Beynelxalq Ticaret - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Beynəlxalq ticarət — dünya ölkələrinin xarici ticarətinin cəmi olan əmtəə-pul münasibətləri sistemi.
Xarici ticarət dövriyyəsi bu və ya digər ölkənin ixracının və idxalının dəyərlərinin cəmidir. Xarici ticarətin dəyər həcmi müəyyən dövr üçün cari valyuta məzənnələrindən istifadə etməklə cari qiymətlərdə hesablanır. Xarici ticarətin fiziki həcmi daimi qiymətlərdə hesablanır və zəruri müqayisələri aparmağa və xarici ticarətin real dinamikasını müəyyən etməyə imkan verir.
Dünya əmtəə dövriyyəsi bütün dünya dövlətlərinin ancaq ixraclarının həcmini toplamaqla müəyyən edilir və adətən ABŞ dollarında əks olunur.
İxrac əməliyyatları özündə əmtəənin gəminin göyərtəsinə çatdırılması və yüklənmə limanında malın gəminin tutacağından göyərtəsinə keçirilməsi ilə əlaqədar xərcləri əks etdirən FOB (free on board – franko göyərtədə) qiymətləri əsasında hesablanır.
İdxal əməliyyatlarının hesablanması özündə FOB şərtləri ilə yanaşı yükün sığortalanması ilə bağlı xərcləri əks etdirən CIF (cost, insurance, freight – dəyər, sığorta, fraxt) qiymətləri əsasında əks etdirilir.
FOB və CIF "İnkoterms 2000" adlanan və kommersiya əməliyyatlarında istifadə edilən terminlərdən ikisidir. "İnkoterms 2000" haqqında bir qədər sonra daha geniş məlumat veriləcəkdir.
Dünya ixracının həcmi dünya idxalının həcminə bərabər olmalıdır ki, çünki, bir ölkə tərəfindən ixrac edilən əmtəə digər ölkə tərəfindən idxal edilir. Lakin faktiki olaraq dəyərinə görə dünya idxalı dünya ixracından çoxdur ki, bu da ixrac əməliyyatlarının FOB qiymətləri əsasında, idxal əməliyyatlarının isə CIF qiymətləri əsasında hesablanması ilə əlaqədardır. Beynəlxalq ticarətin obyektləri kimi insan əməyinin məhsulları — əmtəə və xidmətlər fərqləndirilir.
Geniş mənada əmtəə mübadilə üçün istehsal edilmiş və hər hansı bir ictimai ehtiyacı ödəmək üçün nəzərdə tutulmuş predmetdir. Bu anlayış çərçivəsində xidmətlər də əmtəə hesab edilə bilərlər.
Dar mənada əmtəə ictimai ehtiyacı ödəyən, mübadilə üçün istehsal edilmiş, görünən və hiss edilən insan əməyi predmetidir.
Xidmət isə ictimai ehtiyacı ödəməyə istiqamətlənmiş, mübadilə üçün istehsal edilmiş, lakin görünməz və hissedilməz insan əməyi predmetidir.
Lakin heç də bütün əmtəələr və xidmətlər beynəlxalq mübadilənin obyekti kimi şıxış etmirlər. Buna görə də ticarət edilə bilən və bilinməyən əmtəələr anlayışları fərqləndirilir.
Ticarət edilə bilən əmtəələr dedikdə müxtəlif ölkələr arasında hərəkət edə bilən əmtəələr nəzərdə tutulur. Onların qiymətləri həm daxili, həm də dünya bazrlarında tələb və təklifin qarşılıqlı təsiri ilə müəyyən edilir.
Ticarət edilə bilinməyən əmtəələr isə istehsal olunduğu ölkədə istehlak edilən və ölkələr arasında hərəkət etməyən əmtəələr başa düşülür. Onların qiyməti milli çərçivədə mövcud olan tələb və təklif nisbəti ilə müəyyən edilir. Beynəlxalq ticarət nəzəriyyələri və onların təkamülü
İqtisadiyyatın və ya hər hansı bir digər elm sahəsinin "nəzəriyyə"sinin əsas məqsədi bu elm sahəsinin predmetinə aid olan hadisələrin səbəblərini açıqlamaq, hadisələr arasındakı "səbəb-nəticə" əlaqələrini ortaya çıxarmaqdır. Beynəlxalq ticarət nəzəriyyələrinin də başlıca məqsədi ölkələr arasında baş verən əmtəə və xidmət alış-satışlarının səbəblərini izah etnəkdir. Beynəlxalq ticarət nəzəriyyələrində əsasən aşağıdakı üç sual cavablandırılmağa çalışılır:
1. Ölkələr nə üşün xarici ticarətə cəlb olunurlar, yəni qapalı iqtisadiyyata nisbətən xarici ticarət ölkəyə hansı mənfəətlər verir?
2. Ölkənin xarici ticarətinin mahiyyəti necə müəyyən edilə bilər; başqa bir sözlə ölkənin hansı malları ixrac, hansı malları isə idxal etməli olduğu nə ilə müəyyən edilməlidir?
3. Ölkənin ixrac qiymətləri ilə idxal qiymətləri nisbəti və ya xarici ticarət həddləri nə cür formalaşmışdır?
XVIII əsrin ikinci yarısına qədər xarici ticarətin əsaslı elmi araşdırılmasına rast gəlinmir. Həmin müddətə qədər müxtəlif nəzəriyyələrdə xarici ticarət anlayışına ötəri surətdə toxunulurdu. Iqtisadi ədəbiyyatlarda beynəlxalq ticarətin ilk dəfə elmi cəhətdən sistematik surətdə araşdırıldığı əsər kimi bir qayda olaraq klassik iqtisadi nəzəriyyənin banisi Adam Smitin "Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat" (1776) əsəri göstərilir.
Klassik nəzəriyyələrə qədərki konsepsiyalar, onların tənqidi
redaktəXarici ticarətin müxtəlif aspektlərini izah etməyə çalışan ilk nəzəriyyə kimi merkantilizmi göstərmək olar. Bu nəzəriyyənin ortaya çıxması feodalizm quruluşunun dağılması və milli dövlətlərin möhkəmlənməsi dövrünə təsadüf edir. Bu cür tarixi fonda yeni şəraiti nəzəri cəhətdən əsaslandıracaq bir konsepsiyaya ehtiyac duyulurdu ki, belə bir konsepsiya da merkantilizm oldu. Məhz bu nəzəriyyə iqtisadi fikrin bir istiqaməti olmaqla, ilk dəfə olaraq feodal özünütəminetmə nəzəriyyələri çərçivsindən kənara çıxdı və yeni təsərrüfat sistemində əmtəənin rolunu əsaslandırdır.
Merkantilizm nəzəriyyələrinin əsas nümayəndələri kimi, Tomas Meni, Antuan Monkretyeni, Çarlz Davenantı, Vilyam Stafforu və digərlərini göstərmək olar.
Merkantilistlərin fikrincə, iqtisadi sistem üç sektordan – istehsal sektorundan, kənd təsərrüfatı sektorundan və xarici koloniyalardan ibarət idi. Onlara görə, tacirlər iqtisadi sistemin ən mühüm subyekti, əmək isə istehsalın əsas amili idi.
2011-ci ildə dünya ticarətinin həcmi rekord həddə — 18 trilyon ABŞ dolları olub.[1]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2015-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-12.