Hemid Malibeyli - Wikipedia
Malıbəyli Həmid (əsl adı: Həmid İmamqulu oğlu Qurbanov; 1869, Malıbəyli, Şuşa qəzası – 22 mart 1922, Ağdam, Şuşa qəzası) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi və tarzəni, Qarabağ muğam məktəbinin nümayəndəsi.
Malıbəyli Həmid | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Həmid İmamqulu oğlu Qurbanov |
Ləqəbi | Malıbəyli Həmid |
Doğum tarixi | |
Doğum yeri | Malıbəyli, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Ağdam, Azərbaycan SSR |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-xanəndə, tarzən |
Fəaliyyət illəri | 1882–1922 |
Janrlar | muğam, xalq mahnısı |
Musiqi aləti | tar |
Albom şirkəti | Qrammafon |
Həyat və yaradıcılığı
redaktəHəmid İmamqulu oğlu Qurbanov 1869-cu ildə Şuşa yaxınlığındakı Malıbəyli kəndində anadan olmuşdur. O, bir müddət arabaçı işləmiş, sonralar isə Hacı Hüsünün təşkil elədiyi "Xanəndələr məclisi"nə daxil olmuş, burada Hacı Hüsü və Məşədi İsidən klassik Şərq və Azərbaycan muğamlarını öyrənmişdir. Həmid xanəndəliklə yanaşı, eyni zamanda tar çalmağı da öyrənirdi. Onun ilk tar müəllimi Sadıqcan olmuşdur.[1]
Həmid Şuşa məclislərində xanəndə kimi tanınırdı. Onun Şuşada ilk çıxışı Hacı Hüsü, Məşədi İsi, Sadıqcan və Avaneslə birlikdə Nəcəfqulu ağa adlı şəxsin məclisində baş tutmuşdu. Bu məclisdəki çıxışından sonra Həmidi tez-tez xalq şənliklərinə dəvət edirlər. O, uzun müddət toy şənliklərində və xalq məclislərində tarzənlər Cavadbəy Xənəzəyski, Məşədi Zeynal, Arsen Yaramışev, sonrakı dövrlərdə isə Məşədi Cəmil Əmirov və Qurban Pirimov ilə birlikdə ifa etmişdir.[1]
Malıbəyli Həmid xanəndə və tarzən olmaqla yanaşı, aktyor kimi də fəaliyyət göstərmişdir. Onun adına Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", Məşədi Cəmil Əmirovun "Seyfəl-Mülk" kimi opera tamaşalarının afişalarında rast gəlinir.[1]
Malıbəyli Həmid məclislərdə çox vaxt özü həm çalmış, həm də oxumuşdur. O, tarda bütün muğamları ifa etsə də, əslində məclis xanəndəsi idi. Onun oxuduğu "Rast" və "Segah" muğamları bütün Zaqafqaziyada dinlənilirdi. Onun ifasında "Segah" müasirlərindən fərqlənirdi. O, "Segah"ı bir neçə versiyada oxumuş, "Yetim Segah"ı və "Orta Segahı" özünəməxsus formada ifa etmişdir. Malıbəyli Həmid "Segah" muğamına gətirdiyi yeniliyə görə həmin muğama xanəndələr arasında "Həmid Segah"ı deyirdilər.[2]
Həmid XX əsrin əvvəllərində ailəsi ilə birgə hazırkı Gəncə şəhərinə köçmüşdür. O, burada Məşədi Cəmil Əmirovla yaxından tanış olmuş və onlar uzun müddət əməkdaşlıq etmişdirlər. Məşədi Cəmil tarda ifa etməklə Həmidi, Malıbəyli Həmid də Məşədi Cəmili tarda müşayiət etmişdir. Onlar birlikdə hazırkı Gəncə, Şəmkir, Qazax və Tbilisi şəhərlərinə və onların ətraf rayonlarına keçirilən toy və məclislərə getmiş, orada çıxış etmişdilər.[3] Malıbəyli Həmid dəfələrlə İranın Rəşt, Ənzəli şəhərlərinə dəvət olunmuşdur. Malıbəyli Həmid qardaşı Əsgər Qurbanov və kamançaçı Böyükkişi Əliyev ilə bir yerdə çıxışlar ediblər.[4]
1910-cu ildə "Qrammafon" şirkətindən dəvət alan Malıbəyli Həmid Riqa şəhərinə getmiş və burada səsini qrammofon vala yazdırmışdır. O, "Şur", "Rast", "Yetim Segah", "Hümayun" və təsniflər, el mahnılarını oxumuş, tarı özü ifa etmişdi. Onun qardaşı Əsgər Qurbanov da bir neçə muğamı onun müşayiəti ilə oxumuşdu.[1]
Sonralar Malıbəyli Həmidin səsi batmış və tar çalmaq sənəti ilə daha çox məşğul olmağa başlamışdır. Qarabağ və Gəncə məclislərində, Tiflis şəhərində keçirilən konsertlərdə Malıbəyli Həmid Keçəçioğlu Məhəmmədi, Zabul Qasımı, Musa Şuşinskini, İslam Abdullayevi, Məşədi Məmməd Fərzəliyevi, Məmmədqulu Şuşinskini, Bülbülü tarda müşayiət etmişdir.[1][5]
Musiqi sahəsində 40 il fəaliyyət göstərmiş Malıbəyli Həmid 22 mart 1922-ci ildə Ağdamda vəfat etmişdir.[6]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Фиридун Шушински. Малыбәјли Һәмид // Азәрбајҹан халг мусигичиләри. Бакы: Јазычы. 1985. С. 188–191.
- ↑ Firidun Şuşinski. Malıbəyli Həmid // Azərbaycanın musiqi xəzinəsi. Bakı: Vətənoğlu. 2015. S. 394–397. ISBN 978-9952-8283-8-2.
- ↑ Малыбәјли Һәмид // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 332.
- ↑ Фиридун Шушински. Шуша. Бакы: Ҝәнҹлик. 1998. С. 344–347. ISBN 5-8020-1425-3.
- ↑ Malıbəyli Həmid // Muğam ensiklopediyası. Bakı. 2008. S. 123.
- ↑ Малыбейли Гамид // Енциклопедия азербайджанского мугама (rus). Баку: Шарг-Гарб. 2012. С. 147.