Huseyn Hesenov Alim - Wikipedia
Hüseyn Heydər oğlu Həsənov (19 oktyabr 1932, İrəvan – 18 iyul 1995, Bakı) — Azərbaycan alimi, biologiya elmləri üzrə fəlsəfə doktoru (1958), biologiya elmləri doktoru (1967) , Azərbaycan Milli Elmlər Akademiyasının müxbir (1972) və həqiqi üzvü (1976), professor (1970), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991) və Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972).[1][2]
Hüseyn Həsənov | |
---|---|
Doğum tarixi | 19 oktyabr 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 18 iyul 1995 (62 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elm sahəsi | Fiziologiya |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
Elmi adı | AMEA-nın həqiqi üzvü |
İş yeri | AMEA Fiziologiya İnstitutunun direktoru |
Təhsili | |
Mükafatları |
|
Həyatı
redaktəHüseyn Heydər oğlu Həsənov 1932-ci il oktyabr ayının 19-da İrəvan şəhərində anadan olmuşdur.[3] İrəvanda M. Əzizbəyov adına orta məktəbdə təhsil almış, 1949-cu ildə Azərbaycan Dövlət İnstitutunun Biologiya fakültəsinə daxil olmuş, 1954-cü ildə isə oranı bitirmişdir.[4]
H. Həsənov elmi-tədqiqat fəaliyyətinə 1954-cü ildə Fiziologiya İnstitutunda əvvəlcə laborant, sonra aspirant, 1957-ci ildən isə kiçik elmi işçi kimi başlamışdır. 1958-ci ildə dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almış, 1961-ci ildən isə baş elmi işçi vəzifəsinə keçirilmişdir. 1967-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildə elmi işlər üzrə direktor müavini təyin edilən H. Həsənov bir il sonra Azərbaycan Elmlər Akademiyasının A. Qarayev adına Fiziologiya İnstitutuna, eyni zamanda "Beyin və davranış" şöbəsinə rəhbərlik etmişdir.[4]
Hüseyn Həsənov 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü olmuş, dörd il sonra isə həqiqi üzv seçilmişdir. Respublikanın bir çox məşhur fizioloqları kimi H. Həsənovun da elmi-tədqiqat fəaliyyəti akademik A. Qarayevin rəhbərliyi altında başlamış və bu tədqiqatların böyük bir hissəsini mərkəzi sinir sisteminin requlyasiya mexanizmlərinin vegetativ funksiyalarının öyrənilməsi, bu, requlyasiya proseslərinin orqanizmin daxili mühit homsostazın tənzim edilməsində rolu kimi mühüm məsələlərin tədqiqi təşkil etmişdir.[4]
Hüseyn Həsənovun işləri xarici konfrans və konqreslərdə (Macarıstan, Rumıniya), Ümumdünya fizioloqlar konqreslərində (Münhen, Dehli) ali sinir fəaliyyətinə həsr olunmuş Ümumdünya konqresində (Praqa), Eksperimental nevroz simpoziumunda (Berlin) və beynin inteqrativ fəaliyyəti (Veymar) XVII Beynəlxalq fizioloji elmlər konqresində (Budapeşt), "İnterbeyin" xətti ilə III Beynəlxalq simpoziumu UNESCO-nun beyin tədqiq edilməsi üzrə təşkil edilmiş I Ümumdünya konqresində (İsveçrə, Lozanna) və s. təqdim olunmuşdur. Onun rəhbərliyi altında aparılan işlər qida emosiya və motivasiyasında iştirak edən limbik sistemin sinir və neyrokimyəvi mexanizmləri haqqında əhəmiyyətli elmi mülahizələrin yürüdülməsinə imkan vermişdir.[4]
Hüseyn Həsənov Azərbaycan Fizioloqlar Cəmiyyətinin sədri, Biologiya elmləri üzrə şöbənin akademik katibinin müavini, Azərbaycan Elmlər Akademiyası redaksiya-nəşriyyat şurasının sədr müavini, A. Qarayev adına Fizioloqlar Cəmiyyəti Assosiasiyasının üzvü, K. Bıkov adına mükafatın ekspert komissiyasının üzvü, "Ali sinir fəaliyyəti" keçmiş SSRİ fizioloji jurnalının redaksiya heyətinin üzvü, Azərbaycan Sovet Ensiklopediyası redaksiya heyətinin üzvü idi. O, 300-dən artıq elmi iş və 5 monoqrafiyanın, mərkəzi sinir sisteminin fiziologiyasına aid dərsliyin, eləcə də 2 kitabçanın müəllifi olmuşdur.[5]
H. Həsənov 1978-ci ildən Azərbaycanı UNESCO-da "Beyin öyrənilməsi" üzrə beynəlxalq təşkilatda təmsil etmiş və 1989-cu ildə Nyu-York Akademiyasının həqiqi üzvü seçilmişdir.[4]
Hüseyn Həsənov 1972-ci ildə elm və texnika üzrə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuş, "Əmək rəşadətinə görə" medalı, 1981-ci ildə "Şərəf nişanı", 1982-ci ildə "Şərəf nişanı" ordeni ilə təltif edilmiş, 1991-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.[5]
Akademik Hüseyn Həsənov 18 iyul 1995-ci ildə Bakı şəhərində vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.[6] Bəstəkar-şair Rasim Müzəffərlinin qayınatası idi.
Əsərləri
redaktə- Beynin labirintlərində [Mətn] /H. H. Həsənov, Ş. M. Hacıyev ; red. Q. Q. Qədirov ; AzSSR Elmlər Akademiyası Akad. A. İ. Qarayev adına Fiziologiya İn-tu, Bakı : Elm , 1977.
- Beyin neyronların peykləri [Mətn] /H. H. Həsənov, A. İ. Qəribov; red. Ş. Hacıyev; Azərb. SSR EA, Fiziologiya İn-tu, Bakı : Elm , 1989.
- Mərkəzi sinir sisteminin fiziologiyası [Mətn] /H. H. Həsənov, Ş. M. Hacıyev, A. Ə. Qəribov; red. A. A. Novruzova, S. F. İsmayılova, Bakı : Maarif , 1998.
İstinadlar
redaktə- ↑ Ermənistan Azərbaycanlılarının tarixi coğrafiyası // Tərtib edəni: S. Əsədov; Elmi red. B. Budaqov, Q. Qeybullayev. Bakı: "Gənclik", 1995. ISBN 5-8020-0852-0
- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. 609 с.
- ↑ Биологи. Биографический справочник.— Киев.: Наукова думка, 1984.
- ↑ 1 2 3 4 5 Əsgər Zeynalov. İrəvan ziyalıları. Bakı: Oğuz eli. 1999.
- ↑ 1 2 "Həsənov Hüseyn Heydər oğlu". Azərbaycan Milli Elmlər Akademiyası. 2023-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-19.
- ↑ Hüseyn Heydər oğlu Həsənov // Məşhur biologiya alimləri /Ə. Hüseynov, M. Babayev; ixtisas red. O. İ. Məmmədov. – Bakı: Maarif, 2002. – S.172–174.
Mənbə
redaktə- S. Əsədov. Ermənistan Azərbaycanlılarının tarixi coğrafiyası. Bakı: Gənclik. 1995.
- Ə. Hüseynov. Hüseyn Heydər oğlu Həsənov // Məşhur biologiya alimləri. Bakı: Maarif. 2002.