Govher Sultan - Wikipedia
Gövhər Sultan Bəyim Səfəvi (d. XVI əsrin I yarısı, Səfəvi imperiyası - ö. — 1577, Səfəvi imperiyası) - Səfəvi sülaləsindən olan şahzadə, I Təhmasibin qızı, Səfəvi sülaləsindən olan şahzadə İbrahim Mirzə Səfəvinin arvadı və II İsmayılın, Məhəmməd Xudabəndənin bacısı.[1]
Gövhər Sultan Bəyim Səfəvi | |
---|---|
Doğum tarixi | XVI əsr |
Doğum yeri | Səfəvi imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Səfəvi imperiyası |
Vəfat səbəbi | İntihar və ya xəstəlik |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Uşağı | |
Anası | Sultan Bəgüm Məvəsilli |
Dini | Şiə İslam |
Fəaliyyəti | royalty[d] |
Həyatı
redaktəSəfəvi imperiyasının ikinci hökmdarı I Təhmasibin qızı olaraq dünyaya gəlmişdir. Onun anası qızılbaş tayfası Mosullulardan və ya Türkmanlardan olan sərkərdə İsa xan Mosullunun qızı Qədəmli Bəyim və ya digər adı ilə Sultanım Bəyimdir. Sultanım Bəyimin qardaşı, Gövhər Sultanın dayısı Musa Sultan Mosullu Səfəvi imperiyasının Azərbaycan bəylərbəyliyinin bəylərbəyi olmuşdur.[2][3]
Gövhər Sultan Səfəvi 1560-cı ildə I İsmayılın nəvəsi və Bəhram Mirzə Səfəvinin oğlu İbrahim Mirzə Səfəvi ilə ailə həyatı qurmuşdur.[4] İbrahim Mirzə o dönəmki şah olan I Təhmasibin sevimlilərindən biri idi.[5] İbrahim Mirzə xüsusən dövrün incəsənət xadimlərinə etdiyi hamiliyi ilə məşhurdur. O, xüsusi emalatxana yaradaraq xüsusui əlyazmaları toplamış və ya yenidən yaratdırmışdır. Həmçinin İbrahim Mirzə fars və Azərbaycan türkcəsində şeirlər də yazmışdır. Onun 3 min beytlik divanı dövrümüzə qədər gəlib çatmışdır.[6][5][7][8] Bir sıra mühüm vəzifələrdə çalışan İbrahim Mirzə Səfəvi II İsmayılın şah olmasından sonra onun tərəfindən şahın möhrdarı təyin edildi. Lakin 6 ay sonra paytaxt Qəzvində bir digər Səfəvi şahzadəsi ilə birlikdə şahın əmri ilə qətlə yetirildi. Bu II İsmayılın öz qohumlarına qarşı başlatdığı repressiyanın tərkib hissəsi idi.[5]
Həyat yoldaşının öldürülməsindən sonra Gövhər Sultanın psixoloji vəziyyəti pisləşdi. Hətta onun qardaşına qəzəbləndiyi üçün həyat yoldaşının vaxtilə topladığı qiymətli incəsənət nümunələrini yandırdığı da bildirilir. Belə ki, o, çini qabları sındırmış, əlyazmaları yandırmış, hətta İbrahim Mirzənin ona evlilik hədiyyəsi kimi verdiyi və Kəmaləddin Behzad tərəfindən çəkilmiş muraqqanı da üzərinə su tökərək məhv etmişdir.[9] Ola bilsin ki, o, ərinin öldürülməsini əmr edən və şahzadənin emalatxanasını ələ keçirən qardaşının əlinə heç nəyin düşməsini istəmirdi.[10]
Gövhər Sultan ərinin öldürülməsindən cəmi 3 ay sonra vəfat etdi. Onun ya dərd çəkməkdən xəstəliyə düçar olub öldüyü, ya da zəhər içərək intihar etdiyi ehtimal edilir.[9] Gövhər Sultanın Gövhərşah adında cəmi bir qızı olmuşdur. Anasının ölümündən sonra o, xalası Pərixan xanımın himayəsində qalmış, 1587-ci ildə Məkkəyə getmiş və orada Seyid İbrahim Şirazinin oğlu Əmir Nəsirəddin Hüseyn ilə ailə həyatı qurmuşdur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Khafipour, 2013. səh. 193
- ↑ "ESMĀʿIL II – Encyclopaedia Iranica". www.iranicaonline.org. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
- ↑ Woods, 1999. səh. 193
- ↑ Babaie, 2004. səh. 26
- ↑ 1 2 3 Simpson, 1997
- ↑ Welch, 1976. səh. 23-24
- ↑ Sudavar, 2000. səh. 1
- ↑ Titley, 1983. səh. 105-106
- ↑ 1 2 Titley, 1983. səh. 105
- ↑ Aga Khan Museum. "Arts of the Book: Illustrated Texts, Miniatures". 24 July 2011. 26 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November.
Mənbə
redaktə- John E. Woods. The Aqquyunlu: Clan, Confederation, Empire. 1999.
- Sussan Babaie; Kathryn Babayan; Ina Baghdiantz McCabe; Massumeh Farhad. Slaves of the Shah: New Elites of Safavid Iran. I. B. Tauris. 2004. ISBN 1-86064-721-9.
- Hani Khafipour. The Foundations of Safavid State: fealty, patronage, and ideals of authority (1501-1576). Chicago: The University of Chicago. 2013. 254.
- Abolala Soudavar. The Age of Muhammadi, Muqarnas. 2000.
- Norah M. Titley. Persian Miniature Painting, and its Influence on the Art of Turkey and India. University of Texas Press. 1983.
- Stuart Cary Welch. Royal Persian Manuscripts. Thames & Hudson. 1976. ISBN 0-500-27074-0.
- Marianna S. Simpson. Ebrāhīm Mīrzā. Encyclopedia Iranica. 1997.