Bilev Korpusu - Wikipedia
Biləv körpüsü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndinin cənub tərəfində yerləşən tarixi-memarlıq abidəsi.
Körpü Gilançay üzərində orta əsrlərdə inşa edilmişdir. Kəndin adı ilə adlandırılan körpü zəmanəmizədək yarımuçıq vəziyyətdə gəlib çatmışdır.
Memarlıq quruluşu
redaktəQalıqlarına əsasən məlum olur ki, körpünün uzunluğu təxminən 60 metr, eni 3,3–3,8 metr, hündürlüyü 7–8 metr olmuşdur. Körpünün qərb tağının qurtaracağı, üzərində cüzi hörgü işi aparılmış sal qayanın üzərində oturmuşdur. Bəzi müəlliflər körpünün 3 tağlı olmasını yazsa da, hazırda bir tərəfi-şərq tağı salamat qalan körpünün uzunluğuna əsasən onun 4 və ya 5 aşırımlı olduğunu söyləmək olar. Körpünün yan divarları ən azı bir tərəfi ibtidai üsulla yonulub hamarlanmış iri və yastı yerli daşlardan- andezit — bazaltlardan , tuflu qumdaşlarından və s. kirəclə (əhəngdən və qumdan hazırlanmış qatı palçıqla) tikilmiş, divarlararası içəri hissəsi isə bol daşlı, çınqıllı, qumlu sementlənmiş materialdan təşkil olunmuşdur. Sonrakı təmir və bərpa işləri isə, körpünün yan divarları və tağlarının içəri hissələri təbii, yonulmuş, ancaq seçilmiş kiçik, yastı, müxtəlif tərkibli daşlardan və açıq qəhvəyi rəngli bişmiş kərpicdən hörülmüşdür. Körpü bir neçə dəfə təmir və bərpa olunmuşdur[1].
Orta əsr Biləv kəndi Böyük İpək yolunun üstündə, mühüm karvan yollarının qovşağında yerləşirdi. Bir tərəfdən Gilan şəhərini və Plovdağdakı, Sabirkənddəki (Dizə) yaşayış məskənlərini, o biri tərəfdən də Naxçıvan və Culfa şəhərlərini, Əlincəçay vadisindəki yaşayış məskənlərini Zəngəzurla və Qarabağla birləşdirən karvan yolları Biləvdən keçirdi[2]. Haqqında bəhs olunan körpü də bu karvan yolları ilə hərəkət edən ticarət karvanlarına və yerli əhaliyə xidmət etmək məqsədilə inşa edilmişdi.
Körpünün üstündə epiqrafik sənəd — kitabə olmadığı üçün onun inşa tarixi haqqında dəqiq və sanballı elmi fikir söyləmək mümkün deyildir. Geologiya- minerologiya üzrə fəlsəfə doktoru H. Aslanlı onu Xudafərin körpüləri ilə eyni dövrə aid edir[3].
Tarixi dövrləşdirilməsi
redaktəKörpü XVI–XVII əsrlərdə, ehtimal ki, I Şah Abbas dövründə inşa edilmişdir.
Mənbə
redaktə- Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.