Baki Sollar Su Kemeri - Wikipedia
Bakı–Şollar su kəməri — Azərbaycanda ən böyük həcmdə tikilən ilk su kəməri.
Bakı-Şollar su kəməri | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | su kəməri |
Başlayır | Quba qəzası |
Bitir | Bakı |
Tikilmə tarixi | 1909-1917-ci illər |
İstismara verilib | 1917-ci il, 18 fevral |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Region | Abşeron |
Su kəmərinin çəkilişi ilə bağlı layihə müsabiqəsi
redaktə1881-ci ildə Bakı şəhər Duması milli burjuaziyanın lideri H. Z. Tağıyevin təklifi əsasında şəhərə su kəməri çəkmək üçün layihə tərtib etmək haqqında müsabiqə elan etdi. Müsabiqə ilə əlaqdar olaraq şəhər idarəsinə 1893-cü ilə qədər Kür, Araz, Samur, Zuğulba, Altıağac və Göygöl mənbələrindən şəhər su kəməri çəkmək üçün 40-dan çox layihə təklif olunmuşdur. Lakin şəhər duması bu təkliflərin hamısını rədd etmişdir. Buna səbəb təklif olunan layihələrin böyük xərc tələb etməsi idi.[1]
Bakıda su təsərrüfatının vəziyyəti
redaktəBeləliklə, həmin dövrdə Bakı sənaye rayonunda iqtisadi həyatın coşğun inkişafının əksinə olaraq su təsərrüfatı hələ də orta əsr səviyyəsində qalmaqda idi. Şəhərdə uzun müddət su qıtlığının hökm sürməsi və bu səbəbdən kanalizasiya və yaşıllığın olmaması, küçələrin natəmiz saxlanması 1892-ci ildə güclü vəba xəstəliyinin baş verməsi ilə nəticələndi. Xəstəliyin əsas qurbanları isə yoxsul xalq kütlələri idi.[1]
Bakı şəhərinin su təchizatının I mərhələsi
redaktəÖz canlarından qorxuya düşən Şəhər İdarəsi üzvləri şəhərdə su təchizatının bir qədər yaxşılaşdırılması üçün tələsik bir sıra tədbirlər gördülər. 1892-ci ildə Şəhər İdarəsi dəniz suyundan istifadə etmək məqsədilə suşirinləşdirici qurğu tikmək haqqında "Bakı liman birliyi" cəmiyyəti ilə müqavilə bağladı. Müqaviləyə görə qurğu sutkada 30000 vedrə su verməli idi. Bu hadisə həmin dairələri şəhərin su təchizatı ilə ciddi məşğul olmağa vadar etdi. Şəhər İdarəsi tezliklə mühəndislərdən M. İ. Altuxova, Q. Q. Poyta və E. Lyumlya Kür çayından şəhər su kəməri çəkmək üçün layihə tərtib etməyi sifariş verdi. 1893-cü ildə hər üç layihə hazır olsa da həyata keçirilmədi. Belə ki, layihələr Moskvada "Neptun" elmi texniki cəmiyyəti və Daxili İşlər Nazirliyinin Texniki Tikinti komitəsi tərəfindən dəqiq yoxlanıldığından sonra müəyyənləşdirilmişdir ki, layihələrin hamısı texniki və iqtisadi cəhətdən düzgün əsaslandırılmamışdır.[1]
Bakı şəhərinin su təchizatının II mərhələsi
redaktəBu mərhələnin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həmin dövrdə şəhərin su ilə təchiz edilməsi işində su quyularından başqa, Kür və Volqa çaylarından gəmilərlə daşınan sudan da istifadə olunurdu.
1893-cü ildə Şəhər İdarəsi öz vəsaiti hesabına günü sutkada 30000 vedrə su şirinləşdirici qurğu tikdirməyə başladı. 1894-cü ildə bu qurğu artıq istismara verilmişdi. Qeyd etmək lazımdır ki, qurğunun emal etdiyi su olduqca baha başa gəlirdi. Belə ki, 10–12 vedrə dəniz suyunu emal etmək üçün 1 pud duru yanacaq sərf olunurdu. Ona görə də suyun 1 vedrəsinin satış qiyməti olduqca baha olub məişət məqsədi üçün 0.75 qəpik, sənaye məqsədi üçün 1 qəpik idi.
1895-ci ilə qədər Şəhər İdarəsi suşirinləşdiricinin tikintisinə və su şəbəkəsinin bir qədər genişləndirilməsi işinə 32760 rubl vəsait sərf etmişdir. 1898-ci ildə Şəhər İdarəsi "Artur Koppel" şirkət ilə gündəlik istehsal günü 5000 vedrə olan yeni suşirinləşdirici qurğu tikmək haqqında müqavilə bağladı. Yeni qurğu artıq 1899-cu ilin avqustunda fəaliyyətə başladı. Müqaviləyə görə suyun 1 vedrəsinin qiyməti 0.5 qəpik olmalı idi. Qeyd edək ki, həmin dövrdə suşirinləşdirici qurğular mükəmməl olmadığından emal olunan su dadsız və qoxulu olurdu. Buna görə də əhali ondan içmək üçün istifadə etmirdi. Bu su ağacların suvarılması üçün də yaramadığından yeni qurğunun işə salınması şəhərin su təsərrüfatında əhəmiyyətli dəyişiklik yarada bilmədi. 1899-cu ilin aprelində şəhər duması Kür və ya Samurçaydan su kəməri çəkmək, şəhərdə kanalizasiya işlərini təşkil etmək üçün öz hesabından 70000 rubl kredit verilməsi barədə sərəncam verdi. Lakin şəhər dumasının fəxri üzvü H. Z. Tağıyev Tiflis şəhərinin kanalizasiyasının Kür çayına töküldüyü üçün bu layihənin həyata keçirilməsinə icazə vermədi.[1]
Bakı şəhərinin su təchizatının III mərhələsi — Şollar su kəmərinin çəkilişi ideyası
redaktəNəhayət, 1899-cu ildə Odessada su təchizatı və hidravliklərin beynəlxalq qurultayında iştirak edən Bakı nümayəndə heyətinin üzvləri su kəmərinin çəkilişi ilə bağlı təkliflərini mütəxəssilərin diqqətinə çatdırırlar. Təklifi dəyərləndirən ingilis Uilyam Hirleyn Lindley su mənbəyini özü seçmək şərti ilə Bakıya gəlməyə razılaşır. O, axtarış-kəşfiyyat işləri aparmaq məqsədilə öz texniki işçiləri və şəhər idarəsinin nümayəndələri ilə Samura yola düşür. Quba qəzasının "Müşkür" adlandırılan sahəsində rast gəldiyi yolüstü bulaq tədqiqatçının diqqətini cəlb edir. Bu yerləri diqqətlə müşahidə edən Lindley belə bir qənaətə gəlir ki, burada — Şahdağın ətəklərində tükənməz ehtiyatı olan yeraltı su var və bu hövzə Bakı şəhəri üçün yetərlidir. Həmin sudan nümunələr götürən Lindley Bakıya qayıdaraq şəhərin yeraltı içməli su ilə təchizatına dair qeydlər edir və şəhər idarəsinə Samurçaydansa Şahdağın ətəklərindən süzülüb gələn təmiz, saf bulaq suyunun Bakıya gətirilməsinin daha məqsədəuyğun olduğunu bildirir.
İngilis mütəxəssis Bakı Şəhər İdarəsi və Duma qarşısında ərazidəki yeraltı suların tədqiqi və bu məqsədlə lazımi vəsaitin ayrılması ilə bağlı məsələ qaldırsa da, kifayət qədər narazılıqlarla qarşılaşır. Bakının içməli su təchizatını, sözün əsl mənasında, inhisara alan qüvvələr, xüsusən də erməni Adamyan-Babayan qardaşları və Saruxanyan kimi işbazlar şəhər idarəsinin və Dumanın su təchizatı komissiyasının iclaslarında Bakıya su kəmərinin çəkilişi ilə bağlı məsələnin arxa plana keçməsinə nail ola bilirdilər. Məsələnin həlli qarşısında aciz qalan şəhər idarəsinin rəhbərliyi və Duma üzvləri isə ya yekdil bir qərara gələ bilmir, ya da su kəmərinin çəkilişi üçün lazımi vəsait tapmırdılar. Bakıya yeraltı bulaq suyunun gətirilməsinin uzun vaxt aparacağını israr edən şəhər idarəsinin və Dumanın bəzi üzvləri Lindleydən ya Kür, ya da Samurçaydan kəmər çəkməyi tələb edirlər. Bütün təzyiqlərə baxmayaraq, Şollar mənbəyi üzərində israrla dayanan Lindleyi müdafiə edən sağlam əqidəli, sözün əsl mənasında, Bakı sakinlərinə ürəyi yanan imkanlı adamlar da tapılır. Bu məsələdə öz xalqının təəssübkeşi Hacı Zeynalabdin Tağıyev xüsusi fəallığı ilə seçilir. O, Şollar ərazisindəki yeraltı bulaqların Bakını içməli su ilə təchiz etmək iqtidarında olmadığını iddia edənlərə yerindəcə cavab verərək deyir:
Şahdağ öz qarı və buzlaqları ilə əbədi olduğu kimi Şollar suyu da əbədidir |
Hacı öz şəxsi vəsaitindən quyuların qazılması üçün şəhər idarəsinə 25 min rubl pul da verir. Məhz Hacının bu xeyirxahlığı Şollar suyunun Bakıya gətirilməsi işinə, sanki, bir təkan verir.[2]
Bakı-Şollar su kəmərinin tikintisi
redaktəLindleyin xaricdən dəvət etdiyi mühəndislərdən ibarət ekspedisiya qrupu Xudatdan şimal-şərqə doğru meşədə şəffaf, təmiz bulaq suyu olduğunu aşkarlayır. Buna baxmayaraq, Bakı sakinlərinə sərinlik və firavanlıq gətirəcək Şollar kəmərinin çəkilişi bir tərəfdən lazımi vəsaitin tapılmamasından, digər tərəfdən isə layihənin əleyhdarlarının apardıqları əkstəbliğat səbəbindən uzanırdı. Yalnız çar II Nikolayın 6 oktyabr 1909-cu il tarixli fərmanı ilə Bakı şəhərinə 27 milyon rubldan çox olmamaq şərtilə istiqraz buraxılmasına icazə verməsindən sonra Şollar su kəməri layihəsi fəal tikinti mərhələsinə qədəm qoyur. Layihənin müəllifi Lindleyin qətiyyəti və inadkarlığı sayəsində kəmərin çəkilişi üçün lazım olan bütün avadanlıq xaricdən alınıb gətirlir. Hətta Birinci Dünya müharibəsinin qızğın çağında belə tikinti işləri səngimir. Kəmərin, anbarların, şəhərdaxili şəbəkənin inşası anbaan sürətlənir. Nəhayət, V. Lindleyin və onun mütəxəssis komandasının, Bakı Dumasının və onun azərbaycanlı deputatlarının, şəhər idarəsinin, tikintidə çalışan minlərlə Azərbaycan kəndlisinin, Bakı fəhlələrinin möhkəm iradəsi və gərgin əməyi hesabına 1916-cı ilin dekabrında Şollar-Bakı su kəmərinin birinci növbəsinin tikintisi başa çatır.[2]
Bakı-Şollar su kəmərinin istismara verilməsi
redaktə1917-ci il yanvarın 22-də Lindley, şəhər başçısı Bıç, Dumanın və şəhər idarəsinin üzvləri, iş adamları, ziyalılar, mətbuat nümayəndələri şəhərin kənarında tikilmiş anbar ərazisində Şollar suyunun gəlişini gözləyirlər. Bakının sadə sakinləri də neçə illərdən bəri həsrətində olduqları şirin suyu öz gözləri ilə görmək üçün buraya axışırlar. Lindley tez-tez əlindəki saata baxır və suyun bir neçə dəqiqəyə anbara daxil olacağını həyəcanla bildirir. Düz müəyyən olunmuş vaxtda, 187 kilometrlik məsafəni 63 saata qət edən Şollar suyu anbara tökülməyə başlayır. 1917-ci il fevralın 18-də Şollar-Bakı su kəmərinin təntənəli açılışı keçirilir.
Şəhər sakinləri üçün əsl bayrama çevrilən bu mərasimdə iştirak edən Hacı Zeynalabdin Tağıyev su anbarından şəhərdaxili şəbəkəyə gedən kranını açır. Bakı sakinləri bu hadisəni hədsiz sevinc və şadyanalıqla qeyd edirlər. Şəhərdə saysız qurbanlar kəsilir, ehsanlar paylanır. Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş bu xətt həm də Birinci Bakı su kəməri adı ilə tarixə düşüb. Mənbəyini Xaçmaz rayonunun Xudat şəhəri yaxınlığında yerləşən Şollar kəndi ərazisindəki yeraltı sulardan götürən kəmər düz 100 ildir ki, Bakı əhalisini keyfiyyətli içməli su ilə təmin edir. Kəmərlə gətirilən suyun həcmi ilk vaxtlar layihə gücünün üçdə bir hissəsini təşkil etsə də, ötən əsrin 30-cu illərində Şahdağın ətəklərində əlavə artezian quyularının qazılması, su anbarlarının tutumunun 170 min kubmetrədək, nasos stansiyalarının gücünün isə 3.5 dəfə artırılması və digər texniki tədbirlər nəql olunan suyun həcmini sutkada 109 min kubmetrə çatdırmağa imkan yaradıb. Unikal su qurğusu olan Şollar-Bakı su kəməri ellipsoid formalı monolit beton borularla çəkilib. Hündürlüyü 1,7 metr, eni isə 1,2 metr olan borular marşrut boyunca torpağa basdırılıb. Suyun öz axımı ilə Bakıya çatdırılmasını təmin etmək məqsədilə relyefdən asılı olaraq borular 2 metrdən 8 metrədək dərinlikdə yerləşdirilib. Saf, təmiz bulaq suyu Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki nasosxanaya qədər öz axımı ilə gəlir. Buradan su nasoslarla Müşfiqabad qəsəbəsinə vurulur, oradan isə yenə də öz axımı ilə Bakı şəhərinə çatır. Şollar kəməri 24 artezian quyusundan, eləcə də lay və bulaq sularından qidalanır. Xatırladaq ki, əsas hissəsi torpağın altı ilə çəkilən bu nadir su kəmərində indiyədək ciddi təmir və ya yenidənqurma işləri aparılmayıb. Üstəlik, borular dəmirdən deyil, bərk gildən hazırlandığından fəaliyyət göstərdiyi 100 il ərzində kəmərdə, bir dəfə də olsun, qəza baş verməyib. Şübhəsiz, vaxtilə Məmməd Səid Ordubadinin "qısır dəvə"yə bənzətdiyi Bakı təpəliklərinin ötən bir əsr ərzində hər addımında fəvvarələr aşıb-daşan, mənzillərində bulaq suları çağlayan bir meqapolisə çevrilməsinin uğurlu başlanğıcı bu günlərdə 100 illiyi qədirbilənliklə qeyd olunan Şollar-Bakı su kəməri ilə qoyulmuşdur.[2]
Lindleyə xidmətləri müqabilində minnətdarlıq əlaməti
redaktəCənab Lindleyin hədsiz xidmətləri müqabilində minnətdarlıq əlaməti olaraq, Bakı Şəhər Duması ser Vilyam Harleyn Lindleyi Bakının fəxri vətəndaşı seçmiş, Birja küçəsinin adının dəyişdirilərək Lindley küçəsi adlandırılması barədə sərəncam vermişdi. Bakıda Şollar suyunun istismara verilməsindən 9 ay sonra ser Vilyam Harleyn Lindley Londonda ürək xəstəliyindən vəfat etdi.[2] Lakin hazırda bu küçə 28 may küçəsi adlanır.
Hazırda Şollar suyu verilən ərazilər
redaktəHazırda Abşeron yarımadasının kiçik hissəsinə "Şollar" suyu verilir. Həmin ərazilər bunlardır:
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Xanəliyev V., Məmmədov Ə. Şollar-Bakı-100. Su kəmərinin çəkilişi tarixindən. Bakı, Mütərcim, 2017, s.32–37
- ↑ 1 2 3 4 "Şollar – Bakı su qurğuları kompleksi – 100 il: əbədi həyat mənbəyi" (PDF). 2023-07-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-08-01.
- ↑ ""Şollar" kəmərindən kimlər su içir?". 2017-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-02.
Xarici keçidlər
redaktə- "Şollar" kəmərindən kimlər su içir? Arxivləşdirilib 2017-06-16 at the Wayback Machine
- Ölkəmizdə ən böyük həcmdə tikilən ilk su kəməri
- Şahdağ suyu Bakıya necə gətirildi
- Susuz Bakı: Şəhəri əsrlərlə böyüməyə qoymayan səbəb – Tarixi Araşdırma (I yazı) Arxivləşdirilib 2017-08-20 at the Wayback Machine
- Bakının su problemi necə həll olumuşdu? – Tarixi Araşdırma (II yazı: Mənbələr) Arxivləşdirilib 2017-03-23 at the Wayback Machine
- Dövrünün anoloqu olmayan layihəsi: 100 yaşlı `Şollar` kəməri necə çəkilmişdi — Tarixi araşdırma (III yazı: Tikinti) Arxivləşdirilib 2017-03-23 at the Wayback Machine