Fexreddin Manafov - Wikipedia
Manafov Fəxrəddin Manaf oğlu — Azərbaycan teatr və kino aktyoru,[2] Azərbaycan SSR əməkdar artisti (1987), Azərbaycan Respublikasının Xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006).
Fəxrəddin Manafov | |
---|---|
Fəxrəddin Manaf oğlu Manafov | |
| |
Digər adı | Fərhad Manafov |
Doğum tarixi | |
Doğum yeri | Həsənabad, Xankəndi, Azərbaycan SSR |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1977—h.h. |
Təhsili | M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu |
Mükafatları | |
IMDb | ID0541250 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFəxrəddin Manafov 2 avqust 1955-ci ildə Xankəndidə çoxuşaqlı ailədə anadan olub. Bir müddət sonra isə ailə Bakıya köçüb. Uşaqlıqdan futbola böyük marağı olub. Çox yaxşı futbol oynayırmış. Hətta yaxın adamlar, ailə üzvləri onun gələcəkdə futbolçu olacağını düşünürmüşlər. 16 yaşı olarkən, 1971-ci ildə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik Aktyorlar evində kinomexanik kimi işə düzələn Fəxrəddin bir müddət sonra Almaniyaya hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətdən qayıdıb sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna vermiş və 1975-1980-ci illərdə orada ali təhsil almışdır. Tələbəlik illərində, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərmişdir. 1980-ci ildə ali təhsilini başa vurub aktyorlar evindəki fəaliyyətini davam etdirmişdir. Orada rejissor Vaqif İbrahimoğlu ilə tanış olan F.Manafov bir müddət sonra Vaqif İbrahimoğlunun quruluşunda “Ac həriflər” tamaşasında səhnəyə çıxır. Aktyor müsahibələrinin birində həmin illəri belə xatırlayır:
“İlk dəfə aktyor evinin foyesində səhnəyə çıxanda o dövrün böyük sənətkarları Mehdi Məmmədov, Şəmsi Bədəlbəylini orda gördüm. Onların hamısı bilirdi ki, mən orda işləyirəm. Ancaq birdən-birə Vaqifin quruluşunda hazırlanan “Ac həriflər” tamaşasında səhnəyə çıxdım. Orda bir neçə sözü olan rol ifa edirdim. Yadımda deyil, ya Mehdi müəllim, ya da Şəmsi müəllim dedi ki, Fəxrəddinə deyin, səhnədən çıxsın, tamaşa gedir. Onda ətrafdakılar onlara dedilər ki, o da tamaşada iştirak edir. Vaqif məni səhnəyə belə gətirdi”.[3].
Bir müddət sonra Fəxrəddin Manafov Vaqif İbrahimoğlunun yaratdığı "Yuğ" teatrında aktyor kimi fəaliyyət göstərməyə başlayır. Beləliklə, 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyir. Ona ən çox uğur gətirən teatrda hazırlanan “Şəhriyar” tamaşasında ifa etdiyi Məhəmmədhüseyn Şəhriyar rolu olur. O vaxt İran səfiri həmin tamaşaya baxandan sonra deyir: “Fəxrəddin eyni ilə Şəhriyarın cavanlığıdır”. Ancaq həmin illərdə aktyor xeyli çətinlik yaşamış, kasıb həyat tərzi sürmüşdür. 68 manat, 40 qəpik maaş alan aktyorun məvacibi ona bəs etmir. Hər gün anasının verdiyi bir manata özünə dörd peraşki alır, gününü həmin peraşkilərlə yola verir. Tədris teatrında işlədiyi günlərin birində isə o, səhnədə huşunu itirib yıxılır. Həkim onu yoxlayanda, məlum olur ki, aktyorun aclıqdan ürəyi gedib. 1998-ci ildə Slovakiyada yaşayanda atasının ölüm xəbəri gəlir. Qardaşı ilə Azərbaycana gələn aktyor atasını dəfn edəndən sonra anası ilə söhbətləşir. Anası ona deyir ki, atanın ilini verəndən sonra mən də gedəcəm. Aktyorun atasının ölümündən bir il, bir ay keçir və ananın ölüm xəbəri gəlir...[3]
1977-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir. "Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" kimi ekran işlərində iştirak edib. Aktyora ən böyük uğuru isə, “Ölsəm bağışla” və “Təhminə” filmlərindəki rolları gətirmişdir.
1987-ci ildə Azərbaycan SSR-nin əməkdar artisti, 2000-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülub. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Şəxsi həyatı
redaktəFəxrəddin Manafov gənclik illərində Tədris teatrında işləyən vaxt Vahidə adlı xanımla tanış olur. Vahidə xanım da həmin teatrda aktrisa kimi fəaliyyət göstərir. Sonradan məşhur diktora çevrilən Vahidə xanımla Fəxrəddin Manafov ailə həyatı qururlar. Onların heç bir zaman övladı olmur. Vahidə xanım dəfələrlə aktyora başqa qadınla evlənməyi təklif etsə də, Xalq artisti xanımının bu istəyini qətiyyətlə rədd edir. Bir-birlərinə böyük məhəbbəti olan cütlüyün bu sevgisi illərlə davam edir. Fəxrəddin Manafov xanımı haqqında müsahibələrinin birində deyir:
“Hər bir insanın bir neçə örtülü qapısı olur. Mənim bircə qapım var ki, o qapı Vahidəyə açılır. O qapını açıb nə istədiyimi deyə bilərəm. Təsəvvür et ki, qaranlıq bir guşədir, mən sadəcə başımı o guşəyə salıb bütün ağrımı, sevincimi, sirrimi, arzularımı həmin qaranlığa deyə bilirəm. Hərçənd ki, Vahidə onların hamısını bilir. Mən insani tərəfdən çox peşmanlıq çəkmişəm. Yəni elə şeylər vardı ki, eləməməliydim. Etmişəm, amma mövqeyim düz idi. Düzdür, Vahidə mənə deyir ki, sən düz etmisən, hətta insan kimi də, dost kimi də doğru etmisən. Amma mənim elədiyim bu günə kimi məni ağrıdır. Vahidə mənim sirli ensiklopediyam, kitabımdı. Onun haqqında həyatım, sevdiyim insan sözlərini demirəm. Bunu demək artıqdı. Çünki bunlar onsuz da belədi. O, çox böyük qadındı. Mənə çox böyük köməyi dəyib”.[3]
3 mart, 2021-ci ildə aktyorun həyat yoldaşı Vahidə Manafova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişir. Bu itki Xalq artisti üçün ağır olur. O, müsahibələrinin birində deyir: “Mənim ən yaxınım, böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi. Bu, həyat yoldaşım Vahidə xanım idi. Mən hər gün səhər gözümü açanda da, gecə yuxuda da, yatmazdan qabaq da bu ağrını yaşayıram. Fikirləşirəm ki, artıq qəribə bir ömür başlayıb həyatımda... Mən hətta ən yaxınlarıma, anama və atama belə demədiklərimi Vahidəyə deyirdim. Amma artıq bu gün bunları deyə biləcək kimsəm yoxdur”.
Filmoqrafiya
redaktə- Arzunu yarat (film, 1977)
- Üzeyir ömrü (film, 1981)
- Evləri köndələn yar (film, 1982) — Şamil
- İşgüzar səfər (film, 1982) — Ənvər
- Qaladan tapılan mücrü (film, 1982) — Nuriyev
- Qocalar, qocalar... (film, 1982) — Eldar
- Ömrün yolları (film, 1982) — Natiq
- Gəmi saatının sirri (film, 1983)
- Park (film, 1983) — Marat
- Köhnə bərə (film, 1984) — Eldar
- Tənha narın nağılı (film, 1984)
- Əlvida, yaşıl yay (film, 1985)
- İşarəni dənizdən gözləyin (film, 1986) — Şəfibəyov
- Qəm pəncərəsi (film, 1986) — Kefli İsgəndər
- Şəhərli biçinçilər (film, 1986) — Mədət
- ...Əks-səda doğuracaq (film, 1987)
- Şeytan göz qabağında (film, 1987) — Teymur
- Özgə ömür (film, 1987) — Tahirbəyov
- Alman klinikasına şəxsi səfər (film, 1988)
- Meyl (film, 1988)
- Doğma sahillər (film, 1989)
- Lətifə (film, 1989)
- Ölsəm... bağışla (film, 1989) — Yusif
- Təxribat (film, 1989)
- Gecə qatarında qətl (film, 1990) — Rüstəm
- Qətldən yeddi gün sonra (film, 1991) — Rauf
- Qəzəlxan (film, 1991)
- Dünən, bu gün, sabah (film, 1992)
- Təhminə (film, 1993) — Zaur
- Nigarançılıq (film, 1998)
- Otel otağı (film, 1998) — Kərim Əsgəroğlu
- Etimad telefonu (film, 2001) — Farik
- Dronqo (serial, 2002) (Rusiya) — Narkobaron Sadıqov
- Bir anın həqiqəti (film, 2003) — Mahir Cavadov
- Ovsunçu (film, 2002)
- Əkizlər (film, 2004) (Rusiya) — Ruslan Xocayev
- Qraf Krestovski (teleserial, 2004) — "NTV"(Rusiya, 2004)
- Əlvida, cənub şəhəri (film, 2006) — Rza
- Çalış, nəfəs alma (film, 2006)
- Hökmdarın taleyi (film, 2008) — İbrahim xan
- Silah (film, 2008) (Rusiya)
- Sübhün səfiri (film, 2012) — Abbasqulu ağa Bakıxanov
- Mahmud və Məryəm (film, 2013) — Ziyad xan
- Həyat çiçəyi (teleserial, 2013) — Aslan Quliyev
- Beş dəqiqə (film, 2015)
- Əli və Nino (film, 2015)
- Son səhnə (film)
- Birlikdə (film, 2024)
- Azərbaycan Atabəyləri (film, 2024)
İstinadlar
redaktə- ↑ İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər Arxivləşdirilib 2023-06-28 at the Wayback Machine. president.az, 01.03.2019 (az.)
- ↑ Fəxrəddin Manafovun 60 yaşı tamam oldu: [Xalq artistinin yubileyi münasibətilə] //Hürriyyət.- 2015.- 3-6 avqust.- S.14.
- ↑ 1 2 3 "Aclıqdan ürəyi getdi, yoldaşı ona başqa qadınla evlənməyi təklif etdi – Rasim Ocaqovu niyə əsəbiləşdirdi?". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
Xarici keçidlər
redaktə- Манафов Фахраддин Манаф оглы (rus.)
- Fəxrəddin Manafov
- Facebook səhifəsi
- Səda - Dövlət Rus Dram Teatrı premyeraya hazırlaşır (15.04.2016)
- Səda - “Kazanova: sevgi dərsləri” tamaşası nümayiş olunub (25.04.2016)
- “Mən brend deyiləm” - Xalq artisti Fəxrəddin Manafov - FOTOLAR Arxivləşdirilib 2016-04-28 at the Wayback Machine
- Фахраддин Манафов завершит сезон Русской драмы - ФОТО