Baki Hemkarlar Ittifaqlari Surasi - Wikipedia
Bakı Həmkarlar İttifaqları Şurası (BHİŞ) — könüllü ictimai təşkilat.
Yaradılması
redaktəƏsası 1917 il martın 24-də qoyulmuşdur. Həmin tarixdə Bakı şəhəri həmkarlar ittifaqları nümayəndələrinin yığıncağı özünü təsis yığıncağı elan etmmiş və Azərbaycanda ilk ittifaqlararası təşkilat olan Həmkarlar İttifaqlarının Mərkəzi Bürosunu seçmişdir. III Ümumrusiya konfrasnsının qərarına əsasən, mərkəzi büro 1917 il 6 iyul tarixli iclasında Bakı Həmkarlar İttifaqları Şurasına çevrildi.
1918 il mayın 23-də BHİŞ-in yeni rəyasət heyəti seçilmişdir. Onun ilk tədbirlərində biri sənayenin milliləşdirilməsində həmkarlar ittifaqlarının iştirakı məsələsinin həlli və bütün həmkarlar ittifaqları nümayəndələrinin ümumbakı konfransını çağırmaq olmuşdur. 22 həmkarlar ittifaqının idarə heyətlərinin iclaslarından birində — 1918 il iyulun 9-da həmkarlar ittifaqlarının nümunəvi nizamnaməsi qəbul edilmişdir.[1]
Fəaliyyəti
redaktə1919 il noyabrın 1-nə olan məlumata görə, BHİŞ-ə 16 həmkarlar ittifaqı daxil idi. Şura eser-menşeviklərin təsiri altında idi. Bakı Xalq Komissarları Sovetinin (BXKS) hakimiyyəti dövründə Şuraya rəhbərlik bolşeviklərin əlinə keçdi. BXKS-nin süqutundan sonra həmkarlar ittifaqlarına nəzarət etmək uğrunda bolşeviklərlə eser-menşeviklər arasında mübarizə yenidən qızışdı. Bu mübarizə 1919 ilin yazında bolşeviklərin həmkarlar ittifaqları üzərində tam nəzarəti ilə nəticələndi. Sentyabrda bolşeviklər sağ sosialistlərin son dayağı olan BHİŞ-i ələ keçirdilər. Bolşeviklərin bu quruma rəhbərliyi həmkarlar ittifaqlarını Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinə qarşı mübarizədə mürtəce alətə çevrildi.
BHİŞ Bakı proletariatının kollektiv müqavilənin bağlanması uğrunda mübarizəsində, mədənzavod komissiyalarının təşkilində mühüm rol oynamışdır. O sahibkarların qanunsuz hərəkətlərinə qarşı həmkarlar ittifaqlarının mübarizəsində fəal təşkilatçılıq işi görür, əmək haqqının artırılması, əməkçilərin müxtəlif kateqoriyaları üçün sabir əmək haqqı dərəcələrinin işlənib hazırlanmasında, həbs olunmuş rəhbərlərin azad edilməsində, həmkarlar ittifaqlarının fəaliyyətinin leqallaşdırılmasında fəhlələrin tələblərini dəstəkləyirdi.
1920 ilin iyununda vahid respublika orqanının — Azərbaycan Həmkarlar İttifaqları Şurasının yaradılmasından sonra BHİŞ ləğv edilmişdir.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəMənbə
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 215–216