Fuzuli Ses - Wikipedia
Füzuli SES (tam adı: Füzuli su-elektrik stansiyası) — Baş Mil kanalı üzərində yerləşən su-elektrik stansiyası.
Füzuli SES | |
---|---|
Füzuli su-elektrik stansiyası | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 14 km² |
Sahibi | Azərenerji ASC |
Status | İşlək |
Tikilmə tarixi | 2008 |
İstismara verilib | 2012 |
İstismarçı | Azərenerji ASC |
Əsas xüsusiyyətləri | |
Elektrik enerjisi gücü | 25,2 MVt |
Avadanlıq xüsusiyyətləri | |
Turbin tipi | Hidroaqreqat |
Əsas qurğular | |
Bənd tipi | Torpaq |
Yerləşməsi | |
39°59′ şm. e. 47°14′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | |
Rayon | |
Yer | Cənubi Qafqaz |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Füzuli su-elektrik stansiyasının tikintisi Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2007-ci il 31 oktyabr tarixli Əlavəyə[1] əsasən həyata keçirilmişdir. Stansiyanın təməlini 2008-ci ildə Füzuliyə səfəri çərçivəsində ölkə prezidenti İlham Əliyev qoymuşdur. Tikinti işləri yerli "Azenco" şirkəti tərəfindən həyata keçirilmişdir.[2]
Füzuli su-elektrik stansiyası Baş Mil kanalı üzərində 14 hektar ərazidə inşa olunmuşdur. Stansiyanın ümumi gücü 25,2 meqavatdır. Su-elektrik stansiyası Füzuli rayonundakı 110 kilovoltluq "Haramı" yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə birləşdirilərək, sistemlə paralel rejimdə işlədilir.[2]
Qurğu üçün Baş Mil kanalı üzərində 40 min ton tutumu olan su anbarı yaradılmışdır. Anbara toplanan su dörd hidroturbin vasitəsilə generatora ötürülür. Hər bir hidroturbin avtomatlaşdırılmış qapılarla açılıb-bağlanır. Stansiyanın işləməsi üçün nəzərdə tutulan su müəyyən həcmdən artıq olduqda digər xətt vasitəsilə Baş Mil kanalına ötürülür. Lazım olan su isə hər birinin uzunluğu 250 metr, diametri isə 3 metr olan 4 boru vasitəsilə generator və digər mexaniki avadanlığın yerləşdiyi SES binasına ötürülür. Stansiyada texnoloji avadanlıq kompyuterlərlə idarə olunur. Bütün emal prosesi avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Bu məqsədlə binada ayrıca idarəetmə mərkəzi yaradılmışdır. Mərkəz həm elektrik enerjisinin istehsalı prosesini idarə edir, həm də baş verə biləcək nasazlıqları əvvəlcədən qeydə alaraq müvafiq tədbirlərin görülməsi üçün xəbərdarlıq edir.[2]
Ərazidə iki körpü və kabel estakadası qurulmuşdur. Stansiyanın ərazisində 110 kilovoltluq yeni yarımstansiya tikilmiş və onunla əlaqəli digər yarımstansiyalar yenidən qurulmuşdur. Ərazidə geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılmışdır. Stansiyanın ərazisində bütün lazımi avadanlıqla təchiz olunmuş ikimərtəbəli inzibati bina inşa edilmişdir. Su-elektrik stansiyasının inşasında 400 nəfər işçi çalışmışdır. İlkin mərhələdə 35 nəfərin işləməsi planlaşdırılmış stansiya Aran bölgəsinin enerji təhlükəsizliyinin və dayanıqlılığının təmin olunmasında mühüm rola malikdir. Stansiyada ildə 100 milyon kilovat/saata yaxın elektrik enerjisi istehsal olunur.[2]
Ölkə prezidenti İlham Əliyev 15 dekabr 2012-ci ildə Füzuli su-elektrik stansiyasının açılışında iştirak etmişdir.[3]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əlavələr edilməsi haqqında Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2007-ci il tarixli 2475 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ 1 2 3 4 İlham Əliyev Füzuli su-elektrik stansiyasının açılışında iştirak etmişdir Arxivləşdirilib 2021-10-23 at the Wayback Machine. president.az, 15.12.2012 (az.)
- ↑ Füzuli su-elektrik stansiyasının açılışında İlham Əliyevin nitqi Arxivləşdirilib 2021-10-23 at the Wayback Machine. president.az, 15.12.2012 (az.)