Gerayli - Wikipedia
Aşıq şeirinin geniş yayılmış növlərindən biridir. Hər bəndi dörd misradan, hər misrası səkkiz hecadan ibarət olan 3–5 bəndlik şeirə gəraylı deyilir. Qafiyə quruluşu belədir: a b c b, ç ç ç b, d d d b, e e e b, ə ə ə b. Son bəndin misralarının birində aşıq öz təxəllüsünü söyləyir. Bu bənd möhürbənd adlanır.
Gəraylı formasında yazılmış şeirlərdə gözəllik, sevgi, təbiət, dostluq kimi mövzular çoxluq təşkil edir.
Bir gözəl keçdi qarşıdan, Sallandı, yana yeridi. Kiprik çaxdı, oğrun baxdı, Od saldı cana, yeridi.
Ovçu tək bərədə durdu, Qaşlarından kaman qurdu, Müjganın sinəmə vurdu, Qəmzəsi qana yeridi.
Hanı belə huri, qılman?! Eyləmir dərdimə dərman. Çeşmim yaşı olub ümman, Yaşılbaş sona yeridi.
Camalın bənzətdim aya, Əhsən qüdrət verən paya Endirib salmadı saya Dost mehribana yeridi.
Dedim: qız, getmə, amandı, Ələsgər oduna yandı. Dedi: qocadı, pirandı, Mərdü-mərdanə yeridi.
Birinci bənddə ikinci və dördüncü misralardakı "yana" və "cana" sözləri həmqafiyə təşkil edir, birinci və üçüncü misralar isə sərbəst qalır.
İkinci bənddə "durdu", "qurdu", "vurdu" sözləri bir-birilə, "qana" sözü isə ilk bəndin son misrası ilə həmqafiyə təşkil edir. Qalan bəndlərdə də bu cür qafiyələnmə davam edir. Sonuncu bənddə aşıq "Ələsgər oduna yandı", – deməklə öz təxəllüsünü bildirir.