Azergusnasp Mebedi - Wikipedia
Azərgüşnasp məbədi və ya Adur Güşnasp— Atropatenanın Qazaka şəhərində yerləşən və zərdüştiliyin əsas məbədlərindən biri olan tarixi abidə. Uzun müddət öz əhəmiyyətini saxlayan məbəd, Bizans imperatoru I İraklinin Azərbaycana yürüşü zamanı (623-624) dağıdılaraq qarət edilmişdir. Qazaka şəhərində aparılan arxeoloji qazıntılar zamanı məbədin xarabalıqları aşkar edilmişdir.
Azərgüşnasp məbədi | |
---|---|
36°36′18″ şm. e. 47°14′05″ ş. u.HGYO | |
Ölkə | İran |
Yerləşir | Qazaka |
Aidiyyatı | Atropatena |
Üslubu | Sasani memarlığı[1][2][…] |
Material | kərpic[1][2][…], daş[d][3] |
Vəziyyəti | Yaxşı |
Rəsmi adı: Takht-e Soleyman | |
Tipi | Mədəni |
Kriteriya | i, ii, iii, iv, vi |
Təyin edilib | 2003 |
İstinad nöm. | 1077 |
Dövlət | İran |
Region | Asiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dini əhəmiyyəti
redaktəX əsrin səyyahı Məsər ibn Möhləhilə görə: "Qazakada olan atəşgah əhali arasında müqəddəs sayılmış, Şərqdə və Qərbdə olan atəşpərəstlər öz odlarını buranın odundan alışdırmışdır. Atəşgahın gümbəzinə gümüş hilal yapışdırılmışdır. Bir neçə hakimin həmin hilalı qoparması cəhdi baş tutmamışdır. Güman edildiyinə görə bu tilsimdir". Müəllifin yazdığına görə heyrətləndirici cəhət atəşgah odunun 700 il müddətində fasiləsiz yanması və külünün olmamasıdır.[4]
İran tarixçisi İ.Purdavud qeyd edir ki, Avestanın bir nüsxəsi də Azərgüşnasp məbədində saxlanılmışdır. O, Dinkorda istinad edərək belə bir fikri irəli sürür: "Şübhəsiz, Avestanın bir nüsxəsi Azərbaycanın Şiz (Qazaka) şəhərində olan məşhur Azərgüşnasp məbədində, digər nüsxəsi isə Təxt-i Cəmşiddə (Persepolis) olan dövlət arxivində saxlanılırdı".[5]
Xurda Avestada göstərilir ki, Əsnund dağında yerləşən Azərgüşnsp məbədi hərbçilərə məxsusdur. Bu səbəbdən də Atropatenada olan cəngavərlər igid və qorxmazdırlar. Bəhmənqalada olan Azərgüşnasp Keyxosrov tərəfindən bərpa edilmişdir.[4]
Firdovsi Şahnaməsində 61 yerdə Azərgüşnasp məbədinin adını çəkir. Bu fakt özü belə həmin atəşgahın əhəmiyyətini göstərən amildir.[4]
Məsudi Azərgüşnasp məbədini belə təsvir edir: "Gözəl və heyrətli binaların qalıqlarında göyün,ulduzların və abad yerlərin, bitki və heyvanat aləminin surətləri aydın görünməkdədir. Azərgüşnasp atəşgahı şahlar arasında dərin hörmətə malikdir. Ona görə də onlar atəşgahı ziyarət etmək üçün bura piyada gəlirlər."[6]
Ərdəşir həmin atəşgahı təmir etdirmişdir. V Bəhram türk xaqanının (Ağ hun xaqanı) tacını və çoxlu miqdarda daş-qaşını atəşgaha vermişdir. Xosrov da buraya çoxlu qiymətli hədiyyələr bağışlamışdı.[7]
Tarixi
redaktəSasanilər dövrü mənbələrindən biri olan "Karnameyi Ərdəşire Papakan"da həmin dövrün üç adlı-sanlı atəşgahı haqında məlumat verilir. Bu atəşgahlar Azərgüşnasp, Azərfərinbuğ və Azərbərzinmehr məbədləridir. Hər üç məbəd müxtəlif silklərə – hərbiçilərə, kahinlərə və əkinçilərə aid olmuşdur. Bunların tikilməsi tarixini Əhəmənilərdən əvvəlki dövrlərə aid edirlər.[8] Bəzi müəlliflər isə Azərgüşnasp məbədinin tarixini əfsanəvi hökmdar olan Keyxosrovla əlaqələndirirlər. Ümumiyyətlə bütün pəhləvi dilli mənbələrdə Azərgüşnasp məbədi haqqında məlumatlara rast gəlinir.
Dinkordun VII kiatbının müqəddiməsində deyilir: "Şahlıq məqamı Siyavəxşin (Siyavuşun) oğlu Keyxosrova çatdı. O, əzəmətilə cadugər, Turanlı Əfrasiyab (Alp Ər Tunqa) və onun pis niyyətli hökmdarlarına qalib gəldi. Bundan sonra Kərsivəz və onun dünyanı idarə edən qoşunlarına qalib gəlmək üçün qorxunc Çiçest gölü (Urmiya gölü) yaxınlığındakı bütgədəni uçurdu. Gördüyü xeyirxah işlərin qarşılığında cah-cəlallı taxtda oturub, əbədi olaraq qiyamətə qədər gizli surətdə onu mühafizə edəcəkdir."[9]
Pəhləvi dilində yazılmış "Minokexurd"da deyilir: "Keyxosrovun ən görkəmli işlərindən biri Çiçəst gölü yaxınlığındakı bütxananı viran edib Gəncək qalasını (Şiz qalası) bərpa etməsidir. Qadir yaradıcı gələcəkdə ona kömək edəcəkdir."[9]
Dağıdılması
redaktəİraklinin şəhərdəki əzəmətli binaları, o cümlədən Azərgüşnasp məbədini qarət etməsindən sonra şəhər əvvəlki əhəmiyyətini itirmişdir. Erməni dilli tarixçilər Favstos Buzand və Ananiya Şiraklı və erməni tarixçisi Sebeosun yazdığına görə İrakli Naxçıvanı tutduqdan sonra Qazaka şəhərinə gəlib orda olan Azərgüşnasp (ermənidilli mənbələrdə Vəşnəsp) məbədini dağıtmışdır.[7]
Bizans tarixçisi Mitenli Feofana (750-817) görə Kiçik Asiyada Lidiya şahı Krzesin xəzinəsinə oxşar Azərgüşnasp məbədinin külli miqdarda olan var dövləti bizanslılar tərəfindən qarət edilmişdir.[7]
Tədqiqi
redaktə1937-ci ildə aparılan arxeoloji qazıntılar zamanı divar qalıqları aşkar olunmuş, burdan Parfiya və hətta ondan əvvəlki dövrə aid məlumatlar əldə edilmişdir.[4]
Qazaka şəhəri və Azərgüşnasp məbədinin tarixinin müəyyənləşdirilməsində Ələkbər Sərəfraz və M.Kayeni tərəfindən yazılmış "Taxte-Süleyman" adlı kitabın böyük elmi dəyəri var. Burada deyilir: "İran və Almaniya arxeoloqlarının 8 il müddətində apardıqları axtarışlar nəticəsində mühüm tarixi əhəmiyyətə malik olan Azərgüşnasp məbədinin taleyi həll edilmiş oldu."[10] Müəlliflərə görə Təxti Süleymanın əhəmiyyəti iki səbəbə görə diqqəti cəlb edir. Tarixi və coğrafi məlumatlara görə Qazaka şəhəri Azərbaycanın əzəmətli paytaxtı olmuşdur.[11] Məşhur Azərgüşnasp məbədi bu şəhərdə yerləşirdi.[12]
Qədim dövr tarixi ilə məşğul olan bir sıra tədqiqatçılar şəhərin yerini müəyyənləşdirməyə çalışarkən müəyyən səhvlərə də yol vermişlər. Bəzilərinə görə atəşgah Urmiya gölü yaxınlığında (V.MinorskiV.[13] və Markvart[14]), bəzilərinə görə Şiz (Qazaka) şəhərində, bəzilərinə görə isə Təxti Süleymanda yerləşirdi. Lakin Təxti Süleymanda aparılan arxeoloji qazıntılar bütün bu mübahisələrə son qoymuş və sübut etmişdir ki, Təxti Süleyman qədim Qazaka (Şiz) şəhəridir və Azərgüşnasp məbədi də buradadır. Beləliklə vaxtilə burada olmuş Raulinson[15], Yusti, Cekson, Fundrasten və Numenin Azərgüşnasp məbədinin Təxti Süleyman xarabalıqları arasında olması fikri bir daha təsdiqlənmiş oldu.
İstinadlar
redaktə- ↑ 1 2 https://iranicaonline.org/articles/adur-gusnasp-an-atas-bahram-see-atas-that-is-a-zoroastrian-sacred-fire-of-the-highest-grade-held-to-be-one-of-.
- ↑ 1 2 https://iranicaonline.org/articles/takt-e-solayman.
- ↑ https://whc.unesco.org/uploads/nominations/1077.pdf.
- ↑ 1 2 3 4 A. Fazili - Atropatena (e.ə. IV - b.e VII əsri), Bakı, Elm, 1992
- ↑ İ.Purdavud - A Brief Review of Iranian History, The Iran League, 1962, səh 12
- ↑ "АЛ-МАСУДИ - Книга наставления и пересмотра, Публикация 1939 г". 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-29.
- ↑ 1 2 3 И. Алиев - Очерк Истории Атропатены, Баку, Азербайджанское Государственное Издательство, 1989
- ↑ В. Н. Левиатов - Азербайджан в V в. до н. э. - I в.н.э. "Изв. АН Азерб. ССР, 1950, №1
- ↑ 1 2 İ. Mənuçehr - Qozareşhay-e Həffari-ye Təxt-e Süleyman məcəlləye bastanşenası, Tehran, 1338
- ↑ Ə. Sərəfraz, M. Kayeni - Taxte-Süleyman, Təbriz, 1968, səh 21
- ↑ Д. А. Ахундов Храмы Ирана в эпоху первых Ахеменидов, их реставрация реконструкция, Изв. АН Азерб ССР, сер. ист., фил. И права, 1978,№2, табл.1
- ↑ Ə. Sərəfraz, M. Kayeni - Taxte-Süleyman, Təbriz, 1968, səh 19
- ↑ F. Minorski - Şəhre Marağa, Məcelleyi "Yəğma", Tərcümə Ə. kərəngindir, Sale XVIII, N3, Tehran, 1965
- ↑ Markvart, İranşəhr, Tehran 1910, səh 125
- ↑ Г. Г. Раулинсон - Заметки о городах Атропатены - Экбатана, Журнал Королевского Географического общества, Париж, 1940, Х