Baki Fehle Konfransi - Wikipedia
Bakı Fəhlə Konfransı (BFK) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə hakimiyyəti qeyri-qanuni yolla ələ keçirmək məqsədilə yaradılmış bolşevik təşkilatı.
Fəaliyyəti
redaktə1918 il dekabrın 15-də fəaliyyətə başlamışdı. BFK-da fəhlə təşkilatları 251 nümayəndə ilə təmsil olunmuşdur. Səsvermə hüququna yalnız Bakı şəhərinin fəhlə və qulluqçuları malik idilər. Mərkəzi BFK-dan əlavə, Bakı rayon fəhlə konfransları da yaradılmışdı. BFK-nın "Bakı Fəhlə Konfransının Əxbarı" adlı qəzeti nəşr olunmuşdur. BFK öz fəaliyyətinə iqtisadi tələblərlə başlamışdı. Belə ki, BFK yanında yaradılmış tətil komitəsinin başlıca vəzifəsi öz rəhbərlikləri altında tətillər təşkil etmək idi. Eser və menşeviklərin redaktorluğu ilə tətil komitəsinin orqanı olan "Bakı tətil komitəsinin xəbərləri" qəzeti nəşr olunurdu. Cəmi üç nömrəsi işıq üzü görmüş qəzetin ilk nömrəsi 1918 il dekabrın 25-də çıxmışdır. Bolşeviklərin təsirilə siyasi mübarizə yoluna keçən BFK-da liderlik uğrunda bolşeviklərlə eser-menşeviklər arasında gərgin mübarizə gedirdi. BFK 1918 il dekabrın 18-də keçirilən iclasında siyasi tələblərlə (həbs edilənlərin azadlığa buraxılması, həmkarlar ittifaqları, mətbuat, yığıncaq azadlıqları və s.) tətil keçirmək barədə qərar qəbul etdi. Tətil 1918 il dekabrın 24-də başlandı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti üçün ciddi müxalifətə çevrilmiş BFK ingilis komanlanlığından tələb edirdi ki, kollektiv müqavilənin bərpası üçün neft sənayeçiləri və fəhlə konfransı nümayəndələrindən ibarət saziş komissiyası yaradılsın. Tətilin gedişində BFK-nın xüsusi iclasında iştirak edən Məhəmməd Əmin Rəsulzadə BFK liderlərinin fəaliyyətinə kəskin etirazını bildirmiş, Azərbaycan Hökumətinin yeganə qanuni səlahiyyətli orqan olduğunu vurğulamışdı. Üçgünlük dekabr aksiyası tətilçilərin üstünlüyü ilə nəticələndi. İngilis komandanlığı həbs edilənlərin buraxılmasına razılıq verdi. Dekabrın 25-də Azərbaycan Parlamentinin iclasında siyasi məhbusların amnistiyası üzrə yaradılan komissiya inzibati qaydada həbs olunmuş bütün şəxsləri təxirə salmadan azad etməyə çağırdı. Dekabr tətilində sonra müntəzəm keçirilən Bakı Fəhlə Konfransı iclasları əsasən, siyasi məzmun daşımışdı.[1]
1919 ilin martında bolşeviklər eser-menşevikləri BFK-dan sıxışdıraraq öz nümayəndələrini rəyasət heyətinə daxil etdirdilər. 1919 il martın 11-də yeni seçilmiş rəyasət heyətinin 10 üzvündən 7-si kommunist, hümmətçi və ədalətçi idi. 1919 ilin mayında BFK-nın bolşevik liderləri ümumi iqtisadi tətil keçirilməsinə cəhd etdilər. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti BFK-nın elan etdiyi bu tətili siyasi tətil kimi qiymətləndirdi. Hökumətin qadağalarına baxmayaraq, 1919 il mayın 6-da tətil başlandı. Lakin BFK-nın eser-menşevik və bolşevik liderləri arasındakı ixtilaf, müsəlman sosialist partiyalarının Hökumətin xəttini müdafiə etməsi, hakimiyyətin qətiyyəti və ingilis komandanlığının onu dəstəkləməsi tətili ilk gündən uğursuzluğa düçar etdi. Tətil mayın 13-də tam iflasla sona çatdı. BFK rəhbərliyindəki eser-menşeviklər bolşeviklərlə əvəz olundu. Bununla belə, məğlubiyyətləri ilə heç cür barışmaq istəməyən bolşeviklər BFK-nı "Fəhlə parlamenti", "Deputatlar soveti", adlandırdılar. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi, Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsinin Bakı Bürosu ilə birlikdə BFK da Azərbaycan Xalq Cümhuriyyəti Parlamnetinə hakimiyyəti təslim etmək barəsində ultimatum göndərmişdi.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəMənbə
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 214-215