Fantaziya Edebiyyati - Wikipedia
Fantaziya ədəbiyyatı və ya fantastik ədəbiyyat real hadisələrə əsaslanmayan yazılı ifadə tərzidir. Buraya əsasən müxtəlif mövzulu hekayələr, romanlar, pyeslər və dram kimi yazı üslubları daxildir. Klassik fantaziya ədəbiyyatının ən məşhur nümunələri sırasında bəzi nağıllarla bərabər "Alisa möcüzələr ölkəsində" əsəri də yer alır. Müasir fantaziya ədəbiyyatının tanınmış nümunələri arasında J. R. R. Tolkienin yazdığı "Hobbit ", "Üzüklərin hökmdarı", Ursula K. Leqinin yazdığı "Yer dənizinin sehrbazı" və C. S. Lyuisin yazdığı "Narniya salnamələri" kimi əsərlər yer alır.
Elmi fantastika janrı ilə fantaziya janrını qarışdırmaq olmaz. Onlar hər nə qədər də bir-birlərinə oxşar olan növlər olsalar da, kainat yaratma üsulları çox fərqlidir. Elmi fantastika əsərlərində içində yaşadığımız dünya da daxil olmaqla kainat, fərqli bir zaman dilimində təsvir olunursa, fantastik əsərlərin özlərinə məxsus olan kainatları mövcud olur. Bu ənənə Tolkien tərəfindən yaradılmış olan Orta Dünya ilə məşhurluq qazanmış və o vaxtdan bəri orijinal fantaziya yazıçıları özlərindən əvvəlkilərdən ilhamlanaraq özlərinin kainatlarını yaradırlar. Daha gənc, yaxud da kiçik yaş qrupları üçün yazılmış bəzi fantaziya mövzulu əsərlərdəki hadisələr (məsələn: JK Rowling — Harry Potter və Rick Riordan — Persi Cekson və Olimplər) alternativ tarix yazılarından da istifadə edilərək yaşadığımız dünyada baş verir. Bu əsərlərdə bizim bu dünyanın bizim əslində bilmədiyimiz gizli bir hissəsində gizli həyat sürən qəhrəmanların hekayələrindən bəhs edilir.
Fantaziya ədəbiyyatının bu qədər populyarlaşmasının öncülü kimi qəbul edilmiş olan şəxs Con Ronald Reuel Tolkiendir. Bu ədəbi üslubun əsas məzmununu təşkil edən bəzi irq adları (orklar, elflər, cırtdanlar və s.) daxil olmaqla xəyali xəritələrdən də istifadə edilərək kitab yazma hərəkatı onun rəhbərliyi altında populyarlaşmışdır. Müasir dünyada milyonlarla insana çatdırılmış olan bir çox kompüter oyunlarının da fantaziya ədəbiyyatının zənginliklərindən bəhrələndiyini görə bilərik. Fantastika ədəbiyyatı janrının bir sıra əsərləri video oyunlara adaptasiya edilmişdir. CD Projekt Red şirkətinin The Witcher oyun trilogiyası Andrzej Sapkowskinin eyniadlı romanından adaptasiya edilmişdir.
Fantaziya ədəbiyyatı janrının özünəməxsus olan xüsusiyyətlərindən biri də əsərlərdə adları qeyd olunan yerlərin, canlı növlərinin və digər elementlərin hər bir əsərdə fərqli xüsusiyyətlərə malik olmasıdır. Ədəbiyyat aləmində fantaziya ədəbiyyatı janrı hər nə qədər sevilmişdirsə də, bir o qədər də çox sayda tənqidlərin diqqət mərkəzində olmuşdur. Düzdür, fantaziya ədəbiyyatı insanları yeni dünyalarla tanış edir və onları bir müddət həmin dünyaların qonağı olaraq qəbul edir, lakin bir şeyin dəqiqliyini və ya reallığını tam olaraq izah edə bilməyəndə insanlar necə oxşatmalara əl atırlarsa, fantastika ədəbiyyatı da real dünya elementləri nümunə gətirilərək izah edilə bilinməyən situasiyaları, düşüncələri və yaxud da hadisələri təsvir etmək üçün müxtəlif cür alternativ üsullardan istifadə edir. Bu janrda olan bütün əsərlər bu məqsədi daşımasalar da, demək olar ki, onların hamısında real dünya ilə bağlı tənqidlər, şərhlər, mesajlar mövcuddur. Fantaziya ədəbiyyatı əslinə qalarsa sözün həqiqi mənasında insanlarda "Formal" yəni ki, müəyyən bir təxəyyül dünyası yaradır. Əks halda, təsvir edilmiş olan bütün faktlar gördüklərimizdən çıxarılıb konseptual əsaslarla nəzərdən keçirildiyi zaman, real həyatda yaşadığımız hisslərdirlər. Hər nə qədər də bu janrda olan əsərlərin süjet xətti hər gün gördüyümüz dünya əsasında qurulmasa da, bu əsərlərin nə qəhrəmanları, nə yerləri, nə də müşahidə olunan bir çox başqa şeyləri hər gün gördüyümüz formada olmasa da, bu tipli əsərlərdəki personajlar da bizim kimi sevirlər, düşünürlər və eyni zamanda da yaxşı, yaxud pis hərəkətlər edirlər. Məhz bu nöqtədə deyirlər ki, Fantaziya ədəbiyyatı "Reallıq" daxilində "Realist" olmayan bir şeydir.
Fantastika ədəbiyyatı müasir dövrdə Robert Jordan, George RR Martin və Stephen King kimi yazıçıların sayəsində daha da zənginləşmişdir .