Ermeni Inqilabi Federasiyasi - Wikipedia
Erməni İnqilabi Federasiyası, Daşnaksutyun (erm. Հայ Յեղափոխական Դաշնակցություն; Hay Heğapoxakan Daşnaksutyun) — millətçi-terrorçu erməni partiyası (digər adı "Erməni inqilabi ittifaqı");[2]ən iri və mütəşəkkil erməni siyasi təşkilatlarından biri. 1890-cı ildə Tiflisdə yaradılıb. Erməni diasporunun olduğu bütün ölkələrdə büroları fəaliyyət göstərir. Hazırkı ali şura sədri İşxan Sağatelyandır.
Daşnaksutyun | |
---|---|
Qurucu |
|
Quruluş tarixi | 1890 |
Baş qərargah | |
İdeologiya | demokratik sosializm, Erməni milliyətçiliyi, Sol milliyətçilik, antisovetizm, Birləşmiş Ermənistan, İrredentizm |
İdeoloji spektr | solçuluq |
Üzvlüyü | |
Saytı | arfd.am |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəYaradılması və ilk dövrü
redaktə1890-cı ildə Gürcüstanın mərkəzi Tiflisdə yaradılmış bu partiyanın əsası üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən qoyulub. Təşkilat ilk vaxtlar "Erməni İnqilabçılarının İttifaqı" adlanırdı.
Daşnakların məqsədi, silah və güc tətbiqi ilə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaq idi.
1891-ci ildə nəşr olunan və Daşnaksutyunun mətbu orqanı olan "Droşak" (bayraq) qəzetində daşnaklar öz proqramları barədə bunları yazırdılar:
"Bizim partiyamız öz məqsədlərinə yalnız diplomatiya yolu ilə nail olmaq istəyənlərlə heç cür razılaşa bilməz. Bizim diplomatlarımız öz marağından və güclülərin marağından çıxış edir. Avropa bizim üçün deyil, qoy ermənilər bilsinlər ki, erməni torpağı qanla suvarılmasa onlar heç bir şey əldə edə bilməzlər. Digər tərəfdən partiya Ermənistanın proletariatın köməyi ilə azad olunacağına inanmır, çünki Türkiyə şəraitində bu mümkün deyil. Torpaq məsələsi ən vacib məsələlərdən biridir, torpaq o torpaqda işləyənə məxsus olmalıdır".
1892-ci ildə partiyanın adı dəyişdirilir və partiya indiki adı ilə adlanmağa başlayır. Həmin il partiyanın proqramı da dərc edilir:
Məqsəd: Daşnaksutyunun məqsədi üsyanlar yolu ilə iqtisadi və siyasi azadlıqlar əldə etməkdir. Partiya hər bir insanın bərabər hüquqa malik olduğu prinsipindən irəli qələrək, maddi nemətlərin bərabər bölünməsinin tərəfdarıdır.
- Gələcək Ermənistanda ümumi maraqlara xidmət edən, xalq hökuməti ümumi bərabər və birbaşa səsvermə yolu ilə seçilməlidir.
- İstənilən vasitələrlə həyatın və iş yerlərinin təmin edilməsi.
- Müxtəlif dinlər və millətlər qanun qarşısında bərabərdir.
- Söz və mətbuat azadlığı.
Vasitələr: Erməni inqilab ittifaqı öz məqsədlərinə çatmaq üçün silahlı dəstələr yaradır, bu dəstələr hökumətə, eləcə də tək ermənilərin yox, həm də assiriyalıların, kürdlərin və sülhsevər türklərin əziyyət çəkdiyi ümumi vəziyyətə qarşı da mübarizə aparır. Bu istiqamət çox böyük əhəmiyyət kəsb edir. Bütün bu qrupları ümumi mübarizə üçün birləşdirə bilməsək də, ən azından onların ermənilərə qarşı müxalifətini neytrallaşdıra bilərik.
- Daşnak partiyasının əsas prinsiplərinin və məqsədlərinin təbliğatı.
- Silahlı dəstələri təşkil etmək, eləcə də onları ideoloji və praktik cəhərdən hazırlamaq.
- Xalqı silahlandırmaq.
- İnqilabi komitələri və onlar arasında sıx əlaqələri təşkil etmək.
- Hakimiyyət nümayəndələri, sələmçilər, satqınlar və hər cür istismarçılara qarşı terror tətbiq etmək.
- Xalqı quldur və soyğunçuların hücumundan qorumaq.
- Adamların və silahların göndərilməsi üçün yollar və vasitələr tapmaq.
- Dövlət idarələrinin dağıdılması və talan edilməsi.
Əsas təşkilati prinsip kimi yerli komitələrin muxtariyyəti ütünlük təşkil edirdi. Hər hansı bir rayonun bir neçə komitəsi, rayonun mərkəzi komitəsini seçirdi. Partiyanın başında büro dururdu, əvvəl Rusiya və İranda, sonra Avropada, daha sonra isə Osmanlı İmperiyasında komitələr quruldu. Rusiya İmperiyasında partiyanın yaradılmasından dərhal sonra, Qarsda, Aleksandropolda (indiki Gümrü), İrəvanda, Tiflisdə, Bakıda, Şuşada, Yelizavetpolda (indiki Gəncə) və Rostovda komitələr təşkil olundu.
O zaman daşnakların əsas fəaliyyəti Osmanlı İmperiyasının ermənilər yaşayan ərazilərinə "fədailər" üçün silah və sursatın göndərilməsindən, həmçinin yerli erməni əhalisinin, silahlandırılmasından və türk hökumətinə qarşı qaldırılmasından ibarət idi.
XIX əsrdə daşnakların keçirdiyi ən məşhur terror aktı 1896-cı ildə Osmanlı bankına təşkil etdikləri hücum idi. Lakin İstanbulda yerləşən qərb dövlətlərinin səfirliklərinin müdaxiləsi nəticəsində, Osmanlı hökuməti hücumda iştrak edən terrorçuların Avropaya getməsinə razılıq verir.
XX əsrin əvvələrindən etibarən daşnaklar Rusiya İmperiyasında öz fəaliyyətlərini aktivləşdirir. "Daşnaksutyun"un Azərbaycanda 1903-cü ildə Bakı komitəsi yaradıldı. Bu komitə təşkil edilərkən erməni kilsə torpaqlarının xəzinənin xeyrinə dünyəviləşdirilməsi haqqında 12 iyun tarixli qanun verilmişdi. Bu qərar ermənilərlə Rusiya hakimiyyət orqanları arasında münasibətlərin kəskinləşdirdiyi üçün partiyanın fəaliyyəti üçün fəal mühit yarandı. "Mirzəyev qardaşları" neft kəmərinin müdiri S. F. Ter-Mkrtıçyan Bakı komitəsinin sədri oldu. Elə həmin il "Hayastan" komitəsi adlanan Yelizavetpol komitəsi yaradıldı. Onun başında arximandrit Benik və hərbi həkim M. Beqlyarov dururdu. Bu dövrdə daşnakların qarşısında duran əsas vəzifələrdən biri təşkilatın ehtiyacları və getdikcə daha çox əl atdıqları terror aktlarının törədilməsi üçün pul toplanması idi. Bu dövrdəki terror aktları içərisində Qafqazın mülki işlər üzrə baş rəisi knyaz Qolitsına qarşı daşnakların hnçaqçılarla birgə törətdikləri sui-qəsd, Bakı general-qubernatora knyaz Nakaşidzenin, general Alixanovun, Qarsda pristav Ş. Laçınbekovun, Yelizavetpol vitse-qubernatoru Andreyevin, qəza başçıları Boquslavski və Şmerlinqin və başqalarının qətlə yetirilməsi diqqəti cəlb edir. "Daşnaksutyun"un 1904-cü ildə Vyanada keçirilən 3-cü qurultayında kəşfiyyat funksiyaları olan gizli "De li" terror təşkilatı yaradıldı, habelə daşnakların müharibə elan etmək hüququ olan mütəşəkkil hərbi təşkilatının əsasını qoyan hərbi nizamnamə qəbul olundu. Partiyanın əsl məqsədi — dənizdən-dənizə "Böyük Ermənistan" yaratmaq niyyəti çoxsaylı proqramlarının heç birində açıqlanmasa da, hərbi təşkilatın və daşnakların istər Osmanlı imperiyası, istərsə də Cənubi Qafqaz ərazisində yerli əhalinin məhv edilməsi və didərgin salınması sahəsində fəaliyyəti onların məhz bu niyyətdə olmalarına şübhə yeri qoymurdu. 1905-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırrımlarda daşnaklar da aktiv iştrak edir, bu məqsədlə onlar əvvəllər Türkiyəyə göndərdikləri "fədailəri" geri çağırır. Daşnaklar Bakı qubernatoru Nakaşidzeni "müsəlmanlara kömək edir" bəhanəsi ilə qətlə yetirir, qubernatoru sonradan "general Dro" kimi tanınan Drastanat Kamayan qətlə yetirir. 1905 il fevralın 6-da Bakıda erməni mauzerçisinin Sabunçu qəsəbəsinin sakini olan azərbaycanlını qətlə yetirməsi o vaxta qədər görünməmiş erməni-azərbaycanlı toqquşmalarının başlanğıcı oldu. Üç gün ərzində hər iki tərəfdən 1000 nəfərə yaxın adam öldürüldü. Daşnaklar türk-müsəlman əhaliyə qarşı soyqırımına ciddi hazırlıq görmüşdülər. 1905 ildə Bakıda daşnaklara məxsus olan gizli silah anbarlarının aşkar edilməsi bunu təsdiqləyir. Əsas zərərçəkənlərin azərbaycanlılar olduğu bu toqquşmaların dalğası bütün Cənubi Qafqaza — Şuşaya, İrəvana, Naxçıvana, Qazaxa, Zəngəzura, Tiflisə yayıldı.[2]
ABŞ türkoloqu Tadeuş Svatxovskinin fikrincə 1905–1906-cı illər ərzində ermənilər azərbaycanlıların yaşadığı 158 yaşayış məntəqəsinə hücum edirlər. 1905-ci ildə daşnaklar İstanbulda sultan II Əbdülhəmidə sui-qəsd təşkil edir, təsadüf naticəsində sultana zərər dəymir, lakin partlayış nəticəsində, 26 nəfər həlak olur 58 nəfər yaralanır.
1906-cı ildə Sofiyada keçirilən koqresdə daşnaklar Rusiyanın siyasi həyatında aktiv iştirak etməyi qərara alırlar. 1907-ci ildə partiyanın büdcəsinin 35%-i (1 milyon frank) terrorçuların silahlandırılması üçün nəzərdə tutulmuşdu. Terror aktının həyata keçirilməsi haqqında qərarı yalnız partiyanın mərkəzi komitələri və məsul təşkilatları qəbul edə bilərdi. Daşnaklar Türkiyədə və Cənubi Qafqazda terror aksiyalarının hazırlanması və həyata keçirilməsi üçün özlərinin xarici bazalarından geniş istifadə edirdilər.[2]
1906–1907-ci illərdə "Daşnaksutyun"un sıralarında bölünmə yarandı. Nəticədə, "mşakçılar" ("Mşak" qəzetinin tərəfdarları) qrupu partiyadan ayrıldı. Onlar kadetlərə yaxın olan mövqedən çıxış edir və partiyanın Rusiyadakı döyüş dəstələrinin buraxılmasını təklif edirdilər. Partiyanın sol qanadı — "gənc daşnaklar" sərt radikal-inqilabi mübarizə üsullarının tərəfdarı idilər. L. Atabekyan, A. Amiryan və C. Bekzadyanın başçılıq etdikləri "gənc daşnaklar" bu zəmində Bakı eserləri ilə yaxınlaşdılar. 1907-ci ildə "gənc daşnaklar" Sosialist İnqilabçılar Partiyası Bakı komitəsi ilə birləşməyi qərara aldılar. Bununla da, daşnaklar beynəlxalq aləmə çıxmağa nail oldular. Eserlərin tövsiyəsi ilə "Daşnaksutyun" 1907-ci ildə II İnternasionala qəbul edildi. "Gənc daşnaklar" ümumrusiya parlament kürsüsünə çıxmaq niyyətilə eserlər və kadetlərlə birgə Zemlya i volya seçki blokuna da daxil oldular. Həmin blok 1907-ci ilin fevralında Rusiya İmperiyasının Dövlət Dumasına seçkilərdə məğlub oldu.
Bu dövrdə daşnaklar fəhlələr arasında, həmkarlar ittifaqlarında və onların milli mənsubiyyət əsasında yaratdıqları mədəni-maarif cəmiyyətlərində güclü iş aparmağa başladılar. Daşnaklar Cənubi Qafqazda üzvlərinin ümumi sayı 10.990 nəfər olan 110 həmkarlar ittifaqı təşkilatı yaratmışdılar. Partiyanın Bakı təşkilatı üzvlərinin sayı 2000 nəfərə çatırdı. 1908-ci ildə isə bütün dünyada "Daşnaksutyun"un 165.000 üzvü var idi. Daşnakların törətdikləri terror aktlarının və basqınların geniş miqyas alması ilə əlaqədar partiyaya qarşı kütləvi həbslər və 1912-ci ildə Peterburqda məhkəmə ilə nəticələnən polis təqibləri başlandı. Nəticədə, 1000-dən çox daşnak sürgünə göndərildi. 1908-ci ildən daşnaklar fəaliyyətlərini inqilab gedən İranda və hakimiyyətə gəlmiş gənc türklərdən muxtariyyət umduqları Türkiyədə davam etdirdilər. Lakin " Daşnaksutyun"un Türkiyədən gözlədikləri ümidlər özünü doğrultmadı və bundan sonra onlar Türkiyə əleyhinə pozucu fəaliyyətlərini Rusiya hakimiyyət orqanları ilə ittifaqda davam etdirməyi qərara aldılar. Qafqaz canişini İ. İ. Voronsov-Daşkov bu işdə daşnaklara ciddi himayədarlıq etdi.[2]
Osmanlı İmperiyasında "gənc türklər" hakimiyyətə qəldikdən sonra daşnaklar müəyyən müddət də olsa yeni qurulmuş türk hökuməti ilə silahlı mübarizədən çəkinir.
1910–11-ci illərdə Sankt-Peterburqda terrorçuluqda günahlandırılan daşnaklar üzərində keçirilmiş məhkəmə prosesi nəticəsində 52 nəfər həbs cəzasına layiq görülür, 4 nəfər isə Sibirə sürgünə gondərilir. Bu proses zamanı daşnaklarım müdafiəçiləri sıralarında Aleksandr Kerenski də var idi.
1912-ci ildə Tiflisdə Erməni Milli Şurası və onun icra orqanı — Milli büro yaradıldı. Milli büronun nümayəndələri canişinin vasitəçiliyi ilə müharibə baş verdiyi halda, Türkiyə ərazisində Rusiya, İngiltərə və Fransanın protektoratı altında muxtar Ermənistan yaradılması barədə Rusiya hakimiyyət orqanlarından vəd almağa nail oldular. "Daşnak-sutyun"un 4-cü qurultayında bütün "zinvorların" (daşnak yaraqlıları) Qafqazdan Türkiyə ərazisinə göndərilməsi qərara alındı. Müsəlman əhalisini Rusiya əleyhinə üsyana qaldırmaq və beləliklə, onları kütləvi repressiyalara məruz qoymaq məqsədilə daşnakların panislamizm emissarları sifətilə Qafqaza göndərilməsi kimi məkrli plan da qəbul edildi. Onlar buna qismən nail oldular.[2]
Birinci dünya müharibəsində
redaktəBirinci dünya müharibəsi zamanı daşnaklar Rusiyanın tərəfinə keçərək ermənilərdən ibarət silahlı dəstələr yaradır və Osmanlı imperiyasına qarşı döyüşlərdə iştrak edir. Bu münasibətlə Rusiya imperiyasında daşnaklara amnistiya elan edilir. Daşnakların fəaliyyəti Birinci dünya müharibəsi (1914–18) illərində xüsusilə gücləndi. Bu zaman onlar böyük dövlətlərin, ilk növbədə Rusiyanın köməyi ilə Osmanlı imperiyasının şərq vilayətlərinin ərazisində öz dövlətlərini yaratmağa ümid bəsləyirdilər. 1914-cü ildə müharibə başlayandan dərhal sonra II Nikolay 1909–1912-ci illərdə həbs olunmuş daşnaklara amnistiya verilməsindən məhz bundan qaynaqlanırdı. Eyni zamanda, Türkiyə ərazisində muxtar, yaxud müstəqil Ermənistan dövləti yaratmaq üçün, başlıca olaraq, daşnaklardan ibarət silahlı könüllü dəstələrin səfərbərliyə alınmasına başlandı. Çar hökuməti ermənilərə qələbədən sonra Türkiyənin şərqində "Erməni muxtar dövlətinin" yaradılması vədini vermişdi. Lakin bu ərazilərdə ermənilər heç vaxt çoxluq təşkil etməmişlər, bu məsələnin həlli uçün erməni silahlı dəstələri müsəlman əhalinin (türklər və kürdlər) yaşadığı kəndlərə basqınlar təşkil edir, bu basqınlar nəticəsində on minlərlə insan amansızcasına qətlə yetirilir. Daşnak silahlı dəstələri arxa cəbhədə aktivləşərək türk ordusunun təchizatını və rabitəsini pozmağa cəhd göstərir və bu işdə bəzi uğurlara da nail ola bilirlər. Daşnaklar hətta türk hərbi hospitalına hücum edərək, oradakı yaralı türk əsgərləri və həkimləri qətlə yetirir. Silahlı dəstələrin təşkilində və türklərə qarşı təbliğatın aparılmasında erməni kilsəsi və kilsə xadimləri də yaxından iştrak edir. Erməni daşnak dəstələri, əsasən, Cənubi Qafqaz ərazisində yaradılırdı. Məşhur terrorçular və "generallar" Andranik Ozanyan, Drazdamat Kanayan, Xeço (Q. Amirov) həmin məqsədlə buraya gəldilər.[2] Döyüş dəstələrinin yaradılmasının əsas təşkilatçılarından biri Abram Gülxəndanyan, habelə Bakıda nəşr edilən daşnak qəzeti "Arev"in redaktoru Simon Hakopyan başda olmaqla Daşnaksutyunun Bakı komitəsi oldu. Rusiya qoşunlarının yerli türk əhalisinin qırılması ilə müşayiət olunan hücumunun ardınca daşnaklar 1915-ci ilin mart-aprel aylarında Türkiyənin Van vilayətində yerli türk-müsəlman əhalini qırmağa başladılar. Buna cavab olaraq, Türkiyə hökuməti ermənilərin cəbhəyanı vilayətlərdən Suriyaya köçürülməsi haqqında qərar qəbul etdi. Ermənilər indiyədək bunu "soyqırımı" adlandırırlar. O zaman ermənilərin özlərinin bir çox həm liberal, həm də sosialist ictimai xadimləri daşnakların başçılıq etdikləri bu "özünü məhvetmə" siyasətini pislədilər. Lakin 1915-ci ildə özləri tərəfindən törədilmiş faciəli hadisələr daşnaklara ibrət dərsi olmadı və onlar 1916-cı ilin yanvarında Tiflisdə konfranslarını keçirərək, könüllü dəstələrinin atıcı batalyonlara çevrilməsini qərara aldılar.[2]
1915-ci ilin fevralında Erməni milli konqresində çıxış edən Daşnaksutyunun hərbi qanadının təmsilçisi, çar hökumətinin Türkiyə ermənilərinin ehtiyacları üçün 242 900 rubl vəsait ayırdığını bildirir, bu pullar Türkiyədəki erməniləri silahlandırmaq və üsyana təşviq etmək üçün nəzərdə tutulurdu.[3]
Amerika tarixçisi Corc Şou "Osmanlı imperiyasının tarixi" kitabında bu hadisələr barədə bunları yazır:
"müharibənin qedişatı, ermənilər tərəfindən müsəlmanların kütləvi qətlləri ilə müşayiət olunurdu. Bir milyondan çox türk kəndlisi öz doğma torpaqlarından qaçmağa məcbur olmuşdur. Minlərlə qaçqın ermənilər tərəfindən tikə-tikə doğranmışdır. Müharibədən əvvəl Ərzurum, Trabzon, Ərzincan, Van və Bitlisdə yaşayan 3 milyon 300 min türk əhalisindən yalnız 600 min nəfəri qalmışdır. Türk və kürd kəndlilərinin soyqırımının ən aktiv təşkilatçısı və ideoloqu Daşnaksutyun terror təşkilatının üzvü, "Atom" ləqəbli Artur Şahrikyan olmuşdur
Malevilin "1915-ci il erməni faciəsi" kitabında bu hadisələr belə təsvir olunur:
"Erməni quldur və terror dəstələri tərəfindən məhv edilmiş müsəlman əhalinin sayı təxminən 1 milyon 600 min nəfər təşkil edir. Bütün bu faktlar çar ordusunun zabitlərinin narazılığına səbəb olmuş və onlar erməni başkəsənlərinə qarşı güc tətbiq etməyə məcbur olmuşdular"
1916-cı ilin yayında rus ordusunun hücumları nəticəsində Türkiyənin Qars, Ərzurum, Trabzon, Ərzincan və s. şəhərləri tutuldu. Rus qoşun hissələri ilə eyni vaxtda buraya daşnak birləşmələri də soxularaq, həmin şəhərlərin, bütün bölgənin türk və azərbaycanlı əhalisinə vəhşicəsinə divan tutdular. Deputat Məmməd Yusif Cəfərov 4-cü Dövlət dumasında çıxış edərək, bu vəhşiliklərə qarşı kəskin etirazını bildirdi. Antanta ölkələri, o cümlədən Fransa da daşnakların əməllərindən narazılıqları bildirdilər. "Mşak" qəzetinin redaktoru A. Arakelyan bununla əlaqədar 1917-ci ilin yanvarında Tiflisdə Cənubi Qafqazın görkəmli erməni ziyalıları nümayəndələrinin müşavirəsini çağırdı. Müşavirədə daşnakların erməniləri məhvə aparan avantürist siyasəti pisləndi. Daşnaklara qarşı liberal "Milli xalq partiyası" yaratmaq qərara alındı, lakin layihələr kağız üzərində qaldı. Fevral inqilabı və 1918-ci ildə Brest-Litovsk sülh müqaviləsinin bağlanması "Böyük Ermənistan" xülyalarına son qoydu. 1917-ci ilin martında Bakıda 50 nəfərdən ibarət Erməni Milli Şurası yaradıldı. Şuranın tərkibinə " Daşnaksutyun" partiyasının 17 nümayəndəsi daxil oldu. Şura "Arev" qəzetinin nəşrini davam etdirdi. Bu qəzet və "Daşnaksutyun"un Bakıdakı Mərkəzi Komitəsinin 1918-ci ildən rus dilində nəşr olunmağa başlayan mətbuat orqanı "Vperyod" qəzeti millətçiliyi və şovinizmi təbliğ edir, antiazərbaycan siyasəti yeridirdilər. Müvəqqəti hökumətin Azərbaycandakı orqanı olan İctimai Təşkilatların İcraiyyə Komitəsində və Bakı Fəhlə Deputatları Sovetində də Şuranın nümayəndələri var idi.[2]
Rus ordusu bu ərazidən çəkildikdən sonra, erməni quldur dəstələri daha da azğınlaşır və bu ərazidə qalmış müsəlman əhalinin kütləvi qətllərinin miqyasını böyüdür, bu hal türk ordusunun əks hucuma keçib erməniləri Qafqaza sıxışdırmasına qədər davam edir.
1917-ci il oktyabrın 22-də Bakı Sovetinə keçirilən seçkilərdə daşnaklar 4-cü yeri tutdular. Oktyabr çevrilişindən (1917) sonra eserlərlə birlikdə bolşeviklərə qarşı çıxış etmələrinə baxmayaraq, daşnaklar 1917-ci ilin dekabrında Bakı Sovetinə seçkilərdə 41 deputat yeri qazanaraq, bolşeviklərdən sonra 2-ci yeri tutdular. Eyni zamanda, "Daşnaksutyun"un nümayəndələri T. Ter-Qazaryan, X. Karçiyan, A. Ağacan Tiflisdə yaradılmış Zaqafqaziya komissarlığının, 1918-ci ilin fevralından isə 27 nəfərlik heyətlə Zaqafqaziya seyminin tərkibinə daxil oldular.
1918-ci ilin əvvəllərində
redaktəBakı Kommunası hakimiyyəti dövründə daşnaklar Bakı Sovetinə başçılıq edən Stepan Şaumyan ilə ittifaqa girərək 1918-ci ilin martında Azərbaycan xalqına qarşı soyqırım törətdilər. 1918-ci ilin martınadək Bakıda daşnak silahlı birləşmələrinin 7 minə yaxın erməni əsgəri toplanmışdı. 12 minlik bolşevik "Qırmızı qvardiya"sının 70%-ini də daşnaklar təşkil edirdi. 1915 ildə daşnak döyüş dəstələrinə qarşı kəskin çıxışlar edən S. Şaumyan öz məqsədinə — Bakını getdikcə daha çox nüfuz qazanan Müsavat Partiyasından və onunla birlikdə azərbaycanlı əhalisindən təmizləməyə nail olmaq naminə daşnaklarla sıx ittifaqa girdi. Bakı Soveti qoşunlarının və daşnak quldur dəstələrinin guya "Azərbaycan döyüş hissələrinin qiyamını yatırmaq" bəhanəsilə martın 30-da ağır artilleriyadan və hidroaeroplanlardan istifadə etməklə, başladıqları hərbi əməliyyatlar şəhərin müsəlman məhəllələrində dinc azərbaycanlı əhaliyə vəhşicəsinə qanlı divan tutulması ilə nəticələndi. Üç gün ərzində 12000-dək azərbaycanlı qətlə yetirildi. Soyqırımlar bununla qurtarmadı. Dinc azərbaycanlı əhalisinə qarşı S. Lalayanın, T. Amiryanın, Q. Hamazaspın başçılıq etdikləri cəza əməliyyatları Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul və Salyanda da aparıldı. Azərbaycan xalqı kütləvi soyqırımına məruz qaldı. Şamaxı daha çox zərər çəkdi. Buraya 2 min erməni əsgəri və 60 araba silah göndərilmişdi. Bu qəzada 80 kənd məhv edilmiş, Fövqəladə Təhqiqat Komissiyasının məlumatına görə, onların 53-də 8027 adam qətlə yetirilmişdi. Zaqafqaziya seymindəki Azərbaycan nümayəndə heyəti Bakıda və qəzalarda baş vermiş hadisələrlə əlaqədar kəskin etirazlarını bildirərək, Bakıya qoşun göndərilməsini tələb etdi, lakin seymin qoşunları sovet-daşnak dəstələri tərəfindən məğlubiyyətə uğradıldı. Azərbaycan nümayəndə heyətinin kömək üçün Türkiyəyə müraciət etməkdən başqa çarəsi qalmadı.[2]
Bakı Kommunasının süqutundan sonra hakimiyyət ingilis qoşunlarının köməyi ilə ayyarımlıq bir müddət ərzində menşevik və eserlərlə yanaşı, daşnakların da təmsil olunduğu "Sentrokaspi diktaturası" hökumətinin əlinə keçdi. Bakını azad etməyə gələn Türkiyə-Azərbaycan ordusuna qarşı əsasını daşnak dəstələri təşkil edən 50 minlik qoşun çıxarmasına baxmayaraq, yeni hökumət şəhəri əlində saxlaya bilmədi və Bakı 1918-ci il sentyabrın 15-də azad olundu.
Azərbaycan Xalq Cümhuriyyətində
redaktəBakı 1918-ci il sentyabrın 15-də azad olundu. Daşnaklar və onlara kömək edən xeyli erməni xalqın qəzəbindən qorxaraq, şəhərdən qaçdı.1918-ci ilin dekabrında fəaliyyətə başlayan Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti bütün milli azlıqların onun tərkibində təmsil olunmasını təmin etdi. Lakin daşnakların başçılıq etdiyi Erməni Milli Şurası Parlamentin fəaliyyətində iştirakdan imtina etdi. Ancaq ingilis generalı Tomson Fətəli xan Xoyski hökumətini və parlamenti tam dəstəklədiyini bəyan edəndən sonra ermənilər Parlamentin fəaliyyətində iştirak etdilər. Parlamentdə fəaliyyət göstərən 11 fraksiyadan ikisi erməni fraksiyası idi. Bunlar Arşak Malxazyan başda olmaqla Daşnaksutyunu və Arşak Paronyan başda olmaqla Erməni Milli Şurasını təmsil edən fraksiyalar idi. Nəsib bəy Yusifbəylinin 4-cü Hökumət kabinəsində isə daşnak Xoren Amaspür portfelsiz nazir vəzifəsi tuturdu. Cümhuriyyət dövründə Daşnaksutyunun təsiri Azərbaycanda xeyli zəifləsə də, o, Ermənistanda hakim partiya oldu və bu, iki ölkə arasında qarşılıqlı münasibətləri xeyli mürəkkəbləşdirdi. Demək olar ki, iki il ərzində Azərbaycan Xalq Cümhuriyyəti ilə daşnak Ermənistanı arasında ərazi münaqişələri davam etdi. "Böyük Ermənistan" xülyalarından əl çəkməyən daşnak quldur birləşmələri Andronik, Dro və Njdenin başçılığı ilə Naxçıvan, Zəngəzur və Qarabağ qəzalarının azərbaycanlı əhalisinə qarşı məqsədyönlü soyqırımı və etnik təmizləmə aparmağa başladılar. Naxçıvan əhalisinin ciddi müqavimətilə üzləşən Andronik 1918 ilin avqustunda Zəngəzur qəzasına soxularaq, yerli əhaliyə vəhşicəsinə divan tutdu. Təkcə 1918-ci ilin yayında və payızında Zəngəzurda 10.068 adam qətlə yetirildi. Zəngəzurda möhkəmlənən Andronik özünü buranın erməni qubernatoru, Gorus şəhərini isə onun mərkəzi elan etdi. Sonra isə o, Şuşaya soxulmaq və onu "Kiçik Ermənistan"ın paytaxtı etmək istəyirdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin hakimiyyətinin bütün Azərbaycan ərazisində bərqərar olması buna imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1919 ilin yanvarında Xosrov Paşa bəy Sultanovun başçılığı ilə Qarabağ general-qubernatorluğunun yaradılması haqqında qərar qəbul etdi. Azərbaycan Parlamentinin erməni fraksiyaları və Ermənistan hökuməti bu qərarı kəskin etirazla qarşıladılar. İngilis komandanlığının bu qərarı dəstəkləməsi onları daha da məyus etdi. Şatelvort 1919-cu il 3 aprel tarixli bəyanatında general-qubernator X. Sultanovun təyin edilməsinin düzgün olduğunu bildirdi və Andronikin silahlı birləşməsinin Qarabağdan çıxarılmasını tələb etdi. Daşnakların daha bir avantürası nəticəsində erməni qoşunları 1919 ilin mayında Naxçıvanı ələ keçirə və orada öz "idarəçiliyini" elan edə bilərdilər. Lakin Azərbaycan Hökumətinin həyata keçirdiyi hərbi-maliyyə tədbirləri, iyulun sonlarında apardığı uğurlu döyüşlər bu bədnam niyyətin baş tutmasına imkan vermədi. Naxçıvanın və az sonra Qarabağın erməni əhalisi Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətini tanıdı.[2]
1920-ci ilin əvvəlində daşnak Ermənistanının Qarabağda, Zəngəzurda, Gəncə və Qazax qəzalarındakı Azərbaycan torpaqlarını işğal etmək cəhdləri gücləndi. Martın 22-də, Novruz bayramı günü, erməni silahlı dəstələri qəflətən Şuşa qarnizonuna basqın etdi. Eyni zamanda, Xankəndinə və Əsgərana hücum başlandı. Qarabağdakı Azərbaycan qoşunlarının komandanı general-mayor Həbib bəy Səlimov bütün qüvvələri bu şəhərlərin alınmasına yönəldərək, Bakıdan ordunun, demək olar, bütün əsas qüvvələrinin, hətta Parlamentin mühafizə dəstəsinin də Qarabağa göndərilməsini xahiş etmişdi. Azərbaycan ordusu aprelin axırlarında Əsgəranı, Xankəndini və Zəngəzuru daşnaklardan azad edərək, respublikanın ərazi bütövlüyünü qoruyub saxladı. Lakin bu, ölkənin şimal sərhədlərinin zəifləməsinə gətirib çıxardı və 11-ci Qırmızı ordunun Azərbaycan ərazisini, demək olar ki, maneəsiz işğal etməsinə imkan yaratdı. Beləliklə, Qırmızı ordu ilə sövdələşən Ermənistan hökumətinin fitnəkar fəaliyyətini aprelin 27-də Azərbaycanın işğal olunmasının başlıca amillərindən hesab etmək olar. Daşnaklar bu faktı sonralar özləri də etiraf etmişdilər. Lakin özlərinin dünənki düşmənləri ilə daim müvəqqəti ittifaq bağlayan daşnaklar bu dəfə də aldandılar. Belə ki, sovet qoşunları Azərbaycanı işğal edəndən sonra bütün Cənubi Qafqazı, o cümlədən Ermənistanı (1920, noyabr) nəzarət altına aldılar, bununla da daşnakların hakimiyyətinə son qoyuldu.[2]
Ermənistanda
redaktəDaşnaklar Ermənistanı 1920-ci ilin noyabr ayınacan idarə edirlər bu zaman onlar demək olar ki bütün qonşuları ilə müharibələr aparır, həm Gürcüstan, həm Azərbaycan həm də Türkiyəyə qarşı ərazi iddiası irəli sürən erməni hökuməti bütün bu ölkələrə qarşı hərbi əməliyyatlar aparır. Lakin daşnak hökumətinin apardığı heç bir müharibə uğurla nəticələnmir, Türkiyə ilə apardıqları müharibə isə Ermənistanın tamam məhlubiyyəti ilə nəticələnir, bu zaman 11-ci Qızıl Orduya arxalanan erməni bolşevikləri 29 noyabr 1920-ci ildə "üsyan" qaldırır və Ermənistanı sosialist respublika elan edir. Dekabrın 2-də daşnak hökuməti öz istefasını elan edir. Dekabrın 2 dən 3 nə keçən gecə, İrəvandakı hökumətin istefa verməsindən xəbərsiz olan daşnak hökumətinin nümayəndələri, Gümridə Türkiyə hökuməti ilə müharibəyə son qoyan razılaşmanı imzalayırlar, özündə Türkiyənin maraqlarını tam əks etdirən və Ermənistanı Türkiyənin faktiki vassalına çevirən bu müqavilə, heç vaxt qüvvəyə minmədi.
18 fevral 1921-ci ildə daşnaklar üsyan qaldırır və Ermənistanda nəzarəti tam ələ alır, lakin aprelin 3 sovet ordusunun İrəvanı alması ilə üsyan yatırılır.
1923-cü ilin yanvarında İrəvanda Daşnaksutyunun Ermənistanda olan üzvlərinin toplantısında Daşnaksutyun Partiyasının Ermənistanda fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunur. Ermənistandakı məğlubiyyətindən sonra daşnaklar öz niyyətlərindən əl çəkmir və terror fəaliyyətini davam etdirir. Belə ki, Daşnaksutyun partiyasının maddi dəstəyi və təşkilatçılığı ilə, bu partiyadan olan erməni terrorçuları "qara siyahıya" saldıqları və "erməni xalqının düşmanı" elan etdikləri türk və azərbaycanlıları qətlə yetirməyə başlayır. Onlar bu qətllərin adını "Nemezis əməliyyatı" qoyur. Bu "əməliyyat" nəticəsində Tələt paşa, Camal paşa, Səid Hilmi paşa, Behbud xan Cavanşir, Fətəli xan Xoyski və digərləri qətlə yetirilir.
Daşnaklardan ibarət və onların təşkil etdikləri silahlı dəstələr
Soyuq müharibə dövründə
redaktəXX əsrin 90-cı illərinədək Daşnaksutyunun bütün fəaliyyəti əsasən Avropa, Amerika və bəzi ərəb ölkələrində cəmləşmişdi.
Qeyd etmək lazımdır ki, İkinci dünya müharibəsi zamanı Daşnaksutyun partiyasının bir çox məşhur üzvü Almaniyanın tərəfində SSRİ və müttəfiqlərə qarşı döyüşlərdə aktiv iştrak etmişdi.
Erməni diasporunun maddi imkanlarından istifadə edərək, Daşnaksutyun Avropada, Asiyada, Şimali və Cənubi Amerikada bir çox kilsə təşkilatları, gənclərlə iş üzrə təşkilatlar və erməni məktəbləri yaradır. Həmçinin Daşnaksutyun erməni diasporunun KİV-lərinin yaradılmasında və formalaşmasında da böyük rol oynayır.
Bütün bu tədbirlərlə yanaşı Daşnaksutyun Avropada və ABŞ-də güclü erməni lobbisi yarada bilir və bu erməni lobbisinin köməyi ilə bir sıra qərb dövlətlərinin parlamentlərində qondarma erməni soyqırımının tanınmasına nail olur.
1970–80-ci illərdə daşnaklar erməni terrorçularını və terror təşkilatlarını aktiv dəstəkləyirlər, bu həm maddi-mənəvi, həm də siyasi dəstək şəklində olur. Bundan əlavə aşkarlanmış faktlardan məlum olur ki, Daşnaksutyun Türkiyə və türklərə qarşı keçirilən terror aktlarının təşkilində və hazırlanmasında bilavasitə iştrak etmişdir.
Daşnaksutyun fəalları 70-ci illərdə Livanda gedən vətəndaş müharibəsi zamanı da xüsusi aktivlik göstərmiş, oradakı erməni əhalisini silahlandırmış, hərbi dəstələr təşkil etmişdir.
Müasir dövr
redaktə1980-ci illərin sonunda SSRİ-də baş qaldıran iqtisadi-siyasi problemlər Daşnaksutyunun burada aktivləşməsinə səbəb oldu, öz imkanlarından istifadə edərək Daşnaklar Avropa Amerika sonradan isə mərkəzi Sovet mətbuatında "Miatsum" ideyasını təbliğ etməyə başladılar. Lakin daşnaklar tək təbliğatla kifayətlənməyib, Ermənistana və Qarabağa silah sursat, adamlar göndərirdilər. Azərbaycan barədə təhrif olunmuş yalan məlumatların yayılmasında Daşnaksutyunun nəzarətində və yaxud təsirində olan KİV-lərdən aktiv istifadə adi hal alır. Daşnaklar gürcü-abxaz münaqişəsində də aktiv iştrak edirlər, onların iştrakı və köməyi ilə "Marşal Baqramyan adına erməni batalyonu" yaradılır, ki bu batalyon gürcü ordusuna qarşı döyüşlərdə iştirak edir.
"Daşnaksutyun" 1988-ci il Qarabağ münaqişəsində, ən son dövrlərdə çoxsaylı terror aktlarının törədilməsində fəal rol oynamışdır.[2] 1994-cü ildə Ermənistanda Levon Ter-Petrosyanın əmri ilə Daşnaksutyunun fəaliyyəti dayandırılır, bəzi üzvləri isə həbs olunur. 1998-ci ildə prezident postunda Ter-Petrosyanı əvəz etmiş, Robert Koçaryan Daşnaksutyunun fəaliyyətinə icazə verir. Bü gün Daşnaksutyun Ermənistanda aparıcı siyasi güclərdən biridir.
Daşnaksutyunun tələbləri illərdən bəri dəyişməyib, partiya əvvəllər olduğu kimi Türkiyədən qondarma erməni soyqırımını tanımağı, ermənilərə təzminat ödəməyi və Türkiyənin şərqində 7 vilayəti Ermənistana verməyi tələb edir. Azərbaycana qarşı isə ərazi iddiaları dava edir, işğal olunmuş ərazilərdən savayı daşnaklar keçmiş Şaumyan rayonunun (Goranboy rayonunun cənub hissəsi) ərazisinə və Naxçıvan muxtar respublikasının ərazilərinə iddialıdırlar.
İstinadlar
redaktə- ↑ https://www.arfd.am/eng/contact-us/.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Daşnaksutyun // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 324–327. ISBN 9952-417-14-2.
- ↑ Taşnak ve Sovyet Ermenistanı Kaynaklarında Taşnaksutyun Gerçeği Arxivləşdirilib 2008-10-18 at the Wayback Machine (türk.)
Ədəbiyyat
redaktə- Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001
- Məhərrəmov N., Daşnaksutyun və Azərbaycanın taleyi, B., 1995
- Aзepбaйджанская Демократическая Pecnyблика Б., 1998
- Наджафов Б., Лицо врага. История армянского национализма в Закавказье в XIX нацале – XX вв., кн. 1, Б., 1993
- Мамедова Л., Февраль 1917: Новая фаза подьема политического экстремизма в Азербайджане, Б., 1995
- Багирова И. С., Политические партии и организации Азербайджана в начале XX века , Б., 1997
- Шавров Н. Н., Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам, Б., 1990.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə