Huseyn Xan Selim Xanin Oglu - Wikipedia
Hüseyn xan — sonuncu Şəki xanı.
Hüseyn xan | |
---|---|
Hüseyn xan | |
11 avqust 1826 – 31 oktyabr 1826 | |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1829/1830 |
Vəfat yeri | Meşgin, Iran |
Atası | Səlim xan |
Uşaqları | Əbdül xan, Qasım xan, Cəfər xan[1] Məşədi Məmməd/İsgəndər xan[2] |
Dini | İslam |
Şəkinin yerli xanlarından biri olan Səlim xanın oğlu idi. II Rus-İran müharibəsi (1826-1828) başlayanda Hüseyn xan İranda yaşayırdı. Çox güman ki o, İrana yalnız 1806-cı ilin sonunda — Şəkidən mühacirət edən atası ilə birlikdə getmişdi. II Rus — İran müharibəsinin əvvəllərində İran şahzadəsi Abbas Mirzə böyük bir ordu ilə Cənubi Qafqaza daxil olarkən Hüseyn xana qoşun verib Nuxaya göndərir. Hüseyn xan 11 avqust 1826-cı il tarixdə Nuxaya daxil olur və heç bir müqavimətlə üzləşmir. Çünki rus əsgərləri onun gəlişindən 3 gün əvvəl — 8 avqust tarixində, artıq Nuxanı tərk etmişdilər. Hüseyn xanın Nuxaya gəlməsi, həm 7 il əvvəl ruslar tərəfindən rəsmən ləğv edilmiş Şəki xanlığını bərpası və həm də 20 il əvvəl onların devirdikləri Hacı Çələbi xan sülaləsinin Şəki xanlığında yenidən hakimiyyətə qayıdışı demək idi.
Abbas mirzənin özü də Nuxaya gəlib çıxmışdı və burada onun atasının — İran şahı Fətəli xan Qacarın, adından sikkə zərb edilməsinə başlanılmışdı. Lakin Abbas mirzənin Gəncə yaxınlığında ruslar tərəfindən məğlub edilməsi və onun 30 sentyabrda Arazı keçib İrana geri çəkilməsi nəticəsində hərbi dəstəkdən məhrum olan Hüseyn xan, bundan sonra cəmi 1 ay yerində duruş gətirə bildi. Qafqazdakı rus qoşunlarının baş komandanı knyaz Yermolov 31 oktyabrda böyük bir ordu ilə Nuxaya yaxınlaşanda Hüseyn xan ruslarla qarşıdurmaya getməyərək İrana qaçdı. Beləliklə, Hüseyn xanın xanlıq dövrü heç 3 ay davam etmədi.
Hüseyn xanın Şəki xanı olması (mənbələrdən iqtibaslar)
redaktəYerli mənbələrdə
redaktəNarrativ mənbədə — Şəkidə tərtib olunmuş maddeyi-tarixlərdə, Hüseyn xanın Şəkidə xan olması tarıxi belə göstərilir:
- "Hacı Çələbi xanın oğlu Həsən ağanın oğlu Hüseyn xanın oğlu Səlim xanın oğlu alicah Hüseyn xanın Şəki vilayətində hökmranlıq etməsi tarixi: 4 məhərrəm 1242 (avqust 1826)".
- "Hüseyn xanın Şəki vilayətinə gəlməsi tarixi: 7 məhərrəm 1242 (11 avqust 1826)"[3].
Rus mənbələrində
redaktəGürcüstanın Rusiyaya birləşdirilməsinin 100 illiyi münasibətilə tərtib edilmiş "Qafqazda Rus hakimiyyətinin bərqərar olması" ( rus. Утверждение русского владычества на Кавказе ) adlı kitabda qeyd edilir ki,
"9 avqust[q 1] tarixdə iranlılar bizim tərəfdən[q 2] boşaldılmış Yelisavetpola[q 3] girdilər və qalanı tutdular. İran bayrağı yenə də köhnə qalanın başında göründü... Elisavetpolun tutulması ilə eyni vaxtda, çoxdan ölmüş Səlim xanın oğlu Hüseyn xan Nuxada, Mustafa xan Şirvanda, Şeyxəli xanın oğu Qubada, Hüseynqulu xan (Sisianovun qatili) Bakıda, Mirhəsən xan isə Talışda peyda oldu. Hətta Gürcü şahzadəsi Aleksandr da Kaxetiyaya daxil olmaq istədi, qazıqumuxlu Surxay xan isə öz oğlanları və 15 nökəri ilə Dağıstana girməyə cəhd etdi..."[4]. |
"...Şəki vilayəti iranlılar tərəfindən zəbt edilmişdi. Orada bir Hüseyn xan – Şəki xan xanədanının son nümayəndəsi, peyda oldu. Hüseynin atası Səlim, Rus təbəəliyinə könüllü keçmiş, Qudoviç zamanında İrana qaçmışdı və orada[q 4] ölmüşdü. Ölkəsi o zaman[q 5] Xoydan gəlmiş başqa nəslin əlinə keçmişdi və onlardan sonuncunun[q 6] ölümündən sonra – Yermolovun dövründə, adi Rus əyalətinə çevrildi. Güman edilirdi ki xalq Hüseyni öz köhnə xanlarının davamçısı kimi qəbul edəcəkdir. Buna görə iranlılar ona qoşun vermişdilər və tələb etmişdilər ki xalqı (ruslara qarşı) ayağa qaldırsın. Amma onların seçimi uğursuz oldu. Hüseyn həqiqətən Nuxanı tutdu, oradakı ikı Rus rotası isə döyüşsüz Kaxetiyaya çəkildi, – bununla da onun fəaliyyəti başa çatmış oldu. O, oturdu Nuxadakı öz sarayının zərli otaqlarında və yalnız eyş-işrətlə məşğul oldu. Camaatın yaddaşında Hüseyn qətiyyətsiz və tənbəl bir adam kimi qalmışdır və bu barədə lətifələr dildən-dilə dolaşır. Abbas Mirzə əbəs yerə ondan tələb etmişdi ki, carlılarla birləşib Kaxetiyaya hücum etsin. Hüseyn isə cavab vermişdi ki, şahzadə Aleksandra köməyə gedəcək, lakin heç yerə getmədi. Şəki vilayəti əgər müvəqqəti olaraq Rusiyadan ayrılmışsa da, onunla İran arasında siyasi münasibətlər formalaşmadı"[4]. |
Ruslar Abbas Mirzənin İrana geri çəkilməsindən heç 1 ay keçməmiş, onun son yürüşü zamanı əllərindən çıxmış bütün əraziləri, təkrarən öz hakimiyyətləri altına ala bildilər, o cümlədən, onlar 17 oktyabr tarixində köhnə Şamaxıya daxil olmuşdular və Mustafa xan da qaçmışdı, yalnız Şəkidə rus hakimiyyəti hələ bərpa edilməmişdi.
Şəkidə rus hakimiyyətinin bərpa edilməsi və Hüseyn xanın hakimiyyətinə son qoyulması üçün Nuxaya hərəkət edən rus ordusunun başında, şəxsən Qafqazdakı rus qoşunlarının baş komandanı general Yermolov durdu. Rus hərb tarixçisi N.F.Dubrovinin yazdığına görə
"Yermolov böyük bir ordu və 18 topla 29 oktyabr[q 7] tarixdə Alazan çayını keçmiş və 31 oktyabr[q 8] tarixdə Nuxa şəhərinə daxil olmuşdu. Rus ordusunun gəlməsini görən xan və yanındakı iranlılar qaçmağa üz qoydular, elə bərk qaçdılar ki, onları təqib etmək üçün göndərilmiş kazaklar onlara çata bilmədilər. Sadə xalq rusları sevinclə qarşıladı, amma bəylərin əksəriyyəti xanla birlikdə qaçmışdılar"[5]. |
Digər rus məbəsinə görə isə
"Yermolov Rusiyadan ona göndərilmiş hərbi dəstələrin gəlib çıxmasını gözləyirdi. Onların ilk partiyası Tiflisə yetişən kimi, o, həmin saat yürüşə başladı və 31 oktyabrda[q 9] Nuxaya daxil oldu. Xan o qədər bərk qaçdı ki, dalınca göndərilmiş kazaklar ona çata bilmədilər, o, xeyli qabaqda idi, onu tutmaq mümkün olmadı. Şəki xanlığı təlatümdən qeyd-şərtsiz itaətə, tam sakitliyə keçdi"[6]. |
"Qarabağnamələrdə"
redaktəHüseyn xanın Şəkidə xan olması barədə "Qarabağnamələr"də də məlumat var. Məsələn Mirzə Adıgözəl bəy yazır ki,
"Mustafa xan Şirvanda, Hüseyn xan da Şəkidə idilər. Hüseyn xanın qardaşı Hacı xan Şəki qoşunlarını toplayıb, Kür çayından keçdi. Mənim bir obamı və iki padşahlıq obasını qarət etdi. Sonra Mustafa xan özbaşına Şirvandan keçib Qaradağa öz evinə getdi. Hüseyn xan isə, haman yerdə durmuşdu. Sərdar ( – Yermolov) bu tərəfdən qoşun ilə gəlib Nuxanın üç ağaclığına çatdı. Hüseyn xan qarşı durmağa və müdafiəyə taqəti olmadığını görüb qaçdı. Arazdan keçib İrana qaçdı"[7]. |
Mirzə Yusif Qarabaği isə bunu yazır:
"Qızılbaşlar qaçandan sonra baş verən bəzi hadisələr Düşmən kökündən sarsıldıqdan və onların mal və dövlətləri əllərindən çıxdıqdan sonra şirvanlı Mustafa xan Şirvanı tərk edib, sərdar İbrahim xanla birlikdə Qaradağa tərəf qaçdılar. Mir Həsən xan da Talış xanlığından əl çəkib, qızılbaşların yanına getdi. Amma nuxalı Hüseyn xan bir müddət Nuxada birtəhər yaşadı. Başqa yerlərdən buraya gəlmiş bəzi tacir və qaçqınlar da çoxlu mal və dövlət toplamışdılar. Hüseyn xan qardaşı Hacı xanı ləzgi qoşunu ilə Qarabağa göndərdi. O da Kürü keçib Qarabağ obalarının bəzi yerlərini qarət etdi..."[8]. |
Hüseyn xanın İrana qaçmasından az sonra Şəki xanlığının bərpası istiqamətində edilən başqa cəhdlər
redaktə"Qafqazda Rus hakimiyyətinin bərqərar olması" kitabında qeyd edilir ki,
"Yermolov Bakıda olarkən isə qəflətən knyaz Eristovdan məlumat aldı ki, dağ ləzgiləri, Gürcü şahzadəsi Aleksandr və Abbas Mirzənin təhriki ilə böyük ordu halında Nuxaya gələcəklər ki, Həştərxanda yaşayan xanın[q 10] övladlarından birini xan etsinlər. Yermolov həmin saat geri dönməyə məcbur oldu və göstəriş verdi ki, Rusiyadan yeni göndərilmiş bütün qoşunların bir hissəsi Car vilayətində, bir hissəsi isə Şəkidə və Şirvanda cəmləşsin. Ordu oralarda yalnız 12 noyabr – 12 dekabr arasında[q 11] cəmləşdi. Yelisavetpolda saxlanılmış Sevastopol polku istisna olmaqla, bütün 20-ci piyada dviziyası Alazan sahilinə göndərilmişdi; 2-ci Ulan diviziyası 13 №-li süvari-artilleriya rotası ilə Nuxada idi... həmçinin Don çayı tərəflərdən gəlmiş altı kazak polkundan... Pobednovun polku Şəki vilayətinə göndərilmişdi. Bu göstəriş hələ tam icra edilməmiş, Yermolov 21 dekabrda[q 12] özü Nuxaya gəlib çıxdı və əyalət tam əmin-amanlıq tapdı. Ləzgilər həqiqətən də onun sərhədlərini pozmağa cəhd etdilər. Amma Şəki süvarilərinin tez toplaşması, ləzgiləri niyyətlərindən əl çəkməyə məcbur etdi və bu iş sərhədə yaxın olan cəmi bir neçə kəndin dağılması ilə bitmiş oldu. Yermolov oradan iki batalyonla Car vilayətinə üz tutdu..., işləri yoluna qoyduqdan sonra isə 8 yanvar 1827-ci il tarixdə[q 13] Tiflisə qayıtdı[9]. |
Vəfatı
redaktəŞəkidə tərtib edilmiş maddeyi-tarixlərdə, Hüseyn xanın hicri 1225-ci ildə ölməsi göstərilir ki, bu da miladi 1829 – 1830-cu illərə uyğun gəlir.
Əminə Pakrəvanın "Abbas Mirzə və Azərbaycan" kitabında yazılanlardan isə belə çıxır ki, Hüseyn xan ruslarla döyüşdə öldürülmüşdür:
"Şəki xanı Hüseyn xan kiçik bir savaşda ruslar tərəfindən öldürülmüşdü. Onun cibindən şahzadənin[q 14] bütün xanlıqlara yazdığı bir məktub çıxmışdı. Şahzadə bu məktubda yazırdı: "Məndən sorursunuz ki, savaşdan əlimi çəkmişəm? Xeyr, savaş mənim üçün hələ bundan belə başlayır."..."[10]. |
Lakin Hacı Cəmil tərəfindən tərtib olunmuş "Şəki xanlarının nəsil şəcərəsində" göstərilir ki, Hüseyn xan 1831-ci ildə, yaşadığı Meşgində dünyasını dəyişmişdir[1].
Ailəsi
redaktəAtası
redaktəSəlim xan 1795 — 1797 və 1805 — 1806-cı illərdə Şəki xanı olmuşdu. O, 4 noyabr 1806-cı il tarixdə, iqamətgahı Nuxa qalasının ruslar tərəfindən döyüş yolu ilə tutulmasından sonra hakimiyyətini itirmiş, əvvəl İrana, sonra isə Türkiyəyə getmiş və 12 aprel 1826-cı il tarixdə Osmanlı İmperiyasının ərazisindəki Kir şəhərində vəfat etmişdi.
Qardaşları
redaktə"Şəki xanlarının nəsil şəcərəsi"ndə həm də qeyd edilmişdir ki, Hüseyn xanın qardaşı Hacı xan nə vaxtsa İranda Kirmanşahın qubernatoru imiş və həmin şəhərin yaxınlığındakı Kerend kəndinin adamları tərəfindən öldürülmüşdür. Hüseyn xanın digər qardaşı Süleyman xan isə rus ordusunda xidmət etmiş, Varşavada vuruşmuş[1] və polkovnik rütbəsinə qədər yüksəlmişdir.
Oğlanları
redaktə"Şəki xanlarının nəsil şəcərəsi"ndə Hüseyn xanın Əbdül xan, Qasım xan və Cəfər xan adlı oğlanlarının olması göstərilir[1]. Nəsil şəcərəsində adı qeyd edilməmiş digər oğlu - Məşədi Məmməd/İsgəndər xan isə Şəki xanı olmağa iddialı idi və hətta 1838-ci ildə Nuxa şəhərini tutub qısa bir müddət ərzində də olsa əlində saxlaya bilmişdi.
Qeydlər
redaktə- ↑ Mənbədə tarix Yuli təqvimi ilə − 28 iyul, göstərilmişdir.
- ↑ Yəni, ruslar tərəfindən...
- ↑ Yəni, Gəncəyə...
- ↑ Əslində, Türkiyədə...
- ↑ Yəni o, İrana qaçan zaman...
- ↑ Yəni, İsmayıl xanın...
- ↑ Mətndə tarix Yuli təqvimi ilə − 17 oktyabr, göstərilmişdir.
- ↑ Mətndə tarix Yuli təqvimi ilə − 19 oktyabr, göstərilmişdir.
- ↑ Mətndə tarix Yuli təqvimi ilə − 19 oktyabr, göstərilmişdir.
- ↑ Məhəmmədhəsən xan nəzərdə tutulur...
- ↑ Mənbədə tarix Yuli təqvimi ilə – noyabr ayı, göstərilmişdir.
- ↑ Mənbədə tarix Yuli təqvimi ilə − 9 dekabr, göstərilmişdir.
- ↑ Mənbədə tarix Yuli təqvimi ilə − 27 dekabr, göstərilmişdir.
- ↑ Abbas Mirzə nəzərdə tutulur...
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 3 4 "Акты, собранные Кавказской археографической комиссией, том V, Тифлис, 1873, стр.: 1120 (Nəsil şəcərəsi Hacı Cəmil tərəfindən tərtib edilmişdir)". 2019-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-24.
- ↑ "Акты, собранные Кавказской археографической комиссией, том IX, Тифлис, 1884, стр.: 283". 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-14.
- ↑ "Ədalət Tahirzadə. Şəkinin tarixi qaynaqlarda, Bakı, 2005". 2021-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-22.
- ↑ 1 2 "Утверждение русского владычества на Кавказе, Том IV. Часть 1, стр.: 134, Тифлис, 1906". 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-31.
- ↑ "Дубровин Николай Федорович. История войны и владычества русских на Кавказе, том VI, С.-Петербург, 1888, стр.: 691". 2016-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-22.
- ↑ "Утверждение русского владычества на Кавказе, Том IV. Часть 1, стр.: 187, Тифлис, 1906". 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-31.
- ↑ "Qarabağnamələr. Birinci kitab, Mirzə Adıgözəl bəy, Bakı, 2006, səh. 96" (PDF). 2012-10-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-11-24.
- ↑ "Qarabağnamələr. İkinci kitab, Mirzə Yusif Qarabağı, Bakı, 2006, səh. 96" (PDF). 2012-10-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-11-24.
- ↑ "Утверждение русского владычества на Кавказе, Том IV. Часть 1, стр.: 188-190, Тифлис, 1906". 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-01.
- ↑ "Əminə Pakrəvan. Abbas Mirzə və Azərbaycan, Bakı, 2010, səh.: 82" (PDF). 2012-10-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-11-24.