Benalar - Wikipedia
Benalar, vabenalar — Tanzaniyanın cənub-şərqində (İrinda vilayəti), Rufici və Böyük Ruaha çaylarının hövzəsində bantular qrupundan xalq. Sayları 693 min nəfərdir (2005). Kinqalar, hehelər, poqololar (poqorolar), sanqular, matumbilər və dendenulelərə yaxındırlar. bantu dillərinin G zonasına aid olan bena (kibena, ekibena) dilində danışırlar. Yazıları latın qrafikası əsasındadır. Suahili və nyamvezi dilləri də yayılmışdır. Dindarların əksəriyyəti ənənəvi dini etiqadlarını saxlayırlar, müsəlman və xristianlar da var.
Benaların Şərqi Afrika xalqları üçün səciyyəvi olan ənənəvi mədəniyyətləri vardır. Ənənəvi məşğuliyyətləri qırılıb-yandırılmış sahələrdə əkinçilik (maniok, qarğıdalı, çəltik, darı, batat, paxlalı bitkilər və s.) köçəbə maldarlıq (davar) və ovçuluqdur. Şəhərlərdə və sizal plantasiyalarında mövsümçülük yayılmışdır. Dulusçuluq, toxuma və ağac üzərində oyma (o cümlədən, əcdadların kultu ilə bağlı olan iri antropomorf heykəltəraşlıq) inkişaf etmişdir.
Ənənəvi geyim kişilərdə ağ kanzu, qadınlarda şux parçalardan hazırlanan kanqa və səndəldir; müasir geyimləri sadə parçalardan tikilir. Əsas yeməkləri düyü, darı, banan, tərəvəz və meyvələrdən hazırlanır.
Ənənəvi evləri düzbucaq formasında, yastı damlıdır, karkasrlı divarları gillə suvanmışdır, daxili həyəti olur. Ata xətti ilə qəbilə təşkilatı və çoxailəli icmalar, əcdadların və təbiət qüvvələrinin kultu, folklor (döyüşçü mahnıları və rəqsləri, bayram rəqsi lipara) qalmaqdadır.
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı,2011, səh.420–421.