Azerbaycan Xalq Cumhuriyyetinin Birinci Hokumet Kabineti - Wikipedia
I Xoyski hökuməti, Birinci hökumət kabineti və ya Müsavat-Sosialistlər hökuməti— Azərbaycan Xalq Cümhuriyyətinin sayca 1-ci, Fətəli xan Xoyskinin başçılığı ilə 28 may 1918 tarixindən 17 iyun 1918 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər və hümmətçilərdən ibarət koalisya hökuməti.[1]
I Xoyski hökuməti | |
---|---|
|
|
Formalaşdırılma tarixi | 28 may 1918 |
Buraxılma tarixi | 17 iyun 1918 |
Hökumətin tərkibi | |
Hökumət başçısı | Fətəli xan Xoyski |
Nazir sayı | 9 |
Üzv sayı | 13 |
Hakim partiya | Müsavat Partiyası |
Digər məlumatlar | |
Müxalif partiyalar |
İttihad Partiyası Əhrar Partiyası |
Müxalifət liderləri |
Qara bəy Qarabəyov Aslan bəy Qardaşov |
Zəmin
redaktəCümhuriyyət Hökuməti son dərəcə ağır tarixi şəraitdə formalaşmışdı. Zaqafqaziya Seymi buraxıldıqdan sonra 1918 il mayın 27-də seymin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Mayın 28-də Zaqafqaziya Seyminin fəaliyyət göstərmiş olduğu Tiflisdə — keçmiş Qafqaz canişininin iqamətgahında özünün ilk iclasına toplanan Azərbaycan Milli Şurası uzun və hərtərəfli müzakirələrdən sonra Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini qəbul etdi. Bəyannamənin 6-cı maddəsində göstərilirdi ki,"Məclisi-Məbusan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arayi-ümumiyyə ilə intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyəyə qarşı məsul Hökuməti-müvəqqəti durur".[2]
Tərkibi
redaktəMilli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonra yığılan Milli Şuranın iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Cümhuriyyətin ilk Hökuməti təsdiq edildi.[3]
Vəzifə | Şəkil | Başlama tarixi | Bitmə tarixi | Fraksiya (Partiya) | |
---|---|---|---|---|---|
Fətəli xan Xoyski |
|||||
Fətəli xan Xoyski |
|||||
Xəlil bəy Xasməmmədov |
Müsavat Partiyası | ||||
Əkbər ağa Şeyxülislamov |
Hümmət Partiyası | ||||
Əkbər ağa Şeyxülislamov |
Hümmət Partiyası | ||||
Xosrov bəy Sultanov |
Müsavat Partiyası | ||||
Nəsib bəy Yusifbəyli |
Müsavat Partiyası | ||||
Məmmədhəsən Hacınski |
Müsavat Partiyası | ||||
Nəsib bəy Yusifbəyli |
Müsavat Partiyası | ||||
Xudadat bəy Məlik-Aslanov |
Müsəlman Sosialist Bloku | ||||
Məmməd Yusif Cəfərov |
Müsavat Partiyası | ||||
Xudadat bəy Məlik-Aslanov |
Müsəlman Sosialist Bloku | ||||
Camo bəy Hacınski |
Fəaliyyəti
redaktəAzərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə -London, Paris, Vaşinqton, İstanbul, Berlin, Madrid, Tehran, Moskva,Roma, Vyana, Buxarest, Sofiya, Tokio, Haaqa, Kopenhagen, Kiyev, Kristianiya (Oslo) və Stokholma rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış Hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi.[4]
Tiflisdə yeni müstəqil dövlətin yaradılması ilə əlaqədar ən ümdə təşkilati tədbirləri həyata keçirdikdən və bu haqda bütün dünyaya məlumat verdikdən sonra, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Hökuməti öz nüfuz dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədilə 1918 il iyunun 16-da Gəncəyə köçdü. Həmin dövrdə Gəncədə real hakimiyyət hələ may ayının axırlarında 300 nəfər hərbi təlimatçı ilə Gəncəyə gəlmiş Türkiyənin Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın əlində idi. O, tezliklə Gəncədə hərc-mərcliyə son qoya bilmiş, şəhərdə qayda-qanun yaratmışdı.
Buraxılması
redaktəAzərbaycan Milli Şurası və Hökumətinin həyata keçirmək istədiyi tədbirlərin "həddindən çox demokratik" istiqamətindən narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsirilə Nuru Paşa Azərbaycan Milli Şurası və Hökumətini şübhə ilə qarşıladı. İyunun 16-da Gəncəyə gələn Azərbaycan Milli Şurasının iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə iki iclası keçirildi.
Birinci qapalı iclas iyunun 17-də saat 12-də şəhər idarəsinin binasında toplandı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyski söz alaraq bildirdi ki, Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski ilə birlikdə onlar Qafqazdakı türk ordusunun komandanı Nuru Paşanın yanında olmuş və Tiflisdə yaradılmış Milli Şura və Azərbaycan Hökuməti haqqında ona məlumat vermişlər. Nuru Paşa cavabında bildirib ki, bir əsgər kimi o, mülki işlərlə kifayət qədər tanış deyil, ona görə də bu barədə onun mülki işlər üzrə müşaviri Əhməd bəy Ağaoğluna müraciət etsinlər. Əhməd bəy Ağaoğlu ilə görüşlərindən bəhs edən Fətəli xan Xoyski məlumat verdi ki, danışıq zamanı Əhməd bəy Ağaoğlu Türkiyə hökumətinin və onun Gəncədəki nümayəndəliyinin Azərbaycanın daxili işlərinə qarışmayacağını bildirdi, lakin Milli Şuranın yeni Hökumət yaradaraq özünü buraxmasını tələb etdi.[1]
İyunun 17-də saat 2-də Milli Şuranın çox gərgin şəraitdə keçən ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil etdiyi Hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun Hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun və gərgin müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti Hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi.[1]
Milli Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili, həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq, Azərbaycan Milli Şurası bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə təşkil olunmuş Müvəqqəti Hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini tezliklə çağırılacaq Müəssislər Məclisindən başqa kimsəyə güzəştə getməsin.
Müvəqqəti Hökumətin hüquq və vəzifələri haqqındakı ikinci sənəddə qeyd olunurdu ki, Azərbaycan Hökumətinə Azərbaycanın dövlət istiqlaliyyətini və mövcud siyasi azadlıqları ləğv etmək, aqrar və digər bu kimi mühüm inqilabi əhəmiyyətli qanunları dəyişdirmək səlahiyyəti verilmir. Azərbaycan Hökuməti altı aydan gec olmayaraq Müəssislər Məclisini çağırmalıdır. Hökumət qalan məsələlərdə bütün səlahiyyətlərindən istifadə etməkdə sərbəst idi.
Azərbaycan Milli Şurası iyunun 17-də Fətəli xan Xoyskinin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabinəsinin tərkibini təsdiq etdi.[2]
Mənbə
redaktə- Azərbaycan Xalq Cümhuriyyəti hökumətləri // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. 440. ISBN 9952-417-14-2.
İstinadlar
redaktə- ↑ 1 2 3 Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament. (stenoqrafık hesabat), c.1–2, B., 1998
- ↑ 1 2 Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001
- ↑ Aдpec-календары Aзepбaйджанской Pecnyблики нa 1920 год, Б., 1920
- ↑ Aзepбaйджанская Демократическая Pecnyблика (1918–1920). Законодательные акты (сборник документов), Б., 1998