Culicidae - Wikipedia
Ağcaqanadlar (lat. Culicidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.
Ağcaqanadlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Ağcaqanadlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Ağcaqanadlar tropiklərdən Arktikaya qədər (əksər rütubətli yerlərdə) bütün iqlim şəraitində yaşayırlar. Təxminən 3500 növü aşkar olunmuşdur.[2] Azərbaycanda 6 cinsə mənsub 24 növü məlumdur. Bədəni uzunsov (3–10 mm), başı kiçik, ayaqları nazik və uzundur. Ağız orqanı xortum şəklində, sancıb-soran tiplidir. Bığları 15 buğumludur. Qanadları ensiz və 10 damarlıdır. Yumurtalarını suya qoyur. Sürfələri suda üzən ibtidai heyvanlar, bakteriya və yosunla qidalanır, suda puplaşır. Erkəkləri yetkinləşəndən sonra, əsasən, çiçək şirəsi ilə qidalanır və dişləmirlər. Dişiləri heyvan və insanların qanını sorur.[3]
Ağcaqanadların Anopheles maculipennis, Anopheles plumbeus, Anopheles hircanus və s. növləri malyariya; Aedes aegupti - sarı qızdırma; Aedes vexans - tulyaremiya; Culex pipiens, Aedes japonicus və s. növləri yapon ensefaliti törədicilərini yoluxdurur.
Ağcaqanadların çoxu insana hücum etməz. İnsanların qanını soraraq yaşayan ağcaqanad növlərinin yalnız dişiləri qan sorar. Dişilər də insanların qanını öz yumurtalarını çıxara bilmək, zülalla təmin edə bilmək məqsədiylə sorarlar. Bir çox cinsin dişi nümayəndələri heç olmasa ilk yumurtalarını qana ehtiyac duymadan çıxara bilərlər, lakin sonrakı yumurtaları üçün qana ehtiyacları vardır. Bir çox növ canlının qanı ilə qidalanırlar, hətta dəniz səthinə qalxan balıqlar belə onların hücumlarına məruz qalır.
Ağcaqanad istilik, qaz, rütubət və qoxu dedektorları ilə yüklü olur. 30 metr məsafədən ovunun yerini asanlıqla müəyyən etməyə şərait yaradan xüsusi sistemlərə malikdir.[4] Ağcaqanadlar müəyyən qan qruplarına və bədən qoxularına daha çox cəlb olunur, bu da bəzi fərdləri digərlərindən daha çox ağcaqanad dişləməsinə meyilli edir. Ağcaqanadlar karbon qazı, bədən istiliyi və tərdə olan bəzi kimyəvi maddələrə cəlb olunurlar. Ağcaqanadın bədənində çox həssas istilik qəbuledicisi var. "Tarsi" adlı bu orqan ağcaqanadın ön ayaqlarında yerləşir. Bu qəbuledici vasitəsilə dərinin altında qanın sıx olduğu bölgələri asanlıqla tapır. Ağcaqanadı cəlb edən başqa bir faktor isə karbondioksid qazıdır. İnsan və heyvanların nəfəsində olan bu qaz ağcaqanadları cəlb edir. İstilik, qaz, nəm və ya kimyəvi sekresiya xəbərdarlıqlarından birini qəbul edən ağcaqanad dərhal ovuna yönəlir. Ovunun üzərinə o qədər yumşaq şəkildə qonur ki, bu, çox vaxt hiss edilmir. Daha sonra ağız bölgəsindəki bir cüt alətin köməyi ilə deşmək üçün ən uyğun nöqtəni tapır. İlk deşmə prosesi alt və üst çənə tərəfindən həyata keçirilir. Xortumun içində olan 4 kəsici bıçaq dərini kəsir. Açdığı dəlikdən içəri uzatdığı boru vasitəsilə qanı əmir. Ağcaqanadın iynəsinin ən əsas xüsusiyyəti müəyyən dərinlikdə əyilə bilməsidir. Bu möhtəşəm xüsusiyyəti sayəsində iynə dəri altında asanlıqla hərəkət edir. Beləliklə, ağcaqanad iynəsini damarla ən zəngin bölgəyə çatdırır.
Ağcaqanad insanı dişlədiyi anda insan bədəninin müdafiə sistemi fəaliyyətə başlayır. Bədənə mikrobların girməsinə mane olmaq və qanı dayandırmaq üçün yara bölgəsinə qanın laxtalanmasını təmin edən ferment ifraz olunmağa başlayır. Qanda laxtalanmanın başlaması isə ağcaqanadın qanı əmməsini qeyri-mümkün edir. Lakin bunu "bilən" ağcaqanad kəsici bıçaqlarının birindən yaraya maye yeridir. Bu mayenin tərkibində laxtalanmağa mane olan ferment var. Beləliklə, qandakı ferment təsirsiz hala gətirilir və laxtalanma dayanır. Həmçinin ağcaqanad bu maye sayəsində ovuna lokal anesteziya edir. Dəridə qaşınmağa səbəb olan da məhz bu mayedir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ "Arxivlənmiş surət". 2012-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-06.
- ↑ Ağayev B.İ. Ümumi entomologiya. Bakı: ADPU nəşriyyatı, 2004, (303 s.) səh. 219-229.
- ↑ "Scientists discover how the mosquito brain integrates diverse sensory cues to locate a host to bite". UW News (ingilis). 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
Xarici keçidlər
redaktə- European Mosquito Bulletin Arxivləşdirilib 2009-09-21 at the Wayback Machine