Denudasion Proses - Wikipedia
Denudasiya (lat. Denudatio - "çılpaqlaşma") — Yer səthində süxurların su, külək, buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq sahələrə aparılması proseslərinin məcmusu. Yer səthi relyefinin dəyişilməsində və yeni relyef formalarının əmələ gəlməsində denudasiyanın rolu böyükdür. O, süxurları parçalayıb dağıdaraq relyefi alçaldır, hamarlayır, dağlıq sahələri denudasion düzənliklərə (peneplenlərə) çevirir. Denudasiya prosesinə aşınma, eroziya, abraziya, korroziya, deflyasiya kimi proseslər daxildir.
Denudasion proses
redaktəDenudasion proses aşınma məhsullarının daşınmasıdır. Prosesin başlıca hərəkətverici qüvvəsi ağırlıq qüvvəsidir. Bu qüvvə birbaşa və yaxud müxtəlif mütəhərrik mühitlərin vasitəsilə yaranır. Denudasion proses dar mənada müəyyən bir səthin yuyulması və qravitasion hərəkətlər vasitəsilə aşınma materiallarının daşınması kimi başa düşülür. Geniş mənada isə denudasion proses aşınma məhsullarının aparılması və sonradan onların təbii meyil bucağı az olan səthlərdə toplanması proseslərinin məcmusudur. Denudasion proses xətti, lokal və ya səthi və sahəvi ola bilər: sonuncu halda aşınma hər hansı bir lokal sahədə cəmləşmir (səthi yuyulma, qravitasion yerdəyişmə, qitə buzlaqlarının, küləyin fəaliyyəti). Xətti, lokal denudasion proses, denudasion amillərin Qravitasion relyef forması yerdəyişmə, axar sular, vadi buzlaqları və b. fəaliyyəti) təsiri altında baş verir. Denudasion proses intensivliyi yeni tektonik hərəkətlərin intensivliyi və istiqaməti, habelə iqlim və süxurların aşınmaya davamlılığı ilə müəyyən edilir. Sonuncu halda selektiv Denudasion proses adlanır.[1]
Amillər
redaktəDenudasion amillər ağırlıq qüvvəsinin təsiri altında aşınma məhsullarının yerdəyişməsi və daşınması morfogenezinin ekzogen amilləri. Denudasion amillər iki cür olur: 1. Yerüstü Denudasion amillər təsiri altında skulptur relyef (aşınmış relyef) əmələ gəlir. Bu amillərə aşağıdakılar aiddir: qravitasia hərəkətləri (yerdəyişmə), Eroziya, karst, suffoziya, nivasiya, ekzarasiya, abraziya, Deflyasiya, korroziya; orqanizmlərin fəaliyyəti ilə daşınma, insan fəaliyyəti ilə süxurların çıxarılması və nəql edilməsi. 2. Sualtı - qravitasion yerdəyişmə (sürüşmə), su axınları ilə yuyulma (daimi, qabarma-çəkilmə), sunami dalğaları ilə yuyulma, bulanıq axınlarla (suspenziya) yuyulma.
Denudasion düzənlik
redaktəDenudasion düzənlik tektonik qalxmış ərazilərdə müvəqqəti və ya uzunmüddətli denudasion proseslərin üstünlük təşkil etdiyi şəraitdə əmələ gəlmiş düzən səth. Düzlənmə sahəsinə (Denudasion düzənlik) özünün düzlənmiş akkumulyasiya sahəsi uyğun gəldikdə denudasion düzənlik poligenetik düzlənmə səthinin bir hissəsini təşkil edir. Denudasion proseslərin tektonik proseslər üzərində qısamüddətli üstünlüyü şəraitində - pediplen, uzun müddətli olduqda isə - Peneplen əmələ gəlir. Daşınma sahəsinin quruluşundan asılı olaraq denudasion düzənlik, bünövrənin yer səthinə çıxan dislokasiyaya məruz qalmış süxurlarından və ya platforma örtüyünün, demək olar ki, üfüqi yatan süxurlarından əmələ gələ bilər. Birinci halda denudasion düzənlik kürsülü, ikinci halda isə laylı düzənlik adlanır. Sinonium: Skulptur düzənlik.
Denudasion (erozion) dağlar
redaktəDenudasion (erozion) dağlar adətən kəskin və dərin parçalanmış, mütləq hündürlüyü yüz və hətta min metrlərə çatan, laylı düzənlərin və platoların parçalanması nəticəsində əmələ gələn dağlardır. Məsələn, Üstyurt platosu və b. suayrıcılarında platonun düzən səthinin, xüsusən bərk süxurlarla örtülmüş hissəsinin qalığı mühafizə olunduqda denudasion dağlar yastı dağlar, "şahid" dağlar və ya yastı qalıq qaya adlanır.
İstinadlar
redaktə- ↑ Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı: Elm: 2008.
Mənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.