Bakinski Listok Qezet - Wikipedia
"Bakinskiy listok" (rus. Бакинский листок) — Bakıda rus dilində çap olunmuş ilk qəzet.[1][2]
"Bakinski listok" | |
---|---|
Baş redaktor | Xristian Sink |
Yazıçılar | Həsən bəy Zərdabi |
Yaranma tarixi | 6 (18) mart 1871 |
Dil | rus dili |
Nəşrini dayandırıb | 3 (15) iyun 1872 |
Baş ofis | |
Ölkə |
Qəzet haqqında məlumat
redaktəAzərbaycanda çıxan ilk rusdilli nəşr "Bakinskiy listok" hesab edilir. Qəzetin baş redaktoru Bakı real gimnaziyasının müəllimi Xristian Sink idi. 1870-ci il dekabr ayının 3-də qəzetin nəşrinə rəsmi icazə verildi. Qəzetin ilk nömrəsi 1871-ci ilin martın 6-da çıxmış, iyun ayında bağlanmışdır. 1872-ci ilin yanvarında qəzetin nəşri yenidən bərpa olunmuşdur. Həmin il iyunun 3-dək davam etmişdir.[1] Qəzet İçərişəhərdə, Mixail Voliçkin adlı şəxsin xüsusi mətbəəsində çap olunurdu. Bu qəzetdə rəsmi xəbərlər, qərarlar, elanlar və teleqramlar geniş yer tuturdu.[2]
Xristian Sink
redaktəXristian Sink Bakı qubernatoru, general-leytenant Kalyubaykinə 1870-ci il 25 fevral tarixli ərizəsində öz məqsəd və məramını belə izah edir:
Bakı quberniya əhalisinin öz mətbuat orqanının olmasına görünən tələbi və şəxsi istəyim, mənə yaxın olan cəmiyyətin xeyrinə bütün qüvvəmi sərf etmək arzusu doğurmuşdu. Bu cəhət məni siz ola həzrətdən Bakı şəhərində qəzet nəşrinə icazə istəmək cəsarətinə məcbur edir. |
Xristian Sink azərbaycanlıların maariflənməsinə kömək etməyi də özünün vicdani borcu sayırdı. Bu məqsədlə o, "Bakinski listok" qəzetində Azərbaycan şöbəsi açmaq istəyirdi. Qəzetin nəşrinə verilən icazə şərtlərində bu barədə qeyd də var. "Bakinskiy listok"un Azərbaycan dilində ruscadan tərcümə olunmuş məqalələrin çapına icazəsi vardı. Lakin senzorun Azərbaycan dilində bilməməsi səbəbindən bu iş Azərbaycan dilini yaxşı bilən məmurlardan birinə həvalə olunmalıydı. Qəzetin ilk sayındakı baş məqalədə bu məsələyə də toxunulub:
Sevinirik ki, bizim tatar dilində (Azərbaycan dilində) – ilk qəzet yaratmaq səylərimiz səmərəsiz qalmadı, bizim elanımız kütlə tərəfindən rəğbətlə qarşılandı: abunəçilərin miqdarı gözlədiyimizdən çox oldu; abunə hətta ucqar tatar kəndlərində yayılmışdır və biz tamamilə ümidvarıq ki, öz fəaliyyətimizi kiçik qardaşımızın rifahına həsr edəcəyik |
Yenə də qəzetin həmin nömrəsində "Redaksiyadan" adlı məlumatda qeyd edilir ki, "… qəzetimizin tatar şöbəsinə gəldikdə, haqqında danışdığımız mətbəə xahiş etmişdir ki, onun buraxılması gələcək aprelə qədər təxirə salınsın…". Redaksiya daha sonra abunəçilərdən üzr istəyib mətbəə çətinliyini nəzərə almağı rica edir.[1]
Həsən bəy Zərdabi
redaktə"Bakinskiy listok" qəzetinin 1872-ci il 26 fevral tarixli nömrəsində Həsən bəy Məlikovun "Cəmiyyəti xeyriyyə" təşkilinə başlanması haqqında məqaləsi dərc olunmuşdur. Bu məqalə Həsən bəy Zərdabinin bizə məlum olan ilk məqaləsi kimi tarixi və elmi əhəmiyyətə malikdir. Məqalədə əsasən xeyriyyə cəmiyyətindən, onun əhəmiyyəti və təşkilat məsələlərindən bəhs edilir, cəmiyyətin əsasnaməsi qısa şərh olunur.
Bakıdan köçdükdən sonra Xristian Sink Moskvada yaşamış, pedoqoji və jurnalistlik fəaliyyətini davam etdirmişdir. Xristian Sinklə Həsən bəy Zərdabi arasında dostluq əlaqələri var idi. Real gimnaziyada birlikdə işlədikləri vaxt gənclərin mütərəqqi ideyalar ruhunda tərbiyələnməsində onların dostluğu əhəmiyyətli rol oynamışdır. Xristian Sink sonralar Moskvada yaşadığı illərdə də Həsən bəy Zərdabi ilə əlaqə saxlayır, onunla məktublaşırdı. Onun 1878-ci ilin martında Həsən bəyə göndərdiyi məktubunda deyilirdi:
Mən böyük bir maraqla sizin son zamanlardakı fəaliyyətinizi izləyirdim. Sizin geri çəkilməyə məcbur olduğunuzu bildikdə hirsimdən dişlərimi qıcayırdım. Lakin siz mənim nəzərimdə yenə də qəhrəmansınız. Biz sizinlə azmı, çoxmu iş görmüşük, bilmirəm, nə bacarmışıqsa, onu etmişik və silahı hələ yerə qoymamışıq. |
1880-ci ildə Zərdabi Bakıdan öz doğma vətəni Zərdaba köçən vaxt Xristian Sink Moskvadan ona yazmışdı:
Siz mənim nəzərimdə həmişə ləyaqətli qəhrəman kimi qalırsınız. Az-çox biz bir iş gördük, hələ ki, silahı yerə qoymamışıq. Burada dayanmalıyıqmı? Mən sizin portretinizi gördüm: saçlarınız ağarmışdır, əhli – əyal sahibisiniz. Mənim də artıq ailəm var. Özümüz haqqında fikirləşməyin vaxtıdırmı? Yox, Əzizim Məlikov! |
Xristian Sink adamlara maarif işığı bəxş etmək uğrunda mübarizəni axıradək aparmağı tövsiyə edirdi. Bu barədə ürək sözlərini öz dostu ilə bölüşdürürdü.[1]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəƏdəbiyyat siyası
redaktə- RƏF, arxiv 3, Q-2 (67)
- "Russkaya periodiçeskaya peçat". (1702–1894), Moskva, 1959, səh.535
- N. Axundov və S. Muxranskayanın "Bakinski listok" qəzeti" sərlövhəli məqalə. "Bakı" qəzeti. 24 iyun 1971
Mənbə
redaktə- N. N. Zeynalov. "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı "ADU", 1973 – səh. 50–51,
- Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). "Azərbaycan mətbuatı tarixi" (1875–1920), Bakı "Elm və Təhsil", 2009 – 43–44 səh.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006 - 248 səh" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-27.
- ↑ 1 2 "Niyaz Niftiyev, "Mətbuatda multikulturalizm" Bakı, 2017, səh.19" (PDF). 2020-05-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-06-07.