Fabula - Wikipedia
Fabula — hərəkətin təqlid olunması, başqa sözlə desək, müəllifin qələmə aldığı hadisələrin əsərdəki ardıcıllığıdır.
Növləri
redaktəFabulalar sadə və dolaşıq olmaqla, iki növə ayrılır. Belə növlərə bölünmə, əsasən, fabulaların təqlid etdiyi hərəkətlərlə bağlıdır. Aristotel sadə fabula dedikdə, elə fasiləsiz və tamamlanmamış hərəkəti nəzərdə tuturdu ki, onun ərzində taleyin dəyişməsi peripetiyalarsız və tanımalarsız olsun. Dolaşıq fabula dedikdə isə taleyin dəyişməsi tanıma və ya peripetiya ilə, yaxud hər ikisinin bahəm iştirakı ilə yaranan hərəkət başa düşülürdü. Bütün bunlar, öz növbəsində, fabulanın tərkibinə aiddir, yəni müəyyən bir hadisə zərurət və ehtimala əsasən əvvəl baş vermiş hadisənin nəyinsə nəticəsində baş verməsi ilə nədənsə sonra baş verməsi arasında böyük fərq vardır. Peripetiya, deyildiyi kimi, hadisələrin öz əksinə dönməsidir ki, bu da, ehtimal və zərurət qanunları üzrə olur. Məsələn, “Edip” əsərində Edipi sevindirmək və onu anası qarşısında xofdan azad etmək üçün gələn qasid ona kim olduğunu bildirməklə, hadisənin öz əksinə dönməsinə nail olur, həmçini “Linkey” əsərində də birini ölümə aparır, Danay isə onların dalınca gedir ki, onu öldürsün, lakin hadisənin gedişi nəticəsində özü ölməli olur, birincisi isə xilas olur. Tanıma isə, adından da göründüyü kimi, bilməzlikdən bilməyə keçid deməkdir ki, bu da taleyi xoşbəxtlik, yaxus bədbəxtlik olan şəxsləri ya dostluğa, ya da düşmənçiliyə aparır.
Tanımanın şəkilləri arasında ən çox istifadə ediləni bədii cəhətdən ən zəifi və qabiliyyət çatışmazlığı səbəbindən ən çox istifadə olunanı - zahiri əlamətlər vasitəsilə tanımadır. Həmin əlamətlərdən bəziləri, məsələn, "torpaq oğullarının əndamındakı nizə", və ya "Fiest" əsərində Karkinin nəzərdə tutduğu ulduzlar kimi, təbiətin özünün verdiyi əlamətlərdir, bəziləri isə, məsələn, bədəndə çapıq kimi, sonradan yaranan nişanələr və ya boyunbağı kimi bədənə dəxli olmayan əlamətlərdir, yaxud "Tiro" əsərindəki qayıqvarı nənni kimi tanıma vasitələridir. Lakin bu tanıma vasitələrinin özlərindən də yaxşı və ya pis şəkildə istifadə oluna bilər; məsələn, Odisseyi ayağındakı çapığına görə qoc adayəsi bir cür, donuzotaranlar isə başqa cür yolla tanıyırlar; xatircəmlik üçün olan tanıma və ümumiyyətlə, bütün bu qəbildən olan tanımalar məhz bədii cəhətdən zəif olanlarıdır. Tanımanın ən yaxşısı, “Edip”də olduğu kimi, peripetiyalarla müşayiət olunan tanımadır. Başqa cür tanımalar da olur; məsələn, tanıma, deyildiyi kimi, cansız və müxtəlif predmetlərə görə də ola bilər, yaxud hər hansı bir adamın (hər hansı bir hərəkəti) edib-etmədiyini bilməyə də aid ola bilər. Lakin həm fabula üçün, həm də hərəkət üçün də daha mühüm olan, yuxarıda xatırlanan tanımadır, çünki bu cür tanıma və peripetiyalar mərhəmət və ya qorxu doğurar ki, faciə də məhz elə bu cür hərəkətlərin təqlididir; bundan əlavə, bədbəxtlik və xoşbəxtlik özü də sırf belə hadisələrin nəticəsində meydana gəlir[1] . Beləliklə, fabulanın hissələrindən ikisi– peripetiya və tanımadan ibarətdir; fabulanın üçüncü hissəsini isə iztirab təşkil edir.
Xüsusiyyətləri
redaktəFabulaları, onların sözlə ifadəsini bacarana qədər, daha canlı şəkildə göz qabağına gətirərək, işləyib düzəltmək lazımdır; məhz belə olduqda, yazıçı hər şeyi tamam aydın şəkildə görərək və sanki hadisələrin özündə bilavasitə iştirak edərək, lazım olanı tapa bilər: belə ki, onun əsərində Amfiaray məbəddən çıxır, səhnədə məbədi görməyən tamaşaçı üçün is bu anlaşılmaz qalır. Yazıçı, yaxud şair mümkün qədər əsərdəki iştirakçıların vəziyyətlərini də nəzərdə tutmalıdır, zira təbii qabiliyyət sayəsində (hər hansı ruhi hərəkəti) yalnız özləri onu bilavasitə yaşayan adamlar daha dürüst çatdırırlar. Bu səbəbdəndir ki, poeziya istedad və hissiyyat adamlarına aid bir sahədir, çünki onlardan bəziləri isə vəcdə gəlmək qabiliyyətinə malikdir. Bunun kini, yaradılan material da yaradıcılıq əsnasında şairin nəzərində ümumi cəhətdən canlanmalı, sonra isə epizodlar şəklində təşəkkül tapıb, ümumi və tam materialı əhatə etməlidir.
İstinadlar
redaktə- ↑ Aristotel. Poetika. Bakı: Azərnəşr. 1974. səh. 55-84.
Ədəbiyyat
redaktəСловарь литературоведческих терминов / Ред.-сост.: Л. И. Тимофеев и С. В. Тураев. М.:. 1974. səh. 509 с.