Dirsekli Val - Wikipedia
Dirsəkli val bir və ya bir neçə dirsəkdən və yastıq oturdulması üçün eynioxlu boğazlardan ibarət valdır. O, çarxqollu-sürüngəc mexanziminin tərkib hissəsi kimi tətbiq olunaraq sürgü qolundan verilən itələmə hərəkətini fırlanma momentinə çevirir.
Dirsəkli valların ilk tətbiqinə qədim Romadakı Hierapolis mişar dəyirmanında rast gəlinir (III əsr). Bu maşın fırlanma hərəkətini sürgü qolu və disrəkli valın köməyi ilə düzxətli hərəkətə çevirirdi.
Quruluşu
redaktəDirsəkli valın dirsəyindəki boğazda sürüngəc oturdulur. Sürüngəcin oxu valın oxuna nisbətən sürüşdürülmüş hazırlanır. Valı gövdədə oturtmaq üçün onun uc hissələrində yastıqaltı səthlərdən ibarət boğazlar nəzərdə tutulur. Sürüngəc və valın birləşdiyi yerlərdə tətbiq olunan sürtünmə yastıqlarında yağlamanın təsirini gücləndirmək üçün dirsəkli valların xarici səthləri ilə təmas səthləri arasında deşiklər açılır. Bəzi hallarda sürüngəc valla diyirlənmə yastığı ilə birləşdirilir. Burada yastıqların təzyiq altında yağlanması məcburi deyil. Valın yerləşdiyi gövdənin daxilində yaradılmış yağ buludu belə yastıqların kifayət qədər yaxşı yağlanmasını təmin edir.
Dirsəkli valın yüksək dövrlər sayında səlis işləməsini təmin etmək üçün çox vaxt valda əks tarazlaşdırıcı kütlə nəzərdə tutulur. Dirsəkli vallar porşenli daxili yanma mühərriklərində, nasoslarda, dəmirçi presslərində və ona oxşar maşınlarda tətbiq tapır. Porşenli maşınlarda dirsəklərin sayı silindrlərin sayına uyğun olur. Onların quruluşu isə iş tsiklindən, maşının stabilliyi və silindrlərin vəziyyəti ilə müəyyən olunur. Dirsəkli vallar karbonlu və legirli poladlardan, yüksək keyfiyyətli çuqundan tökmə və döymə yolu ilə əldə edilir. Bu valların ölçüləri boyuk qurğularda bir neçə metr uzunluğunda ola bilir.
İstinadlar
redaktə- Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.