Ellinizm Felsefesi - Wikipedia
Ellinizm fəlsəfəsi (IV - I yüzilliklər) — Aristoteldən sonra qədim yunan fəlsəfəsinin növbəti inkişaf mərhələsi.
Ellinizm dövrü m. ö. 338 ildə Makedoniyanın Yunanıstan üzərində qələbə əldə etdiyindən sonra başlamışdır. Bu qələbədən sonra Makedoniyalı İskəndər Əhəmənilər dövlətini darmadağın edərək bütün Yaxın Şərq, Misir və Orta Asiyanın bir hissəsinin hökmdarı olmuşdur. Ancaq, İskəndərin ölümündən sonra onun yaratdığı imperiya dağılmış və onun ərazisində bir neçə dövlət yaranmışdır. Bu dövlətlərin ən böyükləri və nüfuzluları Selevkoslar (Orta və Yaxın Şərqdə) və Ptolemeuslar (Misirdə) olmuşdur.
Ellinizm dövrü özünə məxsus mədəniyyəti ilə seçilmişdir. Bu mədəniyyət yunan dünyagörüşü, fəlsəfəsi və elminin Yaxın və Orta Şərq mədəniyyətləri ilə qarışması nəticəsində yaranmışdır. Makedoniyalıların böyük ərazilər və xalqları istila etməsindən sonra həmçinin, müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqələri güclənmişdir.
Yunanlar ellinist dövlətlərində azlıqda idilər və yerli əhali ilə qarışmışdılar. Ancaq, buna baxmayaraq müxtəlif xalqları yunan mədəniyyəti və fəlsəfəsi ilə tanış etmişdilər. Yunan dili və dünyagörüşü uzun müddət Avropa və Asiyada hakim mövqelərini saxlaya bilmişdir. Eyni zamanda, Yaxın və Orta Şərq mədəniyyəti və dünyagörüşü də qarşılıqlı olaraq yunanlara güclü təsir etmişdir.
Dövlət quruculuğunda ellin dövlətləri quldarlıq demokratiyasına son qoymuş və monarxiya (krallıq) quruluşunu gətirmişdilər. Ellin dövlətləri krallar tərəfindən idarə olunurdu. Həmin dövrdə müxtəlif elmlər surətlə inkişaf edirdi. Misirin İskəndəriyyə şəhəri dünyanın ən böyük və əhəmiyyətli elmi mərkəzlərdən birinə çevrilmişdir. Ptolemeuslar sülaləsi elmlərin inkişafına böyük önəm verirdilər. İskəndəriyyədəki elmi mərkəz “Museyon” (yun. Μουσεῖον) adlanırdı. Museyonda məşhur kitabxana var idi. Bu kitabxanada qədim dünyanın elmi və fəlsəfi fikrini əks etdirən kitablar toplanmışdı.
Roma imperiyasının güclənməsi Ellinizm dövrünə son qoymuşdur. Fəlsəfənin növbəti inkişaf mərhələsi Roma ilə bağlı olmuşdur.
Ellinizm dövründə fəlsəfi məktəblər fəaliyyət göstərmiş, qədim yunan fəlsəfi irsinin ənənələri inkişaf etdirilmişdir.
Məktəblər və əsas nümayəndələri
redaktəErkən dövr
Orta dövr
Mənbə
redaktə- Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 119-122.