Haci Zeynalabdin Tagiyevin Portreti - Wikipedia
"Hacı Zeynalabdin Tağıyevin portreti" — 1912-ci ildə Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə rəssam İsaak Brodski tərəfindən çəkilmiş portret.
Hacı Zeynalabdin Tağıyevin portreti | ||
---|---|---|
| ||
Rəssam | İsaak Brodski | |
Tarixi | 1912 | |
Texnikası | yağlı boya | |
Sifarişçi | Hacı Zeynalabdin Tağıyev | |
Saxlanıldığı yer | Milli Azərbaycan Tarixi Muzeyi |
Tarixi
redaktəİriölçülü (238x129 sm) bu portret 1912-ci ildə zamanında gənc olmasına baxmayaraq, Rusiya məkanında çox məşhur olan rus-sovet rəssamı İsaak İzrailoviç Brodski (1883–1939) tərəfindən Bakıda işlənib. Portretin çəkilməsi həmin vaxtlar Hacı Zeynalabdin Tağıyevin hamilik etdiyi Bakı orta texniki məktəbin yaradılmasının 25 illiyinə hazırlıqla bağlı olub. Həmin ərəfədə məktəbin pedaqoji şurası Rusiyanın Qafqazdakı canişini İllarion Vorontsov-Daşkova məktub yazaraq ondan Hacı Zeynalabdin Tağıyevin portretinin çəkilməsini və ümumi iclas salonunda yerləşdirilməsini, eləcə də kimya laboratoriyasına onun adının verilməsini xahiş etmişdi. Azərbaycanlı mesenatla mehriban münasibəti olan canişin Bakıdan gələn bu məktuba müsbət cavab verir. Bundan sonra onun işlənməsi üçün Sankt-Peterburqdan istedadlı fırça ustası 29 yaşlı İ. Brodski dəvət olunur. Ona təklif olunan müqavilədə Hacının portreti ilə yanaşı, daha üç nəfərin, o cümlədən, II Nikolayın portretini çəkmək sifariş olunurdu.[1]
İ. Brodski qeyd edir ki[2][3]:
Hacı o vaxtlar qocalmışdı, səksənə yaxın yaşı vardı. Elə ilk naturadan çəkiliş zamanı məlum oldu ki, çətinliklə uzun müddət bir yerdə otura bilir, bir neçə dəqiqədən sonra mürgüləyirdi. Bu məni məcbur etdi ki, yemək vaxtı ona diqqətlə göz qoyum, sonra isə yaddaşıma əsaslanıb işləyim. Ümumiyyətlə, Tağıyev hesab edirdi ki, üz cizgilərini, xüsusilə qırışları bütün incəliyinə kimi təsvir etməyə aludəçilik vacib deyil. Əsas diqqəti onun təntənəli geyiminə, xidmətlərinə görə aldığı müxtəlif ordenlərin dəqiq təsvirinə yönəltmək gərəkdir. Elə çəkmək lazımdır ki, ordenlərin hansı dərəcədən olduğu açıq görünsün. Bütün bunları eşidəndən sonra mən onun zövqünə tabe olmağa məcbur oldum. |
Xüsusiyyətləri
redaktəƏsərdə H. Z. Tağıyev qara geyimdə, ayaq üstə təsvir olunub. Onun təntənəli mərasimlər üçün nəzərdə tutulan geyimini göy lent, qılınc tamamlayır, müxtəlif orden və medallar bəzəyir. Hacının nurani siması, ağayana ciddi duruşu, naməlum istiqamətə yönəlmiş baxışları, ümumi kompozisiyanı tamamlayan müxtəlif məntiqli atributlar rəssam tərəfindən məharətlə işlənmişdir. H. Z. Tağıyevin qırmızı pərdənin fonunda, iri planda təsviri rəssamın obrazı qabarıq göstərmək istəyindən irəli gəlmişdir. Orijinal biçimli mizin üzərindəki kitab kompozisiyaya daxil edilmiş bəlkə də ən uğurlu və məntiqli təsvir elementlərindəndir. Bu, H. Z. Tağıyevin mütərəqqi fikirli və maarifpərvər olmasına işarə kimi qavranılır.[2]
İstinadlar
redaktə- ↑ Aytac Sahəd. "Hacı Zeynalabdin Tağıyevin naturadan çəkilmiş portreti - Bir rəsmin dedikləri". 525-ci qəzet. 12.08.2020. 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ 1 2 Ziyadxan Əliyev. "Hacı Zeynalabdin Tağıyevin naturadan çəkilmiş portreti haqqında..." "Ədəbiyyat qəzeti". 10.01.2019. 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ Зиядхан Алиев. "«Отец нации» в красках". kaspiy.az. 09.10.2016. 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.