Beynelxalq Munasibetler - Wikipedia
Beynəlxalq münasibətlər — siyasi elmin bir qolu olub, beynəlxalq sistemdə dövlətlərin bir-biri ilə, eləcə də beynəlxalq hökumətlərarası təşkilatlar (BHT), transmilli korporasiyalar (TMK) və digər qeyri-dövlət aktorları ilə münasibətlərini öyrənir. XX əsrin əvvəllərində beynəlxalq münasibətlər dünya siyasətində ABŞ-ın rolunun artması ilə səciyyələnir. Bu dövrdə ABŞ-ın xarici siyasət fəaliyyətində Latın Amerikası mərkəzi yer tuturdu. ABŞ Latın Amerikası regionunda nüfuzunu artırmaq və öz ətrafında region dövlətlərini birləşdirmək siyasəti yürüdürdü. Bu illərdə ABŞ çəkiləcək Panama kanalı üzərində tək ağalıq etmək istəyirdi. O, bu istəyinə 1901-ci ildə İngiltərə ilə imzaladığı müqavilə ilə çatmış oldu. Bu müqaviləyə görə, kanalı ABŞ hökuməti və ya onun istəyinə uyğun olaraq xüsusi şirkətlər tikə bilərdilər.
1902-ci ildə ABŞ kanalın tikintisinə dair konsessiya hüququnu fransız şirkətindən satın aldı. 1903-cü ildə ABŞ və Kolumbiya hökumətləri müqavilə imzaladılar. Müqaviləyə görə, Kolumbiya hökuməti öz ərazisində Sakit okeandan Atlantik okeana qədər ərazidən çəkilən zolağı 99 il müddətinə ABŞ hökumətinə icarəyə verməli idi. Lakin Kolumbiya konqresi bu müqaviləni rədd etdi. Belə olduqda ABŞ Kolumbiyaya təzyiq göstərərək orada dövlət çevrilişi etdi. ABŞ-ın yardımı ilə Panama respublika elan edildi. ABŞ Panama Respublikasının müstəqilliyini tanıyaraq onunla münasibətlər qurdu. Kanal 1914-cü ildə istifadəyə verildi.
XX əsrin əvvəllərində ABŞ-ın nüfuzu Karib dənizi hövzəsi ölkələrində genişləndi. ABŞ hökuməti bu ölkələrin iqtisadi, siyasi və hərbi inkişafı üçün onlara kreditlər ayırdı. ABŞ-ın bu siyasəti "dollar diplomatiyası" adını aldı.
XX ərin əvvəllərində maliyyə və diplomatik yardımlar hesabına Yaponiyanın Uzaq Şərqdə fəallığı artdı. 1904-cü ildə Yaponiya Rusiya ilə müharibəyə başladı. Müharibədə rus hərbi-dəniz donanması darmadağın edildi və Rusiya acınacaqlı məğlubiyyətə uğradı. Rusiyanın məğlubiyyətinin əsas səbəbləri çarizmin çürüklüyündə, iqtisadi, siyasi, hərbi, diplomatik və mənəvi cəhətdən müharibəyə hazır olmamasında idi. Rusiya 1905-ci ildə ABŞ-ın Portsmut şəhərində Yaponiya ilə sülh müqaviləsi imzalamağa məcbur oldu. Müqavilənin şərtlərinə görə, Rusiya Lyaodun yarımadasını, Port-Arturu, Cənubi Mancuriya dəmiryolunu, onunla birlikdə bütün Cənubi Mancuriyanı, Saxalin adasının cənub hissəsini Yaponiyaya verdi və Koreyada Yaponiyanın üstün nüfuzunu qəbul etdi. Beləliklə, Uzaq Şərqdə Rusiyanın nüfuzu xeyli aşağı düşdü.
XX əsrin əvvəllərində beynəlxalq münasibətlərdə mühüm yer tutan məsələlərdən biri də Mərakeş böhranıdır. Afrikanın bölüşdürülməsi nəticəsində Fransa Mərakeşin qərb hissələrinə sahib oldu. Fransa-İtaliya danışıqları nəticəsində Cəbəllütariq boğazı İspaniyaya, Mərakeşin qalan hissəsi isə Fransaya verilməli idi. Almaniya Mərakeşin müstəqilliyini qorumaq adı ilə 1905-ci il martın 31-də Mərakeşin Tancer limanına gəmilərini göndərdi, II Vilhelm Mərakeşin müstəqil olduğunu bildirdi. Mərakeş məsələsinə dair beynəlxalq konfrans 1906-cı ilin əvvəllərində İspaniyanın Alxesiras (Əl-xəsiras) şəhərində keçirildi. Konfransda Almaniyanın iddiaları rədd olundu. Mərakeşin polis orqanlarının yaradılması Fransa və İspaniyaya tapşırıldı. Mərakeş boğazlarına nəzarət Fransa, İngiltərə, Almaniya və İspaniyanın təsiri altına düşdü. Lakin Almaniya bu nəticələrdən razı qalmadı.