Gavurqala Kilsesi - Wikipedia
Gavurqala kilsəsi — Ağdam rayonunun Sofulu kəndində, Gavurqala şəhər xarabalığında 1958-ci ildə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim alban kilsəsinin qalıqlarıdır.
Gavurqala kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Ağdam |
Yerləşir | Sofulu |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
Tikilmə tarixi | VI-VII əsrlər[1] |
İstinad nöm. | 625 |
Kateqoriya | Alban kilsəsi |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Tarixi
redaktəBazilika Ağdam rayonunun Sofulu kəndində arxeoloji tədqiqatlar zamanı aşkarlanmışdır.[2] Abidə ərazisində arxeoloji tədqiqatlara rəhbərlik etmiş R. Vahidov bazilikanın VIII-X əsrlərdə inşa edilmiş olması ehtimalını səsləndirmişdir.[3] G. Məmmədova isə qeyd edir ki, “tikilinin memarlıq-kompozisiya xüsusiyyətləri və analoqlarını nəzərə alaraq demək olar ki, bina ərəb işğalından əvvəlki dövrdə, təxminən VI əsrdə inşa edilmişdir.” [1]
Memarlıq xüsusiyyətləri
redaktəBir nefli zal tipli xristian məbədi onun Narınqalasının qərb hissəsində aşkar olunmuşdur. Düzbucaqlı, uzunsov quruluşlu, şərq-qərb istiqamətli bu tikili şərqdə yarımdairəvi apsida ilə tamamlanır. İbadət otağının uzunluğu 11,95 m, eni 5,25 m-dir. Mehrab apsidası məbədin döşəməsindən 0,45-0,60 m yuxarıda yerləşir. Onun eni ibadət otağının eninə bərabərdir. Döşəmədən apsidaya daşdan inşa edilmiş 2 pillə ilə qalxmaq mümkündür. Аrxeoloji qazıntılar nəticəsində bu pillələrdən ancaq birinin qorunub saxlanıldığı müəyyənləşdıirilmişdir. Şimal-qərbdə ibadət otağına pastofori (protezis) birləşir. Bu tikilinin uzunluğu 6,10 m, eni 3,35 m-dir. Pastofori ilə ibadət zalı arasında eni 1 m olan qapı yeri qeydə alınmışdır. Beləliklə, bu otağa yalnız ibadət zalından daxil olmaq mümkün idi. İbadət otağının daha 3 qapısı olmuşdur. Qapı yerlərindən biri qərb divarında, ikisi isə cənub divarında qeydə alınmışdır Cənub divarının qərbə meyilli qapı yerində aşkar edilmiş daşdan qurulmuş astana ibadət zalının döşəməsindən 10-12 sm hündür olmuşdur. Cənub divarındakı bu qapı yerinin və habelə qərb divarındakı qapı yerinin eni eynidir (1,40 m). Cənub divarının apsidaya yaxın şərqə meyilli qapı yerinin eni О,8О mn-dır. Pastoforidən tapılmış, bir tərəfi içəriyə doğru yarımdairəvi yonulmuş, digər tərəfləri isə düzbucaqlı olan iri bir daş buradakı qapı yerinin yuxarı hissəsinin tağvari formaya malik olduğunu təsdiq edir, Cənub divarındakı şərqə meyilli qapının astanasında daban daşının tapılması təsdiq edir ki, buradakı qapı içəri, yəni ibadət zalına açılmışdır. Qapı yerlərinin dar olması burada bir taylı qapının quraşdırılmasından xəbər verir. Məbədin tikintisində əhəngdaşından istifadə olunmuşdur. Tikilinin divarlarının həm daxili, həm də xarici səthindəki daşların bir və ya hər iki üzü yonulub hamarlandığı üçün divarların digər daşlarla üzlənilməsinə heç bir ehtiyac qalmamıışdır. Hörgü daşları arasındakı bəzi boşluqlar düzbucaqlı və ya kvadrat formalı digər daşlarla doldurulmuşdur. Məbədin divarları müəyyən yerlərdə 1,5-1,7 m hündürlüyə qədər qorunub saxlanılmışdır. Bərkidici material kimi xırda daş qatılmış əhəng məhlulu tətbiq edilmişdir. Məbədin cənub və qərb divarlarının qarşısında, kürsülüyün ilk pilləsindən 10 sm aşağıda üstünə hamar əhəngdaşı və çay daşları döşənmiş səki üzə çıxarılmışdır. Məbədin şimal-şərq tininə dirənmiş, onunla heç bir inşaat əlaqəsi olmayan, nisbətən kobud daşlardan hörülmüş divar qalığının məbədi dövrələyən hasar fraqmenti olduğu güman edilir.[4] Bu divarın qorunub saxlanılmış hissəsinin hündürlüyü 1,20 m, qalınlığı 0,90 m-dir. Daşdan düzəldilmiş və ya daş lövhələr üzərində cızılmış xaç təsvirləri, habelə həndəsi, nəbati naxışları olan digər daş, o cümlədəm, gips memarlıq ünsürləri məbədin müxtəlif yerlərini bəzəmişdir. Lövhələr üzərində. qazılmış xaçların uclara doğru genişlənən, eyni uzunluğa malik qanadları varsa, daşdan yonularaq düzəldilmiş iri xaçların aşağı qolu nisbətən uzun olub, həm də tutacaq funksiyasını daşımışdır. Arxeoloji və epiqrafik materialların təhlili əsasında Govurqala məbədi VIII-IX [5] və ya VIII -X əsrlərə aid edilmişdir.[4] G.H.Məmmədova, habelə S.Hacıyeva abidənin dövrünün müəyyənləşdirilməsində arxeoloJi dəlillərdən daha çox memarlıq üslubunu əsas götürərək bu məbədi təqribən VI əsrə aid edirlər [1][6]. Bizim fikrimizcə, arxeoloji dəlillər daha dəqiqdir. Eyni memarlıq üslubunda müxtəlif dövrlərdə inşa edilmiş abidələrə çox təsadüf olunmuşdur.
Binanın divarları Qafqaz Albaniyasının memarlığı üçün xarakterik olan[1] üsulla, iki daşı sırasının aralarının əhəng məhlulu ilə doldurulması vasitəsiylə inşa edilmişdir. Bu cür divar inşa etmək təcrübəsi alban memarlarına qədim dövrdən bəlli idi. Azərbaycan ərazisində bu cür hörgüyə hələ e.ə. II minillikdə - II Kültəpə ərazisində rast gəlinir. Govurqaladakı tikilinin əsas fərqi istifadə edilmiş daşların yaxşı yonulmuş olmasıdır.[1]
Govurqala bazilikasının dam örtüyü saxlanmamışdır. Lakin, arxeoloji tədqiqatlar zamanı akarlanmış konstruksiya qalıqları qapıların tağvari tamamlanmasını söyləməyə imkan vermişdir.[1] G. Məmmədova hesab edir ki, “buna əsasən və bu tipdə olan digər tikililərlə aparılmış müqayisə əsasında demək olar ki, bina iki qatlı tağvari örtüyə malik olmuşdur.” Onun fikrincə Govurqala bazilikasının Cənubi Qafqaz memarlığında birbaşa analoqları Gürcüstanın Vazisubani ərazisində Samrkariani kilsəsi və Ermənistanın Vayots Cor mərzində Aravus kəndi ərazisindəki Tanaat kilsələridir.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 Мамедова, 2004. səh. 38
- ↑ Р.М.Ваидов – Археологические раскопки в Гяуркала, в.кн.МКА, Баку, 1965, вып.6, səh. 168-178
- ↑ Р.М.Ваидов – Археологические раскопки в Гяуркала, в.кн.МКА, Баку, 1965, вып.6, səh.178
- ↑ 1 2 Vahidov, Rəhim. Govurqalada arxeoloji qazıntılar (az.) (VI). Bakı: AMM. 1965. 174–179.
- ↑ Геюшев Р. Б. Христианство в Кавказской Албании (по данным археологии и письменных источников) (rus). Баку: Элм. 1984. 85.
- ↑ Гаджиева С. Неповторимосты культовой архитектуры Кавказской Албании / Qafqaz Albaniyasının etnomədəni irsi. Beynəlxalq Elmi konfrans (rus). Bakı. 15–17.
Ədəbiyyat
redaktə- Ваидов, Р.М., Археологические раскопки в Гяуркала, в.кн.МКА, Баку: в.кн.МКА, вып.6, 1965
- Мамедова, Гюльчохра, Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку: Элм, 1985
- Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
- Геюшев Р. Б., 1984. Христианство в Кавказской Албании (по данным археологии и письменных источников). Баку: Элм, 192с.
- Vahidov R.M., 1965. Govurqalada arxeoloji qazıntılar / AMM, VI c. Bakı, s. 167-182
- Гаджиева С., 2001, Неповторимосты культовой архитектуры Кавказской Албании / Qafqaz Albaniyasının etnomədəni irsi. Beynəlxalq Elmi konfrans, Bakı, s. 15-17.