Boyuk Nazirler Surasi - Wikipedia
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası və ya Azərbaycan Cümhuriyyəti Heyəti-vükəlası (az.-əski. آذربایجان جمهوریهتی هیئت وکلاسی) — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə ölkədə ali icraedici hakimiyyət orqanı.
Azərbaycan Cümhuriyyəti Heyəti-vükəlası | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | AXC |
Yaradılma tarixi | 28 may 1918 |
Ləğv edilib | 27 aprel 1920 |
Sonrakı | Azərbaycan SSR Xalq Komissarları Soveti |
Tabelik | Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti |
Baş qərargah | Bakı |
Rəhbərlik | |
Baş nazir |
Fətəli xan Xoyski (1918-1919) Nəsib bəy Yusifbəyli (1919-1920) |
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası Tiflis, Gəncə və Bakıda fəaliyyət göstərdiyi dövrdə 642-dən artıq hüquqi akt qəbul etmişdir.[1]
Haqqında
redaktəBöyük Nazirlər Şurası
redaktə1918 il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildikdən sonra bəyannamənin 6-cı bəndinə uyğun olaraq, elə həmin gün Müəssislər Məclisi çağırılana qədər Milli Şura qarşısında məsul olan Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti kimi yaradılmışdı. Böyük Nazirlər Şurasına hökumət başçısı sədrlik edirdi. Fətəli xan Xoyski 11 nazirlikdən ibarət olan ilk müvəqqəti Nazirlər Şurasının sədri təsdiq olunmuşdu. Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra burada Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci müvəqqəti Hökumətin tərkibinə yenə də 11 nazirlik daxil idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918 il dekabrın 7-də açılan 1-ci iclasında Fətəli xan Xoyski öz hökumətinin fəaliyyəti barədə hesabat verərək, hökumətin istefasını qəbul etməyi xahiş etmişdi. Parlament müvəqqəti hökumətin istefasını qəbul edərək, 3-cü hökumətin də təşkilini F.Xoyskiyə tapşırmışdı. Həmin il dekabrın 26-da F.Xoyski 14 nazirlikdən ibarət yeni hökumət kabinəsi təşkil etmişdi. 1919 ilin fevralında Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsi istefa verdi. Həmin il aprelin 14-də Nəsib bəy Yusifbəylinin sədrliyi ilə 14 nazirlikdən ibarət yeni, 4-cü hökumət kabinəsi yaradılmışdı. 1919 il dekabrın 22-də N.Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu — 5-ci hökumət kabinəsini formalaşdırmışdı.
Azərbaycan Cümhuriyyətinin fəaliyyəti dövründə ölkənin idarəçiliyi ilə bağlı bütün məsələlər Böyük Nazirlər Şurasının iclaslarında kollegial şəkildə müzakirə və həll olunur, müvafiq qərarlar qəbul edilirdi. Böyük Nazirlər Şurasında ölkənin idarə olunması ilə bağlı bütün məsələlərə — dövlət quruculuğu, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, maliyyə, ümumiyyətlə, bütün təsərrüfat sahələri üzrə işlərin təşkilinə, elmin, təhsilin, mədəniyyətin və s. yenidən qurulmasına baxılırdı. Ölkənin xarici siyasəti, onun müdafiəsi və s. məsələlər məhz Böyük Nazirlər Şurasının iclaslarında geniş mü zakirə edilir və müvafiq qərarlar qəbul olunurdu.[2]
Kiçik Nazirlər Şurası
redaktəHökumət 31 oktyabr 1918-ci il tarixində ikinci dərəcəli məsələləri həll etmək üçün nazir müavinlərdən ibarət Kiçik Nazirlər Şurasının (Kiçik Şura) təsis olunması qərara almışdır. Şura Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 12 noyabr tarixli qərarı ilə təsis edilmişdir. Kiçik Nazirlər Şurasına məruzələr Nazirlər Şurasının sədri vasitəsilə göndərilirdi. Nazirlər Şurasına məruzə təqdim edən hər bir nazirə məruzənin böyük, yaxud kiçik şuraya göndərilməsinə dair rəyini yazılı şəkildə bildirmək hüququ verilirdi. Nazirlər Şurasının sədrinə, onun vasitəsilə ayrı-ayrı nazirliklərə kiçik şuraya protest göndərmək hüququ verilirdi. Kiçik şuranın protest verilmiş qərarları Böyük Şuranın müzakirəsinə təqdim olunurdu.[3] Kiçik Nazirlər Şurası haqqında Əsasnamə 1919-cu il martın 3-də təsdiq edilmişdi.[4]
Təşkilat
redaktəİşlər İdarəsi
redaktəAzərbaycan Xalq Cümhuriyyətinin İşlər idarəsi Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ümumi fəaliyyətini tənzimləyən və həyata keçirən qurum olmuşdur. 1918 il mayın 28-də Azərbaycan Hökuməti fəaliyyətə başlayarkən yaradılmışdır.[5]
Azərbaycan Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə Hökumət dəftərxanasının ştat vahidlərinin və əmək haqlarının təyin edilməsi Nazirlər Şurasının sədrinə həvalə olunmuşdu.
Nazirlər Şurasının bütün kargüzarlıq sənədləri, nazirliklərdən və Cümhuriyyətin digər idarələrindən Nazirlər Şurası sədrinin adına göndərilən məktublar işlər idarəsinə daxil olurdu. Hökumətin 1919 il yanvarın 18-də təsdiq etdiyi qaydalara əsasən Parlament müzakirəsinə çıxarılan qanun layihələri müvafiq izahlı məktubla bərabər Nazirlər Şurasına təqdim edilirdi. Qanun layihəsi Hökumət tərəfindən baxılaraq Parlamentin müzakirəsi üçün hazır hesab edildikdə Nazirlər Şurasının iclas jurnalından çıxarışla bərabər, iradlar olduqda isə yenidən işlənilmək üçün Nazirlər Şurası sədrinin imzası ilə müvafiq nazirliklərə qaytarılırdı. Bundan əlavə, Hökumətin 1919 il 3 mart tarixli qərarı ilə təsdiq olunmuş Əsasnaməyə görə işlər idarəsi 1918 il noyabrın 22-dən yaradılmış nazir müavinlərindən ibarət Kiçik Nazirlər Şurasının da kargüzarlıq işlərini aparırdı.[5]
İşlər idarəsi Hökumətin qərar və sərəncamlarını "Azərbaycan Cümhuriyyəti Hökumətinin xəbərləri" qəzetində və "Azərbaycan Cümhuriyyəti Hökumətinin qanun və binagüzarlıqları" məcmuəsində dərc etdirirdi.
Əvvəlcə işlər idarəsinin ştatında idarənin müdiri, dəftərxananın direktoru və başqa işçiləri, Nazirlər Şurasının katibi, onun müavini, həmçinin Nazirlər Şurası sədrinin xüsusi tapşırıqlar üzrə məmuru nəzərdə tutulmuşdu. İdarə qulluqçularının ştat cədvəli və xərclər smetası Nazirlər Şurası sədrinin xüsusi tapşırıqlar üzrə böyük məmuru, xarici dillər üzrə tərcüməçisi, hüquq məsləhətçisi, məlumat bürosunun müdiri və binaya nəzarətçi hesabına genişləndirilmişdi.
Hökumətin 1919 il 7 may tarixli qərarı ilə işlər idarəsində direktor, redaktor, kargüzar, tərcüməçi, korrektor və dəftərxana xidmətçilərindən ibarət xüsusi şöbə də yaradılmışdı. 1918 il mayın 28-dən 1919 il yanvarın 1-nə qədər işlər idarəsinin müdiri Rüstəm xan Xoyski (Fətəli xan Xoyskinin kiçik qardaşı), daha sonra fevralın 5-dək Rəşid bəy Axundzadə, 1919 il fevralın 11-dən isə mühəndis Pərviz Mirzə olmuşdur
Sədr
redaktə1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası tərəfindən Azərbaycanın müstəqilliyi barədə İstiqlal bəyannaməsi elan edildikdən sonra, həmin bəyannamənin 6-cı maddəsinə əsasən, ölkədə Müəssislər Məclisi çağırılana qədər Milli Şura qarşısında məsul olan Müvəqqəti Hökumət təşkil edildi. Hökumətin təşkili Milli Şuranın üzvü Fətəli xan Xoyskiyə tapşırıldı. Bir saatlıq tənəffüsdən sonra öz işinə başlayan Milli Şura Fətəli xan Xoyski başda olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin birinci Müvəqqəti Hökumətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi 23 ay ərzində 5 Hökumət kabinəsi dəyişmişdir. Birinci 3 kabinəyə Fətəli xan Xoyski, sonrakı 2 kabinəyə isə Nəsib bəy Yusifbəyli başçılıq etmişdir. Hökumət başçısı, eyni zamanda, Nazirlər Şurasının sədri funksiyasını da yerinə yetirirdi.[6]
Səlahiyyətləri
redaktəÖlkənin daxili və xarici siyasət məsələləri Nazirlər Şurası sədrinin rəhbərliyi ilə onun iclaslarında kollegial şəkildə müzakirə olunur və müvafiq qərarlar qəbul edilirdi. 1918 il iyunun 17-də Milli Şura Gəncədə öz fəaliyyətini dayandırarkən ölkə üçün bir sıra həyati əhəmiyyət kəsb edən məsələlər istisna olmaqla, bütün hakimiyyət funksiyalarını Müvəqqəti Hökumətə həvalə etmiş və Nazirlər Şurasının hüquq və vəzifələrini müəyyənləşdirmişdi. 1918-ci ilin dekabr ayının 7-də Azərbaycan Parlamenti Bakıda fəaliyyətə başladıqdan sonra ölkənin qanunvericilik hakimiyyəti Parlamentə, icra hakimiyyəti isə Nazirlər Şurasının səlahiyyətinə keçmişdir. Nazirlər Şurasının iclaslarında ayrı-ayrı nazirliklər tərəfindən hazırlanmış qanun layihələrinə baxılır və bəyənildikdən sonra qəbul olunaraq Parlamentin müzakirəsinə çıxarılırdı. Bütün bu işlərin icrasına isə bilavasitə Nazirlər Şurasının sədri rəhbərlik edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş bütün qanunların və müvəqqəti hökumətin qəbul etdiyi qərarların hamısı preambulasız qəbul edilmişdir.[1]
Mənbə
redaktəƏdəbiyyat
redaktə- Aзepбaйджанская Демократиская Pecnублика (1918–1920), Законодательные акты (сборник документов), Б., 1998;
- Aдpec-календары Aзepбaйджанской Pecnублики нa 1920 r., Б., 1920.
İstinadlar
redaktə- ↑ 1 2 Abbasov, İlham. "Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş hüququ aktlar barədə. Qanunları niyə Nazirlər şurası qəbul edirdi?" (PDF) (az.). http://www.anl.az. Archived from the original on 2023-07-16.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 288. ISBN 9952-417-14-2.
- ↑ Азербайджанская Демократическая Республика: 1918-1920: законодательные акты (PDF). Bakı: Azərbaycan Nəşriyyatı. 1998. səh. 362. 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-29.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 83. ISBN 9952-417-44-4.
- ↑ 1 2 Aдpec-календары Aзepбaйджанской Pecnублики нa 1920 год, Б., 1920
- ↑ Azərbaycan Demokratik Respublikası (1918–1920), Bakı, 1998.