Bakinin Mudafie Sistemi - Wikipedia
Bakının müdafiə sistemi — 1919-cu ilin yayında Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı Bakı şəhərinin qurudan və dənizdən müdafiəsinin təşkili üçün həyata keçirilmiş hərbi tədbirlər sistemi.[1]
Təşkili
redaktəBakı istehkamçılar hissəsinin rəhbərliyi altında aparılırdı. Bakı ətrafında 14 müdafiə mövqeyi yaradılmışdı. Onlardan ilk yeddisi Abşeron yarımadasının müdafiə xətti boyunca qurulmuşdu. Bakının müdafiəsi üçün Biləcəri, Böyükşor — Razin dağı və Əhmədli yüksəkliyindən keçən xətt boyunca qurulmuş mövqelər Abşeron yarımadasının müdafiə mövqelərinin davamı kimi nömrələnmişdi. 8-ci dayaq qrupu Biləcəridə, 9-cu qrup Dərnəgüldə, 10-cu Keşlədə, 11-ci Güvüldağda, 12-ci Əhmədlidə, 13-cü Sultan (Zığ) burnunda, 14-cü isə Nargin adasında yerləşdirilmişdi. Bu qrupların hər biri üçün 2 piyada bölüyü, 8 ədəd pulemyot və 2 ədəd top ayrılmışdı. Dayaq qrupları üçün s əngərlər qazılmış, onların arasında əlaqələr yaradılmış, atəş mövqeləri düzəldilmiş və ətrafında tikanlı məftillərdən maneələr qurulmuşdu. Bakı ətrafının müdafiə xəttinin ümumi uzunluğu 40 verstə qədər idi.[2]
Dənizdən müdafiə sistemi
redaktəBakının dənizdən müdafiəsinin təşkili üçün aşağıdakı tədbirlər həyata keçirilirdi:
- dənizdən Bakıya girəcək marşrutlann müşahidəsi;
- Bakı hüdudlarının dənizdən qorunması üçün artilleriya müdafiəsinin təşkili;
- Bakı buxtasında dəniz polisinin yaradılması.
Xəzərdəki hərbi gəmilər ingilislər tərəfindən alınaraq Denikinin tabeliyinə verildiyi üçün Bakının dənizdən müdafiəsi yuxarıdakı tədbirlərin həyata keçirilməsindən asılı idi. Bakıya hücumun qarşısını almaq üçün iki buxar gəmisi, bir neçə barkas və motorlu gəmi silah və hərbi texnika ilə təchiz edilmiş, Şıx və Sultan (Zığ) burunlarında, həmçinin Nargin adasında müdafiə batareyaları yerləşdirilmişdi. Dəniz polisi isə Bakı buxtasının qorunmasını öz üzərinə götürmüşdü
Digər tədbirlər
redaktəŞəhərdaxili telefon şəbəkəsi yenidən qurulmuş, müdafiə mövqeləri və batareyaları ilə Bakı istehkamçıları arasındakı rabitə əlaqəsi möhkəmləndirilmiş, Bakı ətrafında qazma-istehkam işləri genişləndirilmişdi.
Denikin qoşunlarının Azərbaycana hücum təhlükəsi aradan qalxandan və 1920-ci ilin yazında Qarabağda genişmiqyaslı erməni təcavüzü başlanandan sonra, Bakının müdafiəsinə xüsusi qüvvə ayrılması qeyri-mümkün oldu. Bakı ətrafında olan qüvvələr də Qarabağda erməni-daşnak qoşunları ilə mübarizəyə səfərbər olunduğundan, Aprel işğalı (1920) zamanı müdafiə sistemi işğalçılara güclü müqavimət göstərə bilmədi.[3]
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Bakının Müdafiə Sistemi maddəsi.