Azerbaycanda Gildiya Ticareti - Wikipedia
Azərbaycanda gildiya ticarəti — XIX əsrin 70-ci illərində Azərbaycanda yeni yaranmış ticarət forması.
Gildiya ticarətinin səciyyəvi cəhətləri
redaktəAzərbaycanda Gildiya ticarət qaydasının tətbiqi, ticarətin təşkili sisteminin təkmilləşdirilməsi və formalarının genişlənməsi, Azərbaycan rayonları arasında ticarət dövriyyəsinin artması və bir sıra yeni ticarət mərkəzlərinin meydana gəlməsi, ticarətdə təmərküzləşmə və mərkəzləşmə prosesinin baş verməsi, kapitalın yeganə forması kimi ticarət kapitalının öz müstəqilliyini itirib sənaye kapitalının tədavül dairəsində nümayəndəsinə çevrilməsi, ticarətdə kapitalist münasibətlərinin yaranıb sürətlə inkişaf etməsi, ticarət əlaqələri coğrafiyasının xeyli genişlənməsi, ticarət əlaqələrinin getdikcə daha çox qarşılıqlı xarakter daşıması və s. XIX əsrin 70-ci illərin ortalarından etibarən ticarəti səciyyələndirən cəhətlər idi.
Azərbaycanda gildiya ticarətinin tətbiqi
redaktə1876-cı ilin mart ayından etibarən gildiya ticarət qaydası Azərbaycanda da tətbiq edilməyə başladı. Bundan sonra tacirlərin hər biri malik olduğu kapitalın həcmindən və fəaliyyət dairəsindən asılı olaraq gildiyanın hər hansı bir dərəcəsinə yazılmalı və öz müəssisələri üçün müəyyən bilet götürməli idi.
Birinci gildiya tacirinə çox böyük hüquqlar verilirdi. O, Rusiya başqa dövlətlərin mallarını-Rusiyanın hər yerində yük ilə, tay, və ya top ilə satmaq üçün lazım olan qədər kontor və anbar açmaq hüququna malik idi.
İkinci gildiya şəhadətnaməsini götürənlər şəhadətnamə aldıqları qəza və kəndlərdə istənilən qədər dükan açıb Rusiya və başqa (dövlətin gömrüklənmiş mallarını sata bilərdilər. Xırda alış-veriş şəhadətnaməsi olan tacirin şəhadətnamə aldığı qəzada dükan açmağa ixtiyarı var idi. Lakin o, bu dükanlarda Qafqaz canişinliyi tərəfindən tərtib olunmuş siyahıda göstərilən malları satmalı idi.
Gildiya ticarət qaydası Azərbaycana tətbiq edildikdən sonra ticarət-sənaye dairələri tərəfindən əldə edilən ticarət sənədlərinin miqdarı sürətlə çoxalmağa başladı. 1876-cı ildə Bakı və Yelizavetpol quberniyalarında 8 minə yaxın ticarət sənədləri götürüldüyü halda, 1898-ci ildə onların sayı 25 minə çatmışdı.
XIX əsrin sonlarında Azərbaycanda gildiya ticarət müəssisələrinin sayı xeyli artmışdı. 1890–1900-cü illərdə Bakı və Yelizavetpol quberniyalarında gildiya ticarət müəssisələrinin sayı 1724-dən 2638-ə yüksəlmişdi. 1897-ci ildə gildiya sistemi ticarət müəssisələrinin sayının 37 faizini, dövriyyəsinin isə 91,1 faizini əhatə edirdi. Lakin gildiya ticarət müəssisələri əsasən Bakı şəhərində, qismən də Yelizavetpolda, Nuxada, Şamaxıda və Şuşada açılmışdı.
XIX əsrin 70-ci illərindən etibarən Azərbaycanda gildiya ticarət müəssisələri ilə bərabər, xırda şəhadətnamə ilə idarə olunan ticarət müəssisələri də sürətlə artırdı. 1890-cı ildə təkcə Bakı və Yelizavetpol quberniyalarında ticarət müəssisələrinin sayı 5616; 1900-cü ildə isə 6492 olmuşdu.
XIX əsrin sonunda Azərbaycanda bütün ticarət müəssisələrinin illik dövriyyəsi təqribən 190 milyon manata çatırdı.
Azərbaycanda gildiya tacirlərinin də sayı sürətlə artırdı. Gildiya tacirləri əsasən iri şəhərlərdə, xüsusən Bakı, Yelizavetpol, Şuşa və Nuxada fəaliyyət göstərirdilər. 1886-cı ildə Bakıda 20 nəfər birinci və 165 nəfər ikinci gildiya taciri var idi. 1900-cü ildə onların sayı müvafiq surətdə 78 və 163 nəfər olmuşdu. Yelizavetpol quberniyasında isə 1897-ci ildə 6 nəfər birinci və 58 nəfər ikinci gildiya taciri var idi.
Mənbə
redaktə- M. Ə. Musayev. XIX əsrin sonlarında Bakı şəhərinin ticarəti. Bakı, 1972,
- Экспортные товары Закавказья и условия их производства и добывания, т. I, Т., 1925,
- "Əkinçi" qəzeti, 29 fevral 1876-cı il, № 4.
- Həsənbəy Zərdabi. Seçilmiş əsərləri. Bakı, 1960,
- Гулиев А.Н., Казиев М.А., Токаржевский Е.А. Краткий исторический очерк Азербайджана. Бакы, "Советский Азербайджан", 1958