Azerbaycan Xalq Cumhuriyyetinin Fovqelade Tehqiqat Komissiyasi - Wikipedia
Fövqəladə Təhqiqat Komissiyası — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin əvvəlcə xarici işlər, sonra isə ədliyyə nazirlikləri yanında 1918-ci il iyulun 15-dən 1920 ilin aprelinə qədər fəaliyyət göstərmiş rəsmi təhqiqat orqanı. Erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək üçün yaradılmışdı.[1]
Fəaliyyəti
redaktəI dünya müharibəsinin başlanandan Cənubi Qafqazın müsəlman əhalisinə və onun əmlakına qarşı törədilmiş zorakılıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması üçün 1918-ci il 15 iyul tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmışdır. Əvvəl Xarici İşlər, sonra Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərmişdir. FTK-nın sədri Ələkbər bəy Xasməmmədov idi. 7 nəfərlik tərkibdə təsis edilmiş FTK-nın işinə tədricən Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə orqanlarının digər nümayəndələri cəlb edilmişlər. FTK-nın tərkibi çoxmillətli olmaqla, əsasən polyak, rus, alman, litva tatarı və Rusiya universitetlərinin məzunları olan azərbaycanlılardan – peşəkar hüquqşünaslardan ibarət idi. Fəaliyyət göstərdiyi dövr ərzində – 15 iyul 1918 – 1 noyabr 1919-cu il il – FTK tərəfindən 36 cilddən (3500 vərəq) ibarət istintaq materialı toplanmışdır. Onun 6 cildi ermənilər tərəfindən Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq hallarını əks etdirirdi. İstintaq materialının digər cildlərində Şamaxı, Quba, Göyçay, Cavad, Nuxa qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda ermənilər tərəfindən törədilmiş amansız cinayətlər təhqiq edilirdi.
Komissiyanın fəaliyyətinin sonuna qədər onun sədri Ə. Xasməmmədov, üzvlərdən isə A. F. Novatski və N. M. Mixaylov daha səmərəli fəaliyyət göstərmişlər. Bundan başqa, müxtəlif vaxtlarda Bakı dairə məhkəməsi prokurorunun müavini Aleksandr Yevgenyeviç Klige, andlı iclasçı Məhəməd xan Təkinski, Gəncə dairə məhkəməsinin xüsusi əməliyyat işləri üzrə müstəntiqi Məhyəddin bəy Şahmalıyev, Bakı quberniya dairə məhkəməsinin üzvü Hidayət bəy Sultanov, andlı iclasçılar Aley Aleksandroviç Litovski, Çeslav Boleslavoviç Klossovski, hüquqşünas Abbasəli bəy Hacırzayev, Bakı dairə məhkəməsinin üzvü B. Yusifbəyov komissiya üzvü kimi fəaliyyət göstərmişlər. Komissiya artıq 1918-ci ilin sentyabr-oktyabrından geniş təhqiqat işlərinə başlamışdı. Komissiyanın üzvü N. M. Mixaylov 1918-ci il oktyabrın 26-da həmin ilin sentyabrın 22-dən oktyabrın 23-nə qədər olan müddətdə Göyçay qəzasında aparılan təhqiqat işləri haqqında məlumat verirdi. Məlumata görə, göstərilən müddət ərzində 500 nəfərdən çox şahid dindirilmiş, Kürdəmir dəmir yolu vağzalına və Kürdəmir polis sahəsinə aid 7 kəndə (Kürdəmir, Qarabucaq, Mustafalı, Xəlilli, Qasım bəy, Ərəb Mehdibəy, Dadalı) baxış keçirilmişdir. 1918-ci il noyabrın 22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə. Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirliyinə göndərdiyi məruzələrdə Bakı quberniyası, Göyçay qəzasının Kürdəmir, Qarabucaq, Ərəb Mehdibəy və b. kəndlərində, Şamaxı şəhəri və Şamaxı qəzasının müsəlman kəndlərində, habelə Bakı şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakılıqların təhqiqinin ilkin vəziyyəti haqqında ətraflı məlumat verirdi.[1]
1919-cu il yanvarın 6-da Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə. Xasməmmədov Paris sülh konfransına gedən nümayəndə heyətinə təqdim etmək üçün Bakı, Quba və Şamaxı şəhərlərində, Şamaxı, Göyçay, Cavad, Quba qəzalarında ermənilər tərəfindən müsəlmanlara qarşı törədilmiş vəhşilikləri əyani şəkildə sübut edən məlumatları məktubla birlikdə xarici işlər nazirinə göndərmişdi. Məlumatda göstərilirdi ki, Lənkəran qəzasında daşnak polkovnik Avetisovun silahlı quldur dəstələri tərəfindən, Cavad qəzasının bir hissəsində isə polkovnik İllarinoviç başda olmaqla ruslar tərəfindən, həmçinin İrəvan quberniyasında, Gəncə quberniyasının 4 qəzasında (Cavanşir, Cəbrayıl, Şuşa və Zəngəzur) böyük dağıntılar törədilmiş, azərbaycanlı əhali ucdantutma məhv edilmişdir. Komissiya xaricə göndərilən nümayəndə heyəti üçün əşyayi-dəlil kimi altı cilddən ibarət ilkin təhqiqat materialı və 95 ədəd fotoşəkil hazırlamışdı.
Komissiya fəaliyyətinin ilk dövrlərində çox gərgin işləyirdi. 1919-cu il yanvarın 16-da komissiyanın üzvü N. M. Mixaylov Gəncə quberniyasının Ərəş və Nuxa (Şəki) qəzaları, A. F. Novatski isə həmin ilin iyununda Quba şəhəri, Quba qəzası kəndlərində ermənilərin törətdiyi soyqırımları, qətl-qarətlər və digər zorakılıq hərəkətləri haqqında təhqiqat materialları əsasında ətraflı məruzələr hazırlayaraq, komissiyaya təqdim etmişdilər. 1919 il avqustun 27-də Fövqəladə Təhqiqat Komissiyasının üzvü Ç. B. Klossovski komissiyanın fəaliyyəti ilə əlaqədar tərtib etdiyi arayışda göstərirdi ki, toplanmış materiallar 36 cild və 3500 vərəqdən ibarətdir. Azərbaycanlılara qarşı törədilmiş cinayət hərəkətlərinin təşkilatçıları və iştirakçıları olan şəxslərə qarşı cinayət işi qaldırmaq haqqında 128 məruzə və qərar layihəsi hazırlanmış, 194 nəfər erməninin cinayət məsuliyyətinə cəlb edilməsi barədə məsələ qaldırılmışdı.[1]
1919-cu il avqustun 23-də komissiyanın sədri Ə. Xasməmmədov ədliyyə nazirinə Bakı və Şamaxı şəhərlərində və Şamaxı qəzasında azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərdə müqəssir olan şəxslərin artıq məsuliyyətə cəlb edilməsi işinə başlanıldığını bildirərək qeyd edirdi ki, Bakı şəhərində hələlik 24, Şamaxı şəhəri və Şamaxı qəzasında isə 100 nəfərə yaxın müttəhim istintaqa cəlb olunmuşdur. 1919-cu il martın 21-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Fövqəladə Təhqiqat Komissiyasının səlahiyyətlərini genişləndirmək haqqında ədliyyə nazirinin məruzəsini dinləmiş və müvafiq qərar qəbul etmişdi.
Fövqəladə Təhqiqat Komissiyası azərbaycanlılara qarşı törədilmiş, soyqırımı və zorakılıq hallarının günahkarlarını istintaqa cəlb etməyə başlayan kimi, Bakıda Erməni Milli Şurası və "Daşnaksutyun" partiyasının parlament fraksiyası, həmişə olduğu kimi, ermənilərin müdafiəsinə qalxmış, onların günahsız olduqlarını sübut etməyə çalışmışlar. 1919-cu il avqustun 23-də Erməni Milli Şurasının ədliyyə nazirliyinə göndərdiyi məktubda deyilirdi ki, avqustun 18-də Bakıda Telefonnaya (indiki 28 may) küçəsində Şamaxı şəhəri sakinləri Martiros Gülbəndiyants, Mixail Arzumanov və Yenok İvanyants sonuncuya məxsus mağazada həbs edilmişlər. Həbs edilənlərin hamısının Şamaxının "ən hörmətli" adamları və uzun müddət Şamaxı şəhər dumasının üzvləri olduqlarını qeyd edən erməni liderləri onlardan M. Gülbəndiyantsın Şamaxı şəhər poçt-teleqraf kontorunun rəisi, M. Arzumanovun Şamaxı erməni kilsəsinin hamiktikoru, Y. İvanyantsın isə "məşhur tacir" olduğunu bildirirdilər. Halbuki, Fövqəladə Təhqiqat Komissiyasının zərərçəkənlərin və şahidlərin dindirilməsi protokollarında azərbaycanlılara qarşı zorakılıqların təşkilatçıları və fəal icraçıları sırasında cəllad S. Lalayandan sonra, məhz bu "hörmətli" adamların adları çəkilirdi. "Daşnaksutyun" liderləri riyakarcasına bəyanatlar verir, Azərbaycan Hökumətini keçmişləri yada salmaqla "intiqam və düşmənçilik" hisslərini daha da qızışdırmaqda ittiham edirdilər. Lakin Aprel işğalından sonra erməni-daşnak terrorçuları 1920–21 illərdə məhz qisasçılıq niyyəti ilə Tiflis və İstanbulda Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ilk sədri Fətəli xan Xoyskini, Parlament sədrinin müavini Həsən bəy Ağayevi və 2-ci Hökumət kabinetində daxili işlər naziri olmuş Behbud xan Cavanşiri qətlə yetirmişlər.[1]
Azərbaycan Hökumətinin 21 mart 1919-cu il Qərarına görə FTK-nın səlahiyyətləri genişləndirilmiş və ona məhkəmə-istintaq hakimiyyətinin bütün hüquqları verilmişdir. FTK-nın fəaliyyətinin yekunu olaraq 128 məruzə və qərar layihəsi hazırlanmış, onların əsasında müxtəlif cinayətlərdə müqəssir bilinən 194 şəxsə qarşı cinayət işi qaldırılmışdır. Komissiyanın işi azaldıqca onun üzvləri öz əvvəlki vəzifələrinin icrasına qayıtmışlar. FTK Azərbaycan Hökuməti tərəfindən onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirərək 1 noyabr 1919-cu il tarixdə rəsmi surətdə ləğv edilmişdir. Bununla bərabər Ə.b. Xasməmmədov və FTK üzvü Ç. V. Klossovski 1920-ci il yanvarın sonuna qədər FTK-nın istintaq işlərini respublikanın prokuror və məhkəmə orqanlarına verilməsi ilə məşğul olmuşlar. FTK materialları üzrə 1918-ci il Bakıda mart hadisələrinə görə 24, Şamaxı hadisələrinə görə isə 100-ə yaxın şəxs haqqında cinayət işi qaldırılmışdır. Müttəhimlərin bir hissəsi respublikanın hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş, qalanları axtarışda elan edilmişlər. Lakin, Müttəfiq Dövlətlərin Ali Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınması ilə bağlı olaraq Azərbaycan Parlamenti tərəfindən 9 fevral 1920-ci il tarixdə qəbul edilmiş Amnistiya haqqında qanuna əsasən milli düşmənçilik zəminində baş vermiş və "Fövqəladə Təhqiqat Komissiyasının icraatında yaranmış" bütün cinayət işlərinə xitam verilmişdir. FTK tərəfindən qaldırılmış bir sıra cinayət işləri 1920-ci il 9 fevral qanununa əsasən artıq Azərbaycan SSR məhkəmə orqanları tərəfindən xətm olunmuşdur[2].
Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında Azərbaycan Hökumətinin Qərarları
redaktəHökumətə Məruzə
Artıq dörd aydır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələri quldur dəstələri tərəfindən dağıdılır, bolşevik adı altında özbaşına erməni hərbi hissələri və başqaları mülki müsəlman əhalisinin həyatı və əmlakına qarşı eşidilməmiş vəhşiliklər törədirlər. Eyni zamanda həmin quldur dəstələrinin təşkilatçıları tərəfindən göndərilən yanlış məlumatlar əsasında Avropa ölkələrində ictimai fikir tamamilə əks istiqamətə yönəldilir. Ümumdövlət maraqları, əhalinin zərərçəkən qruplarının mənafeyi hökmən, elə bir təşkilatın yaradılması zərurətini irəli sürür ki, o, aşağıdakılarla məşğul olsun: 1. bütün zorakılıq hadisələrinin dəqiq qeydiyyatının aparılması; 2. həmin zorakılıqların törədildiyi şəraitin müəyyən edilməsi; 3. müqəssirlərin aşkar olunması və onların vurduqları zərərin ümumi miqdarının müəyyənləşdirilməsi; Bu təşkilat Fövqəladə Təhqiqat Komissiyası1 xarakteri daşımalıdır, habelə bu komissiyanın işinin nəticələri Avropanın əsas dillərində (rus, fransız, alman, və, təbii ki, türk dillərində) elan edilməli və geniş yayılmalıdır. Bu komissiyanın təşkilinə yubanmadan başlamaq lazımdır, çünki, bu gün, hadisələrin isti izi ilə asanlıqla müəyyən edilməsi mümkün olan bir çox işləri - şəxslərin dindirilməsi, fotoşəkillərin çəkilməsi və digər əşyayi-dəlillərin əldə edilməsi – sonradan görmək çətinləşəcəkdir, hətta ola bilsin ki, qətiyyən mümkün olmayacaqdır. Əgər Hökumət bu təkliflə razılaşırsa, onda mən xahiş edərdim ki, həmin Komissiyanın yaradılması Nazirlərdən birinə həvalə edilsin və Komissiyanın xərcləri üçün müvəqqəti olaraq 50 000 rubl pul ayrılsın.
Xarici İşlər Naziri M.Hacınski Yelizavetpol. 15 iyul 1918-ci il[3] |
Azərbaycan Respublikası Hökumətinin qərarlar jurnalından ÇIXARIŞ 15 iyul 1918-ci il
Dinlənildi: Müsəlmanlara və onların əmlaklarına qarşı törədilmiş zorakılıq hallarının təhqiq olunması üçün Fövqəladə Təhqiqat Komissiyasının təşkil edilməsi haqqında Xarici İşlər nazirinin məruzəsi. Qərara alındı: Xarici İşlər nazirinin məruzəsi bəyənilsin və ona tapşırılsın ki, Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qafqaz hüdudlarında müsəlmanlara və onların əmlakına qarşı törədilmiş zorakılıq hallarının təhqiq olunması üçün Fövqəladə Təhqiqat Komissiyasını təşkil etsin.
Əsli ilə düzdür: Katibin köməkçisi (imza).[4] |
Qərar
31 avqust 1918-ci il, Gəncə şəhəri. Hökumətin 15 iyul 1918-ci il tarixli Qərarının icra olunması üçün sədr – andlı iclasçı Ələkbər bəy Xasməmmədovdan və aşağıdakı üzvlərdən ibarət olan tərkibdə Fövqəladə Təhqiqat Komissiyası yaradılsın: Gəncə Dairə Məhkəməsinin üzvləri İsmayıl bəy Şahmalıyev və Andrey Fomiç Novatski, həmin dairə məhkəməsinin prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski, Gəncə Köçürmə idarəsinin üzvü Nikolay Mixayloviç Mixaylov və Barışdırıcı hakimlər qurultayının keçmiş Sədri, həqiqi mülki müşavir V.V.Qudvillo və müəllim Məmməd Cavad Axundzadə. Gündəlik maaş təyin edilsin: Komissiya Sədrinə – 60 rubl məbləğində, dövlət xidmətində olan komissiya üzvlərinə gündəlik 40 rubl, qalanlarına isə 50 rubl məbləğində. Səfərlər üzrə xərclər həqiqi qiyməti üzrə ödənilsin. Komissiyaya katib, ekspertlər və ehtiyac olan digər şəxsləri dəvət etmək imkanı verilsin.
Xarici İşlər Naziri əvəzinə F. Xoyski Komissiyanın Sədri: Ə.Xasməmmədov (imza)[5]. |
Şahidlərin dindirilməsi
redaktə1918-ci il, 4 dekabr. Bakı şəhəri. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xanımana Ağarza qızı, 33 yaşım var, Bakı şəhəri, 4-cü Paralellnaya küçəsində, Bəhram Atam Oğlanın evində yaşayıram, savadsızam. 1918-ci il mart ayının 19-da səhər 10-11 radələrində otuza yaxın silahlı erməni əsgəri yuxarıda göstərilən evə soxuldular, yeddi nəfər müsəlman kişisini, və o cümlədən mənim 70 yaşlı atam Ağa Rzanın tüfəngin qundağı ilə başını parçalayaraq, öldürdülər, altı nəfər qadını, iki azyaşlı uşağı qətlə yetirdilər. Ermənilər uşaqları süngü ilə öldürdülər. Mənim iki min rublumu zorla aldılar, atamın isə cibindən dörd min səkkiz yüz rubl (4800 rubl) pulunu çıxardılar. Məni əsir apardılar və mənim mənzilimi qarət etdilər. Qarət edilmiş əşyaların siyahısı təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm, əşyaları yeni qiymətlə beş min manat dəyərində qiymətləndirirəm. Yolboyu məni və digər qadınları qundaqlarla vururdular və yerə yıxılan qadınları hörüklərindən tutaraq qaldırırdılar. Erməni əsgərləri bütün qonşu evlərə də girir, müsəlmanları, cinsindən və yaşından asılı olmayaraq, öldürür, onların əmlakını qarət və məhv edirdilər. “Poxlu Dərə” rayonunda demək olar ki, müsəlmanların hamısını qırmışdılar və elə bir ev yox idi ki, ermənilər kimisə öldürməsinlər, əksinə, elə evlər var ki, ermənilər evdəkilərin hamısını qətlə yetirmişlər. Erməni əsgərləri müsəlmanların çox olduğu evlərə od vururdular. “Poxlu Dərə” rayonu demək olar ki, bütünlükdə ermənilər tərəfindən məhv edilmişdir və bu rayondan çox az sayda müsəlman sağ qalmışdır. Evlərdə və küçələrdə müsəlman kişilərin, qadın və uşaqların, və hətta südəmər körpələrin eybəcər hala salınmış meyitləri uzanıb qalmışdı. Bütün dəhşətlər haqqında danışmaq çox çətindir. Ağırdır.
Oxundu. Savadsızdır. Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).[6] |
1918-ci il, 13 dekabr. Bakı şəhəri. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xədicə Qəni qızı, 35 yaşım var, Bakı sakini, 1-ci Kanitapinskaya küçəsi, dalan № 7, ev № 8 ünvanda yaşayıram, savadsızam. Bu ilin mart ayının 19-da səhər tezdən yüz nəfərdən artıq erməni əsgəri yuxarıda göstərilən evə soxuldular və mənim 45 yaşlı ərim İsmayıl Kərbəlayı Abbas Qulu oğlunu öldürdülər, mənim mənzilimi 6240 rubl dəyərində qarət etdilər, ərimin cibindən isə 7000 rubl pulunu çıxardılar. Mən azyaşlı uşaqlarımla yəhudi qadının evində gizlənmişdim. Bir saatdan sonra ermənilər məni əsir götürdülər. Ermənilər mənim əşyalarımı mənim mənzilimdən avtomobilə qoyurdular və aparırdılar. Erməni əsgərləri qonşularımızı da öldürürdülər və evlərini qarət edirdilər. Mənim ərimi tüfənglə öldürürdülər və ayaqlarını kəsdilər. Qarət edilmiş əşyaların siyahısını sizə təqdim edirəm.
Oxundu. Savadsızdır. Komissiya üzvü: M. Təkinski (imza).[7] |
1918-ci il, 11 dekabr. Bakı şəhəri. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zərəfşan Bəyəli qızı, 40 yaşım var, Bakı şəhəri, 10-cu Kanitapinskaya küçəsi, 34 №-li evdə yaşayıram, savadsızam. Bu ilin mart ayının 19-da erməni əsgərləri yuxarıda göstərilən evə soxuldular, mənim 20 yaşlı oğlum Məmməd Əli Nəcəf Qulu oğlunu öldürdülər və mənzilimi qarət etdilər. 5124 rubl dəyərində qarət edilmiş əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Ermənilər 300 rubl nağd pulumu sandıqdan çıxardılar. Məni uşaqlarımla birlikdə əsir apardılar və dörd gün saxladılar. İki yaşlı oğlum əsirlikdə qollarımın üstündə öldü. Onun adı Abbasəli idi. Mənim ərim bağrı çatlayaraq öldü. Dörd gündən sonra məni buraxdılar və elə həmin gün iki oğlum, 6 yaşlı Həsən Bala və 9 yaşlı Hüseyn Bala da acından öldülər. Mən bir tikə çörəyə möhtac qalmışam.
Oxundu. Savadsızdır. Komissiya üzvləri: A.Kluge, M. Təkinski (imzalar).[8] |
1918-ci il, 7 noyabr. Bakı şəhəri. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zeynəb Xanım Əkbər qızı, 20 yaşım var, Bakı sakini, Tatarskaya küçəsi, 90 №-li evdə yaşayıram. Bu ilin mart ayının 21-də otuz nəfər silahlı erməni əsgəri yuxarıda göstərilən evə gəldilər, mənim mənzilimi 24.425 rubl dəyərində qarət etdilər və 1 yaş yarımlıq qızım Teyraxanımı ayaqlayıb əzdilər. Dağıdılıb-sındırılmış əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Eşitdiyimə görə erməni əsgərləri mənim qonşularımın evlərində də uşaq ları ayaqlayaraq əziblər. Mən ayaqlanan qızımın çığırtısını indi də eşidirəm.
Oxundu. Savadsızdır. Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).[9] |
1918-ci il, 26 dekabr. Bakı şəhəri. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ziyarət Xanım Zülfəli qızı , 45 yaşım var, savadsızam, Bakı şəhəri, Qoqolevskaya küçəsi, 83 №-il evin sakiniyəm, daimi olaraq isə Bakı quberniyasının Binəqədi kəndində yaşayıram. Bu ilin sentyabrında ermənilər Binəqədidə müsəlman kəndlilərini, o cümlədən mənim 6 nəfər qohumumu, yəni 2 uşaq, 2 qadın və 2 kişini xəncərlə doğramışlar. Bundan əlavə ermənilər ümumi dəyəri 28.800 rubl olan əmlakımı qarət etmişdilər. Oğurlanmış əmlakın siyahısının işə əlavə olunmasını xahiş edirəm. Qatillərin adını bilmirəm.
Oxundu. Ziyarət Xanım Zülfəli qızı. Savadsızdır. Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar). [10][11] |
Fövqaladə Təhqiqat Komissiyasının üzvləri
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 408-409. ISBN 9952-417-14-2.
- ↑ "Arxivlənmiş surət". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.
- ↑ Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1, iş 95, vərəq 1
- ↑ Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1, iş 95, vərəq 2
- ↑ Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1, iş 95, vərəq 3
- ↑ Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, f. 277, s. 2, iş 14, v. 13. Sənəd № 376
- ↑ Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, f. 277, s. 2, iş 14, v. 195. Sənəd № 396
- ↑ Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, f. 277, s. 2, i. 14, v. 152. Sənəd № 423
- ↑ Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, f. 277, s. 2, iş 15, v. 76. Sənəd № 436
- ↑ Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, f. 277, s. 2, iş 15, v. 78. Sənəd № 554
- ↑ "Arxivlənmiş surət". 2019-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.