Duzqanadlilar - Wikipedia
Düzqanadlılar (lat. Orthoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi.
Düzqanadlılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Koqorta: Ranqsız: Maqndəstə: Dəstəüstü: Ranqsız: Dəstə: Düzqanadlılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Xarici quruluşu
redaktəTam çevrilməyən cücülər arasında düzqanadlıların xüsusi yeri var. Bunlar çox iri və ya orta ölçülü olurlar. Başı sallanan və ya hətta çarpaz alınlı olub, az hallarda irəli yönəlmişdir, proqnatikdir. Ağız orqanları gəmiricidir. Gözləri iri, adətən ovaldır, üç gözcüyü olur. Bığcıqları uzanmış, əksər hallarda sapşəkilli və ya qılşəkilli, eləcə də qılıncşəkilli və ya sancaqşəkilli, nadir hallarda başqa formada olur. Bəzən gödək, 10-30 buğumlu, bəzi hallarda bədəndən uzun və ya bir qədər qısa olur (şalakimilər, sisəykimilər). Döşü iridir, orta və arxadöş kip birləşmişdir. Qanadları iki cütdür: ön cüt daha möhkəm və ensiz olub qanadüstünə çevrilmişdir. Uçuşda məhdud iştirak edir. Arxa qanadlar zarşəkillidir, sakit halda yelpik kimi yığılır. Qısa qanadlı və tamamilə qanadsız formaları da vardır. Ön ayaqları – adi, yeriyici, seyrək hallarda qazma funksiyası daşıyır. Şalalar və sisəylərin ön baldırında timpanal eşitmə orqanları yerləşmişdir. Arxa ayaqlar sıçrayıcıdır. Buna görə də düzqanadlıları bəzən sıçrayan cücülər də adlandırırlar. Qarıncığı uzanmış, silindrik, 10 buğumlu, serklidir. Aşağıdan qarıncıq 8 və 9 buğumlu görünür, çünki 1 və ya 2 sternit reduksiyaya uğramış olur. Bir çox çəyirtkəkimilərdə qarıncığın birinci seqmentinin yanlarında timpanal eşitmə orqanının dəliyi olur.[3]
Həyat tərzi
redaktəDüzqanadlılarda çevrilmə tam deyil, sürfələr yaşlılara bənzəyir və onlarla bənzər şəraitdə yaşayırlar. Yumurtalar qrup halında və ya bir-bir torpağa və ya bitkilərin üzərinə, bəzən dənli bitkilərin kök çiminə qoyulur. Azərbaycan şəraitində illik sikl aşağıdakı kimi olur: yumurta fazasında qışlama, yazda sürfələrin çıxması, yayda onların inkişaf edib yaşlı fazaya çatması, sonra yetişib yumurta qoyması. Bu son faza payıza qədər davam edə bilir. Az miqdarda növlər (bəzi çəyirtkəkimilər, bütün sisəylər və danadişilər) sürfə və ya yaşlı fərd şəklində qışlayır. Cinsi yetkinlik dövründə əksər növlər cırıldayır; cırıldama və ya stridulyasiya ayrı-ayrı fəsilələr, fəsiləüstlüləri və cinslər üçün səciyyəvi olan bir çox üsullarla yerinə yetirilir. Cütləşmə spermatofor mayalanma ilə müşayiət edilir. Spermatoforlar müxtəlif olub, çox vaxt fəsilə, yarımfəsilə və cins üçün səciyyəvi olur. Düzqanadlılar əsasən bitkiyeyəndir, növlərin bir hissəsi yırtıcı və ya qarışıq qidalanır. Bəzi çəyirtkəkimilər, qismən şalakimilər və ya sisəykimilər fərdlərin məcburi toplanması zamanı sürü fazası və ya forması əmələ gətirirlər. Bu, adi yalqız fazadan sürü həyat tərzi, başqa rəng və digər morfoloji əlamətlərlə fərqlənir (Bey-Biyenko, 1980).[3]. Zoocoğrafi baxımdan düzqanadlılar Azərbaycanda xüsusi səciyyə daşıyır. Haqverdiyevin (1967) məlumatına görə, 92 növ düzqanadlıdan 38-i aralıqdənizi qrupuna aiddir, 7-i Talış endemiki, 7-i Turan növü, 4-ü İran növü, 1 tropik və 1 boreal növ, 3-ü Zuvand endemikidir. Hirkan-Talış endemiklərinə Isophia caspica Stsh. Mir., Euconocerus iris B.-Bienko, Paradrymadusa pastuchovi Uv., Pholiocoptera angustae Tarb. aiddir. Isophia schneideri Br.W., Isoimon riabivi Uv., Leptophyes trivittata B.-Bienko, Decticus verricucivorus annaelisae Ramme, Paracryptera microptera transcaucasica Uv., Euchorthippus transcaucasicus Tarb., Celes variabilis carbonarius Uv. Qafqaz endemikləridir. Paradrymadusa viridipennis Stsh., Bufo nocardus tumulosus Mitsch., Omocestus znojkoi Mitsch; Gryllus maculatus Dog. tropik, Stauroderus scalaris F.W. boreal növdür. Nadir növlər də vardır. Bunlardan Qafqaz izofisi (Isophia schneideri Br.W.), medektikus sisəyi (Medecticus assimilis Fieb.), Şoxi çəyirtkəsi (Oedipodaschochii Sauss.) və b. göstərmək olar.
Yayılması
redaktəDünyada məlum olan 20000-dən artıq növün 700-ü MDB-də rast gəlinir. Azərbaycanda 211 növ qeydə alınmışdır. Düzqanadlıların əksəriyyəti açıq biotoplarda məskunlaşır, yalnız az sayda növlər meşədə yaşayır. Müəyyən yerlərdə məskunlaşaraq, bir çoxları landşaftların səciyyəvi biotik elementini təşkil edir.Azərbaycan şəraitində, xüsusi halda Lənkəran zonasında (Talış) və İranın Xəzəryanı hissəsində yayılmışdır.
Yarımdəstələri
redaktəİstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Ingrisch S. Order Orthoptera Olivier, 1789. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 195–197. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
- ↑ 1 2 Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
Ədəbiyyat
redaktə- Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
Xarici keçidlər
redaktə- Avropa faunası Arxivləşdirilib 2014-10-15 at the Wayback Machine
- Orthoptera Species File Online
- Orthoptera Image Gallery (Iowa State University Entomology Department)
- Australian Plague Locust Commission Arxivləşdirilib 2005-06-15 at the Wayback Machine
- The Orthopterists' Society
- Orthoptera: grasshoppers and locusts