Azerbaycan Faunasi - Wikipedia
Azərbaycan faunasının zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək olar. Memarlıq abidələri, qədim qaya və daşlar üzərindəki müxtəlif heyvan təsvirləri dövrümüzə qədər gəlib çatmışdır. XVII əsrdən etibarən təbiətşünas səyahətçilərin Azərbaycan ərazisinə səfərləri ilə bağlı heyvanlar aləmi haqqında ilk bilgi əldə edilir.
Fauna anlayışından fərqli olaraq heyvanlar aləmi dedikdə onların növ tərkibi ilə yanaşı fərdlərin sayı da nəzərə alınır. Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.[1]
Bəzi heyvanlar yalnız çox məhdud (göl, dağın bir hissəsi), digərləri isə respublikanın bütün ərazisində yayılmışdır. Məsələn sərçəkimilər dəstəsinə daxil olan quşlara respublikanın bütün ərazisində rast gəlmək olar.
Azərbaycan Respublikasının "Qırmızı kitab"ına 108 növ heyvanın adı daxil edilmişdir. Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.
Azərbaycan faunası
redaktəKərtənkələ
redaktəCənubi Qafqaz kərtənkələciyi (lat. Eremias pleskei) — Kərtənkələcik fəsiləsinə aid kərtənkələ növü. Kiçik ölçülü kərtənkələdir. Bədəninin uzunluğu 6 sm təşkil edir. Quyrunun yuxarı nahiyəsinin pulcuqları hamardır. Yuxarı hissəsində parlaq-sarı və ya parlaq-qəhvəyi 7 zolaq vardır. Arxa ayaqlarında ağ və sarı airəvi gözçüklər vardır.Onlar əsasən gilli və daşlı yarımsəhralarda kolluqların arasında yaşayırlar. Onlara hətta 1800 metr yüksəkliklərdə belə rast gəlinir. Qışlamadan mart-aprel aylarında qayıdırlar. 1,4 sm uzunluğa malik 3-4 yumurta qoyurlar. Bəzən iki dəfə yumurta qoya bilirlər.
Bu növ əsasən Araz çayının orta axarları boyunca, dörd ölkənin ərazisində yayılmışdır: Azərbaycan, İran, Ermənistan və Türkiyə.
Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir. Bəzi növlər isə ancaq Azərbaycan ərazisində yaşayır. Bunlara misal kimi Azərbaycan kərtənkələsini göstərmək olar.
Berqut
redaktəBerqut (lat. Aquila chrysaetos) — qızılquşkimilər dəstəsinin qartal cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[2]
- Status. Azərbaycanda sayı azalan nadir növdür.
- Yayılması. Respublikada dəniz səviyyəsindən 1200 m və daha çox yüksəklikdə olan dağ rayonlarında yayılmışdır. Qışda yem üçün aran rayonlarına da enir.
- Yaşayış yeri. Müxtəlifdir. Dağ meşələrinin yuxarı kənarlarındakı hündür ağaclarda, yüksək dağlardakı sıldırımlı qayalarda yuva düzəldir. Əsas yemlənmə yeri olan açıq sahələr kənd təsərrüfatı sahələrinə çevrilir.
- Təbiətdə sayı. 1990-1996-cı illər hesablamalarına əsasən Azərbaycanda berqutun ümumi sayı 15 yuvalayan cütdən çox deyil.
- Çoxalması. Azərbaycanda berqutun çoxalması öyrənilməmişdir. Başqa populyasiyalardan məlumdur ki, berqut 4 - 5 yaşında cinsi yetişkənliyə çatır, daimi cütlər əmələ gətirir, fevral-mart aylarında 2 - 3 yumurta qoyub, 40 gün kürt yatır. Balalarını 80 günə qədər yuvada bəsləyir.
- Rəqibi, düşməni, xəstəliyi. Leş və gəmiricilərlə yemlənən başqa növ yırtıcılar berqutun rəqibidir. Təbii düşmənləri və xəstəlikləri məlum deyil.
- Sayının dəyişilmə səbəbləri. İnsan tərəfindən təqib edilməsi, gəmiricilərlə kimyəvi mübarizə qaydasının pozulması, qışda həm də yem azlığı berqutun sayını azaldır.
- Qorunması üçün zəruri tədbirlər. Yuva sahələrini müəyyən edib təbii abidə kimi qorumalı; yırtıcı quşların qorunmasını geniş təbliğ etməli.
- Berkut məhdud sahədə, əsasən, yüksək dağlarda yaşayan quşlardandır. Qafqaz tetrası Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbaş ördək Xəzərin sahilində, respublikanın su tutarlarında qeyd edilir.
Qafqaz Tetrası
redaktəQafqaz tetrası — dağ-meşə quşu, əsasən hündürlükdə yerləşən meşələrin kənarındakı tozağacı, ardıc meşəliklərində alp çəmənliklərində yaşayırlar.
Xarici görünüş
redaktəBu quşun erkəyi (xoruzu) qara məxməri rəngdə olub başı, boynu, döşü, və bel hissəsi yaşıl mavı rəngə çalır. Qanadaltı lələkləri ağdır. Quyruğunun lələkləri qara olub ucları aşağı və yana əyilmişdir.Gözünün üstündə çılpaq qırmızı ləkə vardır. Dişiləri isə boz-qəhvəyi rəngdədir. Bədəni xırda köndələn tünd-qonur rəngli zolaqlarla örtülüb. Cavan fərdlər həyatının 2-si ilinə qədər dişilərə oxşayır.
Yayılması
redaktəHazırda bütün dünyada tetra quşunun 19 növü mövcuddur. Bunlar Avrasiyada , Şimali Amerikada, Sakit və Atlantik okeanın adalarında yayılmışlar. Söhbət açdığımız qafqaz tetrası isə Böyük və Kiçik Qafqaz dağlarında ( Azərbaycan, Rusiya , Gürcüstan, Türkiyə, İran və Ermənistan ərazisində) yaşayır.
Qidalanması
redaktəQidalanma xüsusiyyətinə görə ( dimdik və pəncənin quruluşu , yemi tapmaq qoparmaq yemin növ tərkibi həzm olunması) yaxın qohumları olan qırqovullar fəsiləsinin növlərindən fərqlənir. Belə ki, qüvvətli dimdiyi ağacların qabıqlarını, incə budaqlarını yarpaqları və giləmeyvənləri qoparmağa,güclü ayaqları torpağı eşələyib bitki köklərini yeməyə imkan verir.
Qaya keçisi
redaktəQaya keçisi və Cənubi Qafqaz muflonu hazırda Naxçıvan MR-da, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və Korçayda rast gəlir.Dağıstan turu (lat. Capra cylindricornis), cütdırnaqlılar dəstəsinin dağ keçisi cinsinə aid məməli heyvan növü. Baş Qafqazda Capra cylindricornis (Dağıstan turu) endemikdir. Dağıstan turu Böyük Qafqazın cənub ətəyində, Balakən, Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qalmışdır.Turlar yalnız Baş Qafqaz silsiləsində yaşayırlar. Bu heyvanlar yüksək dağlıq şəraitə yaxşı uyğunlaşmışdır. Dağıstan Turları dəniz səviyyəsindən 2000-dən 4200 metrə yüksəklikdə Şərqı Qafqazda yayılmışdır. Turlar sürü haklnda yaşayırlar. Bəzi erkəklər ayrılıqda yaşayırlar. Turların eşitmə, görmə və iyi duyma hisləri çox gözəl inkişaf etmişdir. Turlarda çütləşmə Qışın əvvəllərində baş verir. Turların hamiləlik dövrü 150-160 gün sürür. Doğumdan əvvəl ana Turlar sürüdən ayrılıb vəhşi heyvanların çata bilməyəcəyi yerlərdə 1 bəzi hallarda 2 bala doğurlar. Dişi Turlar balalara çox həssadırlar. Bəzi hallarda başqasının balasını da südlə yemləyirlər.
Balıqlar
redaktəRespublikanın şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarıda tutulur. Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün çaylara keçir). Keçici balıqların ən qiymətlisi qızılbalıq, nərə, uzunburun və bölgədir. Xəşəm, şamıyı, poru ilanbalığı da belə balıqlardandır. Nərəkimilərin əti və qara kürüsü çox qiymətli hesab olunur. Bunlardan başqa, Azərbaycan Respublikasının sularında böyük sənaye əhəmiyyəti olan çapaq, çəki, sıf, naxa, külmə, ziyad (kütüm) və s. yarımkeçici balıqlar var. Xəzərdə çoxlu siyənək, kilkə və kefal ovlanır. 1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğular tikilməsi, Kür çayı axarının nizama salınması, Xəzər dənizi suyunun çirklənməsi və s. səbəblərdən sənaye əhəmiyyətli balıqların sayı xeyli azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədi ilə respublikada geniş miqyasda meliorasiya və balıq yetişdirmək üçün 3 zavod (Kürağzı, Əlibayramlı və Kür təcrübə nərəyetişdirmə zavodları) istifadəyə verilmşdir. Respublikanın balıqyetişdirmə təsərrüfatlarında və zavodlarında hazırda ildə 20 mln.-dək nərə balığı, 600 min qızılbalıq və 800 mln-dan çox çapaq, çəki külmə və sıf körpəsi yetişdirilir. Bunlardan əlavə, 1980-ci ildən Kiçik Qızılağac təsərrüfatında fəaliyyət göstərən inkubatorda ildə 50 min ziyad balığı yetişdirilib dənizə buraxılır. 2000-ci ildə Xıllıda yeni, müasir 20 mln. nərəkimi körpəsi yetişdirməyə qadir olan zavod istifadəyə verilmişdir. [3]
Azərbaycanın İlanlar Faunası
redaktəAzərbaycanın İlanlar Faunası — dünyada məlum olan 3500-dən çox ilan növlərindən yalnız 410 növ zəhərli onlardan isə yalnız 232 növ insan üçün təhlükəlidir. Azərbaycanda yayılmış 28 növ ilanlardan isə 22 növ zəhərsiz yalnız 6 növü insan üçün təhlükəli ilanlardır.
Azərbaycanda yayılmış zəhərli ilanlar
redaktəLevant gürzəsi(lat. Macrovipera lebetina). Xalq arasında sadəcə “gürzə” kimi tanınır. Ən sıx populyasiyaları Qobustan, AcınohurCeyrançöl,Şirvan , Muğan , Mil-Qarabağ düzənliklərindədi. ona görədə Azərbaycanda zəhərli ilan sancmalarının böyük əksəriyyəti (95%) məhz Levant gürzəsinin payına düşür. Adi qalxansifət(lat. Gloydius halys). Azərbaycanda yalnız cənub zonasında (Lənkəran təbii vilayəti)yayılıb. Dağ və dağətəyi ərazilərdə, adətən daşlıq, qayalıq yerlərdə adi qalxansifət rast gəlinir.
Radde dağgürzəsi(lat. Montivipera raddei). Azərbaycanda yalnız Naxçıvan MR- da alçaq və orta dağlıq ərazilərdə yayılıb.
Şamaxı çöl gürzəsi (lat. Pelias shemakhensis) Böyük Qafqazın dağlıq çöllərində biçənəklərində rast gəlinən kiçik ilandır. Məhdud ərazilərdə yayılmış nadir rast gəlinən zəhərli ilan növüdür.
İrəvan çöl gürzəsi (lat. Pelias eriüanensis) Naxçıvan MR-n və qarabağin dağlıqərazilərində yayılıb. Məhdud ərazidə yayılmış nadir rast gəlinən zəhərli növ ilan növüdür.
Azərbaycan Respublikasında heyvanları qorumaq, eləcə də artmasını təmin etmək üçün qoruqlar, yasaqlıqlar və milli parklar yaradılmış, ov qaydaları nizama salınmışdır. Hirkan Milli Parkı ərazisində 14-17 baş xallı maral qalmışdır. Qafqaz tetrasına Böyük və Kiçik Qafqazın subalp qurşaqlarında, yaşılbaş ördəyə Xəzərin sahilində və başqa sututarlarda rast gəlinir. Qayakeçisi (bezoar keçisi) və dağ qoyunu (Asiya muflonu) hazırda Naxçıvan MR-in yüksək dağlıq ərazilərində, Dağıstan turu (dağkeçisi) Böyük Qafqazın cənub yamaclarında, ceyran Şirvan Milli Parkında və Korçay yasaqlığında yayılmışdır.
Dağ Keçisi
redaktəDağ keçisi böyük ölçülü keçidir. Dağ keçisininnin iki növü məlumdur: Qərbi Qafqaz və Şərqi Qafqaz dağ keçisi. Dağ keçisi yalnız Qafqazda, yüksək dağlarda yaşayır. Şərqi Qafqaz, Rusiya, Gürcüstan və Azərbaycan ərazisində yaşayır. Gürcüstanda dağ keçisi Kaxetidə, Svanetidə və Abxaziyanın Dağlıq Kavkasionidə yaşayır. Erkək dağ keçisinin böyük, buruq buynuzları demək olar ki, bir metrə çatır.Dağ keçisinin bədəninin uzunluğu orta hesabla 130-150 sm-dir, hündürlüyü 79-98 sm, çəkisi 55-100 kq. Dişi dağ keçiləri nisbətən balaca olurlar. Onların orta çəkiləri 45-55 kq-ı təşkil edir.Dağ keçisi əsasən meşədə yaşayır və yarpaqlarla qidalanır. Bundan Əıavə Onun əsas yemini müxtəlif bitkilər və Alp otları təqdim edir. Yem axtarışına dağ keçisi gün ərzində orta hesabla 15-20 kilometr yol gedir.Dağ keçiləri sürülərdə yaşayır. Sürüdə 10-12 dağ keçisi olur.Dişi dağ keçisi əsasən bir və ya nadir hallarda iki bala doğur. Dağ keçisinin balası bir gündə qayaya dırmaşmağa öyrəşir. O, bir ay ərzində otla yemlənməyi öyrənir, amma birinci üç ay ərzində balalar südlə qidalanır. Qafqaz dağ keçisinin sayı yavaş-yavaş azalır. Dağ keçisi Qırmızı Kitaba daxil edilib və onu ovlamaq qadağandır.
Qalereya
redaktəMəməlilər aləmi
redaktəQuşlar aləmi
redaktəSürünənlər aləmi
redaktə-
Radde dağ gürzəsi
-
Adi suilanı (Natrix natrix)
Xarici keçidlər
redaktəMənbə
redaktə- Əhmədov S.B., Azərbaycanda yayılmış suda- quruda yaşayanların və sürünənlərin təyinedicisi, dərs vəsaiti, Bakı-2014 ,s.73
- İsgəndərov T.M., İlanlar və zəhərli sancmalar haqqında yaddaş kitabçası,Bakı-2017,s.6
- Sultanov E., Kərimov T., Ziqfrid K., Yonatan E. Qafqaz Tetrası, Bakı-2003 s.5-8
Ədəbiyyat
redaktə- D.Q.Tuayev.Qafqaz tetrası.Azərbaycan Qırmızı kitabı, Bakı, İşıq,1989,s.101-102
- A.İ.Xanməmmədov.Qafqaz tetrası.Azərbaycanın Faunası VI cild, Quşlar,Bakı,Elm,1977,s.183-184
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 108 növ heyvanın adı daxil edilmişdir". Xalq qəzeti. 3 sentyabr 2009. səh. 12. 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-02.
- ↑ "Azərbaycanda təhlükədə olan quşlar". 2013-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-15.
- ↑ "HEYVANLAR ALƏMİ". 2012-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-23.
Həmçinin bax
redaktə- Azərbaycanda məməlilərin siyahısı
- Azərbaycanın quşları
- Azərbaycanda yayılmış sürünənlərin siyahısı
- Azərbaycanda yayılmış suda-quruda yaşayanlar siyahısı
- Azərbaycanda yayılmış balıqların siyahısı
- Azərbaycanda yayılmış kəpənəklərin siyahısı
- Azərbaycan təbiəti
- Azərbaycan florası
- Binəqədi IV dövr flora və fauna qəbiristanlığı
- ↑ http://www.eco.gov.az/milliparklar.php Milli parklar
- ↑ http://www.azerbaijan.az/portal/maps/zoogeographic_a.html Zoocoğrafi xəritə
- ↑ Резолюция СБ ООН № 822 от 30 апреля 1993 года
- ↑ Резолюция СБ ООН № 853 от 29 июля 1993 годa
- ↑ Резолюция СБ ООН № 874 от от 14 октября 1993 годa
- ↑ Резолюция СБ ООН № 884 от 12 ноября 1993 годa