Azerbaycanda Teatr Seneti - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Azərbaycanda teatr sənəti — Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biridir.
Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. Azərbaycan peşəkar teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.
Tarixi
redaktəKökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi Azərbaycanda Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. Bununla peşəkar Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının (AMDT) bünövrəsi qoyuldu.
Əvvəllər müxtəlif qruplar şəklində "Nicat", "Səfa" , "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar verən teatr, 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. Teatrın adı müxtəlif illərdə Hökumət teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan Türk Dram Teatrosu və s. adlandırılmış, Dadaş Bünyadzadənin (1923–1933) və Məşədi Əzizbəyovun (1933–1991) adlarını daşımışdır.
Klassiklərimizin və müasirlərimizin yaratdıqları ədəbi əsərlər dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur. M. F. Axundovun, N. Vəzirovun, M. S. Ordubadinin, Q. Zakirin, M. Ə. Sabirin, C. Məmmədquluzadənin, M. P. Vaqifin, M. V. Vidadinin və bir çox başqa şair və yazıçılarımızın yaratdığı əsərlər indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmişdir.
Təbriz Azərbaycan teatrı
redaktəCənubi Azərbaycanda ilk teatr nümunələrinin yaranması Bakı mühitində fəaliyyət göstərən sənətçilərlə sıx bağlı olub. Ilk belə əsərlərin tarixi 1905–1911-ci illərə, İran inqilabı dövrünə təsadüf edir. Azərbaycan teatrının fəaliyyət tarixinin ilkin mərhələlərində, iyirminci əsrin əvvəllərindən başlayaraq Bakıdan və Tiflisdən İranın müxtəlif şəhərlərinə teatr dəstələri qastrola gedirdilər.
Bu qastrol səfərlərini təmsil edənlər, Bakıdan Sidqi Ruhulla, Mirzağa Əliyev, Cəlil Bağdadbəyov, Abbasmirzə Şərifzadə, Tiflisdən Mirzəli Abbasov, Məmmədtağı Əsgərov, İbrahim İsfahanlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov, Əşrəf Yüzbaşov müəyyən dəstələrlə, ayrı-ayrı illərdə dəfələrlə Tehranda, Təbrizdə, Rəştdə, Ənzəlidə, Qəzvində, Xoyda, Makuda, Urmuda, Culfada, Ərdəbildə, Salmasda, yerli həvəskarları da cəlb etməklə Azərbaycan dilində tamaşalar oynayırdılar.
Təbriz teatrının yaranma tarixi də təxminən o dövrlərə təsadüf edir. Təbriz şəhərində teatr həvəskarlarından Mehdi xan Şəfizadə və Həsən Çörəkçi, doktor Rəhim xan, Ələkbər Bəradərən, Ələsgər xan və Ələkbər xan başda olmaqla on iki nəfər "Xəyanət" adlı tamaşa hazırlayıblar və bu tamaşa 1908-ci ildə göstərilib.
1909-cu ildə böyük teatr sənətçisi Sidqi Ruhulla Təbrizə qastrola gəlib və yerli ziyalılarla birlikdə bir neçə tamaşa hazırlayıb. Onların hazırlayıb tamaşaçılara təqdim etdikləri ilk tamaşa Hüseynqulu Sarabskinin "Cəhalət" əsəri olub. Bu tamaşa fransız katoliklərinin klubunda göstərilib.
Bundan sonra nümayiş etdirilən ikinci tamaşa isə Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" faciəsi olub və "Bağ-meşə qapısı" adlanan məhəllədə yan-yana sıralanmış dükanların üstündəki böyük otaqda oynanılıb. O səfərdə Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", Jan Batist Molyerin "Zorən təbib" əsərləri də göstərilib. Bu qastrollar öz nəticəsini verib. Təbrizdə yerli ziyalılar teatr sənətinə daha böyük maraq göstəriblər.
1910–1919-cu illər ərzində ayrı-ayrı sənətkarlar tərəfindən İrana təşkil olunan qastrollarda daha çox Mirzə Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun faciə və komediyaları, Sultanməcid Qənizadənin, Mirmahmud Kazımovskinin, Hüseynqulu Sarabskinin kiçik həcmli ibrətamiz məzhəkələri, Üzeyir bəy Hacıbəyovun, Zülfüqar bəy Hacıbəyovun opera və operettaları və s. oynanılıb.
1920-ci ildə Sidqi Ruhulla, M. Şəfizadə, M. R. Vaizzadə və başqalarının təşəbbüsü ilə Təbrizdə ilk teatr binası — "Xeyriyyə teatrı" tikilir. Orada yaşayan Azərbaycan türklərinin təşəbbüsü ilə Təbriz, Urmiya və Xoy şəhərlərində Ü. Hacıbəylinin məşhur komediyaları tamaşaya qoyulmuşdu.
Təbrizdə "Azərbaycan" cəmiyyətinin teatr truppası
1930-cu ildə Bakı və Tiflis teatrlarında, dövlət teatrlarında rejissorluq və aktyorluq etmiş Mirseyfəddin Kirmanşahlı Irana gələrək üç il ərzində Tehranda və Təbrizdə müxtəlif teatr dəstələrində rejissorluq edib. Təbriz teatrında peşəkarlıq səviyyəsinin formalaşmasında onun da xüsusi əməyi var. Rza Quluzadə Şərqli və Rza Vaizzadənin də bu teatrın inkişafında böyük xidmətləri olmuşdur. Teatr dəstələrində Şərqlinin "Mirzə Rza kirmani", "Cinayət", "Börkün bəlası", "Quqquluqu", "Dəlilər yurdu", "Pul, yoxsa xəyanət" ("Xəyanət və vəfa"), Rza Vaizzadənin "Cəhalət qurbanı", "Tükənməz xəzinə", Mirzə Cabbar Əsgərzadənin "Noi bəşər", "Çadramın mühəssənatı", "Müəllimlər həyatı", Abdulla Fərivərin "Bəhram Çubinə", Hilal Nasirinin "Mirzə Tağıxan Əmir Kəbir" pyesləri tamaşaya hazırlanıb.
Teatrşünas İlham Rəhimlinin Azərbaycan Teatr Tarixi kitabından: "1941-ci ildə Təbrizdə "Azərbaycan" cəmiyyəti yaranıb və teatr truppası da təsis edilib. Truppanın tamaşaçılara təqdim etdiyi ilk tamaşa Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" faciəsi olub. İranda ezamiyyətdə olan rejissor Şəmsi Bədəlbəyli truppa ilə sıx yaradıcılıq əlaqəsi saxlayıb, burada bir neçə əsərə səhnə quruluşu verib. Azərbaycan Dövlət Opera və Balet Teatrı 1941-ci il oktyabr ayının əvvəllərindən dekabra qədər Təbrizdə qastrol səfərində olub. Teatrın maraqlı repertuarla çıxışı şəhərin teatr həyatında möhtəşəm canlanma yaradıb. Az sonra ziyalıların cəm olduqları "Azərbaycan cəmiyyəti"nin təşəbbüsü ilə Təbrizdə "Azərbaycan aktyorları heyəti" yaradılıb. Təbrizdə çıxan "Azərbaycan" qəzeti teatr prosesini canlandırmaq və pərakəndə qüvvələri cəmləşdirmək məqsədilə 11 nəfərdən ibarət müdiriyyət heyəti təyin edib. Teatr sənətinə təzə gələn həvəskar aktyorları seçmək üçün içə 9 nəfərdən ibarət komissiya fəaliyyətə başlayıb.
1940–1946-cı illərdə Tehran şəhərində azərbaycanlı teatr fədailəri "Fərhəng-e sinema", "Honər", "Şiri Xurşid" teatr binalarında tamaşalar oynayıblar. Repertuarda Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri", "Xırs quldurbasan", Üzeyir bəy Hacıbəyovun bütün operettaları və əksər operaları, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun kiçik həcmli məzhəkələri əsas yer tutub…".
Azərbaycan Dövlət Dram Teatrı … 12 dekabr 1945-ci ildə Cənubi Azərbaycanda Azərbaycan Milli Hökuməti yaradılıb. "Milli hökumət zamanında Təbriz Azərbaycan Dövlət Dram Teatrı yaradılıb və bu teatrın truppasının əsasını müxtəlif truppaların həvəskar aktyorları təşkil ediblər. 8 mart 1946-cı ildə teatrın təntənəli açılışı olub və Cəlil Məmmədquluzadənin "Anamın kitabı" dramının tamaşası göstərilib. Təbrizdən sonra 1946-cı ildə Urmiyada da Dövlət Teatrı açılıb. Sərabda, Əhərdə, Astarada, Qara Ziaəddində, Ələmdarda, Miyanada, Herisdə, Binabda, Şəbüstərdə, Zəncanda, Marağada, Xoyda dram dərnəkləri fəaliyyətə başlayıb"
1946-cı ilin dekabrında ölkədə milli azadlıq hərəkatına divan tutulduqdan və Milli Hökumətin süqutundan sonra Azərbaycan Dövlət Teatrı da bağlandı. Yalnız qısa bir müddət ərzində (1948–1949) Tehranın "Ziba" teatr salonunda azərbaycanlı incəsənət xadimləri tərəfindən türk dilində bir sıra tamaşa və konsertlər verilmişdir. Həmin tədbirlərin təşkilinə və göstərilməsinə məşhur ziyalı alim, yazıçı Gəncəli Sabahının qardaşı Səməd Səbahi də başçılıq etmişdir. 1970-ci ildə Urmuda "Arya" teatrı yaradılıb və qısa müddətdən sonra bu teatr da bağlanıb. 1950-ci illərin sonlarında və 1960-cı illərin birinci yarısında Tehranda azərbaycanlıların "Mad film", "Azər film" kinostudiyaları fəaliyyət göstərib. Orada çalışan azərbaycanlılar müəyyən bayramlarda teatr tamaşaları da göstəriblər. XX əsrin səksəninci illərindən İranın Tehran və Təbriz şəhərlərində Azərbaycan dilində müəyyən teatr tamaşaları göstərilməsinə cəhdlər edilsə də, indiyədək İranda otuz milyondan çox azərbaycanlının doğma dildə bir dövlət teatrı da mövcud deyil…
İstanbul Azərbaycan teatrı
redaktə1919-cu ilin 6 martında yazıçı Rəşad Nuri Güntəkin "Böyük məcmuə"də "Azərbaycan teatrı" adlı məqalə dərc edir. Yazıda bildirilir ki, iki aya yaxındır ki, İstanbulda Azərbaycan teatr heyəti fəaliyyət göstərir və tərkibi, əsasən, gənc və peşəkar olmayan aktyorlardan ibarətdir, lakin Rəşad Nuri Dârülbedâyi ni (1914-cü ildə qurulan, hazırda İstanbul Şəhər Teatrı kimi fəaliyyət göstərən qurum) çıxmaqla, bu heyətin son zamanlar şəhərdəki ən yaxşı heyət olduğunu bildirir:
Tiflis Azərbaycan teatrı
redaktəXIX əsrdə Qafqazın mədəniyyət mərkəzi sayılırdı Tiflis. 1873-cü ilə dayanan Azərbaycan teatr tarixinin təməli də məhz Tiflisdən başlanır. Əvvəllər Mirzə Fətəli Axundzadənin, indi isə Heydər Əliyevin adını daşıyır. İlk dövlət stutusunu teatr, 1922-ci ildə qazanır. 1921-ci ilin sonlarında Tiflis teatr həvəskarları bir dəstədə birləşərək dövlət statuslu teatr yaratmaq naminə səylə çalışırdılar. Və yalnız bir il sonra bu istəyə nail olunur. Mirzə Fətəli Axundov adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının fəaliyyəti 2 yanvar 1947-ci ilədək sürdü. Müəyyən səbəblərdən dolayı bağlanmış teatrın Gürcüstan dövləti tərəfindən bərpasına isə 51 il sonra, 17 may 1998-ci ildə fərman verildi.
İrəvan Azərbaycan teatrı
redaktəAzərbaycanda teatr sənəti bu gün
redaktəMürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının repertuarı bu gün daha genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Azərbaycanda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında, Pantomim teatrında, Gənc tamaşaçılar teatrında və digər teatrlarda seyr etmək mümkündür.
Sənət ocağı 1991-ci ildən Akademik Milli Dram Teatrı adlanır. Yüksək nailiyyətlərinə görə teatra Akademik adı verilmiş (1959), Qırmızı Əmək Bayrağı (1948) və Lenin ordenləri (1974) ilə təltif edilmişdir. Teatrın 125 illik tarixində Əbülfət Vəli, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Əbülhəsən Anaplı kimi aktyor məktəbi yaradanlardan sonra, böyük aktyor və rejissor nəsli yetişmişdir: SSRİ xalq artistləri Mirzağa Əliyev, Sidqi Ruhulla, Mərziyyə Davudova, Ələsgər Ələkbərov, Adil İsgəndərov (rejissor), Hökümə Qurbanova, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Möhsün Sənani, Rza Təhmasib (aktyor və rejissor), Əjdər Sultanov, Sona Hacıyeva, Fatma Qədri, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Kazım Ziya, Məmmədəli Vəlixanlı, Əliağa Ağayev, Məlik Dadaşov, Əli Zeynalov, Tofiq Kazımov (rejissor), Ələsgər Şərifov (rejissor), Nəcibə Məlikova, Həsənağa Salayev, Məmmədrza Şeyxzamanov, Rza Əfqanlı.
M. F. Axundovun, N. B. Vəzirovun, Ə. B. Haqverdiyevin, N. . Nərimanovun, C. Cabbarlının, H. Cavidin, S. Rəhmanın, İ. Əfəndiyevin pyesləri ilə pərvəriş tapan AMDT müxtəlif illərdə dünya klassiklərindən Şekspirin, Şillerin, Molyerin, Lope de Veqanın, Karlo Haldoninin, A. Dümanın, V. Hüqonun, H. Hauptmanın, Moris Meterlinkin, Balzakın, Yucin O Nilin, B. Nuşiçin, M. Sebastianın, H. Heynenin, Volterin, A. Ostrovskinin, A. Puşkinin, M. Lermontovun, L. Tolstoyun, N. Qoqolun, A. Çexovun və onlarca bu kimi dramaturqların əsərlərinin repertuarına daxil edib. Əsrimizin əvvəllərində dəstələr halında Türkiyədə, İranda, Volqaboyu şəhərlərdə, Orta Asiyada qastrol səfərlərində olmuş teatr, Dövlət Statusu aldıqdan sonra, Moskvada (1930, 1948, 1959, 1974, 1996), Sankt-Peterburqda (1930), Kazanda (1930), İrəvanda (1926, 1927, 1954, 1957), Tiflisdə (1960, 1984), Daşkənddə (1934, 1951), Aşqabadda (1934), Türkiyədə (1990,1992), Kiprdə (1992), Almaniyada (1992) qastrollarda olub. AMDT-nin 50 (1923), 75 (1948) və 100 (1974) illik yubileyləri təntənə ilə keçirilib. "Şərqin səhəri" (Ə. Məmmədxanlı) tamaşası SSRİ Dövlət mükafatına, "Antoni və Kleopatra" (Şekspir), "Mahnı dağlarda qaldı" (İ. Əfəndiyev), "Şəhərin yay günləri"(Anar) və "İblis" (Cavid) tamaşaları Respublika Dövlət mükafatlarına layiq görülüb.
Azərbaycanda Teatr sənətinin yaranması və inkişafı
redaktəAzərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik "Sayaçı, "Novruz" "Gəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. "Novruz" mərasiminin mühüm epizodunu təşkil edən "Kosa-kosa" oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən maska taxan aktyor vardır. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan "Xan-xan", "Mütriblərin rəqsi", "Gəlinlə qayınananın deyişməsi" və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, "Zorxana" səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan "Yuğ" mərasimində də meydan teatrı ünsürləri güclü olmuşdur.
Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Uzaq zamanlardan bəri xalq arasında geniş yayılmış "Kosa-kosa", "Qaravəlli" (meydan teatrı formalarından biri), "Kilimarası", "Şah Səlim" (kukla tamaşaları) və s. Azərbaycanda xalq teatrının müstəqil tarixə malik olduğunu göstərir. Bu tamaşa biçimlərindən bir qismi sabit süjet üzərində qurulduğundan oyun xarakteri daşıdığı halda, başqa qismi xırda məzhəkələrdən ibarət repertuara malik olub, Azərbaycan xalq teatrının daha yetkin mərhələsini təşkil edirdi.
Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. "Kosa-gəlin", "Tapdıq çoban", "Tənbəl qardaş" (üçpərdəli komediya) və s. tamaşalar el arasında məşhur olmuşdur. Bu tamaşalarda, əsasən, kəndin təsərrüfat və məişət həyatı əksini tapmışdır. Nikbinlik onların başlıca xüsusiyyətidir. Həmin tamaşalarda gülüş bəzən ciddiləşib, acı kinayə, satiraya çevrilərək, adamların əmək, məişət və psixologiyasındakı qüsurları qamçılayırdı.
Şiəliyi rəsmi dini təriqət kimi müdafiə edən Səfəvilər dövründə (XVI yüzil) xalqın şüuruna təsir göstərmək üçün müxtəlif vasitələrə əl atmışdır. Bu dövrdən "Şəbih" dini tamaşası geniş yayılmışdı. "Şəbih"lər Azərbaycanda peşəkar teatrın yaranmasına səmərəli təsir göstərməklə yanaşı bir çox sənətçilərin səhnəyə gəlməsinə müəyyən imkan yaratmışdır.
Azərbaycan peşəkar teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.
Azərbaycan teatrının tarixi M. F. Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. H. Zərdabinin təşəbbüsü, N. Vəzirov və Ə. Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan idi.
Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda "aktyor" kimi çıxış edirdilər. Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y. Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M. F. Axundovun komediyalarını ("Xırs-quldurbasan", "Müsyö Jordan və dərviş Məstəli şah") oynayırdılar.
M. F. Axundovun əsərlərindən ibarət tamaşalar verildiyi bəllidir. 1876-cı ildən M. F. Axundovun komediyaları Tiflisdə də oynanılmışdır (Azərbaycan dilində). Qabaqcıl ziyalılardan bir sıra komediya və vodevillərin müəllifi N. Vəzirov, B. Bədəlbəyov, Ə. Vəlibəyov, F. Köçərli, H. Sarıcalinski, Muxtar Muradov, İ. Şəfibəyov, məşhur xanəndə Cabbar Qaryağdıoğlu (Şuşa), M. Sidqi, C. Məmmədquluzadənin qardaşı Mirzə Ələkbər, dramaturq E. Sultanov (Naxçıvan), R. Əfəndiyev (Nuxa) və başqalarının fəaliyyəti özəlliklə qeyd olunmalıdır. 70–80-ci illərdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlayırlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsl mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H. Mahmudbəyov, S. M. Qənizadə və N. Vəliyev başçılıq edirlər. Onlar həmin dəstəni xeyli qüvvətləndirərək, truppa halına saldılar və bu truppa 1888 ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başladı.
1890-cı illərdən başlayaraq, N. Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur. O, teatra xalqın ictimai şüurunu yüksəltməyin və zamanın qabaqcıl ideyalarını yaymağın mühüm vasitələrindən biri kimi qiymət verir və teatrdan tribuna kimi istifadə edirdi. N. Nərimanov ziyalı gəncləri aktyor truppasına dəvət edir, eyni zamanda özü də bir çox tamaşalarda baş rolları oynayırdı.1896-cı ildə H. Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk peşəkar teatr kollektivini təşkil etdi. 1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı" yaradıldı. İnqilaba qədərki Azərbaycan teatrının repertuarı milli dramaturqların — M. F. Axundov, N. Vəzirov, H. Vəzirov, N. Nərimanov, Ə. Haqverdiyev, C. Məmmədquluzadə və başqalarının pyeslərindən tərtib olunur, həmçinin rus (N. V. Qoqol, İ. S. Turqenev, L. N. Tolstoy) və Qərbi Avropa (V. Şekspir, F. Şiller, H. Heyne, J. B. Molyer) klassiklərinin əsərləri ilə zənginləşdirilirdi. Azərbaycan teatrı ilk illərdən maarifçilik və demokratik ideyalara sadiq idi. M. F. Axundovun komediyaları ilə yanaşı, N. Vəzirovun "Müsibəti Fəxrədin", "Yağışdan çıxdıq, yağmura düşdük", Ə. Haqverdiyevin "Dağılan tifaq", "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N. Nərimanovun "Nadanlıq", "Nadir şah" pyeslərində feodal adətlər, mülkədar-kapitalist quruluşunun zülm və despotizmi cəhalətpərəstlik ifşa olunurdu.
1906-cı ildə Bakıda "Müsəlman dram artistləri" şirkəti yaradıldı. "Şirkət"ə məşhur teatr xadimi C. Zeynalov rəhbərlik edirdi. Təqiblərə, maddi çətinliklərə baxmayaraq, "Şirkət" arası kəsilmədən tamaşalar verir, repertuarını genişləndirirdi. Bu illərdə Bakının fəhlə rayonlarında tamaşalar göstərən dram dərnəkləri və teatr trppaları ("Balaxanı dram dərnəyi", "Həmiyyət") təşkil edildi. "Təkamül" qəzeti yanında yaradılmış "Həmiyyət" truppasının heyətində onun bilavasitə təşkilatçısı M. A. Əliyevdən başqa Ə. Rzayev, C. Hacınski və b. var idi. Truppanın üzvləri həm tamaşa hazırlayır, həm də tamaşaçı yığırdılar. Yaxşı bina tutmağa vəsait olmadığından, tamaşalar ticarət passajının "Qranvio" adlı salonunda verilirdi. 1906-cı ildə burada N. Nərimanovun "Nadanlıq" pyesi oynanmışdı. 1905 il inqilabından sonra Bakıda bir sıra "cəmiyyətlər" yaradılmasına icazə verilir, qabaqlar gizli fəaliyyət göstərən cəmiyyətlər açığa çıxırdı. Bunlardan biri də "Nicat" mədəni-maarif cəmiyyəti idi. 1907 ildə bu cəmiyyətin yanında teatr truppasının təşkil edilməsi həmin dövr teatr həyatında mühüm rol oynadı. 1908-ci ildə "Nicat" cəmiyyəti yanında H. Ərəblinski, S. Ruhulla, Ə. Vəli kimi peşəkar aktyorları birləşdirən vahid dram truppası yaradıldı; onun daimi qarderobu, rekviziti var idi. Truppa həftədə bir-iki dəfə Tağıyev teatrında, həm də fəhlə rayonlarında tamşalar verirdi. Ə. Haqverdiyevin "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N. Nərimanovun "Nadir şah", N. Vəzirovun "Pəhləvanani-zamanə", Ş. Saminin "Qaveyi ahəngar", F. Şillerin "Qaçaqlar", N. Neynenin "Əlmənsur", V. Şekspirin "Otello", J. B. Molyerin "Zorən təbib", N. V. Qoqolun "Müfəttiş", "Evlənmə", L. N. Tolstoyun "Əvvəlinci şərabçı" kimi pyesləri məhz bu dövrdə Azərbaycan teatrının repertuarında mühüm yer tutdu.
1910-cu ildə "Səfa" adlı yeni mədəni maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradıldı. "Səfa" cəmiyyətinin dram truppası "Nicat"a nisbətən xeyli zəif idi. Ancaq "Nicat"ın aktyorları tədricən "Səfa"ya keçirdilər. Cəmiyyətin işində D. Bunyadzadə, şair Səməd Mənsur, aktyorlardan C. Zeynalov, A. M. Şərifzadə fəal iştirak edir, teatr tamaşalarına "Nicat"dan H. Ərəblinski, M. A. Əliyev, S. Ruhulla, H. Sarabski və b. vaxtaşırı dəvət olunurdular. "Səfa" cəmiyyətinin truppası tamaşa verməkdən başqa, teatın həyatı ilə bağlı mədəni-maarif işləri ilə də məşğul olurdu. 191-ci ildə truppa C. Zeynalovun səhnə fəaliyyətinin 25 illiyini, 1911-ci ildə M. F. Axundovun anadan olmasının 100 illiyini, 1913-cü ildə isə N. Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini təntənə ilə qeyd etmişdi. "Şəfa" truppasının işində nəzəri cəlb edən cəhətlərdən biri də onun istər Azərbaycanın şəhər və kəndlərində, istərsə də daha geniş dairədə (Güney Qafqaz, Orta Asiya, Quzey Qafqaz, İran şəhərlərində, Həştərxanda, Kazanda və s.) qastrol tamaşaları təşkil etməsi idi. Ümumiyyətlə istər "Nicat", istərsə də "Səfa" cəmiyyətləri Azərbaycan teatrının təşkilat və yaradıcılıq baxımından möhkəmləndirilməsində müəyyən rol oynadılar. 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda ilk milli opera — Ü. Hacıbəyovun "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycan peşəkar musiqili teatrının əsası qoyuldu. Musiqili teatrın yarandığı ilk illərdə onun repertuarını Ü. Hacıbəyovun 1908–1913-cü illərdə yaratdığı "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşid Banu", "Əsli və Kərəm" operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları təşkil edirdi. Sonrakı illərdə Azərbaycan musiqili teatrının repertuarı Z. Hacıbəyov ("Aşıq Qərib" operası, "Əlli yaşında cavan", "Evli ikən subay" musiqi komediyaları), M. Maqomayev ("Şah İsmayıl"), M. M. Kazımovski ("Vurhavur" musiqili komediyası), M. C. Əmirov ("Seyfəlmülk" operası) və başqalarının əsərləri ilə zənginləşdi. Ancaq özünün ayrıca repertuarı olmasına baxmayaraq, musiqili teatrda peşəkar ifaçılara böyük ehtiyac duyulurdu. Musiqili tamaşalarda H. Sarabski, M. Məmmədov (Bülbül), H. Hacıbababəyov, H. Terequlov, M. Bağırov, Ə. Ağdamski kimi opera müğənniləri ilə yanaşı, əsasən dram aktyorları H. Ərəblinski (rej. kimi) Ə. Hüseynzadə, H. Abbasov, A. və Y. Olenskayalar, R. Darablı, Ə. Anaplı və b. çıxış edirdilər. Musiqili teatr və dram teatrları arasında dəqiq bölgü aparılmamış, truppaların repertuarına həm dram, həm də musiqili əsərlər daxil edilmişdi (1910 illərdə musiqili tamaşalar üstünlük təşkil edirdi).
1916-cı ildə C. Məmmədquluzadənin "Ölülər" komediyasının tamaşaya qoyulması Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir olay idi. Bu tamaşa mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənərək böyük uğur qazandı.1917-ci ildə Bakıda "Müsəlmən artistləri ittifaqı" yaradıldı. A. M. Şərifzadə ittifaqa sədr seçildi. İttifaq bütün teatr dəstələrini öz ətrafına toplayaraq, yoldaşlıq münasibətləri əsasında tamaşalar verirdi. Ancaq bu ittifaq 1918-ci ilin mart ayınadək fəaliyyət göstərə bildi. Mayılov teatrının anterprenyorları binada Azərbaycan aktyorlarının çıxış etməsinə imkan vermirdilər. Aktyorların çoxu qastrol səfərlərində idi. Yalnız Ü. və Z. Hacıbəyov qardaşlarının truppası nisbətən müntəzəm fəaliyyət göstərirdi.
Truppa öz tərkibində dram, opera və operetta artistlərini birləşdirirdi. Qabaqcıl, demokratik ideyalarla sıx bağlı olan Azərbaycan teatrı xalqın mədəni inkişafında mühüm rol oynamışdı. Ancaq, eyni zamanda, bu illərdə teatr hələ yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxmamışdı.
Mənbə
redaktə- Azərbaycan teatr tarixi haqqda
- İlham Rəhimli. Azərbaycan teatr tarixi (dərslik). Bakı, Çaşıoqlu, 2004.
- İlham Rəhimli. Üç əsrin yüz otuz ili (Akademik Milli Dram Teatrı bu gün). Bakı, "QAPP-Poliqraf", 2003.
- İlham Rəhimli. Akademik Milli Dram Teatrı. 3 cilddə. Bakı, "Təhsil", 2013.
- İlham Rəhimli. Azərbaycan Dövlət Opera və Balet Teatrı. Bakı, "Nağıl evi", 2008.
- İlham Rəhimli. Azərbaycan Dövlət Musiqili Teatrı. Bakı, "Aspoliqraf", 2013.
- İlham Rəhimli. Tiflis Azərbaycan teatrı. Bakı, "Xəzər", 2006.
- İlham Rəhimli. İrəvan Dövlət Azərbaycan Dram Teatrı. Bakı, "E. L.", 2007.
- İlham Rəhimli. Təbriz Azərbaycan Teatrı. Bakı,"Çaşıoğlu", 2005.
- İlham Rəhimli. Bakı Türk İşçi Teatrı. Bakı, "Elm", 2004.
- İlham Rəhimli. Xalq oyun-tamaşaları. Bakı, "Qapp-Poliqraf", 2002,
- İlham Rəhimli. Azərbaycan Dövlət Kukla Teatrı. Bakı, "Nağıl evi", 2002.
- lham Rəhimli. Azərbaycan milli teatrının poetikası. Bakı, "Qapp-Poliqraf", 2002.
- lham Rəhimli. Aşqabad Dövlət Azərbaycan Teatrı. Bakı, "Qapp-Poliqraf", 2002.
- Aydın Talıbzadə. Şərq teatr tarixi (ali məktəblər üçün dərslik). Bakı, 2008.