Azerbaycan Xalq Cumhuriyyetinin Herbi Feldser Mektebi - Wikipedia
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Feldşer Məktəbi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada təsis edilmiş hərbi-tibb təhsili müəssisəsi.
Yaradılması
redaktəQoşun hissələrində tibbi xidmətin yaxşılaşdırılması üçün hərbi nazirin 1919 il 22 yanvar tarixli əmri ilə Gəncə əsgər xəstəxanası nəzdində bölük feldşer şagirdləri hazırlayan kurs, 1919 il 15 fevral tarixli əmri ilə isə bütün hərbi hissələrin nəzdində 2 aylıq sanitar kursları açılmışdı. Kurslar hərbi-tibb kadrlarına olan ehtiyacı ödəmədiyi üçün, hərbi nazir 1-ci Cavanşir piyada alayının Şuşada yerləşən 1-ci taborunun həkimi Mehmandarovun Şuşa şəhərində hərbi feldşer məktəbinin açılması barədə təklifini müdafiə etdi. Hərbi nazirin 1919 il 3 sentyabr tarixli 406 saylı əmrində göstərilirdi ki, Şuşa hərbi feldşer məktəbi, ştat cədvəlinin rəs mən təsdiqlənməsini gözləmədən, dərhal fəaliyyətə başlasın. Məktəb nazirliyin hərbi-tibb idarəsinə tabe idi və onun ştatı 1919 il avqustun 31-də Hərbi şurada təsdiq olunmuşdu.
Fəaliyyəti
redaktəMəktəbə 40 nəfərin qəbulu nəzərdə tutulmuşdu. Təhsil müddəti 6 ay idi. Tədris işinə Səməd bəy Mehmandarovdan əlavə, həkimlər Ağayev və Ağakişibəyov da cəlb olunmuşdular. Hərbi feldşer məktəbinə ilkin hərbi hazırlıq keçmiş və feldşer olmağı arzulayan əsgərlər, həmçinin 30 yaşınadək mülki şəxslər qəbul edilə bilərdi. Mülki şəxslər məktəbə qəbul edilməzdən əvvəl onların hərbi xidmətə yararlı olub-olmamaları müəyyənləşdirilməli idi. Məktəbdə dərslər təsdiq edilmiş proqram əsasında Azərbaycan dilində aparılmalı, buraxılış imtahanını uğurla verənlər hissələrə təyinat aldıqları gündən başlayaraq iki il xidmət etməli idilər.
Məktəbin tədris proqramında anatomiya və fiziologiya, cərrahiyyə, zöhrəvi xəstəliklər, göz xəstəlikləri, daxili xəstəliklər, xəstəyə qayğı, bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı ilkin yardım, gigiyena haqqında ümumi məlumat, dezinfeksiya, əczaçılıq fənlərinin keçilməsi nəzərdə tutulmuşdu.
Hərbi feldşer məktəbinin smeta və ştat cədvəli qanunvericilik səviyyəsində Azərbaycan Parlamentinin son iclaslarının birində — 1920 il aprelin 26-da təsdiq olunmuşdu.
Mənbə
redaktə- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.