Elxanilerin Qarabag Dirhemi - Wikipedia
Elxanilərin Qarabağ dirhəmi — Elxanilər dövlətində Qarabağda zərb edilən gümüş dirhəm.
Ümumi məlumat
redaktəAMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda[1] Elxanilər (1256–1358) dövrünə aid materiallar sırasında hicri 750 = 1349-cu ilin Qarabağ gümüş dirhəmi qorunur.
Səciyyəvi xüsusiyyətləri
redaktə1,18 q çəkili gümüş dirhəmin üst tərəfindəki ellipsvari kartuşda, birinci sətirdə ərəbcə: "sultan", ikinci sətirdə uyğurca: "Ənuşirvan", 3-cü sətirdə: "hakimiyyəti davamlı olsun"; kartuşun kənarı üzrə, yuxarıda ərəbcə: "Qarabağda zərb edilib, yeddi yüz əllinci ildə"; arxasında mərkəzdə dördbucaqlı kartuşda, 3 sətirdə: "Allahdan başqa ilah yoxdur, Muhəmməd Allahın rəsuludur", ətrafında 4 xəlifə adları: "Əbubəkr / Ömər / Osman / Əli" sözləri zərb edilmişdir.
İstehsal yerləri və dövriyyəsi
redaktəƏnuşirvanın (745–756 = 1344–1356) hakimiyyəti dövründə zərb edilmiş bu gümüş dirhəmdə şəhər adı deyil, inzibati ərazi adı həkk edilmişdir. Qarabağ inzibati ərazi adı ilə fəaliyyət göstərən bu zərbxananın uyğun dövrdə strateji və hərbi əhəmiyyətli Bərdə, Gəncə, Beyləqan şəhərlərində olduğu söylənə bilər. Ənuşirvan dövründə gümüş dirhəmlərin ilkin çəkisi 1,43 q olsa da, hakimiyyətinin sonunda 0,87 qrama enmişdir ki, bu da Elxanilərin qonşu dövlətlərlə olan uzunmüddətli döyüşləri, həmçinin dövlət idarəçilində olan daxili çaxnaşmalar, təsərrüfat həyatının və istehsal qüvvələrinin zəifləməsi ilə izah edilə bilər. Numizmatik faktlara əsasən, hicri 757 = 1356-cı ildən Azərbaycan da daxil olmaqla digər ərazilərdə Ənuşirvanın adından gümüş dirhəmlərin zərbi dayandırılmışdır. Növbəti ildən etibarən Qızıl Orda xanı Cani bəy (1341–1357) Elxanilər dövlətindəki gərgin siyasi vəziyyətdən istifadə edərək Azərbaycana hücum etmiş, elxani xanı Məlik Əşrəf (1344–1357) Xoy şəhərində qətlə yetirilmiş, bir müddət sonra isə Ənuşirvan dünyasını dəyişmişdir. Elxanilər dövründə Qarabağ dirhəmlərindən əlavə həm də tarixi Azərbaycanın digər şəhərlərində (Təbriz, Qəzvin, Ərdəbil, Şirvan, Marağa, Naxçıvan, Şərur, Tovuz, Şabran, İrəvan, Ani, Həmədan, Bərdə, Gəncə, Beyləqan, Biləsuvar, Gəştaspi, Tiflis və b.) gümüş dirhəmlər zərb edilmişdir. Numizmatik faktlara əsasən, uyğun dövrdə anonim dirhəmlər, qızıl dinarlar və mis felslər istehsal də edilmişdir.[2]
İstinadlar
redaktə- ↑ "Numizmatikа Elmi Fоnd Şöbəsi". 2020-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
- ↑ "Bakı, 25 iyul, AZƏRTAC". 2020-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.