Bextiyar Eliyev - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bəxtiyar Əliyev (Əliyev Bəxtiyar Həmzə oğlu; 20 mart 1961, Ağdam) — AMEA-nın müxbir üzvü (2007),[1] professor, psixologiya elmləri doktoru, Milli Məclisin deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri.
Bəxtiyar Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Əliyev Bəxtiyar Həmzə oğlu |
Doğum tarixi | 20 mart 1961 (63 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | alim, siyasətçi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | psixologiya |
Elmi dərəcəsi | psixologiya elmləri doktoru |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBəxtiyar Əliyev 1961-ci il mart ayının 20-də Ağdam şəhərində dünyaya gəlmişdir. 1978-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakültəsinə daxil olmuşdur. 1983-cü ildə həmin fakültəni bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Psixologiya və pedaqogika kafedrasında təyinatla əmək fəaliyyətinə başlamışdır. 1989-cu ildə fəlsəfə sahəsində "Millətlərarası ünsiyyət sosial-psixoloji təhlilin obyekti kimi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi, 1998-ci ildə isə psixologiya elmləri üzrə "Cinayət və mülki prosesdə məhkəmə-psixoloji ekspertizası problemləri" adlı doktorluq dissertasiyasını müdafiə edərək psixologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 2000-ci ildən psixologiya elmləri üzrə professordur. Keçmiş SSRİ-də məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsini işləyib hazırlayan ilk tədqiqatçı alimlərdən biridir. Həmin nəzəriyyəyə söykənərək ilk dəfə olaraq, fizioloji affektin müəyyən edilməsinin yeni metodikasını və psixoloji meyarlarını, həmçinin məhkəmə-psixoloji ekspertizasının növlərinin təsnifat sistemini müəyyənləşdirmişdir. Əldə edilmiş nəticələrdən hüquq praktikasında cəzanın fərdiləşdirilməsində və obyektiv araşdırılmasında istifadə edilir.
Zəruri əhəmiyyət daşıyan "fizioloji affektin" məhkəmə ekspertizasının təşkili və keçirilməsi prinsiplərini, ekspert–psixoloqun rəyini sübutun bir növü kimi qiymətləndirilməsinin elmi-hüquqi əsaslarını müəyyənləşdirmişdir. Bu məsələyə dair elmi məruzələrlə beynəlxalq və respublika elmi konfranslarında çıxışlar etmişdir.
Bununla yanaşı şəxsiyyətə yeni baxış nəzəriyyəsi ilə şəxsiyyətin formalaşması və inkişafı haqqında yeni konseptual model yaratmış, təlim prosesində mənimsəmənin effektivliyini artırmaq üçün öyrənmənin dərketmə modelini irəli sürmüşdür. Bu model Türkiyə Respublikasında keçirilən beynəlxalq konfransda müzakirə edilmiş və aprobasiyadan keçmişdir. Eləcə də öyrənmənin dərketmə modeli ən mühüm nəticə kimi AMEA-nın hesabatlarına daxil edilmişdir.
Elmi fəaliyyətində siyasi psixologiyanın müxtəlif problemlərinin tədqiqi öncül yerlərdən birini tutur. O, beynəlxalq səviyyədə siyasi psixologiyanın aktual məsələlərinə həsr olunmuş çoxsaylı məqalələrin müəllifidir. 1997-ci ildən bu günə qədər psixologiya kafedrasına rəhbərlik edir. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2000-ci ildən hazırkı dövrə qədər psixologiya elmləri üzrə Dissertasiya şurasının sədridir. Elmi fəaliyyətinə görə 1999-cu ildə Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü seçilmişdir. Azərbaycanda ilk dəfə olaraq, Bakı Dövlət Universitetində "Eksperimental psixologiya" elmi-tədqiqat laboratoriyasını yaradaraq idrak prosesləri, şəxsiyyət psixologiyası sahəsində elmi araşdırmalara rəhbərlik edir.
2018-ci ildə onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda ilk Psixologiya Elmi Tədqiqat İnstitu yaradılmışdır.
Rəhbərliyi altında 36 namizədlik, 6 doktorluq dissertasiyası müdafiə olunmuşdur.
278 elmi əsəri çap edilmişdir, o cümlədən 6 monoqrafiyanın, 15 dərslik və dərs vəsaitinin, 29 proqram və metodiki tövsiyənin, 228 elmi məqalə və tezisin müəllifidir, xarici ölkələrdə 55 elmi əsəri çap edilmişdir.
Azərbaycanda ilk dəfə olaraq 1999-cu ildə "Psixologiya jurnalı"nı təsis etmiş və elə həmin dövrdən hal-hazıra kimi onun baş redaktorudur.
Elmi-pedaqoji fəaliyyətlə yanaşı, ictimai-siyasi fəaliyyətlə də məşğuldur. Azərbaycan Respublikası Milli Məclisinin II çağırış (2000–2005-ci illər), III çağırış (2005–2010) deputatı seçilmişdır. Hazırda Milli Məclisin IV çağırış deputatıdır. Avropa Şurası Parlament Assambleyasının üzvü kimi "Elm və təhsil məsələləri komitəsi"nin, "Monitorinq komitəsi"nin üzvü və "Geniş miqyaslı miqrantlar və köçkünlərlə iş üzrə" alt komitənin sədri olmuşdur. 2005-ci ildən 2020-ci ilə kimi Azərbaycan Respublikası Milli Məclisinin "Elm və təhsil komitəsi"nin sədr müavini olmuşdurr.2020-ci ildən hal-hazıra kimi Milli Məclisin Elm və təhsil komitəsinin sədridir.
Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında "Əfv məsələləri üzrə komissiya"nın və "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiya"nın üzvüdür. BMT-nin "Korrupsiyaya qarşı" konvensiyasının işçi orqanı olan Konfransın İndoneziyada keçirdiyi II Beynəlxalq Konfransda və İAACA-nın Bakıda keçirdiyi Beynəlxalq Konfransda və müxtəlif konfranslarda iştirak etmişdir.
Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.[2]
2024-cü il oktyabrın 8-də Azərbaycan - İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[3]
Təhsili və elmi adları
redaktə- 1989-cu ildə fəlsəfə sahəsində "Межнациональное общение как объект социально-психологического анализа" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.
- 1998-ci ildə psixologiya elmləri üzrə "Cinayət və mülki prosesdə məhkəmə-psixoloji ekspertizası problemləri" adlı doktorluq dissertasiyasını müdafiə edərək psixologiya elmləri doktoru elmi dərəcəsini, 2000-ci ildən psixologiya elmləri üzrə professor elmi adı almışdır.
Əmək fəaliyyəti
redaktə- 2007 — AMEA-nın müxbir üzvü.
- 2016 — hal-hazıra kimi Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Rəyasət Heyətinin üzvü.
- 2020 — hal-hazıra kimi Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
- 2005–2019 - Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini.
- 2000 — hal-hazıra kimi Milli Məclisin deputatı.
- 2000 — Psixologiya kafedrasının professoru.
- 1999–2016 – psixologiya elmləri üzrə AAK-ın dissertasiya şurasının sədri.
- 1999 — Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü.
- 1997–2020 — BDU-nun Psixologiya kafedrasının müdiri.
- 1993–1999 — psixologiya elmləri üzrə AAK-ın dissertasiya şurasının elmi katibi.
- 1994-1995- BDU-nun Ödənişli təhsil fakultəsinin dekan müavini
- 1992 — BDU-nun Psixologiya kafedrasının dosenti.
- 1983–1992 — BDU-nun Psixologiya və pedaqogika kafedrasının müəllimi.
- 1978–1983 — M. V. Lomonosov adına Moskva Dövlət Universitetində tələbə.
Elmi əsərləri
redaktə- "Hüquq psixologiyasının aktual poroblemləri";
- "Cinayət və mülki prosesdə məhkəmə-psixoloji ekspertizası problemləri ";
- "Caninin psixologiyası və öyrənilməsi";
- "Məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsi";
- "Sosial psixologiya";
- "Hüquq psixologiyası";
- 6 monoqrafiya, 15 dərslik və dərs vəsaiti, 29 proqram və metodiki tövsiyə, 216 elmi məqalə və tezisin müəllifidir;
- xarici ölkədə 45 əsəri çap edilmişdir.
İstinadlar
redaktə- ↑ "Əliyev Bəxtiyar Həmzə oğlu" (az.). science.gov.az. 2017. 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
- ↑ "Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.
- ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
Xarici keçidlər
redaktə- Bəxtiyar Əliyev AMEA bioqrfiya Arxivləşdirilib 2014-08-20 at the Wayback Machine