Cefer Tebrizi - Wikipedia
CƏFƏR TƏBRİZİ | |
---|---|
Mirzə Cəfər Əli oğlu Təbrizi Baysunquri | |
Digər adı | "Şəkəri Qələm" |
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | |
Vəfat yeri | Herat |
Fəaliyyəti | xəttat |
Fəaliyyət illəri | 1412–1431 |
Vikianbarda əlaqəli mediafayllar |
Mirzə Cəfər Əli oğlu Təbrizi – Mənşəcə Azərbaycan türklərindən olan, Azərbaycanın böyük xəttatlarından biri, nəstəliq, təliq və süls xəttləri ilə yanaşı həm də klassik xəttlərdə yazmağı bacaran onlarla məşhur xəttatın müəllimidir.
Həyatı
redaktəXV əsrin ən görkəmli xəttatlarından sayılan Cəfər Təbrizi nəstəliq xəttini Xorasan və Türkistanda böyük şöhrət qazanmış "Şəkəri qələm" ləqəbli görkəmli Azərbaycan xəttatı Mir Abdulla Təbrizidən öyrənmişdi. Cəfərin həyatı Orta Asiyanın Teymur tərəfindən istilası dövrünə düşür.
Təbrizdə Cəfər Təbrizi Azərbaycan hökmdarı, Teymurun oğlu Miranşahın sarayında fəaliyyət göstərir. Bir müddət sonra isə o da bir sıra digər usta, rəssam və xəttatlarla birlikdə Herata, Teymurun o biri oğlu Şahruxun yanında çalışmağa gəlir. Burada Cəfəri daim Şahruxun oğlu Baysunqurun yanında görmək olardı. Belə ki, sənətə və sənətkara böyük hörmət bəsləyən şahzadə Cəfər Təbrizini öz himayəsi altına götürmüşdü. Bununla əlaqədar Cəfərə Baysunquri təxəllüsü də verilmişdi. Orta əsr mənbələrinin göstərdiyinə görə, Baysunqur Mirzənin yanında işlərkən Cəfər Təbrizi kiçik bir kitabxana-emalatxanaya rəhbərlik edirdi. Burada 40-a yaxın xəttat əlyazmaların üzünü köçürməklə məşğul olurdu. Bunlardan başqa orada miniatürçülər, qızıl suyu ilə işləyənlər, dəri aşılanması və bəzədilməsi üzrə ustalar, bərpaçı və cildçilər də vardı. Onların arasında təbrizli ustalardan Aini Təbrizi, İbrahim Şəffar Təbrizi, Xoca Əli Müsəvvir və başqaları da vardı. Cəfər Təbrizi özünü qabiliyyətli müəllim və təşkilatçı kimi göstərir. O, həmin kitabxananın inkişafı üçün çox iş görür. Ustad sənətkar tez-tez kitabxanada görülmüş işlər haqqında Baysunqur Mirzəyə hesabatlar təqdim edir. Həmin hesabatlardan biri (iyun, 1427) hazırda İstanbuldakı Topqapı sarayının muzeyində saxlanılır. Hesabatda kitabxananın fəaliyyətinin təsviri ilə birlikdə 18 miniatürçü, xəttat, cildçi, tərcüməçi və qızıl suyu ilə işləyən usta və digərləri haqqında məlumatlar da vardır. Onu da qeyd etmək maraqlı olar ki, 1484-cü ildən həmin kitabxanaya Şərqin böyük rəssamı Behzad başçılıq etmişdi. O Behzad ki, Şah İsmayıl Heratı tutduqdan sonra bir sıra rəssam və xəttatlarla birlikdə Təbrizə köçərək, burada artıq Şah İsmayılın kitabxanasına rəhbərlik etmişdi. İki məşhur kitabxana – Təbriz və Herat kitabxanaları arasında gedən həmin istedad mübadiləsi sonradan kitab sənətində bu iki məktəbin yaxınlaşmasına və inkişafına gətirib çıxarmışdı.
Baysunqur öldükdən sonra Cəfər onun qardaşı Əla əd-Dövlənin yanında çalışır. Tədqiqatçı A. Qazıyevin yazdığına görə, "O zaman təzə ortaya çıxan nəstəliq xəttinin formalaşması üçün o, böyük iş görür. Şagirdlərindən biri – Əzhər Təbrizi onu həmin xəttin ikinci yaradıcısı ("Müxtəre üs-sani") adlandırmışdı. Çünki Cəfər bir çox məsələlərdə öz ustadından da qabağa getmişdi." Nəstəliq xəttindən başqa Cəfər o dövrdə geniş işlədilən klassik altılığı və təliq xəttini də gözəl mənimsəmişdi. Cəfərin süls xəttini Şəms əd-Din Məşriqidən, həmçinin onun oğlu və şagirdi Əbdürrəhim Xəlvətidən öyrəndiyi məlumdur.
Sənətkarın gördüyü işlərin zaman ardıcıllığını öyrənən tədqiqatçılar belə bir nəticəyə gəlirlər ki, Cəfər 1413–1452-ci illərdə yaradıcılıqla daha fəal məşğul olub. Onlar həmçinin belə bir maraqlı fikir də söyləyirlər ki, nəstəliq ustası sayılmasına baxmayaraq, Cəfər klassik xətlərlə daha yaxşı yazmışdır. O zaman nəstəliq yazısının həm iri, həm də xırda növləri vardı. İri nəstəliq adətən, qitə üzərində yazılırdı. Qitə, üzərində dünyəvi məzmunlu nəzm nümunələri yazılan və naxışlarla bəzədilən kağız vərəqinin karton üzərinə yapışdırılması yolu ilə düzəldilirdi. Xırda və orta nəstəliqlə bir qayda olaraq, poetik əsərlərin əlyazma nüsxələri yazılırdı. Xırda nəstəliq yazısı XV əsrin ikinci yarısında Heratda özünün daha mükəmməl formasını alır. Herat ustaları bunun sonralar Herati adlanan xüsusi növünü yaratmışdılar. Herati xətt növünün yaradıcısı isə Cəfər Təbrizi sayılırdı. Sonralar məşhur xəttat kimi tanınmış şagirdləri Əzhər Təbrizi və Şah Mahmud Zərrinqələm Hafinəs nəstəliqi ondan öyrənmişdilər. Bunlardan başqa onun şagirdləri arasında klassik xətlərlə yazan ustalar da vardı.
Şahzadə Baysunqurun sarayında yaşadığı dövrdə Cəfər Təbrizi bir sıra kitabların üzünü köçürmüşdü ki, onlar da xəttatlıq tariximizdə yaxşı məlumdur. Firdovsinin Şahnaməsi (1430), Sədinin Gülüstanı (1427), Nizami Gəncəvinin Xəmsəsi (1431) onun nəstəliq xətti ilə üzünü köçürdüyü kamil xəttatlıq nümunələrindəndir. Bu nüsxələr Parisin, Dublinin, Tehranın, İstanbulun, Sankt-Peterburqun məşhur kitabxana və muzeylərində saxlanılır.
Cəfər Təbrizi həm də şair kimi tanınıb. O, Baysunqurun ölümünə mərsiyə yazıb. Bundan başqa onun Şahrux və onun oğlanları şahzadə Baysunqur və Əla əd-Dövlənin saraylarında özünün tutduğu yüksək mövqeyi təsvir edən şerlər yazıb. Dahi sənətkar 1480-ci ildə 65 yaşında Herat şəhərində dünyasını dəyişib.