Doyus Bayragi - Wikipedia
Döyüş bayrağı — quruda olarkən bir ölkənin hərbi qüvvələri tərəfindən istifadə olunan milli bayrağın bir növü. Dəniz ekvivalenti dəniz bayrağıdır. Hazırda az sayda ölkə müvafiq müharibə bayraqlarına sahibdir və əksəriyyəti bu məqsədlə dövlət bayraqlarını və ya standart milli bayraqlarını istifadə etməyi üstün tuturlar.
Azərbaycan döyüş bayrağı
redaktəAzərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı ikiüzlü qumaşdan, ağac dəstəkdən, qotazlı qaytandan ibarətdir. Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmiş, ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanmışdır. Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipəkdən 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı ipəklə "Azərbaycan uğrunda" şüarı tikilib. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm-dir. Qumaşın arxa tərəfində qırmızı zolağın ortasında qurama vardır: Silahlı Qüvvələrin emblemi (hündürlüyü 55 sm), aypara (hündürlüyü 22 sm), ayparanın yuxarı yönəldilmiş iti ucları arasında mavi zolaqda qarşı duran təpələrinin arası 12 sm olan səkkizguşəli ulduz yerləşib. Aypara tiyələri yuxarı baxan çarpazlaşdırılmış qılınclara söykənib. Aypara, səkkizguşəli ulduz və qılınclar ağ ipəkdən tikilib. Qılıncların aşağı əsaslarından tiyələr boyunca hər iki tərəfə, onların ucuna qızılı ipək sapla tikilmiş iki dəfnə budağı yönəlib. Qumaşın aşağı kənarı boyu yaşıl zolaqda qızılı ipək sapla hərbi hissənin nömrəsi və adı tikilib. Rəqəmlərin hündürlük ölçüsü 7,0 sm, yazının hərflərinin ölçüsü 4,5 sm-dir. Hərbi hissənin adındakı hərflərin sayından asılı olaraq rəqəmlərin ölçüsü 5,0 sm-ə, hərflərin ölçüsü 4,0 sm-ə qədər azaldıla bilər. Bayrağın dəstəyi en kəsiyinin diametri 4,0 sm, uzunluğu 2,5 m olan girdə ağacdandır. Ağac dəstək tünd qəhvəyi rəngdə rənglənib, laklanıb, aşağı ucunda metal halda, yuxarı ucunda isə nikellənmiş fiqurlu ucluq vardır. Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanıb, hər iki ucunda qotazları var. Qaytanın uzunluğu 270–285 sm-dir.
Qanunlar
redaktəAzərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, öz qanını və canmı belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, doğma torpağın hər qarışmı düşməndən qorumaq borcunu xatırlatmaq üçündür. Döyüş Bayrağı adı və nömrəsinin dəyişilməsindən asılı olmayaraq hərbi hissədə həmişəlik qalır. Hərbi hissənin adının və nömrəsinin dəyişilməsi Döyüş Bayrağı ilə birlikdə verilən təqdimata yazılır. Döyüş Bayrağı hər vaxt öz hissəsi ilə, döyüş meydanında isə hissənin döyüş əməliyyatları bölgəsində olmalıdır. Hərbi hissənin bütün şəxsi heyəti Döyüş Bayrağını fədakarlıq və mərdliklə qorumalı və onun düşmən tərəfindən ələ keçirilməsinə yol verməməlidir. Döyüş Bayrağı itirildikdə hərbi hissənin komandiri və bu rüsvayçılığa bilavasitə müqəssir olan hərbi qulluqçular məhkəməyə verilməli, hərbi hissə isə ləğv edilməlidir.
Mənbə
redaktə Hərb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |