Fuad Seyidzade - Wikipedia
Seyidzadə Fuad Bağır oğlu — azərbaycanlı memar.
Fuad Seyidzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Həyatı
redaktəFuad Seyidzadə 1938-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub. Fuadın atası Bağır Seyidzadə dövrünün məşhur ictimai-siyasi və mədəniyyət xadimlərindən biri idi. Bir müddət Təbrizdə konsul olan Bağır Seyidzadə ailəsi ilə birlikdə İranda yaşayıb. Məktəbə də ilk dəfə Təbrizdə gedən Fuad Seyidzadə sonralar Bakıdakı 6 nömrəli orta məktəbi bitirib. Sonra Ə.Əzimzadə adına Rəssamlıq məktəbində oxuyub, Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində təhsil alıb.
1956-1957-ci illərdə Moskva Memarlıq İnstitutunda təhsilini davam etdirib. Hələ orta məktəbdə ikən onun çəkdiyi rəsmləri xalq rəssamı Mikayıl Abdullayev bəyənib. Görkəmli rəssamın rəyinə əsasən, Fuad rəssamlıq məktəbində birbaşa ikinci kursa götürülüb. Orta məktəb illərində musiqi təhsili də alan Fuadın bu sahədə güclü duyumu maestro Niyazinin diqqətini çəkib. O, Bağır müəllimə təkid edirmiş ki, Fuad dirijorluq sənətinin arxasınca getsin. Amma Fuadın bütün yaradıcılıq sahələrinə olan marağı içindən gələn həvəslə bağlı imiş. Onun arzuları memarlığa yönəlib. Hələ tələbə ikən beynəlxalq müsabiqələrdə iştirak edib, çəkdiyi rəsmlər müxtəlif mükafatlara, təltiflərə layiq görülüb. Onun “Sumqayıt - peyk şəhər” layihəsi Havana şəhərində keçirilən müsabiqədə təltif edilib.
Ötən əsrin 60-70-ci illərində Azərbaycan memarlığının inkişafında səmərəli xidmətləri olan, bu sahədə yaddaqalan əsərlər yaratmış Fuad Seyidzadə qeyri-adi istedada, yüksək bədii zövqə, yaradıcı təxəyyülə malik idi. F.Seyidzadə öz layihələrində novatorluğa, yeni ideyalara meyil göstərərək klassik, milli, modern üslubların vəhdətinə nail olmağa çalışırdı.
Ayrı-ayrı rayonlarda tikilən qonaq evlərinin layihəsi F.Seyidzadə tərəfindən qeyri-standart hazırlanırdı. Sevastopoldakı "Sapun dağı" adlı abidə kompleksi var. İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsini əbədiləşdirmək üçün ucaldılmış bu abidə heykəltaraş Ömər Eldarovla Fuad Seyidzadənin birgə işinin məhsuludur. F.Seyidzadə heykəltaraş Tokay Məmmədovla da birgə maraqlı layihələr hazırlayıb. Sankt-Peterburqda tikilən "Bakı" restoranı bu birgə işin nəticəsidir.
Fuad Seyidzadə 1972-ci ildə Bakı şəhərində vəfat edib.
Xatirələr
redaktəMüxtəlif sənət adamları F.Seyidzadə ilə bağlı xatirələr söyləyərkən onu bu məhz bu sahənin fədakarı kimi səciyyələndiriblər. Bəstəkarlar bu qənaətdədir ki, Fuad bənzərsiz ifaçı idi. Sovet dövründə Qərb musiqisinin qadağan olunduğu bir zamanda o, pianoda dünya bəstəkarlarının əsərlərini elə məharətlə ifa edərmiş ki, melodiyanın ecazkarlığı eşidənləri heyrətdə saxlayarmış. Qələm sahibləri xatırlayırlar ki, çətinlik çəkəndə F.Seyidzadə onlardan köməyini əsirgəmirmiş. Aqşin Əlizadə danışır:
Əlimdə tamamlanmamış bir şeir var idi. Mahnı bəstələmək istəyirdim. O şeiri mahnı mətninə salan məhz Fuad Seyidzadə oldu.
Tanınmış memar Rasim Əliyev "Fuad mənim üçün doğma, ən yaxın adam idi" adlı xatirəsində yazır:
Biz uşaqlıqdan bir-birimizi tanıyırdıq. Atalarımız dostluq edirdilər. Ailəvi yaxınlığımıza görə tez-tez görüşərdik. O, mütaliəni çox sevirdi. Xüsusilə də xarici ədəbiyyatı. Həmişə yeniliyə can atırdı. Onun maraqlı işləri müsabiqələrdə rəğbətlə qarşılanırdı. O, standart memarlığı qəbul etmirdi. Ənənələrin, milliliyin tərəfdarı idi. Çalışırdı ki, layihələrində müasirliklə milliliyi məharətlə qovuşduraraq daha gözəl və canlısını yaratsın. Keçmiş SSRİ-nin bir çox şəhərlərində tikilən mehmanxana və restoranlar məhz Fuad Seyidzadənin layihələri əsasında həyata keçirilmişdi. Heydər Əliyev Fuadı çox sevirdi. Biz əvvəlki mənzilimizdə yaşayanda Heydər Əliyev tez-tez bizə gəlirdi. Fuadı da bizdə görmüşdü. O, istedadlıları çox sevirdi. Sonrakı illərdə həmişə Fuad Seyidzadəyə diqqət və qayğı göstərirdi.
Bakıda mikrorayonların layihələşdirilməsini hazırlayan ilk memarlardan biri də Fuad Seyidzadə idi. Fuadı yaxından tanıyan Həsən Həsənov yazır:
Fuad Seyidzadənin məqsədi bu idi ki, evlər məhəllə-məhəllə tikilsin. Hər məhəllənin öz servis sistemi olsun. Məktəbi, uşaq bağçası, mağazası, məişət xidməti yaradılsın və sakinlər özlərini rahat hiss etsinlər. Mikrorayonlar bu qayda ilə tikilirdi. Amma, əfsuslar olsun ki, bu sona qədər davam etmədi.
Uşaqlıq dostu, şair Vaqif Səmədoğlu Fuad Seyidzadəni fenomenal təşkilatçı və istedadlı rəssam kimi səciyyələndirərək yazır:
Memarlıq sahəsində, özü də həm modern memarlıq, həm də memarlıqda milli ünsürlərin, milli çalarların tədqiqi barədə Fuadın zəngin ideyası, fikirləri, arzuları var idi.
Təəssüf ki, hər şey yarımçıq qaldı.
Bacısı Dilarə Seyidzadə söyləyir:
Mənim üçün Fuad hər şey idi. Qardaşım, dostum, ən başlıcası, idealım. O, çox istedadlı idi və bu istedadı da çox erkən parlamışdı. Lap uşaqlıqdan tələbəliyinə qədər hamıdan seçilirdi. Çox hissiyyatlı, duyğulu, uzaqgörən idi. Yüksək zövqü vardı. Təbiəti çox sevirdi. İndi də ondan yadigar qalmış rəsm əsərlərinə baxanda ürəyim titrəyir. Xatırlayıram ki, Fuad bu əsərləri hansı məqamda işləyib. Həyatım boyu mən bu qədər nikbin, işıqlı adamla rastlaşmadım. Bütün kədərimin, xiffətimin içində həmişə onun işıqlı sifətini yada salıram. Oğlu Ülvi eynən özüdür. Hələ balaca nəvələri, adını daşıyan Fuadı, Musanı sinəmə sıxanda keçirdiyim hissləri ifadə edə bilmirəm. Elə bil onda dünyamı işıq bürüyür. Qaranlıqlar yox olur. Fuad o qədər nurlu əməl sahibi idi ki, aramızda olmasa da, həmişə o işığı parlayan görürəm.
Fuad Seyidzadənin oğlu Ülvi Seyidzadə evlidir, iki oğul atasıdır.