Emil Durkheym - Wikipedia
David Emil Dürkheym (fr. David Émile Durkheim; 15 aprel 1858[1][2][…] – 15 noyabr 1917[1][2][…], Paris[4]) — Fransa sosioloqu və filosofu, Fransa sosiologiya məktəbinin və struktur-funksional analizin banisi, sosiologiyanın müstəqil elm kimi əsasını qoyanlardan biri.
Emil Dürkheym | |
---|---|
fr. David Émile Durkheim | |
Doğum adı | David Émile Durkheim |
Doğum tarixi | 15 aprel 1858[1][2][…] |
Vəfat tarixi | 15 noyabr 1917[1][2][…] (59 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | beyin qansızması[d] |
Dəfn yeri |
|
Elm sahələri | Din sosiologiyası, etnologiya |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbəri | Emil Butru |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəEmil Dürkheym 1858–1917-ci illər arasında yaşamış və sosiologiya elminə müstəsna töhfələr vermiş dahi fransız sosioloqudur və elə buna görə də sosiologiyanın "atalarından" biri sayılır. Onun "Suicide", "Division of Labour" və "The Elementary forms of Religious Life" əsərləri tarix boyu hər bir cəmiyyətdə mövcud olmuş və indiki dövrdə də müşahidə olunan intihar, xaos, özbaşınalıq, birliyin olmaması kimi ciddi sosial problemlərə işıq tutmuş və onları anlamağımızda və həll yolları tapmaqda köməkçi olmuşdur.
Dürkheym dinin insanları birləşdirən və pis əməllərdən çəkindirən ən əsas amil olduğunu apardığı araşdırmalarla sübut etmişdir. Qısacası, cəmiyyətdəki problemlərin kökünün dinsizlik, birliyin pozulması, eqoizm və maddiyyatın mənəvi dəyərləri üstələməsindən yarandığını deyən Dürkheymin bu ideyası hələ də öz çəkisini qoruyub saxlamaqdadır və XX–XXI əsrlərdə yaşamış məşhur Amerikan sosioloqu Brayan Vilson tərəfindən də sübut olunmuşdur.
İntiharla bağlı olan tədqiqatları
redaktəEmil Dürkheymin sosiologiya və ümumiyyətlə, bütün elm aləminə verdiyi ən böyük töhfə şübhəsiz ki, onun intihar hadisələri ilə bağlı apardığı araşdırmalar olmuşdur. Dürkheymə qədər təkcə Qərbdə deyil, bütün dünyada intiharın səbəbi hər zaman intihar edən şəxsin səhhətində və psixoloji durumunda görülürdü, lakin Dürkheym kəşf etdi ki, intiharın səbəbi fərdin özündən çox onun yaşadığı ətraf mühitdə axtarılmalıdır. Dürkheym araşdırmasına müxtəlif Avropa ölkələrindəki intiharla bağlı statistik məlumatları yığaraq başladı. O tez bir zamanda gördü ki müəyyən qrup insanlar (katoliklər, qadınlar, varlı şəxslər, cavanlar) digərlərindən (protestantlar, kişilərdən, qocalardan, imkansızlardan) daha az hallarda intihara əl atırlar. Buna görə də Dürkheym intiharı sosial fakt adlandırdı. Sosial fakt insanların yaratdığı, lakin onların nəzarətindən çıxan və onlara istər-istəməz təsir edən sosial fenomenə deyilir. Məsələn, intihar hadisəsi sadə insanların nəzarətində olmayan sosial-iqtisadi və siyasi durumla olduqca sıx əlaqədədir və ətraf mühitdə baş verən dəyişikliklər insanın şəxsi həyatına da təsir edir. Sosial fakt birazdan daha dərindən açıqlanacaq. Dürkheym intiharı 2 qrupa (hər qrupun özü də 2 qrupa bölünür) ayırıb. Bir qrup cəmiyyətə inteqrasiya (l'intégration sociale) və digəri insanların mənəvi dəyərlərinin nəzarəti (regulation morale) adlanır.
- Altruistik — Cəmiyyətə olduqca sıx bağlı olan və cəmiyyətin qoyduğu qayda-qanunlara və dəyərlərə son dərəcə yüksək formada əməl edən şəxsin törətdiyi intihar altruistik intihar adlanır. Məsələn, bəzi qəbilələrdə və hətta nisbətən sivilizasiyalaşmış bölgələrdə (Hindistanın bəzi bölgələrində) qadının onun həyat yoldaşı öldüyü zaman intihar etməsi yüksək dəyərləndirilir, çünki o insanların inancına görə belə vəziyyətdə intihar etmək dini cəhətdən də qəbul edilir və digər dünyada mükafatlandırılır. Digər altruistik intihar isə digərləri uğrunda öz canından keçən insanlara aid edilir. Bu qrupa müharibə zamanı düşmənə əsir düşməkdənsə özünü öldürən və yaxud ailəsi, cəmiyyəti və digərləri uğrunda öz canına qəsd edən insanlar aiddir. Dürkheym insanı cəmiyyətə bağlayan və intihar riskini azaldan amillər olaraq din və cəmiyyətdəki dəyərləri göstərib. Dürkheymə görə dinin güclü olduğu mühitdə intiharın baş vermə ehtimalı aşağı enir, çünki din intiharı pisləyir. Bundan əlavə olaraq da dinin və dəyərlərin güclü olduğu cəmiyyətlərdə adətən insanlar arasındakı bağlar sıx olur. Bu sıxlıq fərdi insanlara çətin zamanlarda, problemlərlə üzləşən anda onları intihardan çəkindirməyə qadirdir. Belə ki, primitiv və tam müasirləşməmiş cəmiyyətlərdə insanlar bir-biri ilə daima sıx əlaqədə olurlar, problemlərini bölüşüb digərlərindən rahatlıqla məsləhət alırlar. Nəticədə də ciddi problemlə üzləşən şəxs intihardan əl çəkir. Lakin müasir cəmiyyətlərdə bu sıxlıq xeyli azaldığı üçün intihar riski çoxalır (xüsusən də ailəli və ya valideynləri və dostları olmayan insanlar intihara tez əl atırlar). İntiharın əksər dinlər tərəfindən pislənməsi də, insanları intihardan çəkindirən ünsürlərdən biridir.
- Eqoist — Dürkheymə görə əgər din və dəyərlər öz gücünü itirsə və insanların cəmiyyətlə olan əlaqəsi pozulsa, bu zaman eqoist intiharların sayı artır. Bu növün eqoist adlanmasının səbəbi odur ki, cəmiyyətlə və digərləri ilə əlaqəni itirən, həyatda məna görməyən və dini ünsürləri nəzərə almayan şəxs yalnız və yalnız problemlərdən çıxış yolunu intihara əl ataraq ölməkdə görür. Bu davranış ona görə də eqoist davranış adlanır. Bu tip intihar hadisələri müasir dövrdə tez-tez baş verir, xüsusən də insanlar arasında mehribançılığın və dinin təsirinin itdiyi cəmiyyətlərdə bu tip hallar artan tempdə müşahidə olunur. İntiharla bağlı digər kateqoriyada, insanların mənəvi dəyərlərinin nəzarəti kateqoriyasında isə Dürkheym anomik və fatalistik (şəxsi həyatın dözülməz dərəcədə başqası tərəfindən idarə edilməsi) intiharları barədə danışıb.
- Anomik — Bu söz fransız dilindən tərcümədə dəyərlərin itməsi, cəmiyyətdəki dəyərlərin, qayda-qanunların insanlar üzərindəki nəzarətinin itməsi deməkdir. Ona görə də Dürkheym çaşqınlıq, xaos, özbaşınalıq, dəyərlərin itdiyi şəraitdə baş verən intiharlara anomik adı vermişdir. Məsələn, ciddi iqtisadi, sosial və ya siyasi mənfi dəyişikliklərin müşahidə olunduğu cəmiyyətlərdə anomik intiharlar artır. Bu dəyişikliklərdən mənfi təsirlənən insanın özünə qəsd etməsi anomik intihar adlanır. Bir başqa formada desək, məsələn, varlı bir insan çox qısa zamanda müflisləşib intihara əl atırsa, bu intihar anomik adlanır, çünki o insanın həyatında ciddi mənfi dəyişiklik baş verir və bu dəyişiklik onun üçün dözülməz olur. Lakin nə qədər təzadlı olsa da, müharibə zamanı adətən özünə-qəsd halları artmır. Səbəb olaraq Dürkheym deyib ki, insanların birlik olmaq və düşmənə qalib gəlmək istəyi onları intihardan çəkindirir. Ona görə də hər mənfi dəyişikliyin intiharların sayını artırdığını demək düzgün olmazdı.
- Fatalistik — Bu tip intiharlar adətən şəxsi həyatı, dini-mənəvi düşüncələri başqası tərəfindən həddən artıq nəzarət altında olan insanlar tərəfindən həyata keçirilir. Nümunə olaraq quldarlıq dövründə yaşayan qulları göstərmək olar. Onlar şəxsi azadlıqlarını tam itirmiş insanlar idilər və quldarlar tərəfindən dözülməz həyat şəraitinə məhkum edilmişdilər və buna görə də çoxları çıxışı intiharda görürdülər.
Yekun olaraq, Emil Dürkheym insanların intihar hadisəsinə tam fərqli yanaşmalı olduqlarını göstərdi və bununla da sosial elmlərə öz misilsiz töhfəsini vermiş oldu.
Dürkheymin intiharla bağlı fikirlərinə tənqidlər elə də çox yayılmayıb. Tənqid edilən zaman isə gətirilən arqument isə adətən belə olur; bəzi intihar hadisələri bir yox, bir neçə növə aid oluna bilər. Məsələn, baş verən ciddi siyasi dəyişiklikdən sonra bir ölkədə qəddar və avtoritar rejim hakimiyyətə gəlir. İnsan həyatının bütün sahələrinə qanunsuz müdaxilə edən hökumət hakimiyyətə barbar yollarla inqilab edib gəldiyindən ölkənin iqtisadi vəziyyəti də olduqca korlanır. İmkanlı bir şəxs maddi cəhətdən müflisləşir. Onun kimi şəxslər üçün anomik (vəziyyətin mənfiyə doğru kəskin dəyişməsi) vəziyyət yaranır. Həyatları kəskin şəkildə dəyişir. Yenidən iş qurmaq isə dövlətin avtoritar, totalitar və iqtisadiyyatın milliləşdirilməsi siyasətinə görə uğursuz olur. Əvvəllər imkanlı və azad olan şəxslər artıq müflis və dövlət tərəfindən sıxılan insanlara çevrilirlər. Bütün bunlara dözməyib intihar edən şəxsin intiharını gəlin qruplaşdırmağa çalışaq. Bu intiharda 3 cür çalar var. Anomik, çünki durum kəskin şəkildə bir anda dəyişir. Eqoist, çünki sosial vəziyyətin dəyişməsi ilə insanlar özlərini cəmiyyətdən təcrid olunmuş hiss edirlər. Bir vaxtlar onlar üzərində nəzarətedici funksiya daşıyan milli dəyərlər öz gücünü itirir. Nəticədə isə insanı intihardan çəkindirən əsas amillərdən biri sıradan çıxır. Fatalistik, çünki dövlət insanların həyatına olduqca yersiz və sıx şəkildə nəzarət edir, onların azadlıqlarını əlindən alır (indiki Şimali Koreya kimi). Ona görə də, intiharların hamısı bir qrupa sığışdırıla bilməz. Hər bir intihar hadisəsini araşdıran zaman onun müxtəlif motivlərinin ola biləcəyini hər zaman yadda saxlamaq lazımdır.
Sosial faktlar
redaktəSosial fakt insanlar tərəfindən müəyyən edilmiş, yaradılmış, lakin onların həyatına (müsbət və ya mənfi) təsir edən hərəkətə, düşüncəyə və mənəvi dəyərə deyilir. Sosial fakt ilkin olaraq insanlar tərəfindən yaradılsa da, sonradan özü-özlüyündə müstəqillik qazanır və insanlar üzərində nəzarətedici qüvvəyə çevrilir. Baxmayaraq ki, zaman dəyişdikcə sosial faktlar da dəyişir, onlar bir qayda olaraq öz nəzarətedici qüvvəsini saxlayır. Nümunə ilə bu mürəkkəb görünən ideyanı sadə şəkildə açıqlamaq tam yerinə düşərdi.
Mentalitet, başqa sözlə desək, milli dəyərlər insanlar tərəfindən yaradılıb. Lakin, yaradılandan bir müddət sonra insanlar üzərində nəzarətedici qüvvəyə çevrilir və o dəyərlərə qarşı çıxmaq hörmətsizlik, tərbiyəsizlik və dəyərlərdən uzaqlaşmaq kimi qiymətləndirilir. Dəyərlərə qarşı çıxan şəxs cəmiyyət içində nüfuzdan düşür və mənfi ad qazanır. Məhz buna görə mənfi ad qazanmamaq üçün insanlar öz hərəkətlərini cəmiyyətin kriteriyalarına uyğunlaşdırırlar. Bir nüansı da vurğulamaq yerinə düşərdi ki, sosial faktlar əvvəlki nəsillər tərəfindən yaradılsa da, gələcək nəsillər üzərində də təsirini saxlayır. Məsələn, hal-hazırkı milli dəyərləri indiki nəsil, bizlər və sizlər deyil, bizdən neçə illər qabaq yaşayan baba-nənələrimiz yaratmışlar. Cəmiyyət hər bir fərdin həyatının demək olar bütün sahələrinə təsir edir (ictimaiyyət içində hərəkətindən tutmuş ailə daxili vəziyyətə kimi). Lakin müasir dövrdə vəziyyət Dürkheymin yaşadığı dövrdən xeyli fərqlidir. Dürkheymin yazdığı dövrlərdə insanlar indiki dövrdən daha sıx əlaqədə yaşayırdılar, həyat tərzləri bir-birinə bənzəyirdi, dinin və milli dəyərlərin təsiri daha güclü idi, baxmayaraq ki, o dövrdə Fransada siyasi inqilablar və dəyişikliklər insanların həyatına çox mənfi təsir etmiş və milli dəyərlərin zəifləməsinə gətirib çıxarmışdır.
Yuxarıda qeyd edildiyi kimi, sosial faktlar insanların hətta şəxsi həyatına da təsirsiz ötüşmür və bunu müqayisə apararaq açıq-aydın şəkildə görmək olar. Qərbi Avropa və Yaxın Şərq xalqlarının qadınlara olan münasibəti bir-birindən fərqlidir. Qərbi Avropada ailələrdə adətən qadın və kişi hər ikisi də işləyirlər və bu hal bütün cəmiyyətdə normal qarşılanır. Avropalı qadınlar daha azaddırlar və qanun tərəfindən də həm qorunur, həm də dəstəklənirlər. Baxmayaraq ki, bu xalqlar da tarixən qadınların haqqlarını tapdalayıblar, onlar uzun bir müddətdən sonra qadınlara da azadlıq veriblər və son onilliklər ərzində də qadınları müdafiə edən saysız-hesabsız qanunlar qəbul olunub. Lakin Yaxın Şərqin əksər hissələrində həm dinin, həm də mədəniyyətin təsirindən qadınlar hələ də Avropadakı həmcinsləri kimi azadlıq tapmayıblar. Məsələn, İran və Səudiyyə Ərəbistanında qadınlar hicabsız ictimai yerlərə çıxa bilməzlər. Səudiyyə Ərəbistanında qadınlara hətta maşın sürməyə də qanun tərəfindən qoyulmuş qadağa bu yaxınlarda aradan qaldırılıb. Yaxın Şərq ölkələrində qadınlar siyasətdən də uzaqdırlar. Bir sözlə, tarix boyu mövcud olan dəyərlər qanunlara da ciddi təsir etmişdir və insanların şəxsi seçimlərinə və həyatlarına də təsir edib və edəcəkdir. Sosial faktlara dair digər nümunələrə isə müəyyən cəmiyyətdə insanların istər-istəməz keçirdikləri tədbirlər (dini, toy, yas mərasimləri) və həyat tərzini aid etmək olar. Bir cümlə ilə desək, sosial faktlar insanları formalaşdıran ən güclü ünsürlərdən biridir.
Əmək bölgüsü
redaktəƏgər qəbilələrdən özgə istənilən cəmiyyətin təkamül tarixinə nəzər yetirsək, görərik ki, cəmiyyət arasındakı iş bölgüsü zaman keçdikcə qət edilən inkişaf yolu ilə birgə dəyişmişdir. Başqa bir yolla desək, inkişaf olduqca insanlar arasındakı iş bölgüsü də dəyişmişdir. Dürkheymin bu sahəni tədqiq etməsinə əsas verən stimul onun cəmiyyətlərin hansı yollarla bir cəmiyyət kimi mövcud ola bilməsini öyrənmək istəyi olub.
Apardığı tədqiqatlar nəticəsində Dürkheymin gəldiyi yekun fikir o olub ki, primitiv və müasir cəmiyyətlər baxmayaraq ki, birlik halında yaşayıblar, bu birliyin yaranmasındakı səbəblər tamamı ilə fərqlidir. Dürkheym primitiv cəmiyyətdəki birliyi mexaniki, müasir-sənaye tipli cəmiyyətdəki birliyi isə orqanik adlandırıb. Primitiv cəmiyyətdə insanlar bir-biri ilə sıx əlaqədə yaşayırdılar. Demək olar , ki hərkəsin yalnız bir işi var idi, o da aqrar iş (mal-qara saxlamaq, əkib-biçmək, ovlamaq) idi. Əksər insanların məqsədi eyni idi; gündəlik dolanışı təmin etmək. Çətin zamanlarda bir-birlərinə yardım edir və qoruyurdular. Tez-tez keçirilən dini rituallar zamanı bir yerə yığışıb önəmli məsələləri müzakirə edir və eyni zamanda bir daha necə birliyin olduğunu görürdülər. Lakin, nə qədər təzadlı səslənsə də, insanlar arasında asılılıq olduqca aşağı idi. Çünki insanlar sadə işlərlə məşqul idilər, hər ailə öz ehtiyacını özbaşına ödəyə bilirdi. Aşağı dərəcəli asılılığa baxmayaraq, insanlar cəmiyyət kimi yaşayırdılar, çünki onları sosio-iqtisadi və maddi ünsürlər yox, mənəvi və dini dəyərlər bağlayırdı. Bundan əlavə olaraq yaşayış tipi (evlərin bir-birinə yaxın olması, iş yerlərinin bir çox hallarda eyni yer olması) də onları qaçınılmaz olaraq bir-biri ilə cəmiyyət formasında yaşamağa sövq edirdi. Lakin, əhalinin sayı çoxaldıqca və yeni ərazilər kəşf edildikcə insanların yaşayış coğrafiyası genişləndi. Artıq insanlar sıx ictimai şəraitdə deyil, bir-birindən daha uzaq məsafələrdə yaşamağa başladılar.
Mənbə
redaktə- Durkheim, Emile (1897) Suicide (İntihar).
- Rob Stones: Key Sociological Thinkers (2012 ikinci cild). London, Palgrave Macmillan
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Émile Durkheim // Internet Philosophy Ontology project (ing.).
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 https://www.persee.fr/doc/inrp_0298-5632_1985_ant_2_1_2615.
- ↑ 1 2 Дюркгейм Эмиль // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Xarici keçidlər
redaktə- Emil Durkhaym — fəlsəfi baxışlar. Biblioqrafiya. Deyimlər Arxivləşdirilib 2009-03-02 at the Wayback Machine.
- E. Durkhaymın "Norma və patologiya" əsər gumer.info saytında
- E. Durkhaymın "Sosial element və intihar" əsəri gumer.info saytında