Azerbaycan Camisi - Wikipedia
Azərbaycan camışı[1][2] və ya Qafqaz camışı[3][4][5] — Cənubi Qafqazda olan camışların 70 faizi Azərbaycanda saxlanılır. Gürcüstanda və Ermənistanda ərazisində camışlar olduqca azlıq təşkil edir. Sovet dönəmində Cənubi Qafqaz camışları müstəqil cins kimi qəbul edilərək "Qafqaz camış cinsi" adlandırmışlar. Camışların çox hissəsinin Azərbaycan Respublikasında olduğunu nəzərə alaraq Azərbaycan alimləri Cənubi Qafqazda olan bütün camışları "Azərbaycan camış cinsi" adlandırmışlar. Bu 1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təstiqlənmişdir.[6]
Azərbaycan camışı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Azərbaycanda camışçılığın tarixi uzaq keçmişlərə gedib çıxır. Ölkənin təbii iqlim şəraiti heyvandarlığın bu sahəsinin intensiv inkişafı üçün olduqca əlverişlidir. Xüsusi ilə Kür, Araz qırağı, Qazax-Qarabağ düzlərində yetişdirilmişdir. Bu canlıların yemə az tələbkar olması və düzənin isti, subasar əraziləri camışların yetişdirilməsinə imkan verir. Xüsusi ilə qamışlarla qidalanırlar. Bu isə onun saxlanılmasını asanlaşdırır.
Xüsusiyyətləri
redaktəAzərbaycan camışları qara rəngə malik olurlar. Bu isə günəş şüalarının onlara ciddi təsir göstərməsinə, bədəninin qızdırmasına imkan verir. İsti günlərdə nohurlar, bataqlıq, durğun sular, gölməçələr və ya yaxud çay yataqlarında uzanmağı sevirlər. Suda olduqda camışın ancaq başı kənarda qalır, bu da onun suda yaşamaq adəti ilə əlaqədardır.
Bu cins camışlar arasında nadir hallarda ağ rəngli camışlar doğulur. Bu heyvanları "albinos" camışlar adlandırırlar. Albinos camışlar çox yaşamır və nəsil vermirlər.
Orta köklükdə olan camışlarda diri çəkinin 0,5 faizini dil, 0,86 faizini piylə birlikdə böyrək, 0,25 faizini beyin, 4,34 faizini içalat, 1,12 faizini baş əti, 5,2 faizini işgənbə və torcuq təşkil edir.
İnəklərdən fərqli olaraq şaxtaya dözümsüzdürlər. İnəklər −20 °C şaxtaya dözdükləri halda, camışlar −1 °C şaxtada artıq əziyyət çəkirlər. Səbəb isə camış orqanizimində piyin az olması ilə izah edilir. Camışlar inəklərə nisbətən az süd verir. Azərbaycan camışı gün ərzində 3–4 kq süd verir. Azərbaycanda südünün orta yağlığı 8,16 % olur. Cənubi Qafqaz bölgəsində 6–12 % arasında dəyişir. Bol su içdikdə südlərini 8–10 % artıra bilirlər. Bu cins camışlar təsərrüfatda 20–21 yaşınadək saxlamaq olur. 8–9 yaşından etibarən qocalma əlamətləri meydana gəlir. Getdikcə südlərini azaldırlar. Azərbaycanda orta yararlılıq müddəti 16 ildir. Dişilərin damazlıq fermalarda maksimal çəkisi 686 kq, erkəklərdə isə 720 kiloqrama çatır. Bəziləri vardır ki, 900–1000 kq çəki ala bilir[7].
Boğazlıq dövrü 305 gün davam edir. Balalar yenicə doğularkən 30–35 kq çəkiyə sahib olur[7]
Azərbaycanda camışçılıq
redaktəAzərbaycanda yaradılmış südlük-ətlik yeni qaramal cinsi. 1935-ci ildən başlayaraq akademik A. Ə. Ağabəylinin rəhbərliyi ilə aparılan seleksiya-damazlıq işləri və normal bəsləmə şəraitində seçmə və taylaşdırma nəticəsində alınmışdır. 1970-ci ildə müstəqil cins kimi təsdiq olunmuşdur. Konstitusiyası möhkəm, dərisi qalın, az tüklüdür. Döş qucumu 196–214 sm-dir. Ana camışların çəkisi 400–500 kq-dır; törədici kəllərin çəkisi 800–1000 kq-a çatır. Azərbaycanda camışçılıq Şəki– Zaqatala, Quba–Xaçmaz zonalarında, Muğan-Salyan, Kür-Araz ovalıqlarının aran bölgələrində yetişdirilir. İldə orta hesabla 1300–1500 kq (rekord sağım 3500–3700 kq) süd verir; südün yağlılığı 8–10%-dir. Ət çıxımı 45–52%-dir. Azərbaycan camışlarının süd və ət məhsuldarlığını artırmaq üçün Hindista-nın "Murrah" camış cinsinin törədici kəl-lərindən və toxumundan istifadə edilir.
Camışçılıq Azərbaycanda südlük və ətlik istiqaməli olmuşdur. Südündən yerli əhalinin çox sevdiyi əla keyfiyyətli qatıq və süzmə, qaymaq, ayran və şor hazırlanır. Camış qatığı inək və qoyun qatığından qatı və yağlılığı ilə seçilir. Bu səbəbdən qiymətli hesab edilir. Qatıq və ayranının profilaktik əhəmiyyəti vardır. Azərbaycanda camış südünün standart yağlılığı orta hesabla 7,6 % olur. Nadir hallarda yüksək olma ehtimalı vardır. Sovet dönəmində camışlar 300 günlük sağım dövründə yemləmə və saxlama şəraitindən asılı olaraq 700–1500 kq və daha çox süd verirdilər. Son zamanlar aparılan damazlıq işləri ilə əlaqədar Azərbaycan camışlarının 2000–3000 kq süd verməsi müəyyən edilmişdir.
1991-ci ildə Bolqarıstanın Varna şəhərində Ümumdünya Camışılıq Konqresinın prezidenti, BMT FAO (Kənd Təsərrüfatı) təkilatının məruzəçisi, Misirdən olan Şalaşı öz çıxışında Qafqazda ilk əhəlləşdirilmiş məhsul verən canlının camış olması fikirini irəli sürmüşdür[8].
Yerli üsul ilə nehrə çalxalamaqla 11–12 kq süddən 1 kq yağ əldə edilir. Halbuki, 1 kq yağ əldə etmək məqsədi ilə 22–24 kq inək südü tələb olunur.
Azərbaycanda camışın balası Balaq adlanır. Erkəklərinə isə Kəl deyilir.
1991-ci il məlumatına əsasən keçmiş SSRİ ərazisində 550 000 baş camış olmuşdur ki, onunda 85 % Azərbaycan SSR payına düşürdü. Üstəlik Qafqazda olan (xüsusi ilə Gürcüstan, Ermənistan və Dağıstan) camışların böyük qismi azərbaycanlıların həyətlərində saxlanılırdı[8].
Azərbaycanda müstəqillik illərində camışçılığa maraq olduqca azalmışdır[9]. 2015-ci ildə 249.1 min, 2016-cı ildə 239.2 min, 2017-ci ildə 211.4 min, 2018-ci ildə isə 193.6 min başa qədər azlmışdır[10]. Azərbaycanda illərə görə camışların sayı:
İllər | Camışların sayı (min) | Ana camışların sayı (min) |
---|---|---|
1968 | 425,8 | 161,5 |
1969 | 403,8 | 154,1 |
2004 | 308,6 | 147,9 |
2005 | 302,8 | 145,9 |
2006 | 298,9 | 142,4 |
2007 | 298,7 | 142,6 |
2008 | 288,4 | 137,0 |
2009 | 282,7 | 133,7 |
2010 | 277,1 | 131,3 |
2011 | 269,4 | 128,3 |
2012 | 265,9 | 126,6 |
2013 | 260,9 | 123,9 |
2014 | 256,7 | 120,2 |
İri camışçılıq rayonlarında camışların baş sayının azalması davam edir. Bunula belə 2001-ci ildə camışçılığın inkişafı məqsədi ilə Azərbaycan Camışçılıq Cəmiyyəti yaradılmışdır. Azərbaycanda 2005-ci ilə olan məlumata əsasən Yevlax rayonunda 28037 baş, Ağcabədi rayonunda 13166 baş, Bərdə rayonunda 16196 baş, Ağsu rayonunda 10015 baş, Beyləqan rayonunda 5109 baş, 2000-ci ilə görə isə Goranboy rayonunda 3487 baş, Şəmkir rayonunda 2860 baş, Kürdəmir rayonunda 14370 baş camış olmuşdur.
Əhəmiyyəti
redaktəAzərbaycanda tarixən camış kəlləri vasitəsilə xırmanlarda taxıl döyülür və yer şumlanırdı. Bu işlər hətta 1940-cı illərin sonlarına kəllərin köməyi ilə həyata keçirilirdi. Camış dərisi qalın və dözümlü olduğundan müxtəlif dəri məmulatları hazırlanırdı. Hətta camış gönündən möhkəm və yüksək keyfiyyətli Şatrı adlı çarıq hazırlanırdı.
Hazırda camış qatığı, qaymağı və yağı digər ev heyvanlarının eyni adı məhsullarından qiymətli hesab edilir. Ətinə gəldikdə isə əsasən balaq əti yeyilir. Hazırda balaq ətinin 1 kiloqramı 8 manata satılır.
Camışçılığın inkişafında rolu olan alimlər
redaktəAzərbaycanda camışçılığın inkişafında böyük rolu olan alimlərdən Ağaxan Ağabəylini, Zülfüqar Verdiyevi, Cahangir Axundovu, Turan Turabovu, Fikrət Abdinovu və s. adını çəkmək olar.
Maraqlı fakt
redaktə- 1960-cı illərdə Şəki rayonun Daşüz camışçılıq təsərrüfatında "Bülbül" ləqəbli camışın südündə yağlılıq səviyyəsi 14 % olmuşdur. Bu isə camışçılıqda olduqca nadir hadisədir.
- Azərbaycan SSR Ali Sovetinin deputatı olan Zümrüd Namazova camışların maşınla sağılması üzrə keçirilən ümumittifaq yarışının qalibi olmuşdur. O, hər camışdan 1647 kq süd sağaraq respublika birincisi olmuşdur.
İstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan/ Kənd Təsərrüfatı Elmləri. Heyvandarlıq. səh 596.
- ↑ "Azərbaycan su camışı". 2014-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-04.
- ↑ "Qafqaz camışı". 2020-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-04.
- ↑ [1] Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine Sovet Ensiklopediyası. Camışlar
- ↑ Azərbaycan Milli Ensiklopediyası/ II CİLD // Azərbaycan camışı. səh 487.
- ↑ Azərbaycan Nazirlır Kabineti "Azərbaycan camışına keçmiş İttifaq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Qafqaz" camışı" adı verilməsi əsassız hesab edilməklə onun "Azərbaycan camışı" adı bərpa edilsin." [ölü keçid]
- ↑ 1 2 "Azərbaycan camışı, ev heyvanı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-04.
- ↑ 1 2 "Qafqazın ilk əhəlləşdirilmiş məhsul verən canlısı". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-05.
- ↑ Azərbaycanda camışçılıqla bağlı son vəziyyət [ölü keçid]
- ↑ "The State Statistical Committee of the Republic of Azerbaijan". www.azstat.org. 2017-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.