Diryan - Wikipedia
Diryan və ya Dıryan — Azərbaycan Respublikasının Lənkəran rayonunun Gəgiran inzibati ərazi vahidində kənd.[1]
Kənd | |
Diryan | |
---|---|
38°51′00″ şm. e. 48°37′05″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
İqtisadi rayon | Lənkəran iqtisadi rayonu |
Rayon | Lənkəran rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 102 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 878 nəfər (2019) |
Milli tərkibi | talışlar |
Rəsmi dili | Azərbaycan dili |
Toponimiyası
redaktəDiryan talış dilində Dıryon adlanır. Diryan Dıryonun Azərbaycan dilinə transliterasiyasıdır. Dıryon/Diryan Lənkəranın qeyri-şəffaf toponimlərindən hesab olunur.
Diryan toponiminin izahı ilə bağlı müxtəlif mülafizələr vardır. Böyükağa Hüseynbalaoğlu və Mirhaşım Talışlı Diryanın talış dilində "iki kənd arasında" mənasını verdiyini qeyd edirlər.[2] Musarza Mirzəyev Diryanın talışca Deron, "deği ron" sözündən yaranıb "Değə gedən yollar" (Değ Lerik rayonunun mikroregionlarından olan Dırığın talış dilində işlənən adıdır) və eyni zamanda "iki yol" mənalarını verdiyini yazır.[3] İshaq Axundov toponimin mənasını "iki cığır arası" kimi izah edir.[4] "Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti" kitabında yazılır: "Oykonimin düzgün yazılışı "Düruon" olmalıdır. Toponim talış dilindəki dü "iki", ru "çay" sözlərindən və cəmlik bildirən "on" şəkilçisindən ibarətdir (ikiçayarası kəndi)".[5] "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti" kitabında isə kəndin adı Dıryan kimi qeyd edilmiş və Dıryanın talış dilində Dırion sözündən yaranıb, "iki yol" mənasında olduğu güman edilir.[6] Göründüyü kimi Diryan toponiminin izahı ilə bağlı yekdil fikir yoxdur. Toponim talış dilində gah "iki kənd arasında", gah "Değə gedən yol", gah "iki cığır arası", gah "ikiçayarası", gah da "iki yol" mənalarında izah olunmuşdur.
Daha çox yayılmış fikrə görə, toponim Dıruon sözündən yaranmış, sonralar Dıruon fonetik dəyişikliyə uğrayaraq Dıryon şəklinə düşmüşdür. Dıruon talış dilində dı – "iki", ru – "çay" sözlərinin və "on" – lar şəkilçisinin birləşməsindən yaranaraq "iki çaylar", "iki çay arası" mənasını verir. Toponim coğrafi reallığı da özündə əks etdirir. Beləki, kəndin ərazisindən Masyon çay, Gəgiran çay və Hırsal çay axır. Masyon, Gəgiran və Hırsal çayları Diryanda Ulum çay adı altında birləşmişlər. Kənd də bu çayların arasında yerləşir. Bu çayların qovuşduğu yer Suqovuşanı (Sabirabad rayonunda Kürlə Arazın qovuşduğu yer), Diryan isə Mesopotamiyanı (yunan dilində İkiçayarası; Dəclə-Fərat çaylar) xatırladır.
Coğrafiyası
redaktəDiryan kəndi Lənkəran şəhərindən 34 km şimal-qərbdə, Talış dağlarının qoynunda yerləşir. Cənubdan Günəhir, qərbdən Jidi kəndləri, şimaldan dağlar, şərqdən meşə zolaqları ilə əhatələnmişdir.
Diryan kəndi Gəgiran kənd inzibati ərazi dairəsinin və Gəgiran bələdiyyəsinin tərkibindədir. Gəgiran kənd inzibati ərazi dairəsi hazırda Gəgiran, Diryan və Jidi kəndlərini əhatə edir. Vaxtilə Tüədo, Köhnə Gəgir, Günəhir, Türkəncil, Bəliton, Horavenc, Şivlik və Qodəsə kəndləri də Gəgiran kənd inzibati ərazi dairəsinin tərkibində olmuşdur. İnzibati ərazi dairəsi Gəgiran adlansa da, ərazi dairəsi üzrə nümayəndəlik Gəgiranda deyil, Diryanda yerləşir. Buna səbəb Diryanın coğrafi mövqeyinə görə əlverişli yerdə yerləşməsidir.
2000-ci ilin yanvarında Diryanda bələdiyyə yaradılmışdır. Bələdiyyənin ilk sədri Əzizağa Fərzullayev olmuşdur. Diryan bələdiyyəsi 2010-cu ilə qədər fəaliyyət göstərmişdir. 2010-cu ildə Diryan və Tüədo bələdiyyələri Gəgiran bələdiyyəsinə birləşdirilmişdir. Gəgiran bələdiyyəsi Gəgiran, Jidi, Diryan, Tüədo və Köhnə Gəgir kəndlərini əhatə edir. Bələdiyyə binası Gəgiranda yerləşir.[mənbə göstərin]
Tarixi abidələri
redaktəDiryan Lənkəran rayonunun qədim tarixə malik kəndlərindən biridir. Burada Cəbləkon, Şonakon və Ulum kimi tarixi yerlər mövcuddur. Rus alimi Q.F.Çursinin 1926-cı ildə çap olunmuş "Talışlar" kitabında [7] bir neçə dəfə Diryan (rus. Дерьян) kəndinin adı çəkilmişdir. Müəllif kitab üçün materialların müəyyən hissəsini Diryanda toplamışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən kənddə 4844 invertar sayı ilə XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi ləm qeydə alınmışdır. Unikal memarlıq abidələrindən sayılan həmin ləm uçub-dağıldığından bu gün ondan əsər-əlamət qalmamışdır.
Ərazisi
redaktəƏrazisi 515 hektardır.
Kənd Lənkəran rayonunun 93 yaşayış məntəqəsi sırasında əraziyə görə 21-ci yerdə durur.[mənbə göstərin]
Əhalisi
redaktəBakı quberniyasının Lənkəran qəzası üzrə əhalinin 1859-cu ilə dair kameral siyahıyaalınması zamanı kənddə 21 ev və 90 nəfər (kişi 56, qadın 34) əhali qeydə alınmışdır. Kənddə 1990-cı ildə 585 nəfər, 1999-cu ildə 710 nəfər, 2009-cu ildə 768 nəfər, 2013-cü ildə isə 812 nəfər yaşamışdır. 2019-cu ildə əhalisi 878 nəfər olmuşdur.
Kənd Lənkəran rayonunun 93 yaşayış məntəqəsi sırasında əhaliyə görə 60-cı yerdə durur.
Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Maldarlıq daha mühüm yer tutur. Sovet dövründə kənddə əvvəl "1 May" kolxozu, daha sonra isə Füzuli adına sovxoz fəaliyyət göstərmişdir. Füzuli adına sovxoz Diryan kəndindən başqa Gəgiran (Jidi kəndi 1999-cu ilə qədər Gəgiran kəndinin məhəlləsi sayılmışdır), Tüədo və Köhnə Gəgir kəndlərini də əhatə etmişdir. Füzuli adına sovxozun əhatə etdiyi kəndlər dağlıq ərazi olduğundan burada əkinə yararlı torpaqlar azlıq təşkil etmişdir. Məhz buna görə də rayonun Marso (indiki Ürgə) kəndi ərazisində "28 Aprel" sovxozu (Günəhir, Türkəncil, Bəliton, Horavenc, Şivlik, Qodəsə kəndləri) ilə yanaşı Füzuli adına sovxoz üçün də yer ayrılmışdır. Sovxoz tərəvəzçilik, çayçılıq və heyvandarlıq üzrə ixtisaslaşmışdır. 1978-ci ilə qədər kənddə həmçinin taxıl da əkilmişdir. Sovxozun çay plantasiyaları və fermaları Diryan, Gəgiran, Tüədo və Köhnə Gəgir kəndlərində, tərəvəz sahələri isə Marsoda yerləşmişdir. Füzuli adına sovxozun 1987-ci ildə illik tərəvəz planı 2130 ton, çay planı isə 170 ton olmuşdur. Füzuli adına sovxozun inkişaf dövrü Xanı Kazımovun adı ilə bağlı olmuşdur. Xanı Kazımov 30 ilədək təsərrüfata rəhbərlik etmişdir. Müstəqillik qazandıqdan sonra, 1997-ci ildə Azərbayanda həyata keçirilən aqrar islahatlara əsasən kolxoz-sovxoz mülkiyyəti ləğv edilərək onların mülkiyyətində olan torpaqlar pay bəlli torpaq sahəsi kimi pulsuz olaraq kəndlilərə paylanılmışdır.
Sosial obyektlər
redaktəDiryan kəndində sosial obyektlərdən tam orta məktəb, uşaq bağçası, feldşer-mama məntəqəsi, məscid, mağaza-dükanlar, bərbərxana fəaliyyət göstərir. 2016-cı ilə qədər kənddə klub və kitabxana da fəaliyyət göstərmişdir.
Din
redaktəKənddə Diryan kənd məscidi dini icması fəaliyyət göstərir.[8]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- ↑ Böyükağa Hüseynbalaoğlu, Mirhaşım Talışlı. Lənkəran. Bakı: 1990, səh. 301.
- ↑ Musarza Mirzəyev. Talış toponimlərinin qısa izahlı lüğəti. Bakı: 1993, səh. 19.
- ↑ İshaq Axundov. Xatirələrimdə yaşayan Lənkəran. Bakı: 1989, səh. 78.
- ↑ Budaq Budaqov, Nadir Məmmədov. Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti. Bakı: 2007, səh. 27.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 164.
- ↑ Г.Ф.Чуршин. Талыши (этнографические записки). Тифлис, 1926, Т. IV
- ↑ Müsəlman dini icmalar - 2017-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)