Elektroerrozion Usulu - Wikipedia
Elektroerrozion üsulu- mexaniki emala tamamlayıcı bir üsul olub elektrik keçirən hissələrin hazırlanmasında tətbiq olunur. Mürəkkəb metallik hissələrin hazırlanmasında bu üsulun yeri əvəz olunmazdır. Çünki, frezləmə üsulunun tətbiqi verilən hissənin həndəsəsindən asılıdır. Böyük dərinlikdə (> 200 mm) yerləşən mürəkkəb konturların effektiv frezlənməsi alətin uzunluğunun məhdud olmasına görə və ya da dəqiqlik baxımından mümkün deyildir. Belə səthlərin emalını elketroerrozion üsulu ilə aparmaq əlverişlidir. Bu üsulun ən çox tətbiq olunduğu sahə dəmir tərkibli metal formaların hazırlanmasıdır.
Elektroerrozion üsulunda metalların emalının iki variantını göstərmək olar:
- elektrodla emal;
- məftillə emal.
Bü iki kəsmə variantını birləşdirən onların eyni fiziki prinsipə malik olmasıdır. Elektroerrozion üsulu ilk dəfə olaraq rus alimləri Lazarenko B.R. və Zolotıx B.N. tərəfindən ixtira edilərək, onun elekrtotermiki nəzəriyyəsi işlənmişdir. Prosesin iş prinsipi emal olunan səthlərin elektrolit bir mühitdə erroziyasına, yəni aşınmasına əsaslanır. Proses zamanı elektrodlar rolunu oynayan, elektrikkeçirici materialdan olan pəstah və alət arasında tsiklik olaraq elektrik yükləmə və boşalma nəticəsində aşınma prosesi baş verir. Proses üç mərhələdən ibarətdir: başlanğıc, yükləmə (b), və boşalma (c) (şəkil).
Başlanğıc fazası
Elektrodlar – pəstah (-) və alət (+), bir-birindən müəyyən məsafədə elə yerləşdirilir ki, cərəyanla təmin oldugda onlar arasında cərəyan sahəsi yaransın. Onlar dielektrik məhlulda yerləşdirilir. Elektrodlardan cərəyan axan zaman onların arasında, bir-birinə ən yaxın olan yerlərdə elektrik yükləri – elektronlar (-) və ionlar (+) toplanırlar. Yüklü hissəciklərin sayı çoxaldıqdan sonra elektrodlar arasında körpü yaranır (şəkil 2a). Beləliklə, onların arasında cərəyan axını başlayır. Mənfi elektronların alətə, ionların isə pəstaha tərəf hərəkəti güclənir. Axın zamanı həyacanlanmış elektronların bir-biri ilə toqquşması nəticəsində kinetik enerji istilik enerjisinə çevrilir. Bunun nəticəsində işçi zonada yerləşən dielektrik buxarlanır və elektrodlar arasında plazma gazbuxarları şəklində yükləmə kanalı yaranır. Bu, proses zamanı yaranan qığılcım şəklində özünü büruzə verir.
Yükləmə fazası
Artan cərəyan nəticəsində elektrodlar arasında yaranmış kanal daha da genişlənir. Dielektrikin özlülüyü nəticəsində yaranmış kanal sağ və sol tərəflərdən sıxılaraq elektrodlara tərəf yönəldilir (şəkil 2b). Cərəyan alət və pəstahla kontakta girdiyi yerlərdə onun şiddəti yüksəlir. Belə ki, bu yerlərdə temperaturun artması nəticəsində yerli ərimə və materialın buxarlanması baş verir. Müəyyən vaxtdan sonra yükləmə prosesi tarazlaşır.
Boşalma fazası
Növbəti addımda cərəyan verilməsi dayandırılır. Bu zaman, kənar enerji yox olduğundan işçi zonada yerləşən hissəciklər malik olduqları yüksək enerjinin hesabına kənara atılırlar. Bərkimiş hissəciklər dielektrik vasitəsilə kənara nəql edilir. Göstərildiyi kimi, cərəyanın pəstahla kontakt qövsü yaratdığı yerlərdə aşınma nəticəsində məsamələr yaranır. Prosesi bir neçə dəfə dalbadal təkrar etməklə pəstahın verilmiş səthində müəyyən materialın məqsədyönlü çıxarılmasına nail olmaq olur. Boşalma işçi zonasının yüklənmiş ionlardan tam azad olunmasına qədər davam edir.
Mənbə
redaktə- Лазаренко, Б.Р., Лазаренко, Н.И. Электро-эррозия металлов. Госэнергоиздат. М., 1944.
- Zolotych, B.N. Physikalische Grundlagen der Elektrofunkenbearbeitung von Metallen. SVT 175 VEB-Verlag Technik, Berlin 1955
- R.Əliyev. Sürətli hazırlama texnologiyasının mütərəqqi üsulları. Bakı "Elm", 2005.