Azerbaycan Xalq Cumhuriyyetinin Ukraynada Diplomatik Numayendeliyi - Wikipedia
Azərbaycanın Ukraynada diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Ukraynada təmsil edən elçilik. Azərbaycan Cümhuriyyətinin Nazirlər şurası 1918-ci il sentyabrın 12-də Ukraynaya işlər vəkilinin göndərilməsi haqqında qərar qəbul etdi.[1]
Qərara uyğun olaraq, 1918-ci il noyabrın 1-də Mir Yusif Vəzirov (Yusif Vəzir Çəmənzəminli) Azərbaycan Hökumətinin Ukraynada diplomatik nümayəndəsi təyin edildi. Elə həmin ay M.Y.Vəzirov Kiyevdə diplomatik fəaliyyətə başladı. Birinci dünya müharibəsində (1914–1918) "Dördlər ittifaqının məğlub olması" , Ukraynadan Almaniya, Azərbaycandan isə Osmanlı qoşunlarının geri çəkilməsi və hər iki ölkəyə Antanta qoşunlarının yeridilməsi, keçmiş Rusiya imperiyası ərazisində yaranmış hər iki yeni dövlətin həm bolşevik hakimiyyəti, həm də Denikin tərəfindən təhdid olunması onların beynəlxalq aləmdə oxşar mövqedən çıxış etmələrini zəruriləşdirdi. Buna görə Ukrayna hökuməti də Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx diplomatik əlaqə qurmaq məqsədilə 1919-ci il fevralın 8-də Azərbaycana göndərilmək üçün keçmiş daxili işlər naziri İvan Kraskovskinin başçılığı ilə xüsusi diplomatik missiya yaratdı.[1]
1919-cu ilin martında Azərbaycan və Ukrayna nümayəndəlikləri Antanta dövlətlərinin İstanbuldakı hərbi rəhbərliyinə müraciət edərək onlara Paris sülh konfransında (1919–1920) iştirak etmək üçün şərait yaradılmasını xahiş etdilər. Həmin vaxt Odessa şəhərində müttəfiqlərarası komissiya fəaliyyətə başlamışdı. Azərbaycan Hökuməti bu komissiyada ölkənin mənafeyini təmsil etmək üçün 1919-cu il martın 14-də Rüstəm bəy Sultanovu nümayəndə təyin etdi.[1]
1919-cu ilin yazında Ukraynanın Denikin ordusu tərəfindən tutulması nəticəsində Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəliyinin normal fəaliyyət göstərməsi pozuldu. M.Y.Vəzirov Odessaya getmək məcburiyyətində qaldı. Burada o, İngiltərə baş konsulu Kukla görüşərək, Azərbaycan haqqında ona ətraflı məlumat verdi. Lakin yeni yaranmış dövlətlərin diplomatik nümayəndələri burada da Denikin ordusu nümayəndələri tərəfindən təzyiqlərə və qaba münasibətə məruz qaldılar. İngilis və fransız nümayəndəlikləri isə baş verənlərə seyrçi münasibət bəslədilər. Nəticədə Mir Yusif Vəzirov (Çəmənzəminli) mayın 14-də vətənə dönmək üçün Odessanı tərk etdi və bolqar gəmisi ilə İstanbula yollandı.
Cümhuriyyət Hökuməti 1920-ci ilin yanvar ayında keçmiş rusiya imperiyası ərazisində yeni yaranmış dövlətlərə, o cümlədən Ukraynaya diplomatik missiya göndərməyi qərara aldı. Lakin Aprel işğalı (1920) nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqutu buna imkan vermədi.[1]