Baki Dovlet Universitetinin Elmi Kitabxanasi - Wikipedia
Bakı Dövlət Universitetinin Elmi Kitabxanası — Azərbaycan Respublikasının ən böyük kitabxanalarından biri. 1919-cu il Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmışdır.[1]
Bakı Dövlət Universitetinin Elmi Kitabxanası | |
---|---|
Ümumi məlumatlar | |
Yaradılıb | 1919 |
Yaradılması
redaktə1919-cu ildə Bakı Dövlət Universiteti yaradıldıqdan sonra universitetin təşkilat komissiyası onun kitabxanasını da yaratmaq qayğısına qalmış və xüsusi kitabxana komissiyası təşkil etmişdi. Komissiya 1919-cu il iyunun 2-də Bakı şəhər bələdiyyə idarəsinə müraciət edərək, Mixail (indiki Musa Nağıyev) xəstəxanasının nəzdindəki kitabxananın universitetə verilməsini xahiş etmişdi. Bələdiyyə idarəsi komissiyanın xahişinə razılıq vermişdi. Həmin dövrdə universitet təşkilat komissiyasının Bakı Neft Sənayeçiləri Qurultayı Şurasına müraciətinə əsasən, Sabunçu xəstəxanası nəzdindəki kitabxana da 1920-ci ildə universitetə verilmişdi. Bundan əlavə, həmin dövrdə satışdan 120 min manatlıq kitab alınmışdı. Kitabxana komissiyası, eyni zamanda, universitet kitabxanasını yaratmaq üçün əhaliyə və ilk növbədə, maarifpərvər ziyalılara da müraciət etmişdi. Müraciətdə kitab satmaq istəyənlərə təbabətə və tarix-filologiya elmlərinə dair bütün dillərdə olan kitabların siyahısını təqdim etmək təklif olunurdu. Komissiya əmin olduğunu bildirirdi ki, universitetin xidmət etdiyi böyük mədəni məqsəd naminə, digər mədəniyyət mərkəzlərində olduğu kimi, Bakıda da universitetə elmi kitablar bağışlanacaqdır.[1]
Cümhuriyyət dövründə fəaliyyəti
redaktəUniversitet kitabxanasında xüsusi türk şöbəsi yaradılmışdı. Həmin şöbəni müvafiq ədəbiyyatla komplektləşdirmək məqsədilə İstanbuldan 212 adda kitab gətirilmişdi. Artıq, 1920-ci ilin əvvəllərində, kitabxananın fondunda 6 mindən çox kitab, 130 adda qəzet və jurnal vardı. Fondda Azərbaycan, türk, fars, ərəb, ingilis, fransız, alman, rus və tatar dillərində ədəbiyyat var idi. Məhəmməd Əmin Rəsulzadə, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi, Mir Əsədulla Mirqasımov və başqa görkəmli şəxsiyyətlər kitabxananın ilk oxucuları arasında olmuşlar. 1919-cu ilin sonu - 1920-ci ilin əvvəllərində Bakı Dövlət Universitetinin elmi kitabxanası tədricən Cümhuriyyətin təhsil ocaqlarının kitabxanaları üçün metodik mərkəz rolunu oynamağa başladı. 1920-ci il yanvarın 16-da universitet kitabxanasında xalq maarifi nazirliyi kitabxanaları işçilərinin seminar-müşavirəsi keçirilmişdi.[1]
Sovet dövründə fəaliyyəti
redaktəBakı Dövlət Universiteti Elmi Kitabxanası fondlarının zənginləşdirilməsi sonrakı illərdə də davam etdirildi. 1920-22-ci illərdə Xalq Komissarları Sovetinin göstərişi ilə ayrı-ayrı idarə və müəssisələrdən, təşkilatlardan kitabxanaya kitab verildi. Universitetin elmi şurası 1922-ci ildə professorlardan F.N.İlyini və R.Rostovskini kitab almaq üçün Petroqrada ezam etdi. Onlar buradan, pulsuz olaraq, 200 puddan artıq qiymətli elmi ədəbiyyat, o cümlədən Rusiya Elmlər Akademiyasının bütün nəşrlərini alıb gətirmişdilər. Kitabxananın Şərq şöbəsi universitetin Şərq fakültəsinin dekanı prof. R.K.Juzenin təşəbbüsü ilə təşkil edilmişdi. Bu məqsədlə Azərbaycan SSR Xalq Komissarları Soveti 1922-ci ildə 7 min manat qızıl pul buraxmışdı. Bu vəsait hesabına 1924-cü ildə İstanbuldan 2000-dən artıq kitab alındı. Şərq şöbəsi 1924-cü ilin mayında fəaliyyətə başladı. 1928-1929-cu illərdə keçmiş Bakı fransız cəmiyyətinin 1000 nüsxədən ibarət kitabxanası universitet kitabxanasına daxil oldu. Bundan əlavə, "Maarif işçiləri evi" kitabxanasından 2000 dəstdən ibarət rus jurnalları komplekti kitabxanaya verildi. Həmin illərdə professorlardan Bəkir Çobanzadə, R.X.Mudrov, D.Cəfərov, Tumbel, Rusanova və başqalarının şəxsi kitabları da kitabxananın fonduna əlavə olunmuşdur.[1]
Hazırkı fəaliyyəti
redaktəBakı Dövlət Universitetinin kitabxanası 1919-cu ildə yaranarkən 250 kitabla fəaliyyətə başlamışdısa, hazırda onun fondunda 2,5 milyondan artıq çap vahidi vardır. Elmin müxtəlif sahələrinə aid olan bu kitablar Azərbaycan, Şərq, rus və Qərbi Avropa dillərindədir. 13-18 əsrlərə aid əlyazmaları, 16 əsrdən bəri müxtəlif xarakterli nəşrlər kitabxananın "qızıl fondu‖na daxil olan nadir və qiymətli əsərlərdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1971 il 131 saylı əmrinə əsasən, Bakı Dövlət Universitetinin Elmi Kitabxanası ölkənin ali və orta ixtisas məktəbləri kitabxanalarının işini yaxşılaşdırmaq və tənzimləmək məqsədilə elmi-metodiki mərkəzə çevrilmişdir və indiyədək həmin funksiyanı yerinə yetirir. Elmi kitabxana 22 dövlət və özəl ali məktəb kitabxanasına metodik köməklik göstərdi. Elmi kitabxana "Universitet alimlərinin əsərləri", "Universitetin görkəmli alimləri" seriyasından və s. mövzularda elmi-biblioqrafik göstəricilər hazırlayıb çap etmişdir. Bakı Dövlət Universitetinin elmi kitabxanası hazırda 18 xarici dövlət, 50 universitet və elmi cəmiyyətlə beynəlxalq kitab mübadiləsi aparır, 1998-ci ildən Bakıda fəaliyyət göstərən Açıq Cəmiyyət İnstitutu Yardım Fondu ilə müqavilələr əsasında əməkdaşlıq edir. Kitabxana bu cəmiyyətin layihələrində fəal iştirakına görə 11 qrant udmuşdur. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra elmi kitabxana yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Kitabxanada kompüter texnologiyası tətbiq olunur, elektron kataloqun yaranması prosesinə başlanmışdır. Kitabxananın internetdə öz saytı vardır. Mark-Eskuel proqramı əldə olunmuşdur ki, bu da kitabxananın kompleks şəkildə avtomatlaşdırılmasına imkan verir. Elmi kitabxananın 14 şöbəsi, elmi, tədris və bədii ədəbiyyatdan ibarət 5 abunə, 14 oxu zalı və 42 kafedra kitabxanası vardır. Universitetin elmi kitabxanası 16 minlik universitet kontingentinə, MDB ölkələrinin və digər xarici dövlətlərin elm və təhsil müəssisələrinin əməkdaşlarına xidmət edir.[2]