Cenubi Amerika Medeniyyeti - Wikipedia
Yaranma tarixi
redaktəTarixi tədqiqatlara görə Cənubi Amerikaya insanlar artıq e.ə. XI-X minilliklərdə Panama boğazından gəlmişlər. Kolumbiya çayları Kauki və Maqdolenanın axarı boyu, Ekvador sahili boyunca onlar Mərkəzi And vilayətinə daxil olmuş, daha sonra materikin bütün ərazisinə səpələnərək e.ə. VIII minillikdə Magellan boğazını əldə etmişlər. Bunu sübut edən əsas tapıntılar ovçuların düşərgə və daş silahlarının qalıqlarıdır.
Cənubi Amerikada ibtidai insanların mədəniyyəti bir-birindən ayrı şəkildə yaşayan tayfa qruplarının məişət və əmək fəaliyyətində təzahür edirdi. Onlar Cənubi Amerika və Odlu Torpaq rayonunun tropik meşəlikləri və düzənliklərində məskunlaşmışlar. Hündür dağlar, böyük çaylar, təsəvvürəgəlməz düzənliklərlə əhatələnmiş bu məkandan insanlar öz ibtidai məişətlərindən irəliyə addımlaya bilməmişlər.
Odlu Torpaq rayonu, Şərqi Braziliya, Argentina, Boliviya, Paraqvayda yaşayan tayfalar cəmiyyət və mədəniyyətin ibtidai inkişafında idilər. Onların həyat tərzi dinamik xarakter kəsb edirdi. Başlıca məşğuliyyət növlərinə dəniz ovu (delfin, molyuska, balıq ovu), quru ovu (meymun, tısbağa, yaquar) və yığıcıllıq (meyvə və giləmeyvələr, bitki kökləri və s.). Qədim tayfalar birlik halında yaşayırdılar. Hər bir ailənin ya öz örtüyü, ya da yumru formada koması vardı. Qida hazırlamaq üçün xüsusi qab-qacaqdan istifadə olunurdu: məsələn, molyuskaları balıqqulaqlarında bişirir, əti daş və kömürdə qızardır, balıq, quş və yumurtanı isə sobalarda hazırlayırdılar. Buranın sakinlərinin geyimi minimal idi. Lakin onlar bəzək-düzəyə biganə deyildilər: alt dodaqları və qulaqlarına taxta tıxaclar vururdular. Şərqi Kolumbiya, Venesuela, Argentina və Uruqvay düzlərində yaşayan insanların da həyat tərzi eyni idi. Onların evləri, komaları yox idi, ov zamanı xüsusi daşlardan istifadə edirdilər.
Orinoko və Amazonka çaylarının hövzələrində yerləşən Cənubi Amerikanın tropik meşələrinin sakinləri öz inkişaflarında nisbətən irəli getmişlər. XVI əsrdə burada çoxsaylı xalqlar – tupi quarani, aravaklar, kariblər yaşayırdılar. Bu xalqların etnik mənsubiyyəti haqqında indiyədək dəqiq məlumat yoxdur. Bu tayfa və xalqların dünyagörüşü ibtidai insan üçün tipik səciyyə kəsb edirdi. Həyat və məişət tərzi miflərlə, ruh və fövqəltəbii qüvvələrlə bağlı idi.
Mərkəzi And vilayəti müasir Peru, Boliviya (şərqi tropik rayonlar istisna olmaqla), Ekvadorun cənub hissəsi, Çilinin şimalı, şimal-qərbi Argentinanın ərazilərini əhatə edir. Aralıq vilayəti ərazisinə isə Mezoamerika və Mərkəzi And arasındakı torpaqlar daxil idi. Bu ərazilərin mədəniyyəti həmin xalqların yeni təkamülünü təzahür etdirirdi. Məhz bu regionda Çavin, San-Aqustin, Qarakas, Naska, Moçika, Tiuaunako, Tayron, Çemu, Çibça və inklərin unikal sivilizasiyaları çiçəklənmişdi.
"Çavin sivilizasiyası"
redaktəMərkəzi Andda ilk sivilizasiya Çavin («Nizəli yaquarın oğulları») idi. Sivilizasiyanın mərkəzi olan Çavin şəhəri əriməyən buz parçaları və qarlı zirvələrlə əhatələnmiş bir yerdə yerləşirdi. Buraya yol 4100 m hündürlükdən keçirdi. Şəhərə giriş dağdan dəlilmiş tunelin içərisindən gedirdi. Çavin həm də dini mərkəz sayılırdı. Burada yalnız yüksək dərəcəli ruhanilər yaşayırdılar. Onların etiqad etdikləri əsas əşya pişik sülaləsindən olan heyvanlar idi. Çavin şəhərində ən möhtəşəm abidələr memarlıq və heykəltaraşlıq nümunələri idi. Çavinin məşhur memarlıq ansamblları eyvan, dini-ayinçilik meydançaları və daş tikililərdən ibarət idi.
Çavin heykəltaraşlığının yüksək plastikasından xəbər verən əsas abidələrdən biri Kasma düzənliyindən (Serro-Seçin) tapılmış 90 sayda kobud şəkildə yonulmuş daşlardır. Bu daşlarda dişlərini yaquar kimi qıcımış hərbçinin obrazı yaradılmışdı. Ətrafda isə ordunun qarşısında hərbi rəhbər və onun gözəl geyimdə xüsusi sarğıdan sallanmış cəsəd başları da təsvir olunurdu. Çox güman ki, bu heykəl fiqurları ehram fasadlarının çərçivələri idi. Burada məskunlaşan əhalinin əsas məşğuliyyəti təsərrüfatçılıq idi. Nəhəng suvarma sistemi yüksək məhsuldarlığa kömək edirdi. Bunlardan biri müasir Kaxamarka şəhəri yaxınlığında tapılmış iki hektar yarımlıq sahəni əhatə edən sistemdir. Onun əsas hissəsi qayadan kəsilmiş akvedukdur. Buraya daxil olan su divarları xüsusi petroqliflərlə bəzədilmiş tunellərdən keçib-gəlirdi. Çavinlər it və lamanı əhliləşdirir, onlara hansısa işi görməyi öyrədirdilər. Lamalar yük daşıyır, bundan əlavə, ət və yun verir, peyinindən yanacaq kimi istifadə olunurdu. Əmək alətləri daş və sümükdən hazırlanırdı. Metallardan yalnız qızıl istifadə olunurdu. Ondan müxtəlif ziynət əşyaları – sırğa, tac, muncuq və s. hazırlayırdılar. Qədim sənətkarlar yarıqiymətli daşları, balıqqulaqları və ağacı yüksək səviyyədə cilalayırdılar. Çavin mədəniyyəti cəhdlə və təşkilolunmuş şəkildə təşəkkül tapmağa başlamışdı. Bu mədəniyyətin əsas əlamətlərindən biri yaquara inam idi. Baxmayaraq ki bu heyvan And ərazisində olmamışdı, ona inamın köklərini bir çox tədqiqatçılar Olmek mədəniyyətində axtarmağa cəhd göstərirdilər. Çavin mədəniyyəti şəhərdən kənarda da vüsət tapmışdı. Onun izlərini Peru ərazisində də görmək mümkündür. Bu onların bədii üslubunda, spesifik ornamentlərində (keramikanın bəzədilməsi, rəngarəng parçalar, daş və sümükdən hazırlanmış məhsullar) öz əksini tapırdı. Çavin mədəniyyəti e.ə. təxminən 300-cü ildə yoxa çıxmışdır.
San-Aqustin mədəniyyəti
redaktəÇavin mədəniyyətilə yanaşı eyni vaxtda Aralıq vilayətində də ecazkar bir mədəniyyət inkişaf edərək möhkəmlənir. Bu mədəniyyət üçün yüksək kurqanlar, qəbir, yeraltı sərdabələr, qayalardan keçən su kanalları və s. səciyyəvidir. Bu mədəniyyətin ən məşhur və qeyri-adi abidələrindən ikibaşlı heykəllərin adını xüsusi qeyd etmək lazımdır. Bu mədəniyyət təxminən e.ə.1000-ci ildən bizim erayadək mövcud olmuş San-Aqustin mədəniyyətidir. Memarlıq və heykəltaraşlıqda əllərində uşaq olan insan fiqurları üstünlük təşkil edirdi. San-Aqustin mədəniyyəti üçün tipik sayılan əsas elementlərdən biri bulaqlarda qurbağa və digər heyvanların iri təsvirlərinin verilməsi idi. Daşdakı naxışlarla suyun axma istiqaməti harmonik obraz yaratmaqla hinduların yüksək bədii zövqündən xəbər verirdi.
Parakas mədəniyyəti
redaktəBu mədəniyyətlərlə yanaşı, nisbətən gənc mədəniyyətlər də inkişaf edirdi. Onların təşəkkül tarixi dəqiq məlum olmasa da, Çavin mədəniyyətinin süqutundan sonra bunlar özünəməxsus inkişaf prosesi keçirmişlər. Perunun cənub sahilində təşəkkül tapmış Parakas mədəniyyəti belələrindəndir. Parakas yarımadasındakı tapıntılar həmin mədəniyyəti bu cür adlandırmağa başlıca səbəb olmuşdur. Bura hinduların ölülər şəhəri idi. Ərazinin yeraltı tikililərində tapılmış mumiya özündə cismi olduğu kimi saxlamaqla, minilliklər keçməsinə baxmayaraq rəng və elastikliyini itirməmişdi. Hər bir Parakas mumiyası bir və ya bir neçə kəfənə sarınırdı. Kəfənin sayı ölmüş şəxsin vəziyyətindən xəbər verirdi. Çox kəfənə bükülmə şəxsin məşhur, tanınmış adam olduğunu sübut edirdi. Kəfənlər yun və ya pambıqdan toxunaraq müxtəlif rənglərdən (190-a yaxın çalar) ibarət naxışlarla bəzədilirdi. Boyalar təbii mənşəli idi. Naxışlardan ən sevimliləri balıq, həndəsi ornament, sfinks formalı allahlar, insan sifətli quş, heyvan və s. təsvirlər idi. Bəzi tədqiqatçılar bu fiqur və təsvirlərin qədim peru yazısı olduğu fərziyyəsini irəli sürürlər. Bütün bunlarla yanaşı, tədqiqatçıların hamısı Parakas kəfənlərinin qədim dünya mədəniyyətinin ən gözəl toxuculuq məmulatı olduğu ideyasınında yekdildirlər.
Dəbdəbəli geyindirilmiş ölülər oturaq vəziyyətdə dizləri çənəyədək yönəlmiş, qolları sinəyə çarpazlanmış halda mumiyalaşdırılırdı. Ölülərin əksəriyyətində kəllə deformasiyaya uğramış, bəzilərində hətta cərrahiyyə izləri hiss olunmaqdadır. Tədqiqatçılar ölünün bu vəziyyətə salınmasını sehrli, magik amillərlə izah edirlər. Ola bilər ki, cərrahiyyə qurbanvermənin bir növü idi. Kahinlər kəllənin kəsilmiş hissəsindən beyini sıxır və iflici yaradan sümük qırıntılarını çıxara bilirdilər. Kəllə sümüklərindəki deşikləri, məsamələri, hindular qızıl lövhələrlə örtürdülər. Bu çətin cərrahiyyə prosesində daş və sümükdən hazırlanmış alətlərdən istifadə olunurdu. Tapılmış bu alətlər dövrü üçün çox irəliyə getmiş addım kimi dəyərləndirilir. Parakas mədəniyyətinin izləri artıq e.ə. 200-cü ilə yaxın vaxtda itməyə başlamışdı.
Naska mədəniyyəti
redaktəPeru sahil boyunun cənub hissəsində digər bir mədəni mərkəz Naska adlandırılırdı. Bu mədəniyyət təxminən b.e.-nın 100-500-cü illərini əhatə edir. Bu mədəniyyətin nümayəndələri özlərindən sonra saray, ehram, məbəd qoymasalar da, öz təsərrüfatçılıqları ilə məşhurlaşmışlar. 2000 il əvvəl boş torpaqlar üstünlük təşkil edirdi. Naskalılar təsərrüfatı dirçəltmək üçün yerin altından su tapmağa məcbur idilər. Buna görə onlar su ehtiyatı üçün nəhəng hovuzlar, arxlar tikir, birbaşa tarlalara su kanalları çəkirlər ki, bunlardan bir çoxuna indi də rast gəlmək mümkündür.
Naskalılar keramika məhsulları ilə də məşhur idilər. Keramika məhsulları dulus dairəsi vasitəsilə hazırlanırdı. Məhsulun üzəri şirə ilə örtüldükdən sonra rəngarəng boyalarla bəzədilirdi. Qabların bəzədilməsi üçün rəssamlar 11-ə yaxın rəngdən (qırmızı və sarı rənglərin bir neçə çaları, qəhvəyi, boz, çəhrayı, bənövşəyi, sümük rəngi) istifadə edirdilər. Onlar göy və yaşıl rəngi tanımırdılar. Müxtəlif rəng kompozisiyası bir-birilə vəhdət təşkil edərək gözü oxşayırdı. Naska dulusçuluğu – bütün Amerikada öz incəliyi ilə seçilir və fərqlənirdi. Ornamentlər də özünəməxsus idi: insan-yaquar-quş fiqurlarının fantastik birliyi antropolomorf təsvirlər üçün əhəmiyyət kəsb edirdi. Bitki, heyvan, balıq, quş və s. naskalıların ən çox sevdikləri süjetlər idi. Keramika ilə yanaşı, parça toxuculuğu da naskalıların başlıca mədəniyyət sahələrindən sayılırdı. Parçalar pambıq, yun və insan saçından toxunurdu. Toxuculuqda 200-dən artıq rəng çalarından istifadə olunurdu. Parçalardakı təsvirlər çox vaxt qablardakı motivləri təkrarlayırdı. Qədim ustalar toxuma, parça, xalça və toxuculuq iexnikasının digər növlərinə bələd idilər.
Naska mədəniyyətində memarlıq sənəti də özünəməxsus səviyyədə inkişaf etmişdi. Şəhərsalma, qala, məbəd, ictimai və yaşayış evləri – qədim Naska memarlığının əsas nümunələrindən hesab edilirdi. Naskanın ən gözəl şəhəri onun paytaxtı olan Kauaçi idi. Bu şəhər haqqında məlumat azlıq təşkil etsə də, məlumdur ki, şəhərin bir neçə min sakini var idi. Şəhərin ən məşhur abidəsi Eskakeriya adlanan müqəddəs yerdir. Abidənin mərkəzini on iki cərgə və hər cərgənin 12 dirəyi olan dördkünclü yer təşkil edir. Bu abidənin nə məqsəd daşıdığı indiyədək qəti məlum olmasa da, bir çox alimlər bunun təqvimlə bağlılığını təsdiqləyirlər.
Naska mədəniyyətinə ümumbəşəri şöhrət bəxş edən məşhur abidə Pampa-de-Naskadır. Uzunluğu 70 km., eni 2 km olan bu məşhur düzənlik çox da dərin olmayan xətt və daşlarla cərgələnmiş təsvirlərdən ibarətdir. Xətt və daşlar paralel şəkildə bir-birilə birləşərək müxtəlif fiqurlar və təsvirlər yaradırlar. Yer səthindən bu təsvirləri ayırd etmək mümkün deyil. Bunları ilk dəfə XX əsrin 30-cu illərində təyyarədən qeydə almışlar. Bu təsvirlər 120-200 metrlik quş, kərtənkələ, meymun, böcək, ilan, it və s-dən ibarətdir. Bunlardan bəziləri naskalıların allahları hesab edilirdi. Bu unikal nəhəng şəkil qalereyasındakı təsvirlərin cizgilərinin ölçü qeydiyyatını ilk dəfə alman riyaziyyatçısı professor Mariya Rayxe aparmışdı. Naska səhrasında 30 illik tədqiqatçılıq işindən sonra alim qədim naskalıların sivilizasiyasının bir çox cəhətləri haqqında maraqlı nəticələr əldə etmişdi. Əvvəla, məlum olmuşdu ki, bu təsvirlər keramik qablar üzərində çəkilən təsvirlərlə eynidir. Bu təsvirləri yer səthinə köçürmək üçün əvvəlcə onları kiçik miqyasda həyata keçirtmək lazım gəlmişdi. 1 mm belə qeyri-dəqiqlik təsvirdə səhvə yol verə bilərdi. Ona görə də, qədim naskalılar xüsusi ölçü alət və vahidlərinə malik olmuşlar. Alim sübut etmişdi ki, naskalıların əsas ölçü vahidi 1 m 10 sm-ə bərabər idi. Bunu 10 hissəyə bölməklə naskalılar 10-luq sistemin əsasını qoymuşlar. Ən geniş yayılmış vahid isə, 33 m 66 sm idi. Bu «qalereya»nın təxminən 14 əsr yaşı vardır. Lakin qalereyanın hansı məqsədi güdməsi naməlumdur. Bir şey həqiqətdir ki, təsvirlər qış və yayda günəşin vəziyyətinə uyğun çəkilmiş, bəzi bürc və ulduzların hərəkət mövqeyi ilə üst-üstə düşür. Eramızın V əsrinə doğru artıq bu mədəniyyətin süqutu hiss olunur.
Moçika mədəniyyəti
redaktəPeru sivilizasiyalarının həmyaşıdı olan mədəniyyətlərdən birinin adı Moçikadır. Moçika mədəniyyəti b.e.nın 400-800-cü illərində mövcud olmuşdur. Mədəniyyətin adı onun mərkəzi sayılan eyniadlı düzənliyin adından götürülmüşdü. Moçika mədəniyyətinin lokal səciyyə daşıdığı haqqında düşünmək səhv olardı. Bu mədəniyyətin təsir dairəsi 24 oazisi əhatə edirdi ki, bunlar da səhra zonaları ilə bir-birindən ayrı olan Çikama, Viru, Santa və d. çayların sahillərində yerləşirdi. Buranın çox yaxşı dəniz kənarı iqlimi vardı. Bu şəraitdə təsərrüfatçılıq inkişaf etmişdi. Buranın sakinləri aqronomik bilik və bacarığa malik idilər. Təsərrüfat sahəsində onlar çox irəliyə getmişlər. Gübrə hazırlığı nəticəsində moçikalılar kartof, balqabaq, pomidor yetişdirirdilər. Onlar torpağı taxta və tuncdan düzəldilmiş alətlərlə belləyir, səpinə hazırlayırdılar. Bu ərazidə, həmçinin lama, dəniz donuzu, ət də yüksək qiymətləndirilirdi. Bir çox məhsulu isə, dəniz verirdi – balıq, xərçəng, molyuska və s. Dəniz ovu moçikalıların şərəfli peşələrindən biri hesab edilirdi. Təsərrüfatçılıqda peşə, sənətkarlıq mühüm rol oynayırdı: toxuculuq, lələklərdən geyimlər (baş örtükləri və bəzəklər), zərgərlik işi əsas sənətkarlıq sahələrindən idi.
İnklərə qədər Peru Moçika metallurqları ilə məşhur idi. Bu metallurqlar qızıl, tunc, gümüşlə işləyir, dəmir üzərində döymə, yarımqiymətli daş və sədəflərin inkrustasiyası ilə məşhur idilər. Bu texnika ilə sənətkarlar qızıl, taxta, balıqqulağı, sümük üzərində incə plastik cizgilər həkk edə bilirdilər. Moçika mədəniyyətində də keramika sənəti böyük nailiyyət hesab edilirdi. Keramika üzərində inam və əsatirlə bağlı süjetlər başlıca yer tuturdu. Moçika keramikası məişət üçün deyil, daha çox dini, estetik və ictimaisiyasi məqsədlər üçün hazırlanırdı. Yüksək ixtisaslı mütəxəssislər bu sahədə dövlət sifarişini yerinə yetirərək dərin məna kəsb edən mürəkkəb piktoqramlı bədii sənət əsərləri yaradırdılar. Moçika sənətkarlarının işi o qədər kamil səviyyə kəsb edirdi ki, sanki rəsmlər canlıdır. Bu, təsvirlərin dinamikliyi ilə bağlıdır. Keramika məhsullarındakı süjetlər moçikalıların ictimai quruluşu haqqında təsəvvür yaradırdı. İctimai pillənin zirvəsinn ali hökmdar, iki-dörd müavin-köməkçi təşkil edirdi. İdarəçilik onların arasında bölünmüşdü: dövlət, ordu, məhkəmə hakimiyyəti, kahinlər bu idarəçiliyin əsas istiqamətləri idi.
Qanun bu ölkədə qəddar səciyyə kəsb edirdi. Kiçik bir qanun pozuntusu bədənin hansı bir hissəsinin (əl-qol, ayaq, burun və ya dodaq) kəsilməsi ilə nəticələnirdi. cəzanın ağır növü daşlarla öldürmə idi. Bütün bu proses kütləvi formada həyata keçirilirdi. Əhalinin çox hissəsini azad cəmiyyət üzvləri olan təsərrüfatçı və sənətkarlar təşkil edirdi. Aşağı hissədə nökərlər, torpağa mənsub olmayan azad adamlar, ən aşağıda isə, qullar dururdu. Əhalinin müxtəlif təbəqəsindən olanların sosial mənsubiyyətini geyimə görə təyin etmək mümkün idi: zəngin insanlar bərli-bəzəkli, sırafilər sadə geyimli, qullar isə, ayaqları yalın idilər.
Bütün hindular kimi, moçikalılar da dinə inanırdılar. Onlar yaquarı ilahi varlıq saysalar da, ona itaət ayinçiliyi gecə sehrli göy cisimlərinə etiqadla əvəz olunurdu. Baş allah Ai Apeka (yaradan) adlanan Allah – insandır. Kainatı o yaratmış, Qaranlıq və Xaosla mübarizə aparan da odur! Yaradanın sadiq dostları şahin, dəniz maralı və itdir. Aİ Apeka allahının şərəfinə ucaldılan tikililərdən biri «Günəş Ehramı»dır. Pilləli monumental tikinti olan bu ehran Moçi çayı düzənliyindəki yerdə salınmışdı. Ehramın ümumi sahəsi 342 x 159 m, hündürlüyü 48 m çatırdı. Bu ehramı digəri – «Ay Ehramı» tamamlayırdı. Ehramın daxili divarları çoxsaylı təsvirlərlə əhatələnmişdi. Belə təsvirlərdən birini əşyaların insanlarla müharibəsi təşkil edirdi. Allaha qurban edilmişəsirlərin portretləri də belələrindən idi. Moçikalıların yazı mədəniyyətinin olub-olmaması haqqında qəti fikir söyləmək mümkün deyil. Bəzi tədqiqatçıların fikrinə görə, kemarik qablardakı təsvirlər qədim moçikalıların yazısını əvəz edirdi. Yüksək zirvəyə qalxan Moçika mədəniyyəti b.e.-nın IX əsrinin əvvəlində tarixin səhifəsindən silinir.
Tiauanako mədəniyyəti
redaktəCənubi Amerika regionunda əhəmiyyətli dərəcədə geniş yayılmış mədəniyyətlərdən biri də Tiauanako mədəniyyətidir. Onun yayım sahələri Mərkəzi və Cənubi And ərazisi, mərkəzi Boliviyanın dəniz səviyyəsindən 4 min metr hündürlükdə yerləşən Tiauanako şəhəri idi. Bu şəhəri, adətən, «Amerika Tibeti» adlandırırdılar. Şəhərin ümumi ərazisi 450 min kv.m-r təşkil edirdi. Onun tikililəri daş hörgü ilə həyata keçirilirdi. Şəhərin ən təsirli tikililərindən bir uzunluğu 250 m., hündürlüyü 15 m. olan Akapana adlı ehram idi.Tiauanakanın ən maraqlı tikililərindən biri «Yarıdoldurulmuş ehram»dır. Onun dərinliyi iki metri əhatə edir. Şəhərin ən dəbdəbəli abidələrindən biri Kalasasaya sarayıdır. Ən böyük abidələrdən sayılan həmin sarayın sahəsi 128 x 118 m-ri təşkil edirdi. Sarayın həyəti yer səthindən hündürdə yerləşirdi. Qədim sakinlər saraya altı pilləli monumental pilləkənlə böyük daş qapıdan daxil olurdu. Bu memarlıq kompleksi qızıl ilə bəzədilmişdi. Hətta sarayın tikintisinə işlənmiş mismarlar da qızıldan idi.
Şəhərin monumental heykəltaraşlığı da diqqəti cəlb edirdi. Ölçü xüsusiyyətlərinə görə o, Olmek memarlığını da ötüb keçirdi. Bunlardan məşhuru «Bennetta Monoliti» adlanan heykəl idi. Heykəlin başı çəhrayı daşdan hazırlanmışdı. Heykəlin qolları sinəyə qoyulmuş, qarın geniş kəmərlə bağlanmış, gözlər isə önə zillənmiş formadadır. Bu onun ağlaması təsəvvürünü yaradır. Digər Tiauanako heykəli «Günəş Qapısı» (İnti-Lunku) adlanırdı. Heykəl andezit daşının parçalarından olub, hündürlüyü 3 m., eni isə 4m. təşkil edirdi. Onların hər birinin ümumi çəkisi 10 ton idi. Qapının üst hissəsi zəngin relyeflərlə bəzədilmişdi. Bu cür heykəllərin və buradakı təsvirlərin süjetlərinin mahiyyətini mifoloji süjet təşkil edirdi.
Bu xalqın ilahi dünyasını əsatirlərə uyğun olaraq Dünyanın Yaradıcısı sayılan Kon-Tiki Virakoça idarə edirdi. Əsatirlərə görə kainatın əlçatmaz dərinliyində yerləşərək bu allah işığı və yeri yaratmışdı. Yer boş olmasın deyə, o insanları yaratmış və onlar da Tiauanako şəhərini tikmişlər. Virakoçanın əmrlərinə tabe olmaq istəməyən insanları hirslənmiş allah daşa çevirmiş, 60 gün davam edən Nuh əyyamını yaratmışdı. Su qurtarıb yer quruduqdan sonra Allah-Yaradan «səmanı» — Günəş, Ay, Venera, digər planet, ulduz və bürclər, daha sonra yeni kişi və qadınları yaratmışdır. Bütün bunlardan sonra o, heyvan aləmini yaradır.
B.e.-nın I minilliyinin sonunda Tiauanakoda nəhəng və savadlı idarəetmə forması meydana gəlir. Sənətkarlar, kəndli və tacirləri titulu olmayan insanlar adlandırırdılar. Bu şəhərdə tunc, qızıl, gümüşü məharətlə emal edirdilər. Tiauanakan sənətkarları müxtəlif formalarda çini məhsulları hazırlayırdılar. Keramika üzərindəki təsvirlər polixrom, naturalist, stilizə olunmuş şəkildə idi. Ornamentlərin çoxu yunan üslubunu xatırladırdı. Kişi və qadın geyimləri də bu üslubda hazırlanırdı. Geyimin ən geniş yayılmış növü panço idi. Bir çox pançolardan keçən tündrəngli xətlər həmin geyimin dövlət qulluqçularına mənsub olması fərziyyəsini verir. Artıq XII əsrin əvvəllərində Tiauanako dövləti süquta uğrayır və Cənubi Amerika mədəniyyətindən daha bir sivilizasiya məhv olub gedir.
Tayron sivilizasiyası
redaktəCənubi Amerikanın Serra-Nevada-de-Santa-Marta dağı ərazisində tayronlar adlı tayfaların məskunlaşması daha bir sivilizasiyadan xəbər verirdi. Tayron, «sənətkarın qızıl işləri» mənasını verirdi. Tayronlar təsərrüfat, bağçılıq, balıqçılıq, arıçılıq ilə məşğul olurdular. Onlar həm də mahir inşaatçılar idi. Onların şəhərləri kiyafət qədər nəhəng idi. Şəhərlər bir neçə kvadrat kilometri əhatə edirdi. Şəhərlərin hər birinin mərkəzində ehram dururdu. Tayron memarlığına evin altında hündür daş platformanın otaqlara aparan uzun pilləkənlər, arxlar, kanallar, körpülərin tikilməsi səciyyəvi əhəmiyyət kəsb edirdi. Tayron sənətkarları rəngarəng keramika (heykəl, zoomorf külqabı, dəfn üçün urna, antropomorf vazalar), pambıqdan geyim, lələklərdən baş geyimləri hazırlayırdılar. Bunların içərisində ən çox şöhrət qazanmışları zərgərlik bəzəkləri olan burun asılqanları, bilərzik, böyük amulet, üzüklər idi. Bu bəzək əşyalarını tayronlar qola, ayaqlara geyindirirdilər. Tayron sivilizasiyasının tarixi eramızın 600-1100-cü ilərini əhatə edirdi.
Çimu mədəniyyəti
redaktəMoçika və Tiauanako sivilizasiyalarının müasirlərindən biri də Çimu mədəniyyəti idi. Çimu mədəniyyəti Peru zolağının bütün ərazisini əhatə edirdi. Deyilənlərə görə çimu xalqı şimaldan dəniz yolu ilə buraya gəlib çıxmışlar. Buraya gələnlərə Takaynamo başçılıq edirdi. Takaynamo Moçe düzənliyində sahilə düşür və burada müqəddəs bir yer tikdirərək dini ayinləri icra edir. Yerli əhali ona itaət etməyə başlayır. Çimu bir neçə min kilometr ərazini əhatə edirdi. Bu ərazi Cənubi Amerikada ən nəhəng dövlətlərdən sayılırdı. Zəbt olunmuş torpaqlarda Çimu hakimləri yerli knyazların idarəetmə işlərinə nəzarət edirdilər. cəmiyyətin bu təbəqəsindən olanları «yüksək nəsildən olanlar», əks tərəfi isə, «nökərlər» adlandırırdılar.
Çimu dövlətində çoxlu şəhərlər var idi, onların bir çoxunun qalıqları hələ indiyədək qalmaqdadır. Apurlek, Fado, Çakma və s. belələrindəndir. Dövlətin paytaxtı ağ-yaşıl rəngli gözəl şəhər Çan-Çan şəhəri idi. Tərcümədə onun adı «İlanlar şəhəri»dir. Çünki ilan bu şəhərdə ən müqəddəs varlıq hesab edilir və ona etiqad olunurdu. Bu şəhər günəş və Ay adlanan (Palma-de-los-Moçika) dini ərazinin yaxınlığında yerləşirdi. Şəhər on kvartala bölünmüşdü. Hər kvartalın özünün müqəddəs yerləri, parkları, planlaşdırılmış küçələri, ictimai binaları, bağ və su anbarları mövcud idi. Binalar meandra adlanan ornamentlərlə bəzədilirdi. «Meandra» spiral forması yaradan düz xətt uclarının əyri və sınmış şəkildə həndəsi təsviridir.
Çimunun müdafiə tikililəri də mədəniyyət abidələri kimi möhtəşəm və yaraşıqlı idi. Belələrindən ən məşhuru Paramonqa qalası idi. Bu qala dövlətin Cənubi sərhədlərini qoruyurdu. Qala gur və tez axan iki çayın arasındakı Kordilyer təpəsində tikilmişdi. Qala ehram kimi pilləli tikiliyə uyğun inşa edilmişdi. Müdafiə valında qapı yerləşirdi ki, bu da cəld barrikada qurmağa imkan verirdi. Buradan da növbəti qala hissəsinə çox yaxşı şəkildə möhkəmləndirilmiş yol gedirdi. Tikilinin mərkəzi üçüncü hissədə qalın divarlar, künclər düşmən üçün keçilməz idi. Həqiqətdə isə, Peru ayrıca Çimu memarlığının möhtəşəm və ecazkar tikililərindən biri Böyük Peru divarlarıdır. Bu tikili öz başlancığını dəniz sahillərindən götürərək Suçimansilo adlanan hündür dağərazisinə qədər gedib çıxırdı. Onun eni 5. m, hündürlüyü 3 m. uzunluğu 100 km-ə çatırdı. Divarlar daşdan hörülmüşdü. Çoxkilometrli divar məşhur Çin səddini xatırladırdı.
Çimulular memarlıqla yanaşı, metallurgiyada da nailiyyətlər əldə etmişlər. İlk dəfə onlar metalı əritmiş və Cənubi Amerikada bürüncü kəşf etmişlər. Metaldan hazırlanmış bıçaq, çəngəllər və d. məmulatlar ziynət əşyaları kimi yüksək qiymətləndirilirdi. Gümüşə üçtünlük verən çimulular onu Ayın nişanəsi adlandırmaqla ali allah kimi ona itaət edirdilər. Keramikaya gəlincə isə, bu sənət çimululara şöhrət gətirmişdi. O, praktiki səciyyə kəsb etsə də, bəzəyi adi idi. Çimu sənətkarlarının bədii fəaliyyətinin əsas növlərindən biri zadəganlar üçün sarı, yaşıl və göy rəngli lələklərdən libasların tikilməsi idi. Pambıq parçadan, üzəri orcinal applikasiyalarla bəzədilmiş çiyinlik və yağmurluq daha yüksək qiymətləndirilirdi.
Çimu dövlətinin bütün həyatı «Si» işarəsi altında yaşanılırdı. Bu, gecə səmasının adı idi. Səhrada günəş düşmən, Ay isə, çay və dənizləri idarə edən dost idi. O, Günəşin üzünü bağlayarkən öz möhtəşəmliyini sübut edirdi. Ona görə də, Günəşin tutulması Çimuda bayramla müşayiət olunurdu. 1476-cı ildə sonuncu hökmdar Çimo Kapak inklərin ordusuna məğlub olub, qəsbkarların ərazisinə birləşdirilmişdi.
Çibça sivilizasiyası
redaktəAralıq vilayətinin digər məşhur mədəniyyətindən biri Çibça sivilizasiyası (b.e.-nın 1200-1500) idi. Çibçanın iqtisadi əsasını təsərrüfatçılıq təşkil edirdi. Onlar qarğıdalı, kartof, lobya, pomidor, ananas, tütün əkib becərirdilər. Əti yalnız ovçuluq yolu ilə əldə edirdilər. Təsərrüfatda mübadilə əsas rol oynayan vasitələrdən idi. Onun başlıca əşyası duz, kətan, zümrüd, qızıl idi. Bu qiymətli daşlar Çivore, Sumundoki şaxtalarından çıxarılırdı. Bu ərazidə qızıl olmadığından onu uzaq yerlərdən gətirirdilər. Çibçalıları muisklər də adlandırırdılar. Onlar qızılın aşılanmasında diqqəti cəlb edən nəticələr əldə etmişlər. Məhz bu ərazi ilk yer idi ki, Kolumbaqədərki Amerikada qızıldan texuelos adlanan dairəciklər hazırlayırdılar ki, bu da pul funksiyasını yerinə yetirirdi. Əlbəttə, bunları tam mənasında pul adlandırmaq düzgün olmazdı. Hər şeydən öncə, onlar bəzək əşyası idi. Hər dörd gündən bir muisklərin iri əhali məntəqələrində ticarət evləri qurulurdu. Xarici ticarət də çiçəklənirdi. Xarici ticarətin inkişafı üçün Duz Yolu adlandırılan yol tikildi. Çünki duz eksportun əsas vasitəsi hesab olunurdu.
Avropalıların bu ərazilərə gəlişinə qədər tayfa ittifaqları adlanan dövlət birlikləri fəaliyyət göstərirdi. Əhalinin əsas və istehsal qüvvəsi kəndli, sənətkar, kömürçü çibçalar təşkil edirdi. Onlar düzləri becərir, keramika hazırlayır, pambıqdan müxtəlif növ parça toxuyurdular.
Rəhbər və kahinlər cəmiyyətin elitası hesab olunurdu. Onları təkcə gözəl həyat tərzinə görə deyil, həm də yaraşıqlı geyimlərinə görə də tanıyırdılar. Tac və sinə üçün zinyət əşyası yalnız ali hökumət rəhbərinə məxsus olan predmet idi. Onun sarayı qızıl təbəqə ilə, divar yazıları ilə bəzədilirdi. Hakim ölərkən taxta onun böyük bacısının oğlu sahib olurdu. Qanuni varis olmadıqda isə, hakim özü istədiyi şəxsi taxta seçirdi. Taxta seçilən namizədlər xüsusi sınağa cəlb olunurdular. Tacqoyma mərasimi dini dünyagörüşlə bağlı idi. Məlum olduğu kimi, Kolumbun məlumatına görə hindular Günəş aə Aya etiqad edirdilər. Onların təsəvvürünə görə Günəş və Ay insanlardan çox - çox qədimlərdə mövcud olmuşlar. Daha sonralar kişi gildən, qadın isə, otdan yaranmışdı. Bu dini təsəvvürlər çibçaların dini adət-ənənələrinin əsasını təşkil edirdi.
İnklərin sivilizasiyası
redaktə«İnka» - terminin mənşəyi «günəş» sözündən götürülmüşdü. Onların mədəniyyətinin tarixi 1200-1572-ci illəri əhatə edir. İnklərin ölkəsi materikin cənub-qərbindən başlayaraq cənuba doğru bir-neçə min kilometrə qədər uzanırdı. Özünün çiçəklənmə çağında həmin ərazidə 15-16 milyon adam yaşayırdı. Bu xalqın mənşəyi haqqındakı əfsanədə deyilir ki, Günəş Allahı İnti kədərlə yer üzərində insanların həyatını müşahidə edirdi: insanlar vəhşi heyvanlardan da əcaib formada yaşayırdı. Günəş Allahının onlara yazığı gəldiyindən öz övladlarını – oğlu Manko Kapaka və qızı Mama Oklonu yerə göndərir. Təmiz qızıldan onlara əsa verən İlahi Ata əsasının çətinlik çəkmədən yerə girdiyi ərazidə məskunlaşmağı əmr edir. Bu hadisə Kusko düzənliyində baş verdiyi üçün Günəş Allahının əmrinə görə burada salınan şəhərə Kasko adı verildi… Burada məskunlaşmış insanlara din və qanunlar verildi, təsərrüfatla məşğkl olmaq öyrədildi. Manko Kapak dövlət yatarmaqla onun ilk İnki – yəni hakimi oldu, Mama Oklo isə onun arvadı oldu. Çətin təbii şərait (hava çatışmazlığı, aşağı atmosfer təzyiqi, torpaqların az məhsuldarlığı) və insanların durmadan sayının artması yaşamaq, ərazini genişləndirmək uğrunda mübarizəni zəruri etdi. Bu zaman inklər yerli əhalini qəsb olunmuş torpaqlara yerləşdirdilər, onların ərazisinə isə, imperiyanın mərkəzi rayonlarından gələnləri məskunlaşdırdılar. Dövlət dili keçua dili elan edilmışdi.
İnklər öz dövlətlərini Tauantinsuyu – «Dörd torpaq hissə torpağı» adlandırdılar. Çünki dövlət, həqiqətən də 4 hissəyə – əyalətə bölünürdü. Əyalətlər də dairələrə bölünərək İnk məmuru tərəfindən idarə olunurdu. Dairəyə bir neçə kənd daxil idi. Bunların hər biri bir və ya bir neçə nəslə məxsus idi. İmperiyanın bütün torpaqları üç hissəyə bölünürdü: tayfaların torpaqları, «Günəşin torpaqları» (buradan gələn gəlir kahinlər və qurbanvermə mərasimlərinə xərclənirdi), dövlət və İnklərin torpaqları (dövlət apparatı, hərbçi, inşaatçılar və d. təminatı üçün).
Bu ölkədə aclıqdan ölən yox idi. İşləmək qabiliyyəti olmayanları dövlət ən zəruri minimumlarla təmin edirdi. İnklərin təsərrüfatının əsasını heyvandarlıq və kənd təsərrüfatı təşkil edirdi. Onlar da Peruda yetişdirilən məhsulları istehsal edirdilər. Təbii şərait onları suvarma qurğuları – kanal, arx və s. tikməyə məcbur edirdi. Torpaq əl ilə, insanın boyu hündürlüyündə taxtalarla şumlanırdı. Sənətkarlıq yaxşı təşkil olunmuşdu. Mahir dulusçular, silah hazırlayanlar, zərgərlər, toxucular Kuskoda yaşayıb-yaradırdılar. İnkanın təminatı ilə çalışaraq ictimai qulluqçular hesab olunurdular. İnklər metallurgiya sahəsində də nailiyyətlər əldə etmişlər. Toxuculuq sənətlər içərisində xüsusi yer tuturdu. Bu ölkədə alver münasibətlərini, dövlət mübadiləsi əvəz edirdi. Müxtəlif iqlim zonalarından olanları müxtəlif məmulatlarla təmin edirdilər. Mübadilənin əsas forması kimi hər on gündən bir yarmarkalar təşkil olunurdu.
İmperiyanın başçısı və onun həyatının tənzimləyicisi "Günəşin oğlu" hesab olunan İntip Koridir (digər adı Sapa İnkadır, yəni Yeganə İnka). Belə hesab olunurdu ki, o, torpağa Günəşin tapşırığını yerinə yetirmək üçün gəlmişdir. İnka imperiyanın mütləq hökmdarı idi. O, öz əlində bütün iqtisadi, siyasi, qanunverici, hərbi hakimiyyəti cəmləşdirirdi. Uzun bir müddət o həm də ali kahin hesab olunurdu. Onun bahalı geyimi, qızıl və gümüşdən olan qab-qacağı ikinci dəfə istifadə olunurdu. İnka qırmızı ağacdan olan taxt-tacda əyləşirdi. Hüzuruna gələnlər onun üzünü görə bilmirdilər, çünki o pərdə ilə örtülmüşdü. Onu qızıl və gümüşdən hazırlanmış xüsusi xərəkdə gəzdirirdilər. Öldükdən sonra İnkanın cəsədini balzamlayırdılar. Mumiyanı qızıl taxt-taca əyləşdirir, yanında isə, imperatorun qızıldan heykəlini qoyurdular. Hökumətin yuxarı pilləsini İnkanın qan qohumları təşkil edirdi. Bütün yüksək dövlət yerlərini onlar tuturdular. Aşağı kateqoriyaya isə tabe olan xalqların rəhbərləri, onların ailələri, öz güc və qabiliyyətinə görə buraya daxil olan müxtəlif rütbəli qulluqçular daxil idi.
İnk imperiyasının hər biri 40000 adamdan ibarət olan dörd ordu birliyi mövcud idi. Bu ordu Kolumba qədərki Amerikada ən nəhəng ordusu idi. Hərbi hazırlıq 10 yaşdan 18-ə qədər davam edirdi. Ordunun yüksək intizamı, tələbi var idi. Döyüş zamanı silahdan əlavə, psixoloji vasitələrdən də – qorxulu səslər, fleyta və təbillərin səsindən və s. istifadə olunurdu.
İnklər cəmiyyətinin əsasını başçısı ata hesab edilən ailə təşkil edirdi. Ailələr manqalara bölünürdü: bir manqa 5 ailəni, iki manqa – 10 ailəni, üç manqa 50, dörd manqa 100 ailəni təşkil edirdi. İnklərin imperiyasında vətəndaşların on yaş kateqoriyası qanuniləşdirilmişdi. Kişilər üçün birinci üç qrup 9 yaşına qədər oğlanlar, dördüncü qrup 9 yaşdan 12-ə qədər (ovçuluq); beşinci 12 yaşdan 18-ə qədər (heyvanların ovlanması); altıncısı 18 yaşdan 25-ə qədər (hərbi və ya kuryer xidməti); yeddinci 25 yaşdan 50-ə qədər (ictimai işlərdə xidmət); səkkizinci 50 yaşdan 80-ə qədər (uşaqların tərbiyəsi); doqquzuncu 80 yaş və ondan sonrakı («kar ağsaqqallar»), onuncu qrupu xəstələr təşkil edirdi. Qadınların yaş kateqoriya təsnifatı kişilərdən fərqlənsə də, eyni prinsiplərə xas idi. Bir yaş kateqoriyasından digərinə keçid zamanı insanın adı dəyişdirilirdi. İnk cəmiyyətində təmizlik, səliqə-sahmana xüsusi diqqət yetirilirdi. Kişilər yetkinlik əlaməti kimi dizə qədər qısa yubkalar, qolsuz köynəklər, qadınlar isə, sadə uzun yun paltarlar geyinirdilər. Qadınlar paltarın ortasını zövqlə bəzədilmiş geniş kəmərlə bağlayırdılar. Ayaqqabalır lama yunundan hazırlanan səndəllər idi. Soyuq havada inklərin hamısı uzun və isti yağmurluqlar geyinirdilər.
Tauantinsuy qanunları yazılmamış olsalar da, onlar mülki və cinayət növlərinə bölünürdü. Allaha iftira, allahsızlıq, işsizlik, tənbəllik, yalançılıq, oğurluq, adamöldürmə ən ağır cinayətlər hesab olunurdu. Günahlarını tayfa rəhbərləri və yuxarı cəmiyyətin nümayəndələrindən olan hakimlər mühakimə edirdi. Qanunların əsasında dəqiq prinsiplər başlıca yer tuturdu. cəzalara qovulma, döyülmə, ən yüksək cəza isə, ölüm cəzası idi. Buraya asılma, dörd hissəyə bölünmə, daşla vurma və d. daxil idi. İnam, etiqad da inklərin qoruyub saxladıqları əsas mənəvi ünsürlərdən biri idi. İnklərin dünyagörüşünə görə Kainatın ali Yaradıcısı Kon-Tiki Virakoçadır. Dünyanı yaradırkən Ali Yaradıcı olan Virakoça üç əsas ünsürdən – torpaq, su və oddan istifadə etmişdi. İnklərə görə Kosmos üç səviyyədən ibarətdir: ali təbəqə – səmadır. Buranın əsas sakinləri Günəş, onun arvadı, bacısı Aydır. İkinci təbəqə orta təbəqədir ki, burada heyvan və bitkilər, insanlar yaşayırlar. Üçüncü təbəqə ölülər və yeni yaradılacaqların məskənidir. Sonuncu iki təbəqə bir-birilə mağara, şaxta, bulaq vasitəsilə əlaqə saxlayaraq, yuxarı aləm ilə münasibət İnkanın vasitəsilə həyata keçirilir.
Rəsmi dövlət ideologiyasını Günəş (İnti) ayini təşkil edirdi. Onun üçün hər gün qurban kimi ağ lamaların ocaqda yandırılması ayini keçirilirdi. Bundan başqa, imperatorun şərəfinə 10 yaşına qədər gözəl uşaqların qurban verməsi ayini də icra edilirdi. İkinci dərəcəli allahlara Qadınların himayədarı Mama Kilya, İldırım və fırtına allahı İlyapa və d. aid idi. Müqəddəs qüvvələr içərisində ruhlar əsas yer tuturdu. Onlar qaya, mağara, ağac, bulaq, daş və əcdadların mumiyalarında məskunlaşmışlar. Ruhlara dua oxunur, səcdəedilir, qurban kəsilirdi. Bütün dini ənənə və mərasimlər kahinlərin ixtiyarında idi. Hər il ölkə boyu 4-5 yaşlı gözəl qızlar seçilərək monastırlara göndərilirdilər. Burada onlara musiqi, oxumaq, tikiş, yemək hazırlamaq öyrədilirdi.
İmperiyanın paytaxtı və rəmzi Kusko şəhəri idi. Bu şəhər daş və qızıldan tikilmiş nağılvari bir yer idi. Şəhərdə İnkanın iqamətgahı yerləşirdi. Ali hakimiyyət orqanları, ayin mərkəzləri, şəhər xidmətləri, məhz burada yerləşirdi. Kusko şəhəri ən vacib təsərrüfat və mədəni bir mərkəz idi. Ən zəruri tədris müssisələrində 4 il ərzində inkalılara bütün elmlər öyrədilirdi. Bu şəhərdə XVI əsrdə 200 min sakin, 25 ev mövcud idi. Evlər parlaq boyalarla rənglənir, mərmər və yaşma daşı ilə bəzədilirdi. Evlərin qapı və pəncərələri qızıl çərçivələrlə bəzədilirdi. Şəhərin su kanalı və kanalizasiyası da mövcud idi. Kusko şəhərinin yerləşdiyi düzənlik hər tərəfdən dağlarla əhatə olunsa da, cənub-şərqdə giriş üçün yer mövcud idi. Kuskonun mərkəzində «Şənlik meydanı» yerləşirdi. Meydan bəşər tarixində ən böyük (uzunluğu 350 addım) qızıl zəncirlə sərhədlənmişdi. Yaxın küçələr müqəddəs yer və məbədlərlə əhatələnmişdi. Bunlardan ən başlıcası Günəş məbədi idi. Məbədin divarları qızıl lövhələrlə bəzədilmişdi. Divarların içərisində xalçalarla örtülmüş qızıl taxtlarda vəfat etmiş imperiya hakimlərinin mumiyaları yerləşdirilmişdi. Yaxınlıqdakı məbədlərdən biri də gümüş ilə üzlənmiş Ay məbədi idi. Məbədin mehrabında İnkanın həyat yoldaşının musiyası mühafizə olunurdu. Bina kompleksinin digər tərəfində İldırım, Şimşək və Göy qurşağının müqəddəs yerləri – pirləri də yerləşirdi. Ondan bir qədər aralıda isə, Kuskonun yarıtəbii, yarısüni olan fantastik bağı yerləşirdi.
Kuskoda bir çox maraqlı şeylər mövcuddur. Onlardan biri Cənubi Amerikanın möcüzəsi hesab edilən Maçu-Pikçu qalası (1500-cü il) hesab edilirdi. Maçu-Pikçudakı bütün binalar müxtəlif hündürlüklərdə yerləşirdi. Ona görə də qalanın 100 mərtəbəsi vardı. Onunla bir yerdə Günəş məbədi, «Üç pəncərə» məbədi və ali kahin sarayı yerləşirdi. Bura şəhərin birinci hissəsini təşkil edirdi. İkinci hissə isə, Şah kvartalı, Şahzadə sarayı, İnkanın sarayından ibarət idi. Şəhər-qalanın üçüncü hissəsini sıravi sakinlərin yaşayış evləri yerlən kvartal təşkil edirdi.
Tauantinsuyunun bütün yaşayış məntəqələrini bir-birilə çox ağıllı sistem əsasında düşünülmüş və salınmış yollar təşkil edirdi. Əsas iki yol mövcud idi. Bunlardan biri ekvatorun yaxınlığından (müasir Ekvador), imperiyasının şimalında başlanan Maule çayında qurtaran yoldur. Bu yolun uzunluğunun ümumi məsafəsi 5250 km idi. İkinci yol, şimal sahili (Tumbes) cənubla birləşdirilirdi. Hər iki yol dağ yüksəklikləri, bataqlıq, cəngəllik, çaylarından keçib uzanırdı. Bu inklərin ən böyük mədəni nailiyyətlərindən idi.
İnklərin mədəniyyətində kipu adlanan yazı növü mühüm hadisə idi. Kipu poçt vasitəsilə düyünlərlə ötürülən informasiya idi. Düyünlərin sayı hadisələrin məzmun və mədəniyyətindən xəbər verirdi. Yoğun düyün və ona bağlanmış kiçik düyünlərin sayı kəmiyyət göstəricilərini ifadə edirdi. İplərin rəngi rəmzi səciyyə kəsb edirdi. Ağ rəngli ip gümüş və dünyanı, sarı ip qızılı, qara ip xəstəlik və zamanı, qırmızı ip ordunu və s. ifadə etdirirdi. Müasir günə qədər gəlib-çatmış kipunun uzunluğu 165 sm., enini 6 sm. təşkil edir. İnklərin özünəxas ədəbiyyat, musiqi və rəqsləri də var idi. Bu xalqın dini və kübar himn, əfsanə, əsatir, ballada, dua, kiçik həcmli epik əsərləri, şer, təmsil və s. mövcud idi. Dünya dramaturgiyasının incilərindən biri kimi şerlərdə təcəssüm tapan «Apu-Olyantay» adlı dramı idi. Bu dram əsəri indi də Latın Amerikasının teatrlarında tamaşaya qoyulur. İnklər, həm də mahir musiqiçilər idi. Onların qammasında yalnız beş səs – do, re, fa, sol, lya mövcud idi. Bu səslər altında inklər mahnı oxuyur, rəqs edirdilər. Rəqsin bir-neçə növü – hərbi kişi, çoban, xalq və s. rəqsləri mövcud idi.
İnklərin özünəxas elmi bilikləri də vardı. Riyaziyyat, astronomiya, mühəndis, tibb sahələri üzrə biliklər mühüm yer tuturdu. Riyaziyyat əsas elm sahəsi sayılırdı. O, statistikanın inkişafına təkan vermişdi. Riyaziyyat el-mi astronomiyada da tətbiq olunurdu. Perunun butun ərazilərində qurulan rəsədxanalarda günəşin vəziyyəti müşahidə edilir, Günəş, Ay, Venera, Saturn, Mars, Merkuri, bürclərin sırası izlənilir, əldə edilən biliklər qeydə alınırdı. Bütün bu irəliləyişlərə baxmayaraq nəhəng Günəş hakimiyyəti sivilizasiyası avropalıların Amerikanı qəsb etməsindən sonra süquta uğradı.
Beləliklə, Kolumba qədər Cənubi Amerika mədəniyyəti üç əsas mərhələni keçmişdi: hindu tayfalarının yaratdığı ibtidai mədəniyyət; nisbətən yüksək səviyyəli, ilk sinifli cəmiyyətə qədərki mədəniyyət; nəhayət yüksək inkişafıolan sinifli cəmiyyətin mədəniyyəti.
Mənbə
redaktə- Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik. Bakı, 2010.