənna, Hinduşah Naxçıvaninin lüğətləri, XVI əsr və sonrakı əsrlərə aid rəsmi sənədləri dövrün mötəbər mənbələri kimi əsas götürmüşdür. Şifahi xalq yaradıclığı nümunələrində dilimizin tarixi üçün maraqlı faktlar qorunub saxlanır ki, bunlar da tədqiqatçının diqqət mərkəzindən kənarda qalmamış, onlardan geniş istifadə etmişdir. Azərbaycan dilinin tarixi, tarixi qrammatikası üçün əsas mənbələrdən biri də dialekt və şivələrdir ki, alim tədqiqatlarda onlara tez-tez müraciət etmişdir.
Kitabları
redaktə- Azərbaycan dilinin tarixi qrammatikasına aid materiallar (fonetika-morfologiya), B.ADU nəşri, 1953. 100 s.
- Azərbaycan dilinin tarixi qrammatikası (köməkçi nitq hissələri). ADU nəşri, 1958. 78 s.
- Azərbaycan dilinin tarixi fonetikasına dair qeydlər. Bakı 1958.
- Azərbaycan ədəbi dilində işlənən ərəb və fars sözləri lüğəti (S.Ə.Cəfərov, İ.Hacıyev və Ç.F.Bağırovla birlikdə) 112 s. Bakı: 1960
- Azərbaycan dilinin tarixi morfologiyası. B.Azər-tədrisnəşr, 1962. 370 s.
- M.Füzulinin dili, Bakı 1965
- Azərbaycan dilinin tarixi sintaksisi. B. “Maarif” nəşriyyatı, 1968.162 s.
- Azərbaycan dilinin tarixi qrammatikası. Bakı. “Azərbaycan universiteti nəşriyyatı”, 1990. 375 s. (təkrar nəşr).
İstinadlar
redaktəMənbə
redaktə- Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı,2008.səh.197.